Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-460/2021 05.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqavilələrinə əsasən borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3521/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3521/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2015-ci il tarixli, 143919-CNS17249 saylı kredit müqaviləsinə, həmin müqaviləyə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşmaya əsasən 6452,61 (altı min dörd yüz əlli iki manat altmış bir qəpik) manat məbləğində əsas borc, 1183,38 (bir min yüz səksən üç manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7635,99 (yeddi min altı yüz otuz beş manat doxsan doqquz qəpik) manat, xx.xx.2015-ci il tarixli, 143919-1-14218 saylı kredit xətti müqaviləsinə əsasən 1977,47 (bir min doqquz yüz yetmiş yeddi dollar qırx yeddi sent) ABŞ dolları məbləğində əsas borc, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5% hesabı ilə hesablanmış 62,15 (altmış iki dollar on beş sent) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2039,62 (iki min otuz doqquz dollar altmış iki sent) ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. (hakim G.Tanrıverdiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3521/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunması, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC məhkəmədə iddia qaldıraraq iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 143919-CNS-17249 saylı nağd pul krediti müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədilə illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 10.400 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 143919-CNS17249 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşmaya əsasən Cavabdeh xx xxxxxx 2015-ci il tarixinə borcu kapitallaşdırılaraq 10435 manat məbləğində müəyyən edilmiş və illik 28 faiz hesablanmaqla 60 ay müddətinə yəni xx.xx.2020-ci il tarixədək ödəmək öhdəliyi götürülmüşdür. Bundan başqa, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 143919-1-14218 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədilə illik 25 (iyirmi beş) faiz hesablanması şərti ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 3000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka xx.xx.2015-ci il tarixli 143919-CNS-17249 saylı kredit müqaviləsinə, həmin müqaviləyə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşmaya əsasən xx xxx 2020-ci il tarixə 6452,61 manat məbləğində əsas borc, 1183,38 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 7635,99 manat, xx.xx.2015-ci il tarixli, 143919-1-14218 saylı kredit xətti müqaviləsinə əsasən xx xxx 2020-ci il tarixə 1977,47 ABŞ dolları məbləğində əsas borc, 62,15 ABŞ dolları məbləğində müqavilə müddətinin bitdiyi tarixdən yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5% hesabı ilə hesablanmış faiz borcu olmaqla ümumilikdə 2039,62 ABŞ dolları borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtmda və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri borclu tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Ona görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə birtərəfli baxmışdır. xx.xx.2015-ci il tarixli, 143919-CNS-17249 saylı nağd pul krediti müqaviləsinin bitmə tarixi xx xxxxxx 2020-ci il olmasına baxmayaraq, bank bu müddətin bitməsini gözləmədən ondan müqavilə üzrə yaranmış borcu tələb etmişdir. Məhkəmə isə bu müqaviləyə xitam vermədən iddianı təmin etmişdir ki, bununla da mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan başqa, işdən görünür ki, hər iki müqavilə üzrə borc manatla verilib və gecikmələr 360 gündən çoxdur. Belə olan halda, hər iki müqavilə üzrə yaranmış borc Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşür. Bu Fərmanın icrası isə banklar üçün məcburidir. Bu hallar məhkəmə tərəfindən kifayət qədər araşdırılmadığından qətnamə ləğv olunmalı, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmişdir, heç bir hüquq pozuntusuna yol verilməmişdir. Cavabdehin apelyasiya şikayəti sadəcə işin yekunlaşmasını gecikdirmək məqsədi daşıyır. Ona görə də apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 143919-CNS17249 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh Bank İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 13 saylı “Sumqayıt” filialı tərəfindən 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 10.400 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Yenə iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 143919-CNS-17249 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşmadan görünür ki, kredit alanın banka borcu kapitallaşdırılaraq 10435 manat məbləğində müəyyən edilmişdir. Yenə də iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015ci il tarixli, 143919-1-14218 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 13 saylı “Sumqayıt” filialı tərəfindən 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli, 143919-CNS-17249 saylı nağd pul krediti müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 6452,61 manat məbləğində əsas borc, 1183,38 manat məbləğində faiz borcu, ümumilikdə isə 7635,99 manat məbləğində borcu vardır. Yenə işdə olan xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli, 143919-1-14218 saylı kredit kartı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 1977,47 ABŞ dolları məbləğində əsas borc, 62,15 ABŞ dolları məbləğində müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5% hesabı ilə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 2039,62 ABŞ dolları məbləğində borcu vardır. İşə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(105)- 145/2019 saylı qərardadından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı xx xxx 2015-ci il tarixli və xx xxxx 2015-ci il tarixli kredit müqavilələrinə əsasən yaranmış 10015,80 manat və 2947,90 ABŞ dolları borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16994/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmış, şikayət qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının müddəalarına istinad edilməklə iddia ərizəsi baxılmamış saxlanılmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3521/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bank VTB Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 10.400 ABŞ dolları məbləğində kredit verilmiş bu barədə onlar arasında xx.xx.2015-ci il tarixli, 143919-CNS17249 saylı kredit müqaviləsi bağlanmışdır. Eləcə də, onlar arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 143919-1- 14218 saylı kredit xətti müqaviləsilə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 143919-CNS-17249 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşma imzalanmış, onun bu müqavilə üzrə banka olan borcu kapitallaşdırılaraq 10435 manat məbləğində müəyyən edilmişdir. Hər iki müqavilə üzrə borc yaranmış, lakin xəbərdarlıq edilməsinə baxmayaraq, bu borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən, Cavabdeh həmin kredit müqavilələri üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğlərini və həmin müqavilələrlə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitlərinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəlikləri yaranmışdır və o, bu öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun banka xx.xx.2015-ci il tarixli, 143919-CNS-17249 saylı nağd pul krediti müqaviləsi üzrə 6452,61 manat məbləğində əsas borc, 1183,38 manat məbləğində faiz borcu olmaqla, cəmi 7635,99 manat borcu, xx.xx.2015-ci il tarixli, 143919-1-14218 saylı kredit kartı müqaviləsi üzrə isə 1977,47 ABŞ dolları məbləğində əsas borc, 62,15 ABŞ dolları məbləğində müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5% hesabı ilə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 2039,62 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Belə ki, işdən görünür ki, həqiqətən də, tərəflər arasındakı imzalanmış kredit müqavilələri üzrə yaranmış borc Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh Bank VTB Açıq Səhmdar Cəmiyyətinə olan ümumilikdə 13089,07 manat borcunun 1775,1 manat hissəsi kompensasiya edilmiş, iki müqavilə üzrə qalan 11313,97 manat hissəsi isə restrukturizasiya edilməsi üçün təklif olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, AR X2 Palatasının xx.xx.2019-cu il tarixli qərarı ilə tasdiq edilmiş Qayadaların 6.16-cı bəndinə əsasən borclu xx.xx.2019-cu ilədək bu təklifdən yararlana bilmək imkanına malik olsa da, o, bu təklifdən yararlanmamışdır və beləliklə də, hər iki müqavilə üzrə qalan borcun bank tərəfindən tələb edilməsi əsaslıdır. Cavabdehin apelyasiya şikayətində əksini tapmış digər dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hazırda həmin dəlili də əsassız hesab edir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 143919-CNS-17249 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşmada borcun qaytarılmasının son tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. Həmin müddət artıq çoxdan keçməsinə baxmayaraq borclu yenə də öz müqavilə öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3521/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-460/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-460/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver