Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-452/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əlavə pul tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(029)-752/2020- 007 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Kazımov) iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1493/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1493/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 23 dekabr 2013-cü il tarixli, QSNPT-0001 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış 5512.66 manat faiz və 1500 manat cərimə borcu, cəmi 7012.66 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın Bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2013-cü il tarixli, QSNPT-0001 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22 faiz olmaqla 60 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli olduğu halda öhdəliklərini icra etməmişdir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddiaçı ASC tərəfindən Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə 2015-ci ildə müraciət olunmuşdur. Qusar rayon məhkəməssinin 25 avqust 2015-ci il tarixli 2(029)- 763/2015 saylı qətnaməsinə əsasən Cavabdeh 23 dekabr 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsi üzrə 26272.84 (iyirmi altı min iki yüz yetmiş iki manat səksən dörd qəpik) manat əsas kredit borcu, 6524.92 (altı min beş yüz iyirmi dörd manat doxsan iki qəpik) manat məbləğində faiz borcu, 971 (doqquz yüz yetmiş bir) manat vaxtı keçmiş kredit üçün faiz borcu, 4500 (dörd min beş yüz) manat məbləğində cərimə borcu, cəmi 37297.76 (otuz yeddi min iki yüz doxsan yeddi manat yetmiş altı qəpik) manatın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği banka vaxtında ödəməmişdir. Qətnamə 25 avqust 2015-ci il tarixdə çıxdığından, qətnamədə həmin tarixə hesablanmış əsas, faiz və cərimə borcları göstərilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği hissə-hissə icra edərək 23 noyabr 2017-ci il tarixində tam ödəmişdir. Qətnamə çıxan tarixdən (25 avqust 2015-ci il) qətnamə üzrə borc icra olunan tarixə qədər isə (23 noyabr 2017-ci il) əsas məbləğə faiz və cərimə hesablanmamışdır. 16 iyun 2020-ci il tarixə olan maliyyə arayışına əsasən borclu Cavabdeh 23 dekabr 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə 5512.66 (beş min beş yüz on iki manat altmış altı qəpik) manat faiz və 1500 (bir min beş yüz) manat cərimə borcu, cəmi 7012.66 (yeddi min on iki manat altmış altı qəpik) manat borcu vardır. Bundan əlavə bankın pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi banka birbaşa maddi zərər vurmaqla nəticələnir. Belə ki, bank fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozit vəsaitləri, həmçinin özünün digər maliyyə qurumlarından aldığı kreditlər üzrə faizlər ödəyir. Borclu tərəfindən kredit borcunun və hesablanmış faizlərin qaytarılmaması, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(029)- 752/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2013-cü il tarixli, QSNPT-0001 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22 faiz olmaqla 60 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli olduğu halda öhdəlikləri vaxtında icra etməmişdir. İddiaçı "Rabitabank” ASC tərəfindən cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair 2015-ci il tarixində müraciət olunmuşdur. Qusar Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli 2(029)-763/2015 saylı qətnaməsinə əsasən Cavabdeh 23 dekabr 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsi üzrə 26272.84 (iyirmi altı min iki yüz yetmiş iki manat səksən dörd qəpik) manat əsas kredit borcu, 6524.92 (altı min beş yüz iyirmi dörd manat doxsan iki qəpik) manat məbləğində faiz borcu, 971 (doqquz yüz yetmiş bir) manat vaxtı keçmiş kredit üçün faiz borcu, 4500 (dörd min beş yüz) manat məbləğində cərimə borcu, cəmi 37297.76 (otuz yeddi min iki yüz doxsan yeddi manat yetmiş altı qəpik) manatın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği banka vaxtında ödəməmişdir. Qətnamə 25 avqust 2015-ci il tarixdə çıxdığından, qətnamədə həmin tarixə hesablanmış əsas, faiz və cərimə borcları göstərilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği hissə-hissə icra edərək 23 noyabr 2017-ci il tarixində tam ödəmişdir. Qətnamə çıxan tarixdən (25 avqust 2015-ci il) qətnamə üzrə borc icra olunan tarixə qədər isə (23 noyabr 2017-ci il) əsas məbləğə faiz və cərimə hesablanmamışdır. 