Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-443/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Zəngilan Rayon X3 Hüquqi Şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Zəngilan Rayon Mərkəzi Xəstəxanasına qarşı pul tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-97/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Zəngilan Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Zəngilan Rayon Məhkəməsinin 2(034)-97/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Zəngilan Rayon Mərkəzi Xəstəxanasından 3364 manat məbəlğində pulun alınaraq İddiaçı ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim G.İmanova). Qətnamədən cavabdeh Zəngilan Rayon Mərkəzi Xəstəxanası PHŞ apelyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-97/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Zəngilan Rayon Mərkəzi Xəstəxanasına qarşı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 2-ci qrup əlil olduğu üçün cavabdehdən 2008-ci ilin noyabr ayından başlayaraq xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində hər ay əmək haqqının 25 faizi məbləğində pulun hesablanaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə Zəngilan Rayon Mərkəzi Xəstəxanasında xəzinədar vəzifəsində işləməyə başlamışdır. xx.xx.2012-ci ildən xx.xx.2015-ci il tarixədək mühasib vəzifəsində, xx.xx.2015-ci ildən hal-hazırkı vaxtadək olan müddət ərzində anbardar vəzifəsində işləyir. O, 2008-ci ilin noyabr avından İİ qrup əlildir. Bununla bağlı o, Zəngilan Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, İİ qrup əlil olması nəzərə alınaraq, ona əlavə müvinət verilməsini xahiş etmişdir. Ona yalnız 2019-cu il üçün əlavə müavinət verilmiş, əvvəlki dövr ərzində olan müddət üçün müavinət verilməmişdir. O, pozulmuş hüquqlarının bərpa edilməsi üçün Zəngilan Mərkəzi Rayon Xəstəxanasına müraciət edərək hər ay əmək haqqının 25 faizi məbləğində əlavə pul vəsaiti verilməsini xahiş etmişdir. Zəngilan Mərkəzi Rayon Xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli, 297 saylı məktubu ilə əlavə müavinətin verilməsindən imtina edilmişdir. Həmin cavabda göstərilir ki, 2008-ci ilin noyabr ayından xx xxxxxx 2019-cu ilə qədər xəstəxananın anbardar vəzifəsində işlədiyi müddətdə İİ qrup əlilliyə görə onun əmək haqqına əlavə hesablama olmamışdır. Hazırda isə tələb olunan vəsait idarənin xərclər smetasında nəzərdə tutulmadığı üçün müavinəti ödəmək imkan xaricindədir. Lakin tələb olunan vəsaitin xərclər smetasına salınmaması əlavə müavinət almaq hüququnun itirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1994cü il tarixli, 185 saylı Qərarına əsasən 1994-cü ildən sonrakı dövr ərzində kollektivdə işləyən İİ qrup əlillərin əmək haqqı 20-25 faizi məbləğində artırılaraq onlara əlavə müavinət verilməlidir. Qeyd edilən qərar maliyyə mənbəyindən asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlara aid edilmişdir. Onun İİ qrup əlil olması 2008-ci ilin noyabr ayından əlavə müavinət almaq hüququ yaradır və xx xxxxxx 2019-ci il tarixədək olan müddətədək davam edir. Qeyd edilən müddət ərzində nə qədər əmək haqqı alması cavabdeh qurumun müvafiq sənədləri ilə təsdiq edilir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Zəngilan Rayon Mərkəzi Xəstəxanası PHŞ apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə bir sıra maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq olunmamaqla çıxarıldığından həmin qətnamə qanunsuzdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, əmək haqqına hesablanmalı olan əlavə 2019-cu il ərzində tam şəkildə köçürüldüyündən iddia tələbi 2019-cu ilədək olan dövr üçün qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçiyə 2019-cu il üzrə əlavənin ödənilməsini nəzərə alaraq, məlum olur ki, İddiaçı hüquqlarının pozulması ona 2019-cu ildən əvvəl məlum olmuş və iddia müddəti ötürülmüşdür. Buna baxmayaraq, məhkəmənin qətnaməsində bu məsələ ilə bağlı heç bir qeyd və ya əsaslandırma göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” xx xxx 1994-cü il tarixli, 185 nömrəli Qərarına əsasən “Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Lakin Zəngilan RMX-nın əmək kollektivinin məsələyə dair razılığının olub-olmadığı məhkəmədə araşdırılmamış, kollektiv əmək müqaviləsində və ya digər formada bu faktın öz əksini tapması barədə əsaslar təqdim edilməmişdir. Eyni zamanda, müvafiq Qərarda İ və İİ qrup əlillərin əmək haqqının 20-25 faizi miqdarında artırılması nəzərdə tutulduğu halda, məhkəmə tərəfindən hesablamanın 20 faiz dərəcəsi ilə deyil, məhz 25 faiz dərəcəsi ilə aparılması əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə tərəfindən qətnamənin əsaslandırıcı hissəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilələrlə, o cümlədən borc müqaviləsi ilə bağlı müddəalarına istinad edilmiş, lakin bu müddəaların məsələnin mahiyyəti ilə bağlı əlaqəsi əsaslandırılmamışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Zəngilan Rayon X3 Hüquqi Şəxsin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. İddiaçı apelyasiya şikayəti ilə razılaşmadı və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan İT-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1992-ci ildə Zəngilan Mərkəzi Rayon Xəstəxanasında xəzinədar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci ildən xx.xx.2015-ci il tarixədək Zəngilan Mərkəzi Rayon Xəstəxanasında mühasib vəzifəsində işləmiş, xx.xx.2015-ci ildən hal-hazırkı vaxtadək olan müddət ərzində həmin idarədə anbardar vəzifəsində işləyir. Yenə işdə olan Zəngilan Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, 297 saylı məktubundan görünür ki, İddiaçı Zəngilan Mərkəzi Rayon Xəstəxanasında anbardar vəzifəsində işlədiyi müddətdə 2-ci qrup əlilliyə görə onun əmək haqqına əlavə hesablama aparılmamışdır. İşə əlavə olunmuş AA 351319 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkündür. İş materiallarında olan Zəngilan Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş əmək haqqının hesablanması barədə cədvəllərdən görünür ki, İddiaçı 2011-ci il üçün ştat cədvəli üzrə əmək haqqı 106 manat, 2012-ci il üçün 118 manat, 2013-cü il üçün 129,72 manat, 2014-cü il üçün 150,35 manat, 2015-ci il üçün 150,35 manat, 2016-cı il üçün 131 manat, 2017-ci il üçün 144 manat, 2018-ci il üçün 135,36 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 1992-ci ildən Zəngilan Rayon Mərkəzi Xəstəxanasında işləməyə başlamışdır. İddiaçı 2008-ci ilin noyabr avından İİ qrup əlildir. Bununla bağlı o, Zəngilan Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, İİ qrup əlil olması nəzərə alınaraq, ona əlavə müvinət verilməsini xahiş etmiş, ona yalnız 2019-cu il üçün əlavə müavinət verilmiş, əvvəlki dövr ərzində olan müddət üçün müavinət verilməsindən imtina edilmişdir. Hazırda İddiaçı 2-ci qrup əlil olduğu üçün cavabdehdən 2008-ci ilin noyabr ayından başlayaraq xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində hər ay əmək haqqının 25 faizi məbləğində pulun hesablanaraq ona verilməsini tələb edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” xx xxx 1994-cü il tarixli, 185 nömrəli Qərarına görə “Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqı (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqı isə 20-25 faiz artırıla bilər. İş materillarından görünür ki, iddiaçı 2008-ci ildən ikinci qrup əlildir və Zəngilan Rayon Mərkəzi Xəstəxanasında işləməkdədir. Ona ikinci qrup əlil olmasına görə əmək haqqının 20-25 faiz artırılması barədə müəssisənin əmək kollektivinin razılığını özündə əks etdirən hər hansı mötəbər sübut (qərar, protokol və s.) iş materiallarında mövcud deyildir, halbuki yuxarıda qeyd olunan norma əmək haqqına artımı həmin razılıqla şərtləndirmişdir. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı ötən zaman ərzində əmək haqqına artımın tətbiq edilməsi barədə tələb etmə müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Formalaşmış məhkəmə təcrübəsinə əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi, halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Konkret hazırkı mübahisə üzrə İddiaçı 2008-ci ilin noyabr ayından 2019-cu ilin yanvar ayınadək olan dövr üzrə ona ikinci qrup əlil olmasına görə əmək haqqının 25 faizi məbləğində pulun verilməsini tələb etdiyindən bu iddia üzrə tələb etmə müddəti 1 il təşkil edir, lakin onun iddia ərizəsindən isə görünür ki, İddiaçı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində deyil, bundan olduqca gec müraciət etmişdir (xx xxxxxx 2020-ci ildə). Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, daha öncə sadalanan səbəblərlə yanaşı, İddiaçı əlilliyə görə ona əlavə pul verilməsini mübahisə etmək hüququnu itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə sübut təqdim edə bilməmiş, əksinə, cavabdeh Zəngilan Rayon Mərkəzi Xəstəxanası PHŞ şikayətin dəlillərini sübuta yetirə bilmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. AR MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-97/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Zəngilan Rayon Mərkəzi Xəstəxanasına qarşı pul tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-443/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-443/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver