Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-464/2022 21.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X7 və X6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdeh E.C.Həşimova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xızı Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.H.Hacıyev) iddianın qismən təmin olunması, cavabdehlər X4 və X1 müştərək qaydada 1792,25 manat əsas borc, 1458,04 manat faiz borcu, 100 manat cərimə borcu və 30 manat dövlət rüsumu, cəmi 3380 (üç min üç yüz səksən) manat 29 (iyirmi doqquz) qəpik məbləgində borcun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Ləğv prosesində olan Dəmirbank ASC cavabdehlər X7 və X2 müştərək qaydada ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə 1792,25 manat əsas borc, 1458,04 manat faiz borcu və 755,13 manat cərimə borcu olmaqla, cəmi 4005,42 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, E.C.Həşimova 20 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən DəmirBank ASC-dən illik 32%-lə 24 ay müddətinə 4000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq N.Kərimov ilə 20 noyabr 2013-cü il tarixli zaminlik müaviləsi bağlanılmışdır. 05 sentyabr 2017-ci ilədək E.C.Həşimovanın banka 1792,25 manat əsas borc, 1458,04 manat faiz borcu və 755,13 manat cərimə olmaqla, cəmi 4005,42 manat məbləğingə borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh E.C.Həşimova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Onunla bank arasında kredit müqaviləsi şərtlərinə o, əməl etmişdir, lakin ondan asılı olmayan səbəbə görə bu ödənişləri tam həyata keçirə bilməmişdir, belə ki, 2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həbs olunmuş və yalnız 2021-ci ilin iyul ayının 27-də azadlığa buraxılmış və həbsdə olması ilə bağlı ödənişləri tam icra etmək imkanından məhrum olunmuşdur. Bunu iddiaçı bildiyi halda bu haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə banka borcun olub-olmaması məsələsinə aydınlıq gətirmədən iddianı təmin etmişdir. Xızı Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh E.C.Həşimova məhkəməyə teleqram göndərərək, xəstəliyi ilə əlaqədar olaraq işin təxirə salınmasını məhkəmə kollegiyasından xahiş etmişdir, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi, cavabdeh N.A.Kərimov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zaminlik müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh E.C.Həşimovanın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 20 noyabr 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, E.C.Həşimova DəmirBank ASC-dən illik 32%-lə 24 ay müddətinə 4000 manat məbləğində kredit götürmüşdür. İşdə olan 20 noyabr 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, N.A.Kərimov kredit müqaviləsndən irəli gələn öhdəlikləri qəbul edərək zamin durmuşdur. İşə əlavə olan 05 sentyabr 2017-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan E.C.Həşimovanın 1792,25 manat əsas borc, 1458,04 manat faiz borcu və 755,13 manat cərimə borcu olmaqla, cəmi 4005,42 manat məbləğində borcu vardır. İşdə olan 27 sentyabr 2017-ci il tarixli ödəniş tapşırığından aydın olur ki, İddiaçı ASC hazırkı ərizə ilə bağlı dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası cavabdeh E.Həşimovanın iş üzrə ekspertiza keçirilməsi barədə gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, həmin dəlil qəbul edilə bilməz. Belə ki, cavabdeh E.Həşimova banka ödənişlər aparılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir və işdə olan maliyyə arayışdından məlum olur ki, tərəfin1792,25 manat əsas borc, 1458,04 manat faiz borcu yaranmışdır. Məhkəmə kollegiyası cavabdehin ondan asılı olmayan səbəblər üzrə krediti vaxtında ödəməməsi barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz, belə ki, cavabdeh bank qarşısında öhdəlik götürmüş və həmin öhdəliyi lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh X5 apellyasiya şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin bu iş üzrə 20 avqust 2018-ci il tarixli 2(068)-111/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-464/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-464/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver