Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-471/2025 12.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3935/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 6100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 83 manat məbləğində pulun, həmçinin vəkil xidməti üçün ödənilmiş 100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə qonşuluqda yaşayan Cavabdeh ondan borca 5500 manat, oğlu Qurban isə 600 manat məbləğində pul almışlar. Beş il ərzində cavabdeh ona bu pulu geri qaytarmır. Dəfələrlə 6100 manat məbləğində borcun geqi qaytarılmasını təklif etmiş, lakin Cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Bununla bağlı o, Abşeron PRİ-nin Mehdiabad PB-nə ərizəsi ilə müraciət etmiş, həmin şəxslərdən pulun tutularaq ona qaytarılmasını xahiş etmişdir. Lakin Cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. X1 Bölməsinin 3-13-59- 2/2-4521/24 nömrəli, xx.xx.2024cü il tarixli məktubu ilə ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Eyni zamanda hüquqi xidmət göstərilnəsi üçün (vəkil sorğusunun Polis Bölməsinə göndərilməsi) o, Bakı şəhəri 11 saylı vəkil bürosunda 100 manat pul ödəmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
3. Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, 2017-ci ildən iddiaçı onu öz toruna salıb, illərlə faiz verib, artıqlaması ilə faizi ilə birlikdə borcunu qaytarmışdır. O, özünü iddiaçıya borclu bilmir. Hər dəfə onu təhqir edir, polisə verir, onu narahat edir.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3935/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilərək, Cavabdeh 5000 manat və dövlət rüsumunun əvəzi kimi 70 manat pulun tutularaq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borcun verilməsinin qanunvericiliklə müəyyən edilmiş formasına, yəni yazılı müqaviləyə riayət edilməmiş, borc müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Bununla belə 5000 manat borcun verilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasındakı əqd etibarsız əqd hesab edilməli, tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilməklə borc verilmiş 5000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Borcu qaytarması və iddiaçıya hazırda heç bir borcunun olmaması barədə cavabdehin dəlili iş materialları ilə təsdiq olunmur. Cavabdeh bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının cavabdehə 6100 manat məbləğində borc verməsi, habelə vəkil xidməti üçün 100 manat vəsait ödəməsi barədə isə iddiaçı tərəf məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 390.1, 385.1, 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-3935/2024 nömrəli qətnaməsinin tam ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iki dəlilə istinad edərək (Abşeron RPİ-nin İŞ-nın xx.xx.2022-ci il tarixli qərarı, Abşeron RPİ-nin Mehdiabad PB-nin xx.xx.2024-cü il tarixli məktubu) iddia tələbini qismən təmin etmiş, qismən təmin edərkən iddiaçının bu iki sübutuna istinad edir. Belə ki, iddiaçı bunu bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız cavabdehin polis orqanının məktubunda qeyd olunan izahatı (iş materiallarında olan sübut əhəmiyyəti olmayan) mövcuddur. İddiaçının izahatı və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, iddiaçı tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehin qismən borclu olduğunu qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə cavabdeh tərəfindən təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 5000 manat pul alıb və həmin pulu artıqlaması ilə qaytarıb. Pulunu qaytarmasına dair sübut yoxdur. Pulu az-az alıb, bütov şəkildə almayıb. 100 manata 15 manat faiz verib. 5000 manat borc almayıb, 2500-2700 manata yaxın borc alıb. Özündən borc alıb faiz qaytarırdı ki, buna görə də borc yığılırdı.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının iddia tələbini əsaslandırdığı hallara dair sübutların olub-olmamasına baxılmalıdır. Yeganə sübut polis tərəfindən verilmiş məktubdur. Həmin məktub sübut kimi qəbul edilə bilməz. Polisdə izahatlar alınmış, lakin həmin izahatların hansı şəraitdə alınması məlum deyil. Belə olan halda iddiaçının həmin pulu verməsini sübut edən hallar təsdiq edilmir. Cavabdeh məhkəmədə bildirmişdir ki, 5000 manat alıb və qaytarıb. Bu da cavabdehin öz öhdəliyini ödəməsini göstər. Hüquqi baxımdan əqd etibarlı əqd deyil, 3000 manatdan yuxarı pul məbləğləri verilərkən notarial qaydada təsdiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına əsasən həmin əqd etibarsız hesab edildiyindən hüquqi nəticə yaratmamlıdır. Cavabdeh birinci instansiya məhkəməsində 5000 manatı almasını və qaytarmasını bildirib. Cavabdehin ümumiyyətlə iddianı etiraf etməsi belə iddianın təmin edilməsinə əsas deyil.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehlıə həmyaşıddır, paralel siniflərdə oxuyublar, qonşu olublar. 2019-cu ildə cavabdeh ailəlikcə karonavirusa yoluxmuş və ilk olaraq 500 manat borc pul götürmüşdür. Cavabdeh oğluna ev tikirdirdiyi müddətdə isə ondan material almaq üçün hissə-hissə olamqla, borc pul götürmüşdür. 5000 manatı bir dəfəyə verməmiş, həmin məbləğlər ***-**** manat aralığında olmuşdur. İş materiallarında olan Məmmədov Aydına aid sənədlər səhvən işə əlavə edilib. Cavabdeh əvvəllər də borc almış, həmin borcları geri qaytarmışdır, ona görə borc vermiş, 2019-cu ildə pandemiya müddətində götürdüyü borcları isə geri qaytarmamışdır. İşdə olan sübutlar
14. Abşeron RPİ-nin Mehdiabad PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 5500 və 600 manat pulun qaytarılmamasına görə Cavabdeh və oğlu Qurban barəsində etdiyi şikayət ərizəsinə dair toplanmış material üzrə mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ərizə bölmədə araşdırılarkən Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı hissə-hissə 5000 manat pul almış və ümumilikdə 6-7 min manat qaytarmışdır. Tətbiq edilən hüquq
15. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi
324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
16. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3935/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni cavabdehdən tutulan pulun məbləği hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3935/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsi ilə yanaşı Mülki Məcəllənin 337.5-ci maddəsini də tətbiq etmişdir ki, birinci instansiya məhkəməsinin bu nəticəsi borc məbləğinin 3000 manatdan yuxarı olmaqla, tərəflər arasında bağlanmış borc müqaviləsinin yazılı qaydada bağlanmalı olmasına baxmayaraq, şifahi qaydada bağlanmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə bir dəfəlik 3000 manat pul məbləğinin borca verilməsi iş materialları ilə təsdiq olunmamaqla, tərəflər də bu faktı istisna etmişlər. Belə ki, iddiaçı cavabdehə bir neçə dəfə ***-**** manat aralığında borca pul verdiyini iddia etmişdir ki, bu halda tərəflər arsında şifahi qaydada bağlanmış borc müqavilələri qanunvericiliyin tələbinə müvafiq olmuşdur. Həmçinin, cavabdeh də iddiaçıdan ümumiyyətlə 3000 manatdan artıq borca pul almadığını bildirmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsi ilə yanaşı 337.5-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Lakin, məhkəmə kollegiyası birinci instnasiya məhkəməsinin mübahisəyə ilk olaraq Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etməsini nəzərə alaraq hesab edir ki, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi üçün əsaslar olmamışdır.
20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək qeyd edir ki, cavabdeh iddiaçının polis orqanına müraciəti ilə əlaqədar yazdığı izahatında iddiaçıdan 5000 manat borc pul aldığını etiraf etməklə yanaşı, iş materiallarında olan mübahisəyə birinci instansiya məhkəməsində baxıldığı zaman Prezident Administrasiyasına ünvanladığı şikayət ərizəsində isə iddiaçıdan 3000 manat borc pul aldığını etiraf etmişdir. İddiaçı isə cavabdehin ona 5500 manat borclu olduğunu iddia etmişdir ki, cavabdehin polis orqanında verdiyi izahat iddiaçının iddiası ilə uyğunluq təşkil etmişdir. Cavabdeh isə borc məbləğini artıqlaması ilə geri qaytardığını iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, 5000 manat pulun cavabdehdən tutularaq, iddiaçıya ödənilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
21. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3935/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3935/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.