Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-470/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Nümayəndə, Cavabdeh: Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili: X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və «X8 Sanayi və Ticarət Anonim» Şirkətinə qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh «X8 Sanayi və Ticarət Anonim» Şirkətinin nümayəndəsi M.Z.Abbasov və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qobustan Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və “X8 Sanayi ve Ticaret Anonim Şirkəti”-dən müştərək qaydada 7212 manat məbləğində dəymiş ziyan, zərər aktının alınması üçün verilmiş 50 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı, 120 manat ekspertiza xərcinin müştərək qaydada alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və "X8 Sanayi ve Ticaret Anonim Şirketi”-dən yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş maddi ziyana görə 9086 manat zərərin, mənəvi ziyana görə 5000 manat, zərər aktının alınması üçün verilmiş 50 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 23 avqust 2018-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 120-ci km-də Bakı şəhəri istiqamətində gedən yolun sag hərəkət olarkən surəti tam azaldıb, Şamaxı rayon ərazisində həmin yolun solunda olan «Azpetrol» yanacaq doldurma məntəqəsinə sola dönmə işıgını yandıraraq qırıq-qırıq ag xətdən dönmə əməliyyatı apararkən həmin an “X8 Sanayi ve Ticaret Anonim Şirkəti”-nə məxsus və Cavabdeh1 idarə etdiyi avtomobil sürətlə gələrək avtomobilini sol tərəfindən vurmuş və idarə etməni itirdiyi üçün avtomobili yoldan çıxıb yolun kənarında olan elektrik dirəyinə dəyərək dayanmışdır. Toqquşma nəticəsində özü və ailə üzvləri xəsarət almış, avtomobilinə də zərər dəymişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh “X8 Sanaye ve Ticaret Anonum Şirkəti”nin nümayəndəsi M.Z.Abbasov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh1 Şirkətin Azərbaycan Respublikasındakı filialında yükləyici operatoru işləmişdir. Onun iş vaxtı saat 09:00-18:00-dək olmuşdur və şənbə, bazar günləri də istirahət günü kimi müəyyən edilmişdir. Beləliklə, cavabdeh hadisəni iş vaxtından sonra törətmişdir və həmin vaxt onların hər hansı bir tapşırığını yerinə yetirmirdi. Ona görə də şirkətin cavabdeh kimi işə cəlb edilməsi yolverilməzdir. Məhkəmə tərəfindən bir çox maddi və prosessual hüquqlarını pozmuşdur. Qobustan Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli 2(026)-25/2019 saylı qətnaməsinin cavabdehlərdən «X8 Sanayi və Ticarət Anonim Şirkəti»nə qarşı qismində təmin olunmaması haqqında qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz, əsassızdır. Düzdür zərər onun təqsiri ucbatından baş vemişdir, “X8 Sanaye ve Ticaret Anonum Şirkəti”-nə aidiyyəti yoxdur. Dəymiş zərəri də o, qarşılayacaqdır. Lakin iddiaçı dəymiş zərərin miqdarını çox hesablamışdır. O cümlədən, verilən ekspert rəyləri də obyektiv deyildir. Həmin rəylər verilərkən artıq avtomobil təmir edilmişdi və bu səbəbdən artıq ekspertiza predmeti ola bilməzdi. Dəymiş zərər bitərəf mövqedə olan və biləvasitə zədələnmiş avtomobili müayinə edən Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabatında obyektiv müəyyən edilmişdir. Həmin hesabata əsasən, avtomobilə dəymiş zərər 6984 manat məbləğində müəyyən edilmiş, həmin məbləğin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir, qalan 1984 manatı isə ödəməyə hazırdır. Cavabdeh “X8 Sanaye ve Ticaret Anonum Şirkəti” nümayəndəsi M.Z.Abbasov onun tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, Cavabdeh1 apellyasiya şikayətini qəbul etdi, eyni məzmunlu izahat verdi və şikayətlərin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 onun tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, cavabdeh “X8 Sanaye ve Ticaret Anonum Şirkəti”nin nümayəndəsinin apellyasiya şikayətini qəbul etdi, eyni məzmunlu izahat verdi və şikayətlərin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya maddi ziyanın vurulmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 26.04.2013-cü il tarixli, AB 950108 saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X7” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdir. İşdə olan 28.08.2018-ci il tarixli, AA037753 saylı aktdan görünür ki, «Hunday Sanata FE» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin texniki baxış keçirilmiş və təmir xərci 14086 manat müəyyən edilmişdir. İşdə olan 15 mart 2019-cu il tarixli, 2662 saylı ekspert rəyindən görünür ki, 2013-cu il buraxılışlı, “X7” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12212,00 manat hesablanmışdır. İş materiallarına olan “X9 Sanayi və Ticarət Anonim Şirkəti” üzrə 06.04.2016-cı il tarixli, 58 saylı əmrdən və həmin tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh1 şirkətdə yükləyici operator vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 06.04.2016-cı il tarixli, 008 saylı işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti haqqında müqavilədən görünür ki, Cavabdeh1 qanuna zidd hərəkətləri ilə “X9 Sanayi və Ticarət Anonim Şirkəti”-nə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır. İşə əlavə edilmiş nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 11.09.2018-ci il tarixli hesabatından görünür ki, «Hunday Santafe» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 6984 manat məbləğində müəyyən edilmişdir. İşdə olan 13.01.2020-ci il tarixli, 30184 saylı ekspert rəyindən görünür ki, ekspert əsaslı araşdırma aparmamış, rəy tərtib edərkən işdə olan 28.08.2018-ci il tarixli, AA037753 saylı aktdan və zərərin qiymətləndirilməsi barədə 11.09.2018-ci il tarixli hesabatdan istifadə etmiş və onları rəyə köçürməklə işini bitmiş hesab etmiş, əslində rəy verməmişdir. İş materiallarında olan AR Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışdan görünür ki, “X9 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı filialı 08.02.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Goranboy rayonu, Nadirkənd kəndində yerləşir, hazırki qanuni təmsilçisi Polat Aydındır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd olunan maddi və mənəvi zərər tələbi ilə bağlı xüsusatların olması, onun yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 30 mart 2021-ci il tarixli 9/785 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə «xxxx» ASC-nin 11 sentyabr 2018-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2013-cü il buraxılışı, mühərrik tutumu 2400 kubsm «X7» markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 12212,00 manat. O cümlədən dəyişməli hissələrin qiyməti 9542,00 manat, təmir-bərpa işlərinin qiyməti 2670,00 manat təşkil edir. Məhkəmə kollegiyası cavabdeh “X8 Sanayi ve Ticaret Anonim Şirkəti”ni niş üzrə cavabdeh kimi cəlb edilməsi düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, yüksək təhlükə mənbəyi sahibinin həmin əşyanın fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyətindən azad edilməsi üçün yalnız işçinin hadisəni qeyri-iş vaxtı törətməsinə istinad etməsi kifayət etmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən atom enercisindən partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurdugu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvəni təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ il əvə ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoruyur. İşdə olan «xxxx» Sığorta Şirkətinin 03 may 2021-ci il tarixli Q-A-2021-0302 saylı məktubdan müəyyən olunur ki, «xxxx» Sığorta Şirkəti faydalanan şəxs İddiaçı sıgorta məbləği həddində yəni, 5000 manat sıgorta ödənişi həyata keçirməklə öz öhdəliklərini yerinə yetirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1 və “X8 Sənayi və Ticarət Anonim” Şirkətinin apellyasiya şikayətləri təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin bu iş üzrə 06 may 2019-cu il tarixli 2(026)-25/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və “X8 Sənayi və Ticarət Anonim” Şirkətindən müştərək qaydada 100 (yüz) manat ekspertiza xərci alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-470/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-470/2021
17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver