Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-462/2025 07.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, saxlama müqaviləsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6883/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərara əsasən toplanmış 462c-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
2. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, xx xxxxxx 1964-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1972-1982-ci illərdə Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 15 saylı orta məktəbdə təhsil almış, 1983-cı ildə Gürcüstan Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur. 1985-ci ildə hərbi xidmətini başa vurub Sumqayıt şəhərinə qayıtmış, 1985-ci ildə Rusiya Federasiyasına köçmüş və 1988-ci ildə Azərbaycan Respublikasına qayıtmışdır. 1992-1995-ci illərdə Qarabağ uğrunda gedən döyüşlərdə könüllü iştirak etmiş, 1995-1998-ci illərdə Karate Federasiyasının Sumqayıt şəhəri üzrə prezidenti vəzifəsində çalışmışdır. 1998-ci ildə yenidən Rusiya Federasiyasına getmiş, bir müddət orada sahibkarlıq fəaliyyəti ilə məşğul olduqdan sonra 2009-cu ildə Azərbaycan Respublikasına geri qayıdaraq müxtəlif sahələrdə işləyərək ailəsini dolandırmışdır. 19 yanvar 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkilləri X7, X8, X9 və adını bilmədiyi dördüncü şəxs mülki formada üzərlərində olan polis vəsiqəsin ona göstərərək evinə daxil olmuş və dərhal telefonun əlindən almışdır. Həmin şəxslərdən biri yanında dayanmış, digərləri evi axtarmağa başlamışdır. Həmin şəxslər evdən ona məxsus 01 ədəd PR-1367 markalı, 9 mm kaliberli Makarov konstruksiyalı yarımavtomalik tapança tapmışdırlar. O, həmin şəxslərə silahın atəş üçün yararsız olduğu və suvenir kimi istifadə etdiyini desə də, buna əhəmiyyət verən olmamışdır. Anar Babayev adlı polis əməkdaşı pencəyinin cibində saxladığı tanışı X2 məxsus 1500 avro və 5800 dollar pulu göstərərək pulu hardan aldığını soruşmuş o, isə həmin pulların tanıdığı şəxsə məxsus olduğunu demişdir. Anar Babayev həmin pulları cibinə qoymuş və orada olan digər polis əməkdaşları da bunun şahidi olmuşdurlar. Polis əməkdaşlarından birinin ona məxsus pulları sayması həyətinin qarşısında olan videomüşahidə kamerasına düşmüşdür. Həmin videogörüntüləri 01 ədəd CD diskə yazaraq izahatına əlavə etmişdir. Barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Sumqayıt şəhər polis idarəsində istintaq edilən cinayət işi tamamlanaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə günahı olmadığından ona bəraət verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 17 yanvar 2021-ci il tarixdə övladlarının yaşadığı Niderland Krallığından tranzit yolla əvvəlcə Türkiyə Respublikasına, oradan Azərbaycan Respublikasına gəldikdə hava limanında polis əməkdaşları ona yaxınlaşaraq “keçmiş əmlak mübahisəsinə” görə barəsində axtarış qərarı olduğuna görə saxlanılacağını bildirmişlər. Daha sonra polis əməkdaşları iddiaçıya təklif etdilər ki, üzərində olan pul və digər qiymətli əşyaları yaxın bir nəfərə verib, Binəqədi Rayon Polis İdarəsinə getməlidir. Həmin vaxt üzərində olan qızıl-zinət əşyalarını, eləcə də 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaitini iddiaçını qarşılamaq üçün “Heydər Əliyev adına” X6 gələn yaxın tanışı Cavabdeh vermişdir. 19 yanvar 2021-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsindən sərbəst buraxıldıqdan sonra, Cavabdeh bir neçə dəfə zəng etməsinə baxmayaraq, sonuncu zənglərinə cavab vermədi. Narahat olduğuna görə Həmidin bacısı oğlu ilə birgə onun yaşadığı Novxanı bağlar massivində yerləşən bağ evinə getmişlər. Evə daxil olarkən oradakı əşyaların dağıdıldığını görmüşdür. Daha sonra üzbəüz evdə quraşdırılmış kamera görüntülərinə baxdıqdan sonra bilmişdir ki, Həmid polis əməkdaşları tərəfindən evindən aparılmışdır. Məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Cavabdehla bir neçə gün sonra istintaq təcridxanasında görüşərkən iddiaçıya bildirmişdir ki, evdə atasına aid olan silah olduğuna görə polisə gətirilmiş və barəsində cinayət işi başlanmışdır. Daha sonra söhbət əsnasında Həmid iddiaçıya dedi ki, hava limanında ona verdiyi qzıl-zinət əşyalarını və çamadanlarını elə həmin gün aparıb iddiaçıya məxsus olan evə vermiş, pulları isə özü ilə bağ evinə aparmışdır. Polis əməkdaşları tərəfindən saxlanılaraq evdən aparılarkən Hava limanında saxlamaq üçün Həmidə verdiyi 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaiti həmin polis əməkdaşları tərəfindən bağ evindən götürülmüşdür. Cavabdeh Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən ittiham verilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü ilə ona bəraət veilmişdir. Həmin bəraət hökmü apellyasiya və kassasiya instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanmışdır. Cavabdeh azadlığa çıxdıqdan sonra Sumqayıt Şəhər Prokurorluğuna şikayət edərək bildirmişdir ki, 19 yanvar 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatçıları X7, X8 və X9 tərəfindən yaşadığı bağ evində saxlanılarkən İddiaçı məxsus olan 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaitini həmin polis əməkdaşları götürmüşdür. Polis əməkdaşları tərəfindən pulun götürülməsinin sübutu kimi video görüntü olduğunu bildirmişdir. Həmin şikayət ərizəsinə əsasən Sumqayıt Şəhər Prokurorluğu tərəfindən adları qeyd edilən polis əməkdaşlarının cinayət əməli törətmələri sübuta yetirilmədiyinə görə Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə müxtəlif tarixlərdə Qərarlar qəbul edilmişdir. Həmin Qərarlar bir neçə dəfə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında ləğv edilib yenidən araşdırmaya göndərilməsinə baxmayaraq, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi X4 tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə Qərar qəbul edilmişdir. Bu o deməkdir ki, Cavabdeh iddia etdiyi kimi iddiaçıya məxsus olan 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaitini adları çəkilən polis əməkdaşlarının götürülməsi öz təsdiqini tapmamışdır. Bütün bu müddət ərzində Cavabdeh inanıb gözləmişdir ki, bəlkə həqiqətən həmin pulun oğurlanması faktı öz təsdiqini tapacaqdır, lakin bu fakt öz təsdiqini tapmadı və həmin faktla bağlı hər hansı bir şəxsə cinayət işi başlanmadı. Cavabdeh bəraət hökmü aldıqdan sonra Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qanunsuz həsbsdə qaldığı 5 ay 7 gün müddətinə görə cavabdeh Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərər görə pul vəsaitinin tutularaq ödənilməsi barədə” iddia qaldırmış və məhkəmə iddia tələbini qismən təmin etmişdir. Həmin iddia ərizəsinin birinci səhifəsində Cavabdeh qeyd etmişdir ki, İddiaçıya saxlamaq üçün verdiyi 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaiti polis əməkdaşları tərəfindən götürülmüşdür. Cavabdeh bu müddət ərzində yazdığı çoxsaylı şikayət ərizələrində və verdiyi ifadələrində səmimi etiraf edərək bildirmişdir ki, qeyd edilən 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaiti həqiqətən Zemfıra Əliyevaya məxsusdur və iddiaçıya saxlamaq üçün vermişdir. Sonda iddiaçı Cavabdeh ona saxlamaq üçün verdiyi 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaitini geri tələb etməsinə baxmayaraq, sonuncu həmin pulu iddiaçıya qaytarmaqdan imtina etdi və iddiaçı hazırkı iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının saxlamaq üçün verdiyi 9860 manat (5800 ABŞ dolları) və 2835 manat (1500 avro) olmaqla, ümumilikdə 12695 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Cavabdeh iddia tələbinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh etirazında göstərmişdir ki, həqiqətən iddiaçı saxlamaq üçün 5800 ABŞ dollarını və 1500 avro pulu ona vermişdir. Bildirir ki, iddiaçının saxlamaq məqsədilə ona verdiyi pulun 5000 manatı onun qardaşına borclu olmuşdur. İddiaçı qardaşına məxsus 5000 manatı özünün hesab edərək həmin məbləğdə pulu ondan tələb edir. Həmçinin bildirir ki, İddiaçı Lombarda qızıl-zinət əşyalarını girov qoyaraq pul götürmüşdür. Lakin İddiaçı qoyduğu qızıl-zinət əşyalarına görə Lombarda bir neçə müddət ödəniş edə bilməmişdir. Vaxtında ödəniş edilmədiyinə görə Lombarda xeyli miqdarda faiz borcu yaranmışdır. O, İddiaçı götürdüyü 8000 manatı və 2880 manat faiz borcunu Lombarda ödəyərək onun tərəfindən girov qoyulmuş qızılları girovluqdan azad etmişdir. Beləliklə o, iddiaçıya 10880 (8000+2880) manat ödəniş etmişdir. İddiaçının iddia etdiyi 13000 manatdan 5000 manatını qardaşı Cavabdeh olan borcudur. Beləliklə o iddiaçıya 15880 manat ödəniş etmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6883/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 12.552,20 (on iki min beş yüz əlli iki manat, iyirmi qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 439.1, 442, 448.1, 822, 824, 826.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6883/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi MPM-nin 4, 9, 14, 88-ci, MM-nin 739 və 740-cı maddələrinin tələblərini pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Həqiqətən iddiaçı saxlamaq üçün 5800 ABŞ dollarını və 1500 avro pulu ona vermişdir. Bildirir ki, iddiaçının saxlamaq məqsədilə ona verdiyi pulun 5000 manatı onun qardaşına borclu olmuşdur. İddiaçı qardaşına məxsus 5000 manatı özünün hesab edərək həmin məbləğdə pulu ondan tələb edir. Həmçinin bildirir ki, İddiaçı Lombarda qızıl-zinət əşyalarını girov qoyaraq pul götürmüşdür. Lakin İddiaçı qoyduğu qızıl-zinət əşyalarına görə Lombarda bir neçə müddət ödəniş edə bilməmişdir. Vaxtında ödəniş edilmədiyinə görə Lombarda xeyli miqdarda faiz borcu yaranmışdır. O, İddiaçı götürdüyü 8000 manatı və 2880 manat faiz borcunu Lombarda ödəyərək onun tərəfindən girov qoyulmuş qızılları girovluqdan azad etmişdir. Beləliklə o, iddiaçıya 10880 (8000+2880) manat ödəniş etmişdir. İddiaçının iddia etdiyi 13000 manatdan 5000 manatını qardaşı Cavabdeh olan borcudur. Beləliklə o iddiaçıya 15880 manat ödəniş etmişdir. MPM-nin 14-cü maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin qəbul etdiyi bu qətnamə onun konstitusion hüququnun pozulmasına səbəb olmuşdur. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(060)-6883/2024 saylı qətnaməsinin tam ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
10. Məhkəmənin gəldiyi əsassız və qanunsuz qətnamə ilə razılaşmır. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyinin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MPM-nin 4.1-ci maddəsinə görə bütün və fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən olunmuş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir.
11. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-nin tələbinə görə Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur.
12. O, birinci instansiya məhkəməsində araşdırılma aparılarkən iddiaya qarşı etiraz ərizəsi verərək iddiaçıya 15880 manat ödəniş etdiyini, İddiaçı götürdüyü 8000 manatı və 2880 manat faiz borcunu Lombarda ödəyərək onun tərəfindən girov qoyulmuş qızılları girovluqdan azad etdiyini etiraz ərizəsində qeyd etsə də, məhkəmə bunlara hüquqi qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında iddiaçının İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
19. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
23. Maddə 822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.
24. Maddə 824. Əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır.
25. Maddə 826.1 Əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6883/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia qismən təmin edildiyindən məhkəmə kollegiyası qətnamənin mübahisələndirilən iddianın təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 5800 ABŞ dolları və 1500 avro pul məbləğinin saxlama müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İddiaçı saxlamaya verdiyi pulun qaytarılmasını tələb edir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində, eləcə də iddia ərizəsinə qarşı etirazında 5800 ABŞ dolları və 1500 avro pulun saxlanılmaq üçün ona verildiyini bildirir. Cavabdeh həmin pulun saxlanılmaq üçün ona verildiyini bildirir. Daha sonra isə qeyd edir ki, həmin məbləğ onun iddiaçının əvəzinə etdiyi lombarda etdiyi ödəniş (10880 manat) və onun qardaşına olan borcdan (5000 manat) ibarətdir. Lakin mübahisə predmeti olan pulun qeyd olunan məqsədlər üçün xərclənməsinə dair iddiaçının razılığının olmasını təsdiq edən hər hansı sübut nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyasının icraatı zamanı cavabdeh tərəfindən təqdim edilməmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda pulun saxlanılmaq üçün ona verildiyini bildirən cavabdeh həmin pulun ona məxsus olmasını və ya geri qaytardığını sübut edə bilmədiyi halda iddiaçı pulu tələb etməkdə haqlıdır.
41. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
43. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
44. Apellyasiya şikayətinin çəkişmə prinsipinə əməl etməməsi ilə bağlı dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən dəlil heç bir əsaslı sübutla əlaqələndirilməmiş, əksinə iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak təmin edilmiş, iddiaya etirazını bildirilmişdir. Belə olan halda kollegiya qənaətə gəlir ki, həmin dəlil əsassızdır.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
46. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
47. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
48. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6883/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6883/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.