Məhkəmə qərarları › İş №2(105)-451/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-451/2023

23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-451/2023 23.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Dadaşova (Kamilova) Vüsalə Cavanşir qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Dadaşova (Kamilova) Vüsalə Cavanşir qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(060)-6514/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Dadaşova (Kamilova) Vüsalə Cavanşir qızı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X1 Cavabdeh nikahın pozulması və aliment tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(060)-6393/2021 saylı qətnaməsilə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi, Cavabdeh 21 may 2006-cı il təvəllüdlü X6 və 07 iyul 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit məbləğində alimentin tutularaq iddiaçı - X2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2000-ci ildə nikahdan kənar, xx.xx.2002-ci ildə isə nikaha daxil olaraq ailə qurmuşdur. Onların 30 mart 2002-ci ildə X12, 07 iyul 2010-cu ildə X9 və 21 may 2006- ci ildə X10 adlı üç övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(060)6393/2021 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında oan nikah pozulmuş, 07 iyul 2010-cu il təvəllüdlü X9 və 21 may 2006-cı il təvəllüdlü X6 iddiaçının- anasının yanında qalması, cavabdehdən xx.xx.2021-ci il tarixdən başlayaraq 07 iyul 2010-cu il təvəllüdlü X9 və 21 may 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı- X2 ödənilməsi qərara alınmışdır. Cavabdehin təqsiri üzündən birgə yaşamaqları qeyri-mümkün olmuş, xx.xx.2021-ci il tarixdən faktiki olaraq ayrılmışlar. Cavabdeh işləyib normal qazanc əldə etsə də, uşaqlarının saxlanması üçün kifayət qədər maddi köməklik göstərmir. 260 manat məbləğində aliment pulu ilə (onu da vaxtında versə) məktəbli uşaqların maddi tələbatını ödəmək mümkün deyildir. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(060)-6514/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6393/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 21 may 2006-cı il təvəllüdlü X6 və 07 iyul 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Dadaşova (Kamilova) Vüsalə Cavanşir qızına verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Elmir Hüseynov) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində alimentin tutularaq iddiaçı Dadaşova (Kamilova) Vüsalə Cavanşir qızına verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: xx.xx.2019-cu il tarixdən “Qənd istehsalı” sexində işləyir. Hal-hazırda həmin sexdə operator vəzifəsində çalışır. Ştat cədvəlinə uyğun olaraq aylıq vəzifə maaşı 350 manat təşkil etsə də, əmək haqqından tutulmalar çıxıldıqdan sonra 320.25 manat məbləğ qalır. Bu səbəbdən 260 manatdan artıq alimenti ödəyə bilmir. Yetkinlik yaşına çatana kimi 2 uşağının saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat alimenti ancaq ödəyə bilər. Çünki aldığı 320 manat maaşdan 200 manatı ödəsə, 100 manatla özünə aid maddi tələbatları ödəyə bilər. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı Dadaşova (Kamilova) Vüsalə Cavanşir qızı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(060)-6514/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6393/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2002-ci tarixli, 1010 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 07 iyul 2010-cu il təvəllüdlü X9 və 21 may 2006-cı il təvəllüdlü X6 anaları X1 yanında qalması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq 07 iyul 2010-cu il təvəllüdlü X9 və 21 may 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli, №- MŞB/6-5718 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X4 ilkin mediasiya sessiyasında iştirak edərək lkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. AZ-İ № 804318 və AZ-İİ№ 466571 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 atası Cavabdeh, anası X3r. nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X4 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 627 № ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6393/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, 07 iyul 2010-cu ildə X9 və 21 may 2006ci ildə X6 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçı X2 verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda, yəni həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, aylıq vəzifə maaşı 350 manat təşkil etsə də, əmək haqqından tutulmalar çıxıldıqdan sonra 320.25 manat məbləğ qalır. Bu səbəbdən 260 manatdan artıq alimenti ödəyə bilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında 2022-ci il üçün “X8” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağın saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(060)-6514/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar