Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-445/2025 04.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-215/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-215/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 7896 manat əsas borc, 656,29 manat faiz borcu, 21,81 manat cərimə borcu olmaqla cəmi 8574,10 manat (səkkiz min beş yüz yetmiş dörd manat 10 qəpik) məbləğdə kredit borcunun və 105,74 manat (bir yüz beş manat 74 qəpik) məbləğdə ödənilmiş dövlət rüsumu əvəzinin alınaraq "xxxx" KB ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun Cavabdeh tutularaq Az.MEM-in hesabına köçürülməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7896 manat əsas borc, 1002,16 manat faiz borcu, 21,81 manat cərimə borcu olmaqla cəmi 8919,97 manat məbləğində kredit borcunun və ödənilmiş 109,60 manat dövlət rüsumu əvəzinin ASC-nin xeyirinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 33nkSUM/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 25% ödəmək şərtilə 7896 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 08 sentyabr 2023cü il tarixə "xxxx" KB ASC-yə 7896 manat əsas borc, 1002,16 manat faiz borcu, 21,81 manat cərimə olmaqla, cəmi 8919,97 manat məbləğdə kredit borcu yaranmışdır. "xxxx" KB ASC həmin borcu məhkəmə qaydasında tələb etməyə məcbur olmuş, buna görə də məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-215/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onunla bağlanmış kredit müqaviləsinin ləğvini tələb etmədən ondan bütünlüklə kredit borcunu istəmişdir. Hansı ki, kredit müqaviləsi hələ də qüvvədədir və belə olan təqdirdə iddiaçı yalnız ödənilməyən aylar üzrə kredit borcunu və faizini tələb edə bilərdi. Məhkəmə isə bu hala düzgün hüquqi qiymət vermədən, tərəflər arasındakı kredit müqaviləsi hələ də qüvvədə olduğu şəraitdə bütün kredit məbləğinin ondan tutulub iddiaçıya verilməsini qət etmişdir ki, bu halda məhkəmə qətnaməsi qanuni olmamışdır. Məhkəmə bu hala düzgün hüquqi qiymət versəydi, iddianı təmin etməzdi. Məhkəmə, kredit münasibətləri hələ davam etdiyi halda (kredit müqaviləsi hələ də qüvvədədir, iddiaçı həmin müqavilənin ləğv edilməsini tələb etməyib və məhkəmə qaydasında həmin müqavilə ləğv edilməyib) kredit məbləğinin hamısının ondan tutlması barədə qətnamə çıxarmaqla maddi hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də qətnamə qanuni və əasaslı hesab edilə bilməz və ləğv edilməlidir. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh verdiyi apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə iddiaçı "xxxx" KB ASC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-215/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 33nkSUM/23 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 25% ödəmək şərtilə 7896 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 33nkSUM/23 saylı kredit müqaviləsi üzrə 7896 manat əsas borc, 1002,16 manat faiz borcu, 21,81 manat cərimə borcu olmaqla, cəmi 8919,97 manat məbləğdə kredit borcu vardır. İş materiallarında olan "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 7896 manat əsas borc, 656,29 manat faiz borcu, 3,95 manat cərimə borcu olmaqla, cəmi 8556,24 manat məbləğdə kredit borcunun olduğu bildirilmiş, borcun 3 iş günü müddətində qaytarılması, əks təqdirdə bütün borc məbləğinin qaytarılması üçün məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1653 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 23 yanvar 2023-cü il tarixdə bağlanmış 33nkSUM/23 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə olan borcu - əsas borc üzrə 7896 manat, faiz borcu üzrə 1000,75 manat müəyyən edilir... Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qanunvericiliyin müddəalarından göründüyü kimi, iddiaçı cavabdehlə aralarında bağlanılmış kredit müqaviləsindən vaxtından əvvəl birtərəfli qaydada imtina və müqaviləni ləğv edərək (Mülki Məcəllənin 421.2, 447.1-ci maddələrinə əsasən) cavabdehdən həmin müqavilə üzrə ödənilməmiş əsas borcu və ona hesablanmış faiz borcunu, habelə ödənişin gecikdirilməsinə görə hesablanmış cərimə borcunu tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi faiz borcuna münasibətdə düzgün olaraq qeyd etmişdir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş göndərildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması qanunsuzdur. İddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə ondan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Bu mövqeyə uyğyn olaraq məhkəmə iddianı faiz borcu hissəsində qismən, yəni xx.xx.2023-cü il tarixli bildirişdə göstərilən məbləğdə (656,29 manat) təmin etmişdir (baxmayaraq ki, iddiaçı faiz borcunu xx.xx.2023-cü il tarixədək 1002,16 manat məbləğdə hesablamış, ekspert rəyində isə həmin tarixə faiz borcu 1000,75 manat məbləğdə müəyyən olunmuşdur). İddiaçı kredit ödənişinin gecikdirilmə müddətinə görə cəmi 21,81 manat cərimə hesablamışdır ki, həmin məbləğin azaldılması və ya silinməsi (ləğv edilməsi) məqsədəuyğun hesab edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili budur ki, iddiaçı onunla bağlanmış kredit müqaviləsinin ləğvini tələb etmədən, müqavilə hələ də qüvvədə olduğu halda ondan bütünlüklə kredit borcunu istəmişdir, halbuki belə vəziyyətdə ondan yalnız ödənilməyən aylar üzrə kredit borcu və faiz tələb edilə bilərdi. Məhkəmə bütün kredit məbləğinin ondan tutulub iddiaçıya verilməsini qət etməkdə qanuni olmayan nəticəyə gəlmişdir. Lakin cavabdehin bu dəlili əsassız və qəbulolunmazdır. Qanunvericilik (Mülki Məcəllənin 421.2, 447.1-ci maddələri) kreditora borclu tərəfindən müqavilə öhdəliyi əhəmiyyətli dərəcədə pozulduqda müqaviləni birtərəfli qaydada pozmağa hüquq verir və kreditorun borcluya öhdəliyin icrası barədə xəbərdarlıq (bildiriş) göndərməsi onun müqaviləni ləğv etməklə bağlı iradə ifadəsi hesab olunur. İşin faktiki hallarından görünür ki, iddiaçı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə bütün borcu tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini qanuni və əsaslı hesab edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-215/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-215/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-445/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-445/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver