Məhkəmə qərarları › İş №2(105)-47/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-47/2022

05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-47/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Dəmirov İlqar Kamal oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdehlər Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X11 nümayəndəsi X4, Cavabdeh1 hüquqi varisi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X12 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(060)-7620/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh1 vurulmuş zərərin əvəzi olaraq 310 (üç yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5,25 (beş manat iyirmi beş qəpik) manat İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 95 manat İddiaçı, 25 manat Cavabdeh1 tutuluraq X2 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Sumqayıt şəhər Pİ-nin Dövlət X12 və Cavabdeh1 İmanqulu oğluna qarşı "xxxx" Sığorta Şirkətini üçüncü şəxs qismində işə cəlb etməklə maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1500 manat maddi zərərin, ekspert rəyi üçün ödənilmiş 20 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 dekabr 2018-ci il tarixdə ona məxsus olan «Pajero İO» markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomaşınını Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yolun kənarında heç bir dayanma-durma qaydasını pozmadan park etmişdir. Həmin gün 5 nömrəli şəhər daxili marşurut üzrə işləyən avtobus zəncirvari qəza törətmiş, onun toqquşduğu avtomaşın, onun avtomaşınına dəymişdir. Hadisədə VAZ-2107 markalı avtomaşın təqsirkar bilinmişdir. Həmin gün saat 13.30 radələrində tanımadığı Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı ona zəng edib yol qəzasının baş verdiyini, qəza zamanı avtomaşınına zərər dəydiyini və avtomaşının duracağa yerləşdiriləcəyini bildirmişdir. O, DYP əməkdaşına etiraz edərək avtomaşının yanına yaxınlaşdıqdan sonra duracağa təmin edilməsini bildirmişdir. Lakin DYPŞ-nin əməkdaşı avtomaşını duracağa yerləşdirəcəyini bildirdikdə, sürət qutusu park vəziyyətində olan avtomaşını necə duracağa yerləşdirə biləcəyini ondan soruşduqda, o, 156 evakuatorla avtomaşını duracağa aparacaqlarını bildirmişdir. xx.xx.2018-ci ildə Sumqayıt şəhər Pİ-nin DYP şöbəsinə getmişdir. Yol nəqliyyat hadisələri üzrə inspektor ona bildirmişdir ki, onun heç bir qayda pozuntusu yoxdur, sabah, xx.xx.2018-ci il tarixdə saat 09.00-da şöbəyə yaxınlaşmalıdır. Hadisənin ertəsi günü hadisə ilə bağlı ondan izahat alınmışdır. DYPŞ inspektoru avtomaşınını duracaqdan çıxartmaq üçün ona sənəd vermişdir. Duracaqdan avtomaşını çıxartmaq istərkən avtomaşını işə salmış, lakin avtomaşın hərəkət etməmişdir. "xxxx" sığorta şirkətinə zəng etmiş və avtomaşının sürət qutusunda problem olduğunu bildirmişdir. Sığorta əməkdaşı onu idarəyə dəvət etmiş və bildirmişdir ki, avtomaşında yaranmış problemin avtoqəzaya aidiyyatı yoxdur. O, sığorta əməkdaşına etirazımı bildirmiş və avtomaşının sürət qutusunda yaranan problemin araşdırılması üçün Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının sədrinə məktub ünvanlamışdır. Məktubuna cavab olaraq müstəqil ekspert təyin olunmuş və "xxxx" sığorta şirkətinin baş ofisinə yaxınlaşaraq təklif olunan eksperti seçmişdir. xx.xx.2019-cu ildə ekspert X8 avtomaşına baxış keçirmiş və avtomaşının sürət qutusunun qəza nəticəsində zərər görmədiyi barədə rəy vermişdir. X10 ekspert rəyindən əlavə, sürət qutusunda problemin Sumqayıt şəhər DYPŞ əməkdaşı və 156 evakuator əməkdaşları avtomaşını park vəziyyətində duracağa apardıqları üçün yaranması ilə əlaqədar məktub vermişdir. Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə ziyanı ödəmək üçün yazılı müraciət etmişdir, lakin onların təqsiri üzündən ona dəymiş ziyanı könüllü ödəməkdən imtina etmişlər. Yol qəza hadisəsi və DYPŞ hərəkəti nəticəsində ona 1500 manat məbləğində ziyan dəymişdir: işlənmiş sürət qutusu - 550 manata təklif olunur, usta pulu - 150 manat, 8 litr yağ hər litri 12 manatdan - 96 manat, arxa stop-140 manat, təmir olunan detalların rənglənməsi-200 manat, dəmirçi- 80 manat, arxa buferin təmiri-50 manat, elektrik-30 manat, evakuator və dayanacaq pulu - 30 manat, ekspert xərci-20 manat və digər xərclər. Sığorta şirkəti xx.xx.2018-ci il tarixdə avtonəqliyyat qəzası nəticəsində avtomaşınına dəymiş ziyanla əlaqədar mənə 310 manat pul təklif edir, sürət qutusuna dəymiş zərərin nəqliyyat hadisəsinə aidiyyatı olmadığı, evakuator vasitəsi ilə avtomaşın duracağa yerləşdirildiyi vaxt zərərin dəydiyi bildirilir. 156 Evakuator xidməti DYPŞ-nin tərkibində fəaliyyət göstərir. Onun təqsiri olmadan ona zərər dəymişdir. Hesab edir ki, dəymiş zərər təqsirkar şəxs tərəfindən ona ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus avtomobilə dəymiş ziyanı müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza keçirilmişdir. Təyin edilmiş ekspertlər həyətində olan avtomobilə faktiki olaraq heç bir baxış keçirməmiş, fiksasiya ilə maşına dəymiş zərəri müəyyən etmişdir. Nəticədə qanunsuz qərar qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X11 nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 hüquqi varisi X3 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin əsaslı olması, cavabdehin vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıması ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi maddi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 məxsus “Vaz 21074” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Mitsubishi Pajero İO” minik markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə ziyan dəymiş, duracaqdan avtomaşını çıxarmaq üçün işə salmış, lakin maşın hərəkət etməmiş, sığorta şirkətinə zəng edərək onun əməkdaşı maşında yaranmış problemin avtoqəzaya aidiyyatı olmadığını bildirmişdir. İş materiallarında olan AD № 073226 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Mitsubishi Pajero İO” minik markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə İddiaçı deyil, X7 məxsusdur. Göründüyü kimi hazırkı iş üzrə İddiaçı həmin avtomobilə mülkiyyət hüququ yoxdur. Sonuncunun həmin vaxt avtomobili idarə etmək hüququ olmuş, avtomobil üzərində sərəncam vermək hüququ olmamışdır. Belə olan halda iddiaçının hazırkı iş üzrə iddia qaldırmağa subyektiv hüququ mövcud deyil. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının başqasının mülkiyyətində olan əmlaka vurulmuş zərərin ödənilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ olmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X12 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar