Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-468/2023 04.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(060)-3796/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 126500 manat əsas borcun, dövlət rüsumu kimi 120 manat və 350 manat, ümümilikdə 126970 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olduğuna görə, qanunamüvafiq tədbirlər (xüsusi qərardad çıxarıb aidiyyatı üzrə prokurorluğa göndərilməsi) barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
3. İddiası tələbi onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etməsinin səbəbi cavabdehlərin onu aldadaraq 126.500 manat pulu mənimsəmələridir. Belə ki, onun əvvəllər tanıdığı İlkin adlı həmkəndlisi ona bildirmişdir ki, tanıdığı Nazim adlı şəxs aşağı qiymətə mənzillər satır, o da bütün qohumları ilə birlikdə Nazimdən 10-a yaxın mənzil almışdır. O, İlkinə Nazimi çağırmasını və gedib mənzillərə birlikdə baxmasını bildirmişdir. Həmin gün Nazim gəlmiş və İlkin onu Nazimlə tanış etmiş, onlar bəzi mənzillərə birlikdə baxmışlar və Yeni Yasamal ərazisində yerləşən binada iki mənzili bəyənmişdir. Nazim ona mənzilləri MTK -nın qiymətindən aşağı, yəni 1200 manat kv.m qiymətində olan mənzili yəni 77 kv.m olanı 1125 manata, ikinci - 57 kv.m ola mənzili 1150 manata verəcəyini demişdir. Onlar 08 may tarixdə görüşüb həmin mənzillərin pulunu ödəyərək almaq barədə razılaşmışlar. 08 may 2019-cu il tarixdə onlar görüşmüş, Nazim ona birinci Banka, pul ödəndikdən sonra MTK-ya gedəcəklərini bildirmişdir. Birinci “TuranBank"-a getmişlər. Onlar yəni İlkin, Nazim, qardaşı Rəşad və o, banka getmişdirlər. Nazim bildirmişdir ki, onun vergilərlə problemləri var. Bu səbəbdən o, ödənişləri Nazimin bankın kredit şöbəsinin müdiri olan dostu Emil adlı şəxsin hesabına ödəmişdir. Daha sonra onlar MTK-ya gəlmiş, Nazim içəri daxil olaraq danışmış və bundan sonra MTK-nın əməkdaşı Vüsalə Namazova mənzilləri sənədləşdirmək üçün onu çağırmışdır. Sənədləşdirmə aparılan zamanı sənədlərdə 10.000 manat ödəniş edildiyi barədə qeyd edildiyini görmüşdür. Bunu gördükdə "xxxx" MTK-nın əməkdaşına etirazını bildirmiş və Vusalə Namazova isə mənzillərin onlardan çıxdığını və Nazimə verdiyi pulun onlara heç bir aidiyyatının olmamasını demişdir. O, bu müqavilə ilə razılaşmamışdır. Nazim ona iki mənzil üzrə 44.000 manat borcu olduğunu, həmin borc ödəndikdən sonra ona hər iki mənzilə maliyyə arayışını təqdim edəcəyini bildirmişdir. İlkin ona bildirmişdir ki, o, da mənzil alarkən belə olmuşdur. İlkin ona razılaşmağı və ona hər şey üçün cavabdeh olduğunu bildirmişdir. O, Rusiyaya getmiş və bir mənzildən qalan 11000 manat borcu bank vasitəsilə Nazimə göndərmişdir. Bir müddət Rusiyada olmuş, qısa zaman kəsiyində geri qayıtmışdır. Qayıtdıqdan sonra İlkin və Nazimdən bir mənzil üçün tam borc ödədiyindən maliyyə arayışını tələb etmişdir. Onunla baglanmış şifahi müqavilənin surətindən aydın şəkildə görünür ki, cavabdehlər onu aldatmışlar. Həmin mənzilləri yenidən almaq üçün müqavilə bağlamış və yeni müqaviləyə əsasən hər bir kv.m 100 manat itirmişdir. Müqavilələrin surətindən bu hal aydın görünür. Belə ki, cavabdehlərdən biri bu günlərdə gəlib ona borcunun olması barədə öz xətti ilə qəbz yazıb vermiş və 50 manat pul ödəmişdir. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. 22.10.2021-ci il tarixli, 1527 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “ünvan 1 ünvanında inşa edilmiş yaşayış binası 1527 saylı mənzili inşa edib X2 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən Payçı müqavilə bağlanan gün ilkin olaraq 10000 manat məbləğində ödəniş etmiş və aylıq ödəniş 2646 manat təşkil edir, payçının qalıq borcu 63502 manatdır. Son ödəniş tarixi xx.xx.2023-cü il tarixdir.
6. 20.10.2021-ci il tarixli, 1526 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “ünvan 1 ünvanında inşa edilmiş yaşayış binası 1526 saylı mənzili inşa edib İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3cü bəndinə əsasən Payçı müqavilə bağlanan gün ilkin olaraq 10.000 manat məbləğində ödəniş etmiş və aylıq ödəniş 3414 manat təşkil edir, payçının qalıq borcu 81944 manatdır. Son ödəniş tarixi xx.xx.2023-cü il tarixdir.
7. Əlyazma ilə yazılmış xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı mənzil almaq üçün 126.500 manat pulu 3 ay müddətində ya iki mənzili, mənzil alınmadığı halda isə həmin məbləğ dəyərində daşınmaz əmlakla ödəyəcəyinə söz vermişdir. Həmin puldan 50 manat Cavabdeh1 tərəfindən ödənilmişdir. Bu iltizam hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
8. xx.xx.2019-cu il tarixli, 1526 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhər, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B ünvanında inşa edilmiş yaşayış binası 1526 saylı mənzili inşa edib İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən Payçı müqavilə bağlanan gün ilkin olaraq 10.000 manat məbləğində ödəniş etmiş və aylıq ödəniş 3427 manat təşkil edir, payçının qalıq borcu 82256 manatdır. Son ödəniş tarixi xx.xx.2021-ci il tarixdir.
9. xx.xx.2019-cu il tarixli, 1527 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhər, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B ünvanında inşa edilmiş yaşayış binası 1527 saylı mənzili inşa edib İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən Payçı müqavilə bağlanan gün ilkin olaraq 10000 manat məbləğində ödəniş etmiş və aylıq ödəniş 2410 manat təşkil edir, payçının qalıq borcu 57848 manatdır. Son ödəniş tarixi xx.xx.2021-ci il tarixdir.
10. 22.07.2019-cu il tarixli mədaxil qəbzinin surətindən və ********* nömrəli köçürmə barədə məlumatlardan görünür ki, 6015 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh1 AmrahBank-da olan hesabına köçürülmüşdür.
11. xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Turanbank ASC-nin Binəqədi filialı vasitəsi ilə Cavabdeh3 adına 30778 manat məbləğində pul köçürülmüşdür.
12. xx.xx.2019-cu il tarixli digər qəbzdən görünür ki, İddiaçı tərəfindən Turanbank ASC-nin Binəqədi filialı vasitəsi ilə Cavabdeh3 adına 25500 ABŞ dolları məbləğində pul köçürülmüşdür.
13. xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Turanbank ASC-nin Binəqədi filialı vasitəsi ilə Cavabdeh3 adına 31000 manat məbləğində pul köçürülmüşdür.
14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3796/2022 saylı sorğusuna cavab olaraq “Turanbank ASC”-nin 4235 nömrəli 04 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, fıziki şəxs İddiaçı tərəfindən Bankın müştərisi fıziki şəxs Cavabdeh3 məxsus AZ45TURA******************** saylı Bank hesabına xx.xx.2019-cu il tarixdə mədaxil edilmiş 31000 (otuz bir min) manat vəsait xx.xx.2019-cu il tarixdə tam məxaric olunmuşdur. Əlavə olaraq Cavabdeh3 məxsus AZ10TURA******************** saylı Bank hesabına İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə mədaxil edilmiş 25500 (iyirmi beş min beş yüz ABŞ dolları məbləğində vəsait xx.xx.2019-cu il tarixdə 10000 (on min) ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 10000 (on min) ABŞ dolları və xx.xx.2019-cu il tarixində 5676 (beş min altı yüz yetmiş altı) ABŞ dolları olmaqla hissələrlə məxaric edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(060)-3796/2022 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh1 126450 (bir yüz iyirmi altı min dörd yüz əlli) manat borc və ödənilmiş 470 (dörd yüz yetmiş) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları Cavabdeh1 münasibətdə sübut edə bilmişdir. Cavabdeh1 səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında Cavabdeh1 iddia tələbini qəbul etdiyini və cavabdehə borcunun olduğunu etiraf etdiyini bildirmişdir. Eyni zamanda Cavabdeh1 əlyazma ilə yazılmış xx.xx.2022-ci il tarixli iltizamda İddiaçı 126500 manat borcu olduğunu etiraf etmişdir. İddiaçı cavabdehlərdən 126500 manat məbləğində pulun tutulmasını xahiş etsə də, tərəflər arsında tərtib edilmiş xx.xx.2022-ci il tarixli iltizamda Cavabdeh1 tərəfindən 50 manat ödəniş edildiyi qeyd edilmiş, eyni zamanda iddia ərizəsində Cavabdeh1 tərəfindən həmin puldan 50 manat qaytarıldığı iddiaçının özü tərəfindən də etiraf edilmişdir. Cavabdeh1 səlahiyyətli nümayəndəsi iddia tələbini qəbul etdiyini, iddia tələbindən təxminən 5000 manat məbləğlə bağlı tərəflər arasında mübahisə olduğunu bildirsə də, məhkəməyə bununla əlaqədar hər hansı sübut təqdim etməmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882, 882.1, 882.2, 882.3, 882.4, 882.5, 442, 445.2.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 265.4, 119.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
18. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3796/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması və şəxslər barəsində xüsusi qərardad çıxarılaraq aidiyyatı üzrə prokurora göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilərək iddia tələbi tam təmin olunmalıdır. Belə ki, həmin iş üzrə aldatma və ya etibardan sui-istifadə etməklə özgə əmlakını talama cinayəti olduğu təqdirdə, məhkəmə bu işə biganə yanaşmış və xüsusi qərardad çıxararaq şəxsi cinayət məsuliyyətinə cəlb etməli olduğu halda heç bir tədbir görməmşdir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməni ədalətsiz və qanunsuz hesab edir. Məhkəmə tərəfindən MPM-nin qanunları ilə üst-üstə düşməyən qanun pozuntuları vardır. Qətnamə birmənalı şəkildə cavabdehləri müdafiə etmək məqsədi ilə çıxarılmışdır. Qətnamənin qismən ləğv edilərək yeni qətnamə çıxarılması haqq ədalətin bərpası deməkdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
21. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
22. Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
23. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
24. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlsə də, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir.
31. Belə ki, birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin 882, 882.1, 882.2, 882.3, 882.4, 882.5, 442, 445.2.1-ci maddələri ilə əsaslandırmışdır. Halbuki hazırkı mülki işə Mülki Məcəllənin 1091.1, 1091.2, 1092-ci maddələri tətbiq edilməli idi.
32. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında mənzil alğı-satqısı ilə bağlı razılaşma olmuş, iddiaçı cavabdeh Nazim Məlikodvan mənzil almaq niyyəti ilə hərəkət etmiş və iddia edilən pul məbləğini ödəmişdir. Lakin hüquqi müstəvidə tərəflər arasında alğı-satqı müqaviləsinə uyğun hüquqi münasibət yaranmamış, Cavabdeh1 tərəfindən mənzil satılmamış, tərəflər arasında müqavilə bağlanılmamışdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək, heç bir qanuni əsas olmadan iddiaçıya məxsus pul vəsaitini əldə edib özündə saxlamaqla əsassız varlanmışdır.
34. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 qəbzə yazaraq mənzilə görə İddiaçı 126500 manat aldığını göstərmiş, iddia edilən 126500 manat məbləğdən 50 manat Cavabdeh1 tərəfindən iddiaçıya qaytarılmışdır.
35. Məhkəmə kollegiyasının qənatincə Cavabdeh1 iddia olunan pul məbləğinin iddiaçıdan alınması nəticəsində əsassız varlanmış şəxs olduğundan həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 tərəfindən qaytarılmış 50 manat çıxılmaqla, 126.450 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsassızdır, heç bir sübuta əsaslanmır, formal mülahizələrdən ibarətdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh1 münasibətdə sübuta yetirilməklə, həmin hallar digər cavabdehlərə münasibətdə tələbin təmin edilməsi üçün əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz.
40. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın tam təmin edilməsi barədə iddiaçının dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab edir.
41. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlsə də, maddi hüququn tətbiqində səhvə yol verdiyindən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(060)-3796/2022 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı cinayət əlamətləri aşkar edilməmişdir. Odur ki, xüsusi qərardad çıxarılması barədə iddiaçı tərəfin xahişi təmin edilməməlidir.
43. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzdə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 470 manat Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.1.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(060)-3796/2022 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsn. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 126450 (bir yüz iyirmi altı min dörd yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 470 (dörd yüz yetmiş) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.