Məhkəmə qərarları › İş №2(105)-461/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-461/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-461/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(060)-6207/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2200 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 18 avqust 2024-cü il tarixdə iddiaçıdan 2200 manat pul borc almışdır və iddiaçıya bildirmişdir ki, 19 avqust 2024-cü il tarixdə borcu qaytaracaqdır. Cavabdeh bu günə qədər də bu puldan bir qəpik də ödəməmişdir. Bu borcun iddiaçı tərəfindən verildiyini sübut edən, cavabdehlə olan yazışmaları və səs yazıları var. Bundan başqa, bir xanıma aid səs yazıları da var ki, həmin yazıda deyir ki, xanıma deyin pulu versin karqoda işlərini həll edim, pulunu qaytaracam, hörmətini də edəcəm. X6 də zamin durmuşdur, o da şahid kimi gəlib iştirak edəcək. İddiaçı cavabdehə verdiyi pulu lombarddan götürərək vermişdir. İddiaçı min bir əziyyətlə 10 uşağını saxlayır. Bu gün 10 uşağa baxmaq necə əziyyətlidir hər kəsə bəllidir. Həm onların gündəlik qayğıları, həm də xərcləri nə qədərdir. Cavabdehin iddiaçının pulunu qaytamamağı uşaqlarının həyatına çox pis təsir edir.

3. Cavabdehin nümayəndəsi X2 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, Cavabdeh 44 günlük Müharibədə iştirak etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirməklə ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh mütəmadi olaraq psixoloji müalicələr qəbul edir, iddiaçının qeyd etdiyi ərəfələrdə o, xx.xx.2024-cü ildən xx.xx.2024-ci il tarixə kimi Sumqayıt Reablitasiya Mərkəzində, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi Respublika Psixiatrik Xəstəxanasında stasionar müalicələrdə olmuş və evə yazıldıqdan sonra da ev şəraitində müalicələrini davam etdirmişdir. İddiaçı 2023-cü ilin ortalarında cavabdehə 200 manat pul vermiş və onun şəxsiyyət vəsiqəsini girov kimi götürmüşdür. Onlar bu barədə bildikdə onunla görüşərək şəxsiyyət vəsiqəsini qaytarmasını tələb etmiş, lakin iddiaçı cavabdehə pulu faizə verdiyini və şəxsiyyət vəsiqəsinin də tanışı Qasımov Əşrəf adlı şəxsdə olduğunu, yalnız 450 manat verdikləri təqdirdə şəxsiyyət vəsiqəsini qaytaracağını bildirmişdir. Onu da qeyd edir ki, bu qadın 200 manat pulu verdikdən sonra mütəmadi olaraq cavabdehə zəng vuraraq onu hədələmiş və bu da cavabdehin psixi durumuna ağır təsir etmiş, buna görə də bu problemə son qoyulması, bu qadının cavabdehi narahat etməməsi üçün cavabdehin X8 və qardaşı Kurbanov Şamil iddiaçı və onun deməsinə görə şəxsiyyət vəsiqəsini özündə saxlayan Qasımov Əşrəf ilə görüşərək 450 manat məbləğində pulu vermiş və şəxsiyyət vəsiqəsini geri götürmüşlər. Həmin vaxt cavabdehin atası və qardaşı dönə-dönə iddiaçıya tapşırmışlar ki, bir daha Heydərə pul verməsin, o xəstədir, hərəkətlərini dərk etmir, psixoloji problem yaşayır. Lakin cavabdeh xəstəxanadan çıxandan bir neçə gün sonra iddiaçı ona zəng vuraraq narahat etməyə başlamış, onu hədələmiş və bu səbəbdən cavabdeh hətta evdən də qaçmışdır. Cavabdehin evdən qaçması ilə bağlı polisə şikayət olunmuş və bundan sonra cavabdeh tapılaraq ailəsinə təhvil verilmişdir. 200 manat verəndə şəxsiyyət vəsiqəsini alan iddiaçı, 2200 manat pul verdikdə ondan hər hansı bir girov götürmür? Ümumiyyətlə iddiaçı yaşadıqları ərazidə bir çox şəxslərə, əsasən də psixoloji problemi olan müharibə əlillərinə bu cür problemlər yaradır, 10 uşaq anası olmasını əlində bayraq tutaraq onları şantaj edir və hədələyir, lakin bu qadının və onun tanışı Əşrəfin fəaliyyətini araşdıran, bu qanunsuzluğa qiymət verən yoxdur. Qarşı tərəf ərizədə yazır ki, guya cavabdeh pulu xx.xx.2024-cü ildə ondan almış və xx.xx.2024cü ildə qaytaracağına söz vermişdir. Bütün bunlar cəfəngiyyatdır. Bundan başqa o, qeyd edir ki, qızıllarını lombarda qoyub pul götürərək vermişdir, sual olunur, axı nə məcburiyyət vardır ki, 1 günə görə qızıllarını lombarda qoyub cavabdehə 2200 manat pul versin. İddiaçı hansısa bir xanımın səs yazısının olduğunu qeyd edir və bildirir ki, guya həmin xanım deyib ki, pulu versin, karqoda işləri həll edəcək, pal-paltar da verəcəkdir. Qeyd etdiyi kimi, bütün bunlar iddiaçının uydurması, yalanları və böhtanlarıdır. Ola bilər ki, xx.xx.2024-cü ildə iddiaçı lombarddan pul götürsün, lakin o, həmin pulu götürüb başqa şəxslərə də verə bilər. Zatən onun işi insanlara faizə pul verməkdir, onu bu ərazidə hamı faizə pul verən kimi tanıyır. Bu işdə Əşrəf Qasımov necə deyərlər onun «sağ əli, köməkçisidir». Qeyd etdiyi bu halları təsdiqləyən şahidlər də vardır. Həmin şahidlər məhkəmə baxışı iclasına tərəfindən dəvət olunacaqlar. Bir daha bildirmək istəyir ki, cavabdeh psixoloji problemlər yaşadığı üçün qeyd edilən xx.xx.2024-cü ildə evdən bayıra belə çıxmamış, daima ailə üzvlərinin nəzarəti altında olmuş, xəstəxanadan xx.xx.2024-cü ildə evə yazıldıqdan sonra da evdə qapalı şəraitdə dərman müalicələrini qəbul elmiş, saatlarla yatılı halda olmuş, bu vəziyyətdə iddiaçıdan pul alması mümkünsüzdür və iddiaçının da lombarddan pul götürərək ona 1 günlüyə verməsi məntiqsiz və absurddur. Halbuki, 200 manata görə cavabdehin şəxsiyyət vəsiqəsini almış, yalnız 450 manat qaytardıqdan sonra şəxsiyyət vəsiqəsini Əşrəflə ona qaytarmışdır. Belə bir insanın 2200 manat pulu girovsuz verməsi onun yalan danışmasına dəlalət edir. Belə hesab edir ki,qaldırılmış iddia tələbi tam əsassızdır,ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

5. Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(060)- 6207/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 739.1 və 739.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 76.3, 80, 14.2, 77.1, 88, 217.4, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

7. Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(060)- 6207/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldırmaqla ondan 2200 manat məbləğində pulun alınaraq ona verilməsini iddia etmişdir. İddia tələbinə etiraz etmiş və göstərmişdir ki, o, 44 günlük Müharibədə iştirak etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirməklə ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı 2023-cü ilin ortalarında ona 200 manat pul vermiş və şəxsiyyət vəsiqəsini girov kimi götürmüşdür. X8 və qardaşı Kurbanov Şamil iddiaçı və onun deməsinə görə şəxsiyyət vəsiqəsini özündə saxlayan Qasımov Əşrəf ilə görüşərək 450 manat məbləğində pulu vermiş və şəxsiyyət vəsiqəsini geri götürmüşlər. Lakin bu qadın xəstəxanadan çıxandan bir neçə gün sonra ona zəng vuraraq narahat etməyə başlamış, onu hədələmiş və bu səbəbdən o, hətta evdən də qaçmışdır. İddiaçı ona pul verməmişdir və ona borcu yoxdur. Necə olur ki, 200 manat verəndə şəxsiyyət vəsiqəsini alan iddiaçı, 2200 manat pul verdikdə ondan hər hansı bir girov götürmür? Ümumiyyətlə iddiaçı yaşadıqları ərazidə bir çox şəxslərə, əsasən də psixoloji problemi olan müharibə əlillərinə bu cür problemlər yaradır, 10 uşaq anası olmasını əlində bayraq tutaraq onları şantaj edir və hədələyir, lakin bu qadının və onun tanışı Əşrəfin fəaliyyətini araşdıran, bu qanunsuzluğa qiymət verən yoxdur. Qarşı tərəf ərizədə yazır ki, guya o, pulu xx.xx.2024-cü ildə ondan almış və xx.xx.2024-cü ildə qaytaracağına söz vermişdir. Bütün bunlar cəfəngiyyatdır. Məhkəmə işdə 1 dənə də sübutun olmamasına baxmayaraq, iddiaçının cəfəngiyatlarına haqq qazandırmış, birtərəfli və qeyri-obyektiv mövqe nümayiş etdirməklə bu qanunsuz qərarı qəbul etmişdir. O, məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətini təqdim edir. Məhkəmənin bu yanaşması tam əsassızdır, belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsi iddiacının ondan almadığı 2200 manat pulu ondan tələb etməsi və onu şantaj edərək hədələməsi ilə bağlı evdən getdiyi üçün anasının polisə etdiyi şikayət əsasında qəbul edilmiş və həmin vaxt o da izahat verərək bu qadının ona şər atdığını və ondan almadığı pulu ondan istəməsini, bununla da ona ağır psixoloji təsir etməsini bildirmişdir. Məhkəmə hansısa danışıqları əlində əsas tutaraq qətnamədə qeyd etmişdir ki, guya o, borclu olduğunu etiraf etmişdir. Halbuki, o, almadığı pulu necə etiraf edə bilər və məhkəmənin bu yanaşması tam əsassızdır. Digər tərəfdən qeyd etdiyi kimi iddiaçını qeyd etdiyi tarixdə o, xəstəxanadan çıxmış və həkim dərmanları qəbul etməklə evdə özünə qapalı vəziyyətdə yaşamış və onun iddiaçı ilə hər hansı bir əlaqəsi olmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, məhkəmə iclasında tədqiq edilən səs yazısı ona aiddir, iddiaçı ondan xahiş etdiy ki, bir nəfərdən pul almalıdır ki, həmin şəxsə göstərməsi üçün 2200 manat borcu olmasına dair ona səs yazısı göndərsin. O da iddiaçının xahişinə əsasən guya iddiaçıya 2200 manat borcu olmasına dair bus əs yazısını göndərdi. Əslində isə o, iddiaçıdan heç bir məbləğdə borc pul almamışdır, iddiaçıya borcu yoxdur.

11. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

16. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, İddiaçı Cavabdeh 2200 manat məbləğində pul vermiş, lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə Cavabdeh İddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırda iddiaçı borcun qaytarılmasını tələb edir.

18. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi, Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübuta - səs yazısı olan flaşkarta, habelə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 2200 manat məbləğində pul tutulmalıdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

21. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və ya dəyişdirilməsi, şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.

22. Kollegiya həmçinin qeyd edir ki, göründüyü kimi iddiaçı tələbinin əsası olaraq cavabdehin borcun etirafına dair səs yazısına istinad etmişdir.

23. Məhkəmə iclasında tərəflərin iştirakı ilə həmin səs yazısı tədqiq edilmiş, Cavabdeh iddiaçıya 2200 manat borcu olmasına dair danışığı müəyyən edilmiş, cavabdeh səs yazısının ona aid olduğunu etiraf etmişdir.

24. Kollegiya qeyd edir ki, cavabdeh səs yazısını iddiaçının xahişi ilə yazdığını, əslində iddiaçıdan borc almadığına dair etirazını bildirsə də, etirazı əsaslandığı hallara dair heç bir sübut məhkəməyə təqdim etməmişdir.

25. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(060)-6207/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar