Məhkəmə qərarları › İş №2(105)-449/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-449/2023

23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-449/2023 23.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (Açar sözlər:pul, pul vəsaitinin geri qaytarılması,qanundan əmələ gələn öhdəliklər, əsassız varlanma,öhdəliyin icra edilməməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4707/2022 nörməli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən 600 manat borcun 5 gün müddətində ödənilməsi barədə Cavabdeh pretenziya məktubu ünvanlamışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 31, mənzil 36-da yaşayan İddiaçı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ünvanladığı xx.xx.2021-ci il tarixli 126-12220M-3121 nömrəli ərizəsi daxil olmuşdur. Vətəndaş İddiaçı müraciətində tanışı Ülviyyə adlı qadına ümumilikdə 600 manat borc pul verməsini lakin həmin şəxsin bu günə qədər pulunu geri qaytarmadığını bildirmişdir. Vətəndaş İddiaçı müraciətində qeyd etdiyi xüsusatların həllinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən məhkəmələrin səlahiyyətində olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-103/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Maraqlı şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, axtarışda olan şəxs kimi tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni ümumilikdə 04 gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 03 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 12 may 2022-ci il tarixdən hesablanması, iş üzrə mülki iddianın qismən təmin edilməsi və vurulmuş maddi zərərə görə 11.381,15 manat və mənəvi zərərə görə 300 manat məbləğində pul vəsaitinin Maraqlı şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X3 ödənilməsi, Maraqlı şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 600 manat pulun, iddia ərizəsinin tərtib edilib məhkəməyə verilməsi üçün ödənilmiş 30.40 AZN dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, loqoped-müəllim işləyir. Cavabdeh 3 ildir ki, dırnaq ustası kimi tanıyır. O, cavabdehin müştərisi olmuş və onların dostluq münasibətləri yaranmışdır. 2021-ci ilin təxminən 3-4 oktyabrda Ülviyyə onu dəvət edib, bildirmişdir ki, “Growd-1” şirkət qurmuşdur, onu da həmin şirkətin şəbəkəsinə qoşulmağı təklif etmiş və ona pul qoyub, pul götürəcəyəni, nə qədər çox pul qoyularsa, daha çox gəlirləri olacağını bildirmişdir. İlkin pul ödənişi 200 manatdan başlayır. O, Ülviyyəni uzun illər tanıdığına görə onun etdiyi təkliflə razılaşmışdır. Amma Ülviyyəyə bildirmişdir ki, “o bir az belə şeylərə inanmır, amma onu tanıdığına görə razılaşır. Bir problem olsa, dediyi kimi qazanc əldə etməsə ondan verdiyi pulu geri alacaq”. Ülviyyə də bildirdi ki, “heç bir problem ola bilməz, 2 ay ərzində, təxminən dekabr ayının 14-nə kimi pul alacaq”. Həmçinin bildirmişdir ki, “müəllimləri yazdır, çoxalaq, gəliri də cəlb etdiyi şəxslərə görə çox olsun”. Cavabdehə inandığından bibisi qızından 400 manatda borc pul alıb bibisi qızının yanında Ülviyyəyə 400 manat vermişdir. Həmçinin ona verdiyi 400 manat pulu da bibisi qızından borc aldığını bildirmişdir. Ülviyyə bibisi qızına da təklif etmişdir ki, “sən də bizə qoşul, pul qoy, pul götür”. Bibisi qızı isə bildirmişdir ki, bu iş alınsın, sonra şəbəkəyə qoşular. Ülviyyə daha çox məbləğ qoyularsa, daha çox qazanc əldə edərsən dediyindən əlavə olaraq 200 manat pulu da, evdə anasının, bacısının yanında Ülviyyəyə təqdim etmişdir. Bir sözlə Ülviyyənin etdiyi təkliflə bağlı ona 600 manat məbləğində pul vermişdir. Lakin vəd verildiyi kimi qoyduğu pulun müqabilində hər hansı məbləğdə qazanc, gəlir əldə etməmişdir. Səbəbi ilə maraqlananda Ülviyyə müxtəlif bəhanələr gətirmişdir. Həmçinin ona məlum olmuşdur ki, “Growd-1” şirkəti və üzvləri dələduzluq hərəkətlərinə yol verdikləri üçün barələrində cinayət işləri başlanılmışdır. Ona görə də o, verdiyi pulu Ülviyyədən geri tələb etmişdir. Ülviyyə bildirmişdir ki, onun verdiyi pul onun tərəfindən şirkətin işçisi İlkin adlı şəxsə təqdim edilmişdir. Ona görə də o, pulu qaytara bilmir. Onu da xüsusi qeyd edir ki, Ülviyyə ondan pulu alarkən “Growd-1” şirkətinin adından istifadə etsə də, onunla şirkət arasında hər hansı müqavilə bağlanmamışdır. O, pulu Ülviyyəyə təqdim etmişdir. Bu barədə sübutları vardır. Ülviyyə ona