16 iyun 2020-ci il tarixə olan maliyyə arayışına əsasən borclu Cavabdeh 23 dekabr 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə 5512.66 (beş min beş yüz on iki manat altmış altı qəpik) manat faiz və 1500 (bir min beş yüz) manat cərimə borcu, cəmi 7012.66 (yeddi min on iki manat altmış altı qəpik) manat borcu vardır. Bundan əlavə bankın pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi banka birbaşa maddi zərər vurmaqla nəticələnir. Belə ki, bank fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozit vəsaitləri, həmçinin özünün digər maliyyə qurumlarından aldığı kreditlər üzrə faizlər ödəyir. Borclu tərəfindən kredit borcunun və hesablanmış faizlərin qaytarılmaması, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər üsulla gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğində faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bundan əlavə, sübut etməyə ehtiyac yoxdur ki, Bankın pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi ona birbaşa maddi zərər vurmaqla nəticələnir. Belə ki, bank fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozit vəsaitləri, həmçinin özünün digər maliyyə qurumlarından aldığı kreditlər üzrə faizlər ödəyir. Borclu tərəfindən kredit borcunun və hesablanmış faizlərin qaytarılmaması, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş ana qədər müqavilə qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə Bankın hüquqları və qanunla qorunan mənafeləri mühüm dərəcədə pozulmuşdur. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. 19.08.2013-ci il tarixli, sm4385 saylı kredit müqaviləsinin 3.2-ci bəndində qeyd edilir ki, “Müqavilənin müddəti bitdikdən sonra müştəri kredit faizlərini vaxtında ödəmədikdə ödənilməyən kredit üçün faiz dərəcəsi əlavə olaraq illik (aylıq) 2 (iki) qat hesablanır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi qaydada icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Qətnamə Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə Bankın hüquqları və qanunla qorunan mənafeləri mühüm dərəcədə pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni iddiaçının özünün kreditor hüquqlarından istifadə etməklə müqavilə üzrə cavabdehin ödəməli olduğu pul vəsaitinin tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırması və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə öhdəlik qoyulması, qətnamənin 23 noyabr 2017-ci il tarixində icra olunması, bu səbəbdəb sözügedən kredit müqaviləsi üzrə cavabdehin üzərinə əlavə öhdəlik qoyulmasının qanunsuz və əsassız olması ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni məhkəmə tərəfindən müqavilə öhdəliklərinə xitam verildikdən sonra borclunun artıq müqavilə öhdəlikləri ilə bağlı deyil, qanunda nəzərdə tutulmuş başqa əsaslara görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqdan irəli gələn məsuliyyət daşıdığını təsdiq etsə də, iddiaçının tələbini sübuta yetirə bilmədiyindən iddianın rədd edilməsi barədə qənaətə gəlməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə Mülki Məcəllənin mübahisəyə tətbiq edilməli olan 447.5-ci maddəsini tətbiq etməmiş və borclunun pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün birbaşa qanundan irəli gələn illik beş faiz pul öhdəliyinin olduğunu və iddiaçının həmin məbləğin tutulmasını sübut etmək vəzifəsindən azad edildiyini nəzərə almamamışdır. İşin qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan kassasiya instansiya məhkəməsi işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. İşdən görünür ki, iddia tələbi 23 dekabr 2013-cü il tarixli, QSNPT-0001 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış əlavə faiz və cərimənin tutulması barədədir. Qusar Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(029)-763/2015 nömrəli qətnaməsinə əsasən, cavabdehdən bankın xeyrinə göstərilən kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 26.272.84 manat, faiz borcuna görə 6524.92 manat və cərimə borcuna görə 4500 manat olmaqla, cəmi 37.297.76 manat pulun tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş X1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsinin qət edilməsi, həmin qətnamənin icraya yönəldilməsi və 23 noyabr 2017-ci il tarixində tam icra olunması işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 445.7. maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşdən göründüyü kimi cavabdeh ödənilməmiş borcu iddiaçıya 31.10.2017-ci il tarixdə ödəməklə 2 il, 2 ay, yəni 780 gün gecikdirmişdir. Odur ki, tərəflər arasında müqavilə öhdəliklərinə xitam verildikdən sonra iddiaçının borcludan artıq müqavilə öhdəlikləri ilə bağlı deyil, müqavilə öhdəliklərinin pozulmasından irəli gələn və mülki qanunvericiliklə nəzərdə tutulan faiz formasında zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 445.7. maddəsinin tələbi baxımından gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində cavabdehdən tutulmalı və ödənilməmiş 26.272,84 manat əsas borca qətnamə qanuni qüvvəyə mindiyi tarixdən (25.09.2015-ci il tarixdən həmin məbləğ ödənildiyi, yəni 31.10.2017-ci il tarixədək gecikmə müddəti 2 il 2 ay (780 gün) illik 5% dərəcəsi ilə əldən çıxmış fayda formasında zərər hesablanaraq (26.272,84 manatın 5%= 1313,642 manat/360 günə 3,649x780=2846,2 manat) cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin cərimənun tutulması hissəsinə gəldikdə isə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı olmadığından, təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 23 dekabr 2013-cü il tarixli, QSNPT-0001 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış 2846 (iki min səkkiz yüz qırx altı) manat 20 (iyirmi) qəpik məbləğində faiz borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-452/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-452/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver