Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-448/2024 02.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli e-2(074)-700/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 5090 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış 340005015/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcalanla birgə məsuliyyəti üzərinə götürmüşdür. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
3. xx.xx.2015-ci il tarixli nömrəli əlavə sazişə əsasən Cavabdeh2 "xxxx" ASC qarşısındakı kredit öhdəliyinin qalığı 3928,46 ABŞ dolları təşkil etmişdir. Kreditin ödənilmə müddəti 24 ay uzadılaraq xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur.
4. xx.xx.2015-ci il tarixli nömrəli zaminlik müqaviləsi üzrə əlavə sazişə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 340005015/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilmişdir.
5. xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişə əsasən Cavabdeh2 "xxxx" ASC qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4862,94 ABŞ dolları əsas borc təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödəməlidir. Kreditin ödənilmə müddəti uzadılaraq xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur.
6. xx.xx.2017-ci il tarixli 02 nömrəli Zaminlik müqaviləsi üzrə əlavə sazişə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 340005015/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilmişdir.
7. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 1288,40 ABŞ dolları əsas, 308,63 ABŞ dolları faiz, 2221,23 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 191,70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4009,96 ABŞ dolları borcu vardır.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-3194/17 saylı qərarının surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və iflas proseduru başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. 9 İş materiallarında olan **********868 saylı xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.
10. 06 sentyabr 2023-cü il tarixli, 9/5721 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 15 iyul 2014-cü il tarixli ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 Ağsəf qızının LPO "xxxx" ASC-yə olan 1438,62 ABŞ dolları əsas, 151,85 ABŞ dolları faiz, ümumilikdə 1590,47 ABŞ dolları məbləğində borcu müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1288,40 ABŞ dolları əsas, 308,63 ABŞ dolları faiz, 2221,23 ABŞ dolları cərimə kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 191,70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4009,96 ABŞ dolları və iş üzrə ödənilmiş 88,17 manat dövlət rüsumunun müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı və Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədilə 24 ay müddətinə illik 33% dərəcəsi ilə 5090 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə bank arasında 340005015/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3928,46 ABŞ dolları hesablanmışdır. Kredit müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalığı 4862,94 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********868 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
13. Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli e-2(074)-700/2023 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia qismən təmin edilib, Cavabdeh2 əsas borc üzrə 1288,40 ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 88,17 manat pulun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 100 manat məbləğində ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən Cavabdeh2 bank tərəfindən yalnız müqavilə üzrə əsas borca görə pul tələb edilməli olduğu halda, müqavilə Fərmanın təsiri altına düşdüyündən, müqavilə üzrə faiz, cərimələr silinməli olduğundan həmin müqavilə üzrə cavabdehdən əsas borca görə faiz, cərimə, gecikdirilmiş faiz borcunun tələb edilməsi əsassız olmuşdur.
15. Məhkəmə Cavabdeh2 iddia müddətinin tətbiq edilməklə iddia tələbinin təmin edilməməsinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişə əsasən Cavabdeh2 "xxxx" ASC qarşısındakı kredit öhdəliyinin qalığı 4862,94 ABŞ dolları əsas borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödəməlidir. Kreditin ödənilmə müddəti uzadılaraq xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. İddiaçı isə hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi müəyyən edilir.
16. Məhkəmə bankın zaminlərə qarşı iddia tələbinə hüquqi qiymət vrərək hesab etmişdir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda, bank zaminlərə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2020-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.
17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 373.2, 431.1, 431.2, 470.1, 477.0.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinin, həmçinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarının tələbləri ilə əsaslandırmışdır.
18. Qətnamədən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin edilməyən faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu hissələrdə ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fərmanın 8.6-cı bəndində qeyd olunur ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Qaydanın 2.1.4-cü bəndinə əsasən vaxtı keçmiş kredit borcu – fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borclar mənasını ifadə edir. Qeyd edirik ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmədiyi üçün kredit müqaviləsi üzrə yaranmış borc vaxtı keçmiş kredit borcu hesab edilmir. Bu səbəbdən hesablanmış faizlər və dəbbə pulu (cərimə, penya) Bank tərəfindən silinməmişdir. Belə ki, Fərmanın heç bir bəndində vaxtı keçməmiş kredit borcu üzrə yaranmış faiz və dəbbə pulu (cərimə, penya) borclarının silinməsi səlahiyyətləri banklara və ləğvetmə prosesində olan banklara verilməmişdir. Əsas və faiz borcları üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına, 360 gündən az, yəni 0 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır. Bundan başqa birinci instansiya məhkəməsi qətnamədə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı”nın konkret hansı bəndinin tələblərinə əsaslandığını göstərməmişdir. Həmin qaydanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğv etmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğv etmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürülür. İddiaçı qaydalarla müəyyən olunan vəzifələrini həyata keçirmiş, cavabdehin borcuna dair məlumatı aidiyyatı quruma təqdim etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcunun məbləği 4009.96 ABŞ dolları (əsas, faiz, cərimə və illik 5% hesablanmaqla) təşkil edir. Məhkəmə qətnaməsi isə işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmayıb. İş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır və tərəflər həmin faktın mövcudluğunu mübahisəsiz şəkildə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddələrinə əsasən iddiaçıya kreditor olaraq bir çox hüquqlar verilmişdir. Bu hüquqlara istinad edərək cavabdehdən faiz, cərimə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc tələb olunmuşdur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehlər hazırki vaxtadək banka olan borcu ödəmək üçün heç bir tədbir görməmişlər. Buradan da görünür ki, cavabdehlər açıq şəkildə öhdəliyini icra etməkdən boyun qaçırırlar. Məhkəmə isə iddiaçının qanunvericiliklə müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozmuş, cavabdehlərin bundan sonra bank qarşısında olan öhdəliklərinin tam həyata keçirməmələrinə şərait yaratmışdır. Həmin maddədə qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şamaxı Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara düzgün şəkildə diqqət yetirməmişdir. Belə ki, Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışda cavabdehlə banka arasında bağlanmış müvafiq kredit müqaviləsi üzrə 1288.40 ABŞdolları məbləğindəki borcunun restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmədiyi, eyni zamanda kompensasiya məbləğləri və s. barədə məlumatlar öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları düzgün aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini tam yerinə yetirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş zaminlər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
27. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
28. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
29. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.
30. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
31. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, ... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
34. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
35. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 101. Ekspert rəyi (...) 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
37. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (...)
38. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
40. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
42. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin edilməyən faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna aid hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh2 308,63 ABŞ dolları faiz, 2221,23 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 191,70 ABŞ dolları faiz borcunun tutulması barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir.
44. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti ilə qismən razılaşaraq hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 8.6-cı bəndində qeyd olunur ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur.
45. Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.
46. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 2.1.4-cü bəndinə əsasən vaxtı keçmiş kredit borcu - fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borclar mənasını ifadə edir.
47. İşdə olan Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 əsas və faiz borcları üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına, 360 gündən az, yəni 0 gün təşkil etmişdir.
48. Odur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmədiyi üçün kredit müqaviləsi üzrə yaranmış borc vaxtı keçmiş kredit borcu hesab edilməmişdir. Bu səbəbdən hesablanmış faizlər və dəbbə pulu (cərimə, penya) Bank tərəfindən silinməmişdir.
49. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 poçt vasitəsilə 2576,73 manat kompensasiya ödənilmişdir.
50. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 1288,40 ABŞ dolları əsas, 308,63 ABŞ dolları faiz, 2221,23 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 191,70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4009,96 ABŞ dolları borcu vardır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği Cavabdeh2 versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.
52. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
53. Birinci instansiya məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərardadı ilə tələb edilən borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.
54. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli, 9/5721 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 15 iyul 2014-cü il tarixli ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 Ağsəf qızının LPO "xxxx" ASC-yə olan 1438,62 ABŞ dolları əsas, 151,85 ABŞ dolları faiz, ümumilikdə 1590,47 ABŞ dolları məbləğində borcu müəyyən edilmişdir.
55. Beləliklə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən müəyyən edilir ki, iddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilmiş faiz borc məbləği cavabdeh tərəfindən ödənilmədən qalmışdır və həmin borc məbləğinin tələb edilməsinin hüquqi əsasları vardır.
56. Ekspert rəyindən müəyyən edilir ki, faiz borcunun məbləği bankın təqdim etdiyi maliyyə arayışı əsasında irəli sürülmüş tələbdən azdır.
57. Təqdim olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
58. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, kredit müqaviləsi üzrə hesablanan faiz borcunun məbləği rəyə uyğun hesablanmalıdır.
59. Cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.
60. Verilmiş kredit borcu üzrə ödənişlərin gecikdirilməsi və bunun nəticəsində cərimə məbləğinin tələb edilməsi əsaslıdır. Lakin müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunduğundan, bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.
61. Konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun.
62. Belə olan halda, məhkəmə kollegiyası tələb olunan cərimə borcunun azaldılmasını məqsədəmüvafiq hesab edir və qeyd edir ki, iddiaçı bank tərəfindən tələb edilən dəbbə pulunun minimal miqdarda-60 ABŞ dollarına qədər azaldılması cavabdehin müqavilə üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar.
63. Məhkəmə kollegiyası iddiaçının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% hesablanmış faiz borcu tələbinə münasibətdə qeyd edir ki, həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 447.5-ci maddəsi təşkil edir.
64. Belə ki, Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan 24 dekabr 2014-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.
65. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edir.
66. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 308,63 ABŞ dolları faiz, 2221,23 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 191,70 ABŞ dolları faiz borcunun tutulması barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv olunmalı, həmin hissələrdə iddia tələbi qismən təmin edilərək Cavabdeh2 faiz borcu üzrə 151,85 (bir yüz əlli bir dollar səksən beş sent) ABŞ dolları, cərimə borcu üzrə 60 (altmış) ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu üzrə 191,70 (bir yüz doxsan bir dollar yetmiş sent) ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir.
67. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.
68. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli e-2(074)-700/2023 nömrəli qətnaməsi - Cavabdeh2 308,63 ABŞ dolları faiz, 2221,23 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 191,70 ABŞ dolları faiz borcunun tutulması barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv olunsun. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 faiz borcu üzrə 151,85 (bir yüz əlli bir dollar səksən beş sent) ABŞ dolları, cərimə borcu üzrə 60 (altmış) ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu üzrə 191,70 (bir yüz doxsan bir dollar yetmiş sent) ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.