Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-458/2023 01.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X3 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-52/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4111.44 manat məbləğində əsas borc, 1453.98 manat faiz borcu, cəmi 5565.42 manat məbləğində kredit borcu, müqavilələrin notarial qaydada təsdiq edilməsi və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 12 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat pul Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin SAP (XİİS) hesabı, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22 hesabına köçürülməsi qət edilmişdir. İddiaçı LPO İddiaçı ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 8352.77 AZN – bundan 4287.19 AZN əsas, 3366.26 AZN faiz borcun, 699.32 AZN cərimə borcun, müqavilələrin notarial qaydada təsdiq edilməsi və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 12 manat və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 302İsKX №-li kredit müqaviləsinə əsasən cavabdehə maşın almaq üçün 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-cı bəndinə əsasən “Zamin” müqavilənin 1.2. bəndində göstərilən müqavilə üzrə “Borclu”nun “Kreditor” qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Kreditor”a dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. xx.xx.2016-cı il tarixli, 135 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında razılaşmaya əsasən kredit müqaviləsinin müddəti 48 aydan 60 ayadək dəyişdirilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 8352.77 AZN təşkil edir. Bundan 4287.19 AZN əsas, 3366.26 AZN faiz borcun, 699.32 AZN cərimə borcudur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı LPO İddiaçı ASC Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin cavabdehdən tutulmalı olan əsas, faiz və cərimə borcu hissəsində ləğv edilməsi, həmin hissədə iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hesabdan çıxarışdan da göründüyü kimi, cavabdeh 5000 manat kredit məbləğindən ümumilikdə 2304.01 manat ödəniş edib ki, bunun da 712.81 manat əsas, 1591.20 manatı isə faiz və cərimə borcundan silinmişdir. Sadə riyazi hesablama ilə müəyyən etmək mümkündür ki, cavabdehin əsas borcu 5000- 712.81=4287.19 manatdır. Belə olan halda məhkəmə şübhə doğuran ekspert rəyini sübut kimi qəbul etməməli idi. Nəticədə məhkəmə əsas borcla bağlı məsələdə yanlış mövqe nümayiş etdirmişdir. Göründüyü kimi tərəflər arasında 302 İsKX saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi mövcuddur. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən kredit alan kredit verənə kreditdən istifadəyə görə illik 24 faiz ödəyir. Eləcə də tərəflər arasında bağlanmış 24 iyun 2016-cı il tarixli “Razılaşma” ya əsasən yuxarıda qeyd olunmuş kredit müqaviləsinə dəyişiklik edilmiş, kreditin icra müddəti 60 aya kimi uzadılmış və ödəniş cədvəli dəyişdirilmişdir. Beləliklə, cavabdehin kredit öhdəlikləri, eləcə də faiz borcu ilə bağlı öhdəlikləri qeyd olunmuş razılaşma ilə müəyyənləşdirilir. Təəssüf ki, nə məhkəmə, nə də ekspert faiz borcunu müəyyən edərkən razılaşmanı diqqətdən qaçırmış və yalnız tərəflər arasında bağlanmış kredit müqaviləsinə diqqətini cəlb etmişdir. Nəticədə əsas kredit borcuna faizlər 60 aylıq müddət üçün deyil, 48 aylıq müddət üçün hesablanmışdır. Beləliklə, Cavabdeh1 faiz borcunun hesablanmasında da sadə diqqətsizliyə görə yanlışlığa yol verilmişdir. məhkəmə sübutlara birtərəfli yanaşmış və qətnamə çıxararkən yalnız formal tərtib edilmiş ekspert rəyini nəzərə almışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsi cərimə məbləğinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehlərin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi, bunun nəticəsində bank qarşısında borcunun yaranması ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalaraq, qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış borcunun iddiaçı tərəfindən mübahisələndirilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas və faiz məbləğinə dair iddiaçının istinad etdiyi maliyyə arayışı iddiaçı təşkilatın əməkdaşları tərəfindən hazırlandığından, iddiaçının subyektiv mülahizəsinə və maraqlarına əsaslanır. İşdən görünür ki, birinci instansiya məhkəməsi ədalətli araşdırma hüququ təmin etmək məqsədilə hazırkı iş üzrə borc məbləğinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5360 saylı ekspert rəyinı əsasən Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixə olan borcu cəmi 5565.42 manat, O, cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 4111.44 manat, faiz borcu üzrə 1453.98 manat borcu olması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas və faiz məbləğinin tutulması hissəsində iddiaçının tələb etdiyi məbləğdə deyil, ekspertiza rəyi ilə müəyyən edilmiş həddə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası apellyasiya şikayətinin cərimə borcunun tutulması hissəsinə gəldikdə isə qeyd edir ki, iddiaçının digər tələbi 699.32 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması olsa da, birinci instansiya məhkəməsi cərimənin tutulması barədə iddia tələbini ümumiyyətlə qiymətləndirmədən kənarda qoymuş, bununla MPM-nin 218.1. və 218.3-cü maddəsinin tələbini pozmuşdur. Mülki Məcəllənin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Qeyd etmək lazımdır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edib, iddiaçının həm əmlak və həm də bütün əsaslı mənafeləri üçün cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan cərimə məbləği 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən cərimə məbləğinin tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin qismən təmin, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsi cərimə məbləğinin tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200 (iki yüz) manat məbləğində cərimə borcu iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-458/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-458/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver