Məhkəmə qərarları › İş №2(105)-451/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-451/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-451/2022 08.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(034)-191/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Zəngilan Rayon Məhkəməsinin (hakim G.İmanova) 20 noyabr 2020-ci il tarixli, 2(034)-191/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 25.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ondan apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli, 2(105)-979/21 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(034)-191/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh 25000 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(102)-4383/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-979/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 30000 ABŞ dolları pulun və 5% əldən çıxmış faydanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh ondan 2014-cü ildə ümumilikdə 30.000 ABŞ dolları məbləğində pul almışdır. Cavabdeh pulu alarkən ən geci iki ay müddətinə qaytaracağı barədə vəd vermişdir. Cavabdeh ondan aldığı pulun 25000 ABŞ dollarını Qazaxıstandan gətirdiyi borulara sərf etmiş, qalan 5000 ABŞ dollarına isə özü üçün maşın almışdır. Həmin pulları o, yaxın dostundan alıb Cavabdeh vermişdir. Pul sahibi ondan verdiyi pulu tələb etdiyindən cavabdeh onu dostunun yanında pis vəziyyətdə qoyduğunu ilk vaxtlarda cavabdehə desə də, o, boruları payladığını, lakin pullarını hələ ala bilmədiyini deyərək, onu arxayın salmış, narahat olmamağını bildirmişdir. Borcunu artıqlaması ilə qaytaracağı barədə dəfələrlə vəd versə də, bu günə kimi o, bir manat belə qaytarmamış, telefonlara cavab verməmiş və sonra isə söndürərək onunla əlaqəsini tam kəsmişdir. Halbuki o, boruları qısa müddət ərzində sataraq bütün pullarını, eyni zamanda həmin pullar əsasında əldə etdiyi gəlirləri ondan gizlətmiş və ona yalan danışaraq guya hələ pulları almadığını bildirməklə başqasının pulunu mənimsəmək məqsədi güdmüşdür. Dəfələrlə cavabdehə ona borclu olduğu cəmi 30.000 ABŞ dollarını qaytarmasını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh gedib boruların pulunu götürsə də, ona heç nə verməmişdir. Pulun əvəzinə etibarnamə əsasında torpaq verəcəyini bildirsə də, nə torpaq, nə də torpağa etibarnamə verməmişdir. Buna görə də məcbur olub ilk dəfə Xətai rayon Polis İdarəsinə müraciət etmiş, oradan onu Xətai rayon Prokurorluğuna göndərmişlər. Xətai rayon Prokurorluğu da işi araşdırandan sonra Xətai rayon Polis Bölməsinə göndərmişdir. Polisdə cavabdeh ondan pul götürdüyünü etiraf etmişdir. Pulu verəndə hər hansı bir sənəd almamışdır. Tək sübut cavabdehin Nizami rayon 24-cü Polis Bölməsində olan izahatıdır. Həmin izahatda cavabdeh ondan 25000 ABŞ dolları borc pul götürdüyünü etiraf etmişdir. O da bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsi 20 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 324.5, 373.2, 375.2, 377.1,739.1, 740.2-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 81, 88, 218.1, 220.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Hazırkı tələb üzrə iddia müddəti ötürülmüş, onun tərəfindən isə müddətin tətbiqi barədə ərizə verilmişdir. Hətta iddiaçıdan pul vəsaiti alınsa belə, mübahisə üzrə iddia müddətinin keçməsi tələbin rədd edilməsi üçün əsasdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh 07 fevral 2022-ci il tarixdə teleqramla məhkəmə kollegiyası müraciət edərək apellyasiya şikayətini müdafiə etdiyini, stasionar müalicə aldığını, buna görə də məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmsının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə Bakı şəhəri, Xətai rayon prokurorunun müavininin 27 mart 2019-cu il tarixli qərarından görünür ki, 18 avqust 2018-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası DİN-nə ərizə ilə müraciət edərək “Nazir” adlı tanışının onu aldararaq 25.000 ABŞ dolları məbləğində pulunu ələ keçirməsini bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin 11 avqust 2018-ci il və 21 avqust 2018-ci il tarixli məktublarından görünür ki, İddiaçı müraciəti əsasında bildirilmişdir ki, Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmış və toplanmış material müvafiq qərar qəbul edilməsi üçün Xətai Rayon Prokurorluğuna göndərilmişdir. Yenə işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 18 avqust 2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında bildirilmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsində toplanmış material Xətai Rayon Prokurorluğuna göndərilmişdir. Cavabdeh Nizami RPİ-nin 24-cü PŞ-də 19.05.2019-cu il tarixdə yazdığı izahatdan görünür ki, İddiaçı Cavabdeh ferma açmaq üçün 25000 ABŞ dolları pul vermiş və həmin pulları onlar Qazaxıstana göndərmişlər. Yenə də işdə olan 27.03.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərarın surətindən görünür ki, Xətai rayon Pİ-nin baş müstəntiqi M.Cümşüdovun həmin material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi 18.01.2019-cu il tarixli qərarı ləğv edilmiş, material qeyd edilən xüsusatlar ətrafında əlavə araşdırmanın aparılmasının təmin edilməsi üçün aidiyyəti üzrə Xətai RPİ-nin İŞ-nə göndərilmişdir. İşin 41-ci vərəqində olan ərizədən görünür ki, cavabdehin vəkili və nümayəndəsi Vəkil hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini və iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və mübahisə üzrə Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı öz hüquqlarını müdafiə etməkdən ötrü Xətai rayon Prokurorluğuna və Xətai rayon Polis İdarəsinə, Nizami RPİ-nə müraciət etmək məcburiyyətində qalmışdır. Nizami RPİ-nin 24-cü PŞ-də araşdırma aparıldığı zaman Cavabdeh iddiaçıdan 25000 ABŞ dolları pulu Qazaxıstandan dəmir boru gətirilməsi üçün aldığını etiraf etmişdir. Ona görə də İddiaçı Cavabdeh 25.000 ABŞ dolları məbləğin tələb etməsinin hüquqi əsası vardır. Eyni zamanda, məhkəmə Cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyündən iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında razılaşma əsasında pul cavabdehə 2014-cü il tarixdə verilsə də, cavabdeh həmin pulu aldığını 2019-cu il tarixində etiraf etdiyindən burada pul tələbi ilə bağlı iddia müddəti 2019-cu il tarixdən yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Hər şeydən öncə, işdən görünür ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul vəsaitinin verilməsini təsdiq edən mötəbər sübut növü (müqavilə, yazılı qəbz, order və s.) yoxdur. İddiaçının tələbinin əsası kimi yeganə istinad etdiyi sənəd cavabdehin polis orqanında verdiyi izahat olmuşdur. Həmin izahatın ümumi məzmunundan belə nəticəyə gəlmək olur ki, iş üzrə tərəflər birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 25000 ABŞ dolları vəsait sərf etmiş, lakin son nəticədə onların bu niyyəti baş tutmamış, zərərə düşmüşlər. Belə ki, Cavabdeh Nizami RPİ-nin 24-cü PŞ-də 19.05.2019-cu il tarixdə yazdığı izahatından görünür ki, İddiaçı Cavabdeh ferma açmaq üçün 25000 ABŞ dolları pul vermiş və həmin pulları onlar Qazaxıstana göndərmişlər. İddiaçı Bakı şəhəri, Nizami RPİ-nə yazdığı şikayət ərizəsində (i.v.62) pulu cavabdehə 2014-cü ilin iyun ayında, Mərkəzi Bankın arxasında verdiyini, iddia ərizəsində isə pulu iki aylığa verilməsini göstərmişdir. Mülki Məcəllənin 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin tərəflər arasındakı borc münasibətləri yaranan zaman qüvvədə olan 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (31 may 2016-cı il tarixli 269- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1005) ilə 740-cı maddənin mətni yeni redaksiyada verilmişdir.) İş materiallarından görünür ki, iddiaçı cavabdehə 25000 ABŞ dolları pulu 2014-cü ilin iyun ayında iki ay müddətinə geri qaytarmaqla verdiyini iddia edir, yəni tərəflər arasında şifahi borc müqaviləsinin bu tarixdə bağlandığını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə tərəflər arasında münasibətlər müqavilə öhdəlikərinə şamil edilir ki, bu fəsildən yaranan mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, borc müqaviləsi üzrə öhdəliklərlə bağlı İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür və buna görə də bütün hallarda iddia əsassız olmaqla təmin oluna bilməz. İşdən görünür ki, hazırkı tələb üzrə iddia müddəti 2017-ci ilin avqust ayında bitmişdir, yəni iddiaçı hazırkı tələblə məhkəməyə ən geci 2017-ci lin sentyabr ayınadək müraciət etməli idi. İddia ərizəsindən isə görünür ki, İddiaçı məhkəməyə hazırkı iddia ilə 24 fevral 2020-ci ildə müraciət etmişdir. Cavabdehin polis orqanında iddiaçıdan 25000 ABŞ dollarının alınması ilə bağlı verdiyi izahat isə bu müddət daxilində deyil, 19.05.2019-cu il tarixdə edilmişdir, baxmayaraq həmin izahatı borcun etirafı kimi qəbul etmək çətindir. İddia müddəti keçdikdən sonra borclu etirafedici hərəkətlər etmiş olsa belə, cavabdehin ona qarşı irəli sürülmüş tələbə qarşı iddia müddətini tətbiq etmək (bu müdafiə vasitəsindən yararlanmaq) hüququ istisna edilmir. Belə olan halda, iddia müddətinin əvvəli həmin etirafdan deyil, öhdəliyin icra vaxtı çatdığı andan hesablanır. Birinci instansiya məhkəməsi isə iddia müddətinin əvvəlini səhvən, cavabdehin polis orqanında izahat verdiyi 2019-cu ildən hesablayaraq ərizəni rədd etmişdir. İzahat verilən zaman, yəni iddianın etirafı zamanı iddia müddəti isə artıq çoxdan keçmişdir və deməli, bu etiraf cavabdehə münasibətdə heç bir hüquqi nəticə doğura bilməz. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri yetərli hesab edir və bu nəticəyə gəlir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, qanunla müəyyən edilmiş müddət daxilində iddia qaldırmamışdır. Halbuki, AR MPM-nin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozuntusu ilə məhkəmə qətnaməsi çıxarmış, mübahisəni düzgün həll etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş cəmi 31,40 manat dövlət rüsumu iddiaçıdan tutularaq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(034)- 191/2020 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş cəmi 31,40 manat dövlət rüsumu İddiaçı tutularaq, Cavabdeh qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar