Məhkəmə qərarları › İş №2(105)-464/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-464/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-464/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, zaminlik) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 (sonuncu məhkəmə iclasına gəlməmişlər) və Cavabdeh5, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Qobustan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(026)-255/2017 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı QSC-nin Cavabdeh5 ilə aralarında bağlanmış 28 noyabr 2014-cü il tarixli **********65 saylı kredit razılaşması əsasında Cavabdeh5 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. İddiaçı QSC-nin X9, Cavabdeh4, Cavabdeh2 və X5 ilə aralarında bağlanmış 005S**********01, 05S**********, 05S**********, 05S********** zaminlik müqavilələrinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X5 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış, zaminlər Cavabdeh5 bank qarşısında öhdəliklərini icra etməyi öz üzərlərinə götürmüşlər.

3. İddiaçı QSC-nin maliyyə arayışından görünür ki, Cavabdeh5 İddiaçı ASC-yə 13.324.82 ABŞ dolları məbləğində kredit borcu, 3.323.09 ABŞ dolları faiz borcu və 4.642.16 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 21.290,07 ABŞ dolları məbləğində borcu qalmışdır.

4. İddiaçı QSC-nin xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi üçün X9, Cavabdeh4, Cavabdeh2 və X4 xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı QSC cavabdehlər Cavabdeh5, X9, Cavabdeh4, Cavabdeh2 və X4 qarşı “borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış 23 yanvar 2013-cü il tarixli 05L000002840 saylı kredit xətt müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açıldığını, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddətin ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunduğunu, kredit xətti müqaviləsi üzrə Cavabdeh5 İddiaçı QSC ilə bağladığı 28 noyabr 2014-cü il tarixli 005R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verildiyini, tərəflərin imzaladıqları 12 mart 2015-ci il tarixli 005R**********S saylı və 13 mart 2015-ci il tarixli 005R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edildiyini, Cavabdeh5 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatdığını, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03 may 2016-cı il tarixdən banka qaytarmadığını, Cavabdeh5 götürdüyü kredit borcundan 6675,18 ABŞ dolları ödədiyini, onun banka 13324,82 ABŞ dolları məbləğində kredit borcu qaldığını, kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 25 yanvar 2017-ci il tarixə 267 gün üçün hesablanmış faiz borcunun 3323,09 ABŞ dolları təşkil etdiyini, kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməli olduğunu, 25 yanvar 2017-ci il tarixə 267 gün üçün hesablanmış cərimənin 4642,16 ABŞ dolları təşkil etdiyini, kredit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürdüklərini, cavabdehlərin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh5 ilə birgə məsuliyyət daşıdıqlarını və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməli olduqlarını göstərərək Cavabdeh5, X9, Cavabdeh4, Cavabdeh2 və X1 müştərək qaydada 13.324,82 ABŞ dolları əsas borc, 3323,09 ABŞ dolları faiz borcu, 4642,16 ABŞ dolları cərimə borcu olmaqla cəmi 21.290,07 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qobustan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(026)-255/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh5, X9, Cavabdeh4, Cavabdeh2 və X1 müştərək qaydada 13.324,82 (on üç min üç yüz iyirmi dörd dollar, səksən iki sent) ABŞ dolları əsas borc, 3323,09 (üç min üç yüz iyirmi üç dollar doqquz sent) ABŞ dolları faiz borcu, 2000 (iki min) ABŞ dolları cərimə borcu olmaqla cəmi 18647,91 (on səkkiz min altı yüz qırx yeddi dollar doxsan bir sent) ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun məbləği olan 30 (otuz) manatın alınıb İddiaçı QSC-nə ödənilməsi qət edilmişdir (hakim Qalib Hacıyev).

8. Birinci instansiya məhkəməsində hesab etmişdir ki, cavabdehlər müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və iddiaçı qarşısında mülki məsuliyyətləri yaranmışdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 465.2, 462.1, 467-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Qətnamədən Cavabdeh5 apelyasiya şikayəti vermişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(105)-3331/2017 nömrəli qətnaməsi ilə Cavabdeh5 apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh5 apellyasiya şikayəti üzrə qismən, cərimə borcuna aid hissədə dəyişdirilmiş, cavabdehlərdən məzənnə üzrə manatla 100 (bir yüz) ABŞ dolları cərimə borcunun tutularaq iddiaçıya verilməsi, qalan hissələrdə qətnamənin Cavabdeh5 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), N.Nəsibov və A.Abbasov)

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh5 (vəkil X6) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4498/2020 nömrəli qərarı ilə Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və İ.Xələfov).