verdiyi pulla bağlı ona hər hansı bir sənəd, qəbz təqdim etməmişdir, yəni onun verdiyi pul şirkətə ödənilməmişdir. O, Ülviyyədən pulunu geri ala bilmədiyinə görə, yəni ona məxsus 600 manat pul onun tərəfindən etibarından sui istifadə olunmaqla dələduzluq yolu ilə mənimsənildiyindən Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nə aidiyyəti üzrə dələduzluq faktı ilə bağlı şikayət etmişdir. Şikayəti araşdırılmış, Ülviyyə dindirilmiş, cavabdeh ondan aldığı pulu etiraf etsə də, pul “Growd-1” şirkətinin işçisi İkin adlı şəxsə verildiyindən və şirkət verdiyi vədə əməl etmədiyindən onun pulunu qaytarmaqdan imtina etmişdir. Ona görə də şikayəti mülki xarakterli sayılaraq, onun məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu günədək o, dəfələrlə verdiyi pulu Ülviyyədən tələb etsə də, Ülviyyə onun verdiyi pulun şirkətin işçisi İlkinə təqdim etdiyini bildirərək onun pulunu qaytarmamışdır. O, əsəb-stress keçirmiş, əmlakından məhrum olmuşdur. O, Ülviyyəyə vermiş olduğu 600 manat pulu məhkəmədən kənar ala bilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini şahidləri təsdiq edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4707/2022 nörməli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırki halda iddiaçı cavabdehin ona məxsus 600 manat məbləğində pulu mənimsəyərək qanunsuz olaraq özündə saxladığını, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona həmin məbləğdə ziyan dəydiyini sübut edə bilməmişdir. Tərəflər arasında olan münasibətlərdə adıçəkilən Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-103/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələrinə istinad etmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini cavabdeh tərəfindən ona ümumilikdə 600 manat maddi ziyan dəydiyini, iddiaçı tərəfindən pul vəsaitinin cavabdehə verildiyini, ona görə də ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalı olması, cavabdehin özünün 600 manat pul vəsaitini almasını etiraf etməsi,İlkin adlı şəxsi tanımadığını, tanımış olsa idi, onun barəsində olan cinayət işi üzrə zərəçəkmiş şəxs kimi şikayət verə bilməsini, pulun verilməsi ilə bağlı şahidlərinin dindirilməməsini, cavabdehin iddianı qismən olsa qəbul etməsi halının nəzərə alınmaması kimi hallarla əsaslandırmışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahatlar verərək,öz izahatlarında əlavə olaraq, həmin pul vəsaitini üzvlik haqqı kimi verilmədiyini, o pulun üstünə pul gəlməli idi, o məqsədlə pul verildiyini, cavabdeh onu işlədib qazancından ona verməli idi, nə qazanc verdi, nə də verdiyi pulu qaytardı,onu aldatdığını, yalan məlumat dediyini, bu halların nəzərə alınaraq, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iddiaçıya həmin şirkət haqqənda məlumat verdiyini, o da qazanc əldə etmək üçün razılaşdığını, bu məqsədlə iddiaçıdan 200 manat pul vəsaitini özünün aldığını, lakin 400 manat pul vəsaitini isə onun yanında stolun üstünə qoyduğunu, İlkin adlı şəxs götürdüyünü, iddiaçının adına “login və parol” açdığını,bunu şirkət etdiyini, iddiaçı da üzvlik haqqı kimi 200 manat ödədiyini, 400 manat pul da sağ və sol üzvlik haqqı üçün qoyulduğunu, lakin həmin login işlətmədiyini, İlkin adlı şəsi özünün xalası oğlu vasitəsilə tanıdığını, ondan 200 manatı tələb etdiyini, lakin 400 manat onun özünə verildiyindən tələb etmədiyini,əslində şirkət məhsulu (internet oyunları) satıb, pul qazanırsan, iddiaçı bunu etmədiyinə görə heç nə qazanmayıbdır, işlətməyibdir, bu halların nəzərə alınaraq, məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir. Belə ki, qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə cavabdehin iddiaçıya müvafiq işin görülməsi (şirkətdə login və parol açmaqla, internet oyunları satmaqla qazanc əldə edilməsi) ilə bağlı təklif etməsi, onlar arasında bununla bağlı razılaşma olması, iddiaçının bu məqsədlə cavabdehə 200 manat pul vəsaiti verməsi, cavabdehin bu məqsədlə iddiaçıdan 200 manat pul vəsaitini alması, lakin geri qaytarmaması işin mübahisəsiz halıdır. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı cavabdehə 200 manat pul vəsiatindən başqa, 400 manat da pul vəsaiti verdiyini bildirir, cavabdeh isə iddiaçı tərəfindən eyni məqsədlə 400 manat pul verildiyini qəbul etsə də, həmin pulun ona deyil,onun yanında İlkin adlı şəxsə verildiyini, habelə həmin pulların qazanc əldə etmək məqsədilə verilsə də, üzvlik haqqı kimi verildiyini, qaytarılmalı olmadığını əsas gətirərək, iddia tələbinə qeyd edilən hissələrdə etiraz etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bununla bağlı olaraq, qeyd olunmaılıdır ki, hazırki mülki iş üzrə iddiaçının qeyd edilən məbləğdə (600 manat) pul vəsaitindən məhrum olması halı aşkardır və bu hal hər hansı qanuni əsas və ya müqaviləyə əsaslanmaqla baş verməmişdir. Belə ki, işin hallarından görünür ki, iddiaçı qeyd edilən məbləğdə pul vəsaitini cavabdehə onun etdiyi təkliflə (iş görülməsi, qazanc ədlə eidlməsi) bağlı olaraq vermişdir. Lakin sonradan cavabdeh tərəfindən pulun verilməsinə əsas olan hərəkətlər edilməmiş, cavabdehin əməli gözlənilən məqsədə (tərəflər arasında əvvəlcədən olan razılaşmanın məqsədinə) uyğun olmamışdır. Nəicə etibarilə iddiaçı qeyd edilən məbləğdə pul vəsaitindən məhrum olmuşdur. Belə olan halda, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Mülki Məcəllənin 1091-1093-cü maddələri nəzərdən keçirilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə sübutetmə yükünün bölgüsü müəyyən edilməlidir Belə ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə iddiaçının qeyd edilən məbləğdə (600 manat) pul vəsaitindən məhrum olması halı işin mübahisəsiz halı qismində çıxış etdiyindən, indiki halda sübut edilməli olan hallar məhz cavabdehin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halları (200 manat pul vəsaitinin üzvlük haqqı kimi verilməsi qaytarılmalı olmaması, 400 manat pul vəsaitinin də üzvlük haqqı kimi verildiyini, qaytarılmalı olmaması, habelə 400 manat pul vəsaitinin ona deyil İlkin adlı şəxsə verillməsi) sübut etmək öhdəliyi də məhz cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qeyd edilən hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.Bununla bağlı, cavabdeh tərəfindən kserosurət olan kağız daşıyıcıda olan məlumatlar təqdim edilmişdir ki, qeyd edilən kağız daşıyıcıda olan məlumatlar həmin halları təsdiq etməməklə yanaşı, mülki prosessual qanunvericiliyin tələbi baxımından sübutvasitəsi qismində tələblərə də uyğun olmamışdır. Bundan əlavə, qeyd olunmalıdır ki, cavabdehin etirazın əsası kimi istinad etdiyi İlkin adlı şəxslə bağlı müvafiq məhkəmə hökmü ilə CM-nin müvafiq maddəsi ilə təqsirli bilinərək, barəsində müvafiq cəza təyin edilməsi qərara alınmışdır (həmin cinayət işi üzrə iddiaçının zərəçəkmiş şəxs olması halı müəyyən edilməmişdir). Həmçinin, iş materiallarından görünür ki,iddiaçı tərəfindən müvafiq polis orqanına məhz Ülviyyə adlı şəxsə 600 manat pul vəsaitini verməsi və geri qyatarmaması ilə bağlı ərizə ilə xx.xx.2021-ci il tarixdə mürcaiət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hallar da özlüyündə cavabdehin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halları təkzib edir. Bununla da, qeyd olunmaılıdır ki, hazırki mülki iş üzrə cavabdehin iddia tələbinə etirazın əsasları müəyyən edilmədiyindən, iddiaçının qeyd edilən məbləğdə pul vəsaitindən məhrum olması halı aşkar olduğundan, habelə bu hal məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi halı müəyyən edildiyindən, iddiaçının iddia tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mülki iş üzrə tərəflər arasında yaranmış münasibətin xarakterini düzgün müəyyən etməmiş, habelə iddia tələbinin qanuni əsasının düzgün tapılması, sübutetmə yükünün kimin üzərinə düşməsi halının düzgün müəyyən edilməsi işin nəticəsinə bilavasitə təsir etdiyi halda, birinci instansiya məhkəməsi qeyd edilən halları-iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamış, nəticə etibarilə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, işin hallarına uyğun gəlməyən qətnamə qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan (iddianın qiyməti 600 manat təşkil edir), Azərbaycan Respublikası MPMnin 402.1-ci maddəsinin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunduğundan, habelə iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu (və xidmət haqqı məbləği) və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4707/2022 nörməli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 qəpik məbləğində və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Hakimlər: Gülnar Cabbarova (sədrlik edən hakim) Almaz Süleymanova Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar