Məhkəmə qərarları › İş №2(105)-473/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-473/2022

21.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-473/2022 21.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.M.Seyidov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alqı-satqı müqaviləsi üçün ödənilmiş 200 ABŞ dolları məbləğində pul (borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) alınaraq İddiaçı verilməsi, iddianın qalan hissələ təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 ona dəymiş ziyana görə 3200 manat məbləğində pulun Quba rayonu, Alpan kəndində yerləşən 0,56 ha torpaq sahəsinin onun adına sənədləşdirərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 alqı-satqı müqaviləsi üçün ödənilmiş 800 manat məbləğində pulun, həmin pulun vaxtında qaytarılmamasına görə dəymiş ziyan kimi (əldən çıxmış fayda kimi) 3200 manat məbləğində pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə Alpan kənd səkini Cavabdeh1 və Cavabdeh2 ilə torpaq alqı-satqı etmək məqsədilə Quba rayon Notariat Kontorunda sənədləşmə edilməsi məqsədilə sənədləri idarəyə verməklə onlara razılaşdıqları 200 ABŞ dolları məbləğində pul vermişdir. Notariat İdarəsində sənədləşmənin aparılması üçün ondan 800 manat məbləğində pul istəmişlər. O, həmin pulu verə bilmədiyi üçün sənədləşmə apara bilməmişlər. Bu sənədləşmənin aparılması üçün cavabdehlər heç bir təşəbbüs göstərməmişlər. 2005-ci ildən bu günə kimi qardaşlar ona nə ödədiyi 200 ABŞ dolları məbləğində pulu nədə ki, torpaq sahəsinin sənədləşdirməsini etmirlər. Cavabdehlər həmin torpaq sahəsini başqa şəxslərə satmışlar. O, həmin torpaq sahəsində əkib becərmək istəsə də, cavabdehlər buna imkan vermirlər və pulu qaytarmırlar. 2005-ci ildən bu vaxtadək o, əkin sahəsini əksəydi tonlarla buğda əldə edə bilərdi. Bu da hər il üçün 200 manat olmaqla, 16 ildə 3200 manat məbləğində pul edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ona dəymiş olan 4000 manat məbləgində pulun ödənilməsi barədə qətnamə qəbul etmədi. Cavabdeh1 dediklərinə inanaraq vətəndaşa dəymiş ziyanın ödənilməsini və əvəzində hər ay müddətində 200 dollar ona ödənilməsi qət edilmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir, üzləşmə aparmadan, şahid məhkəməyə dəvət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 68 maddəsini kobud surətdə pozmuşdur. Cavabdehlər ya torpaq sahəsini onun adına keçirməlidirlər ya da ona dəymiş 3200 manat və torpaq üçün verdiyi 800 manat məbləgində pulunu toplamağa dörd min manatı ona ödəməlidirlər. Quba Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(027)-1646/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uygun izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehlər tərəfindən iddiaçıya maddi zərərin dəyməsinin sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmişdir. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmış izahatdan görünür ki, onlara məxsus olan pay torpağının 0,6 hektar əkin sahəsini İddiaçı satmaqