Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-454/2022 16.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(060)-3084/2020-008 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Cavabdeh 130000 (bir yüz otuz min) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Şəfiyev) Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(105)-1246/2021 saylı qətnaməsinin ləğv edilməsi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 130000 (yüz otuz min) manat pulun və 13000 manat Milli Bankın uçot dərəcəsi ilə hesablanmış faiz məbləğinin bütövlükdə 143000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2014-cü ildən tanıyır. Cavabdehlə polietilen istehsalı ilə məşğul olmaq üçün iş birliyi yaratmaq fikrinə gəlmişdir. 2017-ci ilin noyabr ayında ümumi iş birliyini reallaşdırmaq üçün 130000 manat məbləğində pul vermişdir. Sahibkarlıq fəaliyyətinin məqsədi qazanc əldə etməkdir. Lakin 2017-ci ilin noyabr ayından bugünə kimi cavabdeh iddiaçıya qazancdan və verilmiş pul məbləğindən ona pul qaytarmamışdır. Azərbaycan Respublikası MM-nin 439.3-cü maddəsi müəyyən edir ki, Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Bununla bağlı cavabdeh ona 13000 manat pul ödəməlidir. Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, götürdüyü borc məbləğini geri qaytarmamışdır. Cavabdeh 130000 manat pulun alınması ilə bağlı qəbzə imza atdığından hesab edir ki, borc müqaviləsinin sadə yazılı formasından istifadə etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən qəbzin mötəbərliyi, həqiqəti əks etdirməsi, sübut növü olaraq onun real ifadəni ifadə etməsi halı isə məhkəmə tərəfindən araşdırılmamış, nəticədə səthi qətnamə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh izahatında tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını və hazırkı mübahisənin məhz onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, bu mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan, qətnamənin ləğv edilməsini və mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməli olmasını bildirdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı uzun illərdir sahibkarlıqla məşğul olduğunu, özünün VÖEN-i olduğunu bildirərək, sonuncunun şəhadətnaməsini məhkəmə kollegiyasına təqdim edərək, işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarını araşdıraraq, məruzəçini və ilkin iddiaçını, cavabdehin nümayəndəsi vəkil S.Quliyevin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən edilməsi barədə nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya instansiyası məhkəməsinin mülki prosessual normaların tələblərini pozaraq, hazırki mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti ilə bağlı işdə iştirak edən şəxslərin subyektiv tərkibini araşdırmadan, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər olmasını, hazırki mübahisənin onlar arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmasını və beləliklə də hazırki işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmasını nəzərə almadan, hazırki işə mahiyyəti üzrə ümumi məhkəmədə baxmaqla aidiyyəti qaydalarını pozmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3. maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin məzmunundan müəyyən edilir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Halbuki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin “hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır” prinsipini rəhbər tutaraq, iddia ərizəsini icraata qəbul etsə də, yaranan mübahisəyə hansı məhkəmədə baxılmasını (kommersiya və ya ümumi), yəni mübahisənin məhkəmə aidiyyətini nəzərdə tutan prosessual hüquq normalarını pozaraq, mübahisə üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakterini nəzərə almalı olduğu halda, buna əməl etməmiş və nəticədə qanunvericiliyin yuxarıda qeyd normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi məqsədi ilə hazırkı mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində sadalanan xüsusiyyətlər üzrə araşdıraraq, işin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakı nəticələri qeyd etməyi zəruri hesab edir. İş materiallarından olan vergi ödəyicisinin məlumatlarına İddiaçı **********2 VÖEN-lə, Cavabdeh ********** VÖEN-lə qeydiyyata alınmışlar. Mülki Prosessual Məcəllənin 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (Mülki Prosessual Məcəllənin 32.3., 32.4. maddələri). Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduqlarından, eləcə də hazırkı mübahisə məhz onların bu fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 №li Sərəncamına əsasən kommersiya və inzibati məhkəmələri yaradılmışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 1633-VQD nömrəli Azərbaycan Respublikasının qanununa əsasən ismin müvafiq hallarında “inzibati-iqtisadi məhkəmə” sözləri ismin müvafiq hallarında “kommersiya məhkəməsi” sözləri ilə, ismin müvafiq halında “inzibatiiqtisadi məhkəmələr” sözləri ismin müvafiq halında “kommersiya məhkəmələri” sözləri ilə əvəz edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 31.1, 32.3, 32.4, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-454/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-454/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver