Məhkəmə qərarları › İş №e-2(007)-3211/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3211/2024

13.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3211/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Ceyhun oğluna qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən xx.xx.2023-cü il tarixli mülkiyyət hüququna dair çıxarışla ona məxsus qeyri-yaşayış binasına bitişik Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 25 ildən çoxdur ki istifadəsində olan və **********89-06301 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla mülkiyyətində olan anbar və maşın yuma məntəqəsi kimi fəaliyyət göstərən sahəsi 119 kv.metr olan qeyri-yaşayış binası vardır. Təxminən 2019-cu ilin payız aylarında Cavabdeh əvvəllər tanıdığı, ona məxsus obyektlə üzbəüz obyektdə işləyən X1 ilə birlikdə onun yanına gələrək ona məxsus obyektlə qonşu obyekt arasında tikinti aparmağa etiraz etməməsini xahiş etdilər. O, ona həmin ərazidə tikinti aparılmasının mümkün olmamasını, yəni ona məxsus qeyri-yaşayış binasına yaxın məsafədə uşaq baxçası olduğunu, həmin bağça ilə qeyri-yaşayış binasının arasında tikinti aparılması üçün lazım olan ara məsafəsinin olmadığını bildirmişdir. Lakin Cavabdeh tikinti aparılması üçün müvafiq qurumlardan xeyir-dua aldığını bildirmişdir. Sonra o, həmin şəxslə aparılacaq tikintinin ona məxsus qeyri-yaşayış binasına birləşdirməmək, ara məsafəsi saxlamaq şərtini qoymuşdur. Cavabdeh onun dediyini təsdiq edərək ara məsafəsi saxlamaqla tikintinin aparılacağını və qeyri-yaşayış sahəsinə birləşdirməyəcəyi barədə ona vəd vermişdir. Lakin sonradan məlum koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunmasından istifadə edən Cavabdeh qanunvericiliyin tələblərini pozaraq heç bir hüquqi sənədi olmadan ona məxsus qeyri-yaşayış binasına bitişik torpaq sahəsini zəbt edərək, ara məsafəsi saxlamayaraq inşa etdiyi tikilini qeyri-yaşayış binasının divarına birləşdirərək 25.2 kv.m (2.8m x 9.0 m) ölçüsündə tikinti işləri aparmış və həmin divarı ortaq divar kimi istifadə edərək onun mülkiyyətində olan daşınmaz əmlaka həm təhlükə, həm də bir çox məhdudiyyətlər yaratmışdır. Aparılmış qanunsuz tikili barədə Cavabdeh dəfələrlə irad bildirməsinə baxmayaraq heç bir nəticəsi olmamış, əksinə olaraq cavabdeh inşa etdiyi tikilinin dam örtüyünü ona məxsus qeyri-yaşayış binasının damına birləşdirərək ona bildirmişdir ki, o, tikmiş “siz də gedin sökdürün”. Onun bu qanunsuz hərəkətləri barədə müvafiq orqanlara (DİN, FHN və İcra Hakimiyyəti) müraciət etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Göründüyü kimi onun adına qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasına baxmayaraq, Cavabdeh qanunvericiliyin bir çox tələblərini pozmuşdur.

İş materialları :

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

4. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin ünvan 3 ünvanında yerləşən 71 saylı mağazaya dair texniki pasportu əlavə edilmişdir.

5. İş materiallarına 6 ədəd fotoşəkil əlavə edilmişdir.

6. Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məktubda qeyd olunan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olub-olmaması barədə Nizami bələdiyyəsində hər hansı bir məlumat yoxdur, sözügedən sahədə tikinti işlərinin aparılmasına icazə verilməsi Nizami bələdiyyəsinin səlahiyyətinə aid deyil, həmçinin qeyd olunan ərazidə Cavabdeh Ceyhun oğlu ilə Nizami bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanaraq torpaq sahəsinin onun icarəsinə verilməsi barədə bələdiyyənin avtomatlaşdırılmış məlumat sistemində hər hansı bir məlumat aşkarlanmamışdır.

7. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Belə ola halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

14. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsi:

69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.

Məhkəmənin mövqeyi :

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

16. İddiaçı Cavabdeh qarşı olan “qanunsuz tikilinin sökülməsi” tələbini cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasına bitişik ara məsafəsi saxlanılmadan tikinti işləri aparılması ilə əsaslandırmışdır.

17. Məhkəmə ilk növbədə iddia tələbi üzrə iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ olub-olmadığına qiymət verməyi zəruri hesab edir.

18. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

19. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

21. İşin mübahisəsiz halı odur ki, Cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinə bitişik tikinti işi aparılmışdır.

22. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

23. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı birinci hüququ, məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.

24. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

26. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsi nəzərdən keçirilərək, iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin normanın dispozisiya şərtləri ilə uzlaşıbuşlaşmaması müəyyən edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirmişdir.

28. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinə bitişik, ara məsafəsi saxlanılmadan, iddiaçıya məxsus obyektin divarından istifadə etməklə, buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla tikinti işi aparılmışdır.

29. Qeyd edilən hallar Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahat ilə öz təsdiqini tapmışdır.

30. Belə ki, Cavabdeh izahatında bildirmişdir ki, bələdiyyə ilə bağlanılmış icarə müqaviləsinə əsasən mübahisəli tikinti işinin aparıldığı torpaq sahəsini icarəyə götürmüş, həmin torpaq sahəsində İddiaçı razılığı olmadan ona məxsus obyektə bitişik, ara məsafəsi saxlamadan tikinti işi aparmışdır. Həmçinin izahatına qeyd etmişdir ki, bələdiyyə tərəfindən ona tikinti işi aparılarkən 20 sm ara məsafəsi saxlamalı olduğu bildirilməsinə baxmayaraq onun tərəfindən ara məsafəsi saxlanılmadan tikinti işi aparılmışdır.

31. Məhkəmə tərəfindən ilk növbədə müəyyən edilməli olan hal mübahisəli tikinti işinin aparıldığı torpaq sahəsinin cavabdehin qanuni sahibliyində olub-olmamasıdır.

32. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə həmin torpaq sahəsinin cavabdehin qanuni sahibliyində olmadığı müəyyən edilmişdir.

33. Belə ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında həmin torpaq sahəsini bələdiyyə ilə bağlanılmış icarə müqaviləsinə əsasən icarəyə götürdüyünü bildirməsinə baxmayaraq, Bakı şəhəri Nizami Rayon Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab məktubunda həmin torpaq sahəsinin Cavabdeh icarəsinə verilməsi barədə bələdiyyənin avtomatlaşdırılmış məlumat sistemində hər hansı məlumat aşkar edilmədiyi bildirilmiş, həmçinin qeyd edilən icarə müqaviləsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

34. Məhkəmə tərəfindən müəyyən edilməli, qiymət verilməli olan digər hal isə cavabdeh tərəfindən tikinti işləri aparılarkən şəhərsalma və tikinti norma və qaydalarına riayət edilib-edilməməsidir.

35. “Şəhərsalma və Tikinti Məcəlləsi”nə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir (69.1). Yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi ara məsafəsi müəyyən edilməlidir.

36. İşin müəyyən edilmiş faktiki halı odur ki, cavabdeh tərəfindən “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələbləri pozulmaqla tikinti işi aparılmışdır.

37. Belə ki, həm cavabdehin məhkəmə iclasında verdiyi izahat, həmçinin məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillər ilə cavabdeh tərəfindən ara məsafəsi saxlanılmadan, iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinin divarından istifadə etməklə tiknti işi aparılması öz təsdiqini tapmışdır.

38. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar iddia tələbinin qanuni əsasının dispoziya şərtləri ilə uzlaşdığından, İddiaçı Cavabdeh qarşı olan iddia tələbi əsaslıdır.

Məhkəmə Xərcləri:

39. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Republikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə :

40. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh qarşı olan “qanunsuz tiklinin sökülməsi”nə dair iddia tələbi təmin edilməli, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış obyektinə bitişik Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikili sökülməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi:

ünvan 4 ünvanında yerləşən mülkiyət hüququ ilə İddiaçı məxsus olan qeyri-yaşayış binasına bitişik Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikili sökülsün. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar