Məhkəmə qərarları › İş №2(105)-451/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-451/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-451/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Siyəzən rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(059)-123/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 9000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun 90 faizi, yəni 27 manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satılmış toyuqların dəyərini təşkil edən 10000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh təxminən 5-6 il olar tanıyır. Belə ki, toyuqçuluq fəaliyyəti ilə məşğul olduğu üçün, qeyd etdiyi zaman ərzində Cavabdeh ondan diri toyuq almış və pulunu qısa zaman kəsiyində ödəmişdir. Lakin, sonuncu dəfə 2019-cu ilin sentyabr ayında cavabdehə cəmi 10000 manat dəyərində diri toyuq satsa da, onun pulunu ala bilməmişdir. Belə ki, tanışlıqları səbəbindən cavabdehə nisyə (qaimə) yolu ilə xx xxxxxxxx 2019-cu il tarixdə cəmi çəkisi 1951,7 kiloqram olan 1578 ədəd diri toyuğu, 1 kiloqramının çəkisi 2,30 manat müqabilində, xx xxxxxxxx 2019-cu il tarixdə isə çəkisi 2441 kiloqram olan 1611 ədəd diri toyuğu, 1 kiloqramının çəkisi 2,30 manat müqabilində satmış, habelə aralarında olan şifahi razılaşmaya əsasən, toyuqlar uzaq məsafayə aparıldığı təqdirdə ümumi çəkidən 1%-i onun tərəfindən çıxılmalı olmuşdur. O, razılaşmanın şərtlərinə əməl edərək, 27-xx xxxxxxxx 2019-cu il tarixlərdə cavabdehə satdığı cəmi 4392,7 kiloqram çəkidən bir faizini, yəni 44 kiloqramını çıxmış, yerdə qalan 4348,7 (4348,7*2.30=10002) kiloqramın əvəzində cavabdeh ona 10000 manat məbləğində pulu qısa zaman ərzində ödəməyi öhdəsinə götürmüşdür. Qeyd etdiyi tarixlərdən təxminən 15 gün sonra cavabdehlə aralarında olan telefon danışığı zamanı sonuncu ona olan borcunu etiraf etmiş və toyuqların pulunu 2019-cu ilin oktyabr ayının sonunda tam şəkildə verəcəyini vəd etmişdir. Lakin, sonradan cavabdeh telefon zənglərinə cavab verməmiş, habelə borclu olduğu pul vəsaitini ona qaytarmamışdır. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Babayev X1 rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün İddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıması əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı şifahi razılaşma əsasında xx xxxxxxxx 2019-cu il tarixdə cəmi çəkisi 1951,7 kiloqram olan 1578 ədəd diri toyuğu, 1 kiloqramının çəkisi 2,30 manat müqabilində, xx xxxxxxxx 2019-cu il tarixdə isə çəkisi 2441 kiloqram olan 1611 ədəd diri toyuğu, 1 kiloqramının çəkisi 2,30 manat müqabilində satmış, habelə aralarında olan şifahi razılaşmaya əsasən, toyuqlar uzaq məsafayə aparıldığı təqdirdə ümumi çəkidən 1%-i onun tərəfindən çıxılmaqla, razılaşmanın şərtlərinə əməl edərək, 27-xx xxxxxxxx 2019-cu il tarixlərdə cavabdehə satdığı cəmi 4392,7 kiloqram çəkidən bir faizini, yəni 44 kiloqramını çıxmış, yerdə qalan 4348,7 (4348,7*2.30=10002) kiloqramın əvəzində 10000 manat məbləğində pulu ona qaytarmaq şərtilə verdiyini əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən 10000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Siyəzən rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar