Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-459/2021 04.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “ABC- Telekom” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-2141/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-2141/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) iddiaçı “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh İMEİ Kodu **********78558 olan “Samsung Galaxy A6” markalı telefon üçün 508 manat, İMEİ Kodu **********77101 olan “iPhone 8” markalı telefon üçün 1442 manat ödənilməmiş hissə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1980 manat pulun tutularaq “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********78558 olan “Samsung Galaxy A6” markalı telefon üçün 508 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********77101 olan “iPhone 8” markalı telefon üçün 1442 manat ödənilməmiş hissə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1980 manatın Cavabdeh alınaraq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodları **********78558 və **********77101 olan “Samsung Galaxy A6” və “iPhone 8” markalı telefonlar almış və nəticədə 1950 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 792 manat, İMEİ kodu **********78558 olan “Samsung Galaxy A6” markalı telefon üçün ümumilikdə 508 manat ödənilməmiş hissə, 158 manat cərimə hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 0 manat cərimə və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2319 manat, İMEİ kodu **********77101 olan “iPhone 8” markalı telefon üçün ümumilikdə 1442 manat ödənilməmiş hissə, cərimə 442 manat hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 0 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1161 manat təşkil etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qismən qanunsuz və əsassız hesab edir. O, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən “Samsung Galaxy A6” və “iPhone 8” markalı telefonları kreditlə almışdır. O, kredit borcunu vaxtlı-vaxtında ödəyirdi. Sonradan iqtisadi vəziyyətlə əlaqədar ödənişləri etməkdə çətinlik çəkmiş, hər iki telefon üçün 1689,12 manat məbləğində ödəniş etmişdir. Ödənişləri etməkdə çətinlik çəkdiyi və oğlu əsgər getdiyi üçün xx xxxxxx 2019-cu il tarixdə İMEİ kodu **********77101 olan “iPhone 8” markalı telefonu Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfi Hacıyev küçəsi, 238 ünvanında yerləşən Link servizə təhvil vermişdir. Servizdə telefona baxış keçirib qəbul etdikdən sonra oğlu ilə bir həftə ərzində əlaqə saxlanılanacağı bildirilmişdir. Bundan sonra dəfələrlə servizə yaxınlaşaraq telefonu qaytarmasını tələb etsə də, ona heç bir məlumat verilməmişdir. Telefonları alarkən ona qızıl zəmanət kartları təqdim edilmişdir. Həmin kartlara əsasən “iPhone 8” markalı telefonun qiyməti 1450 manat, “Samsung Galaxy A6” markalı telefonun qiyməti 550 manat olmuşdur. İddiaçı məhkəməyə həddindən artıq şişirdilmiş məbləğ təqdim etmişdir. Hazırda onun iddiaçıya 461 manat borcu qalmışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilib ondan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 461 manat tutulması, qətnamənin qalan hissədə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi. İddiaçı “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 00330539 saylı, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “Samsung Galaxy A6” markalı telefon satılmışdır. İş materiallarında olan 00330539 saylı, xx.xx.2018-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Samsung Galaxy A6” markalı telefonun dəyəri olan 792 manatı hər ay 66 manat olmaqla 12 ay ərzində ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh “Samsung Galaxy A6” markalı telefonu təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 00462003 saylı, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “iPhone 8” markalı telefon satılmışdır. İş materiallarında olan 00462003 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “iPhone 8” markalı telefonun dəyəri olan 2319 manatı hər ay 164 manat olmaqla 12 ay ərzində ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh “iPhone 8” markalı telefonu təhvil almışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Samsung Galaxy A6” markalı telefona görə 284 manat, “iPhone 8” markalı telefona görə 877 manat ödəmiş, “Samsung Galaxy A6” markalı telefona görə 508 manat, “iPhone 8” markalı telefona görə 1442 manat borcu qalmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh 00462003 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx xxxxxx 2019-cu il tarixdə 164,04 manat, xx xxxx 2019-cu il tarixdə 164 manat, xx xxxxx 2019-cu il tarixdə 164 manat və xx xxx 2019-cu il tarixdə 165 manat ödəniş aparmışdır. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh dəyərini hissəhissə ödəmək şərti ilə “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti cəmiyyətindən qiyməti 792 manat olan “Samsung Galaxy A6” markalı və qiyməti 2319 manat olan “iPhone 8” markalı mobil telefonlar almışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində iki telefon üçün 1689,12 manat məbləğində ödəniş etdiyini, 461 manat borcu qaldığını göstərsə də, iş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Samsung Galaxy A6” markalı telefona görə 284 manat, “iPhone 8” markalı telefona görə 877 manat ödəmiş, “Samsung Galaxy A6” markalı telefona görə 508 manat, “iPhone 8” markalı telefona görə 1442 manat borcu qalmışdır. Cavabdeh apellyasiya şikayətində həmçinin “iPhone 8” markalı telefonun qiymətinin 1450 manat, Samsung Galaxy A6 telefonun qiymətinin 550 manat olduğunu göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 00330539 saylı, xx.xx.2018-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən “Samsung Galaxy A6” markalı telefonun dəyəri 792 manat, 00462003 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən “iPhone 8” markalı telefonun dəyəri 2319 manat olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının tələb etdiyi məbləğ iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)- 2141/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-459/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-459/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver