Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-465/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Cavabdeh iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2682/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü övladı X1 üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən 1 uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 90 manat alimentin tutulması qət edilmişdir. Cavabdehin ödədiyi aliment uşağın ehtiyaclarını ödəmir. Uşaq böyüdükcə məsrəfləri də yetərincə artmışdır. Uşağın bütün ehtiyacını o çəkir. Uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh övladı ilə qətiyyən maraqlanmır. Uşaq beyin iflicidir, daimi müalicədədir, dərmanlarını çatdıra bilmir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2682/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2839/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 193 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi uşağın saxlanılmasının hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq iddia tələbini qismən təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2682/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilib Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(067)-2839 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artılaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün ondan hər ay 100 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Qətnamə əsassızdır və qanunsuzdur. Ona görə də həmin qətnamə ləğv edilməli və yeni qətnamə çıxarılmalıdır. Belə ki, Xaçmaz Rayon Məhkəməsi faktiki halları nəzərə almadan alimentin miqdarının artıraraq 193 manat müəyyənləşdirərkən ancaq və ancaq “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsinə əsaslanması ədalətsiz qətnamənin çıxarılmasına səbəb olmuşdur. Digər qanun və sübutları nəzərə almadan qətnamə çıxardığından tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verə bilməmişdir. Məhkəmə tərəfindən artılaraq alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasında təkcə iddiaçının yox, həm də onun maddi vəziyyəti öyrənilməli idi. Birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyətini və faktiki ayrıldıqları vaxtadək uşağın saxlanması üçün tərəfindən təminat səviyyəsi nəzərə alınmayıb. Hakim qətnamə çıxararkən maddi vəziyyətini araşdırmamaqla bərabər onun gəlir və qazancının olubolmamasını, yaşayış vəziyyətim, yəni hansı şəraitdə yaşamağını, əmlak vəziyyətini və özünü saxlamaq üçün minimum tələbatını ödəyə bilməməyini və sair kimi halları qanunveriçiliyə müvafiq müəyyən etməyib. Hakim qətnamə çıxararkən maddi vəziyyətini araşdırmamaqla bərabər, həm də ikinci nikahdan doğulan uşağına Xaçmaz Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 2(067)-439/2019 saylı qətnaməsinə əsasən hər ay 100 manat aliment ödəməyini nəzərə almayıb. Ümumiyyətlə qətnamə çıxarılarkən bu məsələyə toxunulmadı və iddiaya qarşı verdiyi etiraza baxılmadı. Xaçmaz Rayon Məhkəməsinə təqdim etdiyi sənədlərdən məlum olduğu kimi, xəstəliyini və əmək fəaliyyəti ilə məşğul ola bilməməyini, təsadüfi qazancla dolandığını və Xaçmaz rayon İHB-nin Nərəcan kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən, Dövlət Məşğulluq Xidməti və Vergi xidməti tərəfindən verilən arayışlardan məlum olduğu kimi işsiz olduğunu, Bakı şəhər Baş Səhiyyə İdarəsi X6 tərəfindən verilən ambulator kitabçadan çıxarışı nəzərə almayıb. Apellyasiya şikayətinə əlavə etdiyi Xaçmaz rayon mərkəzi xəstəxanası tərəfindən verilən ambulator kitabçadan çıxarışdan məlum olduğu kimi “B-18-1 Xroniki virus hepatiti B.” Ağır gedişli xəstəlikdən əziyyət çəkir, işçi qüvvəsini itirib, bu səbəbdən də işləyə bilmir. İddiaçı öz iddiasında uşağın bütün ehtiyaclarını özü çəkdiyini, uşaq beyin iflici xəstəsi olmasını və uşağı daim müalicə etməsini qeyd etməsinə baxmayaraq bunları nə iddia ərizələrində nə də ki, məhkəmə iclasında sübut edə bilməmişdir. Belə ki, iddiaçı məhkəməyə uşağın xəstə olması barədə və onu daim müalicə etməsi barədə heç bir sənəd təqdim etməyib. İddiada qeyd etdikləri həqiqətə uyğun deyil. Alimenti mütəmadi olaraq ödəyib. bununla da uşağın saxlanmasında iddiaçı ilə bərabər iştirak edib. Hakim onun xəstəlikdən əziyyət çəkdiyini, işləyə bilməməyini, maddi vəziyyətini və s. nəzərə almadan iddiaçının yalan izahatlarına, formal mülahizələrinə görə , Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsaslanaraq 90 manat alimentin miqdarını 193 manat müəyyənləşdirmişdir. Eyni zamanda məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bu da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. b) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, xəstədir, “Hepatit B” virusundan əziyyət çəkir. Əlilliyi yoxdur, amma işləyə bilmir. İki övladı var və iki aliment ödəyir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2682/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını, qətnamənin dəyişdirilmədən sxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2839/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 90 manat məbləğində sabit alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 112-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək 193 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün müəyyən edilmiş 90 manat məbləğindəki aliment xx.xx.2016-ci ildə, yəni uşağın 3 yaşı olanda tutulmuş, hazırda isə uşaq 8 yaşlıdır və məktəblidir. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək 193 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə, maddi vəziyyətinin aşağı olması, digər nikahından olan uşağa aliment ödəməsi, xəstə olması barədə dəlillərinə qiymət verərək hesab edir ki, göstərilən dəlillər cavabdehin uşağını saxlamaq öhdəliyindən azad etmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2682/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2682/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.