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Qətnamədən cavabdeh X9 apelyasiya şikayəti vermişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1377/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsi, Qobustan Rayon Məhkəməsinin iş üzrə 04 may 2017-ci il tarixli 2(026)-255/2017 saylı qətnaməsinin zamin Cavabdeh1 münasibətdə ləğv edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova, T.Quliyev).

Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. İddiaçı QSC (vəkil X10) kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1377/2021 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə mübahisələndirilən hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4822/2021 nömrəli qərarı ilə İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1377/2021 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə - iddiaçının hazırkı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Şəfiyev).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

18. Qobustan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(026)-255/2017 nömrəli qətnaməsindən Cavabdeh2 da apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(026)-255/2017 nömrəli qətnaməsinin ona aid hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(026)-255/2017 saylı qətnaməsi üzrə zaminlik üzrə borc ödənilib. Lakin sonradan xəbərləri olmadan kredit müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Cavabdeh5 23 yanvar 2013-cü il tarixdə iddiaçıdan kredit götürməsinə zamin durmuşdur. O, birinci dəfə götürdüyü krediti öhdəlik üzrə tam yerinə yetirmişdir. Sonradan həmin kredit xətti üzrə yenidən kredit götürmüş, həmin kreditin götürülməsindən onun xəbəri olmamış, həmin kreditin götürülməsində zamin olmamış və heç bir sənədə imza etməmişdir.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1 -ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “ipoteka haqqında" Azərbaycan RespublikasıQanununun İ. 0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin "onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Onun zaminlik müqaviləsindən heç bir məlumatı olmamışdır. İmza etməmiş, iştirak etməmişdir. Digər zaminlərə münasibətdə mübahisələndirdiyi bu qətnamə Sumqayıt Apellyasiya Məhkəıməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir.

21. Əgər işə baxan məhkəmə sübutlara obyektiv qiymət verib, işi hərtərəfli, qanuna müvafiq araşdırsa idi, ərizəni tam təmin etməli idi. Məhkəmə heç bir əsas olmadan iddianı təmin etməməklə Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələblərini pozmuşdur.

22. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 20 Yanvar filialı ilə Cavabdeh5 arasında bağlanmış 23 yanvqf 2013-cü il tarixli, 05L000002840 saylı kredit xətti müqaviləsi üzrə 28 noyabr 2014-cü il tarixli, 005R********** saylı kredit razılaşmasına dəyişiklik edilməsi haqqında 005R**********SA saylı, 12 mart 2015-ci il tarixli sazişdən görünür ki, verilmiş kreditin qalıq məbləğinə 12 mart 2015-ci il tarixdən aylıq 2,25% dərəcəsi ilə faizlərin hesablanması və 25 noyabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişiklik edilərək kreditin son ödənilmə müddəti 03 iyul 2017-ci il müəyyən edilmişdir.

23. 23 yanvar 2013-cü il tarixli zaminlik müqaviləsində faiz dərəcəsi göstərilməmişdir. Şərh olunan işin hallarına hüquq normalarının göstərişlərinə əsasən Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də ona qarşı zaminlik müqaviləsindən irəli gələrək yönəlimiş tələb əsassızdır və təmin edilə bilməz.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında iddiaçı Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 Cərayıl oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.

26. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

27. Cavabdehlər Cavabdeh5 Cavabdeh1, Cavabdeh3 iştirak etdikləri məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3-cü maddəsinə əsasən kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

31. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

32. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

40. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh2 Qobustan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(026)-255/2017 nömrəli qətnaməsini özünə aid hissədə mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. 45 Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1 -ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun İ. 0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir.

46. Məhkəmə kollegiyası Cavabdeh2 qətnamənin ona aid hissədə ləğv edilməsi barədə tələbini əsaslı hesab edir və birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddianın təmin olunması barədə gəldiyi nəticəni düzgün hesab etmir. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı QSC ilə zaminlər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzun müddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı zamin bank qarşısında üzərinə tam məsuliyyət götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC-nin Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli 005S**********01 nömrəli zaminlik müqaviləsində kredit müqaviləsinin mühüm şərti olan faiz dərəcəsi göstərilməmişdir. Şərh olunan işin hallarına hüquq normalarının göstərişlərinə əsasən qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdıralan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh2 qarşı zaminlik müqaviləsindən irəli gələrək yönəlimiş tələb əsassızdır və təmin edilə bilməz.

47. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

48. Məhkəmə kollegiyası həmçinin eyni məzmunlu zaminlik müqaviləsini bağlamış digər Cavabdeh1 aid hissədə işə baxmış kassasiya məhkəməsinin əvvəlki mövqeyini nəzərə alır.

49. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X14rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(026)-255/2017 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar