Məhkəmə qərarları › İş №2(105)-453/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-453/2024

28.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-453/2024 28.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Rzayev Hafiz Yusif oğluna qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, cavabdehlər Cavabdeh1 və Rzayev Hafiz Yusif oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-24/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Rzayev Hafiz Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2005-ci il tarixli, 010233 saylı texniki pasportdan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı yeməkxananın texniki göstəriciləri ilə bağlı İddiaçı adına texniki pasport tərtib edilmişdir.

2. xx.xx.2007-ci il tarixli 001050 qeydiyyat nöməli şəhadətnamədən görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 50 saylı yeməkxananı satış qiymətini ödəməklə satın alınmışdır. Həmin şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir.

3. RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Bakı Quba yolunun 40-cı km-6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Rzayev Hafiz Yusif oğlunun adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 10/2602 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyri-yaşayış sahəsinin xx.xx.2005-ci il tarixli, 010233 saylı texniki pasportdakı göstəricilərə uyğun inşa edildiyi müəyyən olunur (1-ci sual üzrə). Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdeh Rzayev Hafiz Yusif oğluna məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı km 6 saylı qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsində mövcud olan tikililərin xx.xx.2014-cü il tarixli texniki pasportdakı göstəricilərə uyğun inşa edilmədiyi müəyyən olunur. Belə ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyri-yaşayış sahəsi ilə qonşu olan hissəsində ümumi uzunluğu 23,5 metr, eni 7 metr olan, mişar daşından inşa edilmiş 4 ədəd tamamlanmış, 1 ədəd yarımçıq qeyri-yaşayış sahəsinin və 4 x 3.8 metr ölçüdə otaq tikilisinin inşa olunduğu, bu tikililərin 6 saylı qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş “Texniki Pasport”da öz əksini tapmadığı müəyyən olunur. Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Əmlakın İnventarlaşdırıiması Bürosu tərəfindən tərtib olunmuş xx.xx.2005-ci il tarixli “Texniki Pasport”a əsasən, İddiaçı məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyri-yaşayış sahəsinin cavabdeh Rzayev Hafiz Yusif oğluna məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40- ci km 6 saylı qeyri-yaşayış binasına tərəf olan çıxışından başqa, tikilinin arxa fərəfində 4 nömrəli mətbəx tikilisindən çölə açılan giriş-çıxış qapısı olsa da, cavabdeh tərəfindən aparılan tikinti işləri nəticəsində iddiaçıya məxsus 50 saylı qeyri-yaşayış sahəsinin əsas girişinin bağlandığı müəyyən olunur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında cavabdehin tikdiyi tikintinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. X2 Yusif oğlu iddiaçının razılığı ilə əlavə cavabdeh qismində işə cəlb edilmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində ümumi sahəsi 245.1 kv.m olan 50 saylı qeyriyaşayış sahəsini 3836 manat dəyərındə satın alıb və uzun müddətdir həmin obyektə (yeməkxana) sahiblik edir. Obyektin texniki pasportu və şahədatnaməsi də var. Bir müddət Cavabdeh1 onun mülkiyyətində onun obyektin qarşısını kəsməklə tikili tikmiş və bu da onun iş fəaliyyətinə maneə törədir, binaya girişi-çıxışı məhdudlaşdırmışdır. Ümumiyyətlə həmin tikilinin tikilməsi ümumi bazarının fəaliyyətindən, təyinatından kənara çıxmaqdır. Cavabdeh şəxs orada avtomobil təmiri və qoyulması üçün bokslar tikmişdir. Onların isə bazara çıxışlarının qarşısını almışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

8. Mübahisəli əraziyə məhkəmə tərəfindən yerli baxış keçirilmişdir. Bu barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli yerli baxış protokolundan görünür ki, mübahisə predmeti olan ərazinin H.Z.Tağıyev qəsəbəsində yerləşən, bazar meydanı adlanan ərazidə olduğu məlum olmuşdur. İddiaçıya məxsus əmlakın uzun müddətdir ki, istifadə olunmadığı, həmin istifadə olunmayan obyektin qarşısında isə təyinatı məhkəməyə məlum olmayan 4 obyektin tikildiyi, həmin obyektlərin ətrafında isə daş hasarın çəkildiyi, İddiaçı məxsus yeməkxana adlandırdığı obyektin isə həmin daş hasarın arxa tərəfində yerləşdiyi, obyektin giriş-çıxışının isə yalnız arxa hissəyə, yəni dəmiryol relslərinin yerləşdiyi əraziyə olduğu məhkəmə tərəfindən müşahidə edilmişdir. Sözügedən daş hasarla iddiaçıya məxsus obyekt arasında təxminən 3-4 metr məsafə olsa da, həmin daş hasarın obyektin qarşısını kəsdiyi, ön hissədən obyektə giriş-çıxışın qarşısının alındığı faktı aşkar olunmuşdur.

9. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-24/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməsi, İddiaçı məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş hasar və tikililər cavabdehlər Cavabdeh1 və Rzayev Hafiz Yusif oğlunun hesabına sökülməsi, cavabdehlər Cavabdeh1 və Rzayev Hafiz Yusif oğlundan müştərək qaydada 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq cavabdehlər Cavabdeh1 və Rzayev Hafiz Yusif oğlundan müştərək qaydada 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.12 və 157.4-cü maddələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 103.1, 119.1, 206 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdehlər Cavabdeh1 və Rzayev Hafiz Yusif oğlu apellyasiya şikayəti verib, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-24/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qeyd edilən torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə verilməsi sübuta yetsə də məhkəmə cavabdehin mülkiyyətində olan və digər Cavabdeh1 istifadəsində olan tikililərin sökülməsinə qərar vermişdir. Halbuki həmin tikililərin qanuni olması ilə bağlı sənədlər də məhkəməyə təqdim edilmişdr. İşdə olan xx.xx.2005-ci il tarixli, 010233 saylı texniki pasportdan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı yeməkxananın texniki göstəriciləri ilə bağlı İddiaçı adına texniki pasport tərtib edilmişdir. İşdə olan xx.xx.2007-ci il tarixli 001050 qeydiyyat nöməli şəhadətnamədən görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 50 saylı yeməkxananı satış qiymətini ödəməklə satın alınmış, lakin bu əmlak üzərində mülkiyyət hüquqları reyestrdə dövlət qeydiyyatına alınmamışdır. Təqdim olunmuş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Bakı Quba yolunun 40-cı km-6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydə alınmış və həmin çıxarışda cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsinin dəqiq ölçüsü və konturları qeyd edilmişdir ki, bəhs edilən hasar və tikililər də mülkiyyətdə olan torpaq sahəsi üzərində inşa edilmişdir. Məhkəmə belə bir qənaətə gəlmişdir ki, guya onlar (cavabdehlər) mülkiyyətlərində olan torpaq sahəsi üzərində hasar əkməklə və tikililər inşa etməklə iddiaçıya məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə maneə törədirlər. Halbuki iddiaçı bu qeyri-yaşayış sahəsindən heç vaxt istifadə etməmiş və həmin tikili istifadə üçün tamamilə yararsız hala düşmüşdür. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2022-ci il tarixli, 10/1968 nömrəli rəyi ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 50 saylı və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı km-də yerləşən 6 saylı qeyri-yaşayış sahələrinin bir-birinə qonşu sahələrdə yerləşdiyi və həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsinin sərhədlərinin bitişik vəziyyətdə olduğu müəyyən edilmişdir. Qeyri-yaşayış sahələrinin ölçüləri və sahəsi mülk materiallarına əlavə edilmiş texniki pasportlarda ətraflı göstərilmişdir (1-ci sual üzrə). Tədqiq olunan qeyri-yaşayış sahələrinin faktiki vəziyyəti üzrə baxış zamanı əldə edilmiş məlumatlarla həmin qeyri-yaşayış sahələrinə dair tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, Abdulbagıyev Vaqif Şahbala oğluna məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 50 saylı qeyri-yaşayış sahəsinə Cavabdeh2 mülkiyyətində olan sahədən müdaxilə edilmədiyi müəyyən olunmuşdur. Yəni Cavabdeh2 öz mülkiyyətində olan torpaq sahəsində hasar və tikililəri inşa etmişdir. Ekspertin təqdim etdiyi rəydə iddiaının texniki pasportunda göstərilən obyektə giriş-çıxış yolunun cavabdehlər tərəfindən tikilən hasar və tikililər nəticəsində bağlanıldığı qeyd olunarsa, bu heç də cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi anlamına gəlmir, çünki iddiaçının obyektə giriş-çıxış yolu tələb etdiyi ərazi də Cavabdeh2 mülkiyyətindədir, başqa şəxsin mülkiyyətində olan ərazidən giriş-çıxış yolunun verilməsi bu qaydada deyil, servitut qaydasında həll olunur ki, bu da qaldırılmış iddia tələbinin əsasssız olması deməkdir. Ekspert 50 saylı yeməkxana tikilisinə giriş-çıxış üçün yaranmış maneənin aradan qaldırılması üçün həmin sahədə inşa edilmiş sərhəd hasarı və tikililər sökülməli olduğunu qeyd edir, halbuki məhkəmə həmin tikililərə və hasara cavabdehin mülkiyyət hüquqlarının olmasını nəzərə alaraq iddia tələbini rədd etməli olduğu halda əsassız iddianı təmin etmiş və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış cavabdehlərin hüquqlarına təminat verməmişdir. Həmin hasar və tikililərin sökülməsi və iddiaçının başqasının mülkiyyətində olan torpaq sahəsindən sərbəst giriş-çıxış yolunun verilməsi cavabdehlərin mülkiyyət hüquqlarının pozulması və hətta onların faktiki olaraq mülkiyyətlərində olan əmlaklarından məhrum olmaları anlamına gəlir.

13. Bundan başqa, həmin obyektə keçirilən baxış zamanı və ekspert tərəfindən verilmiş rəylə də İddiaçı məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyri-yaşayış sahəsinin Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-ci km 6 saylı qeyri-yaşayış binasına tərəf olan çıxışından başqa, tikilinin arxa tərəfində 4 nömrəli mətbəx tikilisindən çölə açılan giriş-çıxış qapısının olması öz təsdiqini tapmışdır. İddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin başqa yerdən giriş-çıxış qapısının olmasına baxmayaraq Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən obyektə gediş-gəliş yolu kimi istifadə etməsi və həmin ərazidə cavabdeh tərəfindən çəkilmiş hasar və tikililərin sökülməsi məhkəmənin bu mübahisəyə qeyriobyektiv yanaşmasının sübutudur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Eyni zamanda mübahisəli əraziyə məhkəmə tərəfindən yerli baxış keçirilmişdir. Bu barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli yerli baxış protokolundan görünür ki, mübahisə predmeti olan ərazinin H.Z.Tağıyev qəsəbəsində yerləşən, bazar meydanı adlanan ərazidə olduğu məlum olmuşdur. İddiaçıya məxsus əmlakın uzun müddətdir ki, istifadə olunmadığı, həmin istifadə olunmayan obyektin qarşısında isə təyinatı məhkəməyə məlum olmayan 4 obyektin tikildiyi, həmin obyektlərin ətrafında isə daş hasarın çəkildiyi, İddiaçı məxsus yeməkxana adlandırdığı obyektin isə həmin daş hasarın arxa tərəfində yerləşdiyi, obyektin girişçıxışının isə yalnız arxa hissəyə, yəni dəmiryol relslərinin yerləşdiyi əraziyə olduğu məhkəmə tərəfindən müşahidə edilmişdir. Sözügedən daş hasarla iddiaçıya məxsus obyekt arasında təxminən 3-4 metr məsafə olsa da, həmin daş hasarın obyektin qarşısını kəsdiyi, ön hissədən obyektə girişçıxışın qarşısının alındığı faktı aşkar olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qarşısında cavabdehlər tərəfindən inşa edilmiş hasar və digər tikililərin həmin qeyri-yaşayış sahəsinin əsas girişini bağladığı, 50 saylı yeməkxana tikilisinə giriş-çıxış üçün yaranmış maneənin aradan qaldırılması üçün həmin sahədə inşa edilmiş sərhəd hasarı və tikililərin sökülməli olması öz təsdiqini tapmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

17. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

19. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

24. Maddə 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Apellyasiya şikayətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Rzayev Hafiz Yusif oğlu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-24/2023 nömrəli qətnaməsinin tam şəkildə ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlərr.

34. Ona görə də kollegiya Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

37. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.

38. İşin hallarından görünür ki, sözügedən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı yeməkxana İddiaçı məxsusdur. Cavabdeh Rzayev Hafiz Yusif oğluna məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı km 6 saylı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsində cavabdehlər tərəfindən tikililər inşa edilmiş və iddiaçı həmin tikililərin ona məxsus qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə maneə törətdiyini iddia edərək onların cavabdehlərin hesabına sökülməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında cavabdehlər tərəfindən inşa edilmiş tikililər və hasar iddiaçının həmin qeyriyaşayış sahəsindən sərbəst istifadə etməsinə maneə törədir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2022-ci il tarixli, 10/1968 nömrəli rəyindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyri-yaşayış sahəsinin xx.xx.2005-ci il tarixli, 010233 saylı texniki pasportdakı göstəricilərə uyğun inşa edildiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdeh Rzayev Hafiz Yusif oğluna məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı km 6 saylı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsində mövcud olan tikililərin xx.xx.2014-cü il tarixli texniki pasportdakı göstəricilərə uyğun inşa edilmədiyi müəyyən olunur. Belə ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyri-yaşayış sahəsi ilə qonşu olan hissəsində ümumi uzunluğu 23,5 metr, eni 7 metr olan, mişar daşından inşa edilmiş 4 ədəd tamamlanmış, 1 ədəd yarımçıq qeyri-yaşayış sahəsinin və 4 x 3.8 metr ölçüdə otaq tikilisinin inşa olunduğu, bu tikililərin 6 saylı qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş “Texniki Pasport”da öz əksini tapmadığı müəyyən olunur. Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Əmlakın İnventarlaşdırıiması Bürosu tərəfindən tərtib olunmuş xx.xx.2005-ci il tarixli “Texniki Pasport”a əsasən, İddiaçı məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyri-yaşayış sahəsinin cavabdeh Rzayev Hafiz Yusif oğluna məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-ci km 6 saylı qeyri-yaşayış binasına tərəf olan çıxışından başqa, tikilinin arxa fərəfində 4 nömrəli mətbəx tikilisindən çölə açılan giriş-çıxış qapısı olsa da, cavabdeh tərəfindən aparılan tikinti işləri nəticəsində iddiaçıya məxsus 50 saylı qeyri-yaşayış sahəsinin əsas girişinin bağlandığı müəyyən olunur.

39. Birinci instansiya məhkəməsi mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Bu barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli yerli baxış protokolundan görünür ki, mübahisə predmeti olan ərazinin H.Z.Tağıyev qəsəbəsində yerləşən, bazar meydanı adlanan ərazidə olduğu məlum olmuşdur. İddiaçıya məxsus əmlakın uzun müddətdir ki, istifadə olunmadığı, həmin istifadə olunmayan obyektin qarşısında isə təyinatı məhkəməyə məlum olmayan 4 obyektin tikildiyi, həmin obyektlərin ətrafında isə daş hasarın çəkildiyi, İddiaçı məxsus yeməkxana adlandırdığı obyektin isə həmin daş hasarın arxa tərəfində yerləşdiyi, obyektin giriş-çıxışının isə yalnız arxa hissəyə, yəni dəmiryol relslərinin yerləşdiyi əraziyə olduğu məhkəmə tərəfindən müşahidə edilmişdir. Sözügedən daş hasarla iddiaçıya məxsus obyekt arasında təxminən 3-4 metr məsafə olsa da, həmin daş hasarın obyektin qarşısını kəsdiyi, ön hissədən obyektə giriş-çıxışın qarşısının alındığı faktı aşkar olunmuşdur

40. İddianı təmin edən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır.

41. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, bəhs edilən hasarın və tikililərin Rzayev Hafiz Yusif oğlunun mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilməsi, iddiaçının özünə məxsus qeyri-yaşayış sahəsindən istifadə etməməsi və həmin tikilinin yararsız hala düşməsi hazırkı iddia tələbinin rədd olunması və apellyasiya şikayətinin təmin olunması üçün əsas kimi çıxış edə bilməz.

43. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

44. Belə olan halda apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

45. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdehlər Cavabdeh1 və Rzayev Hafiz Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-24/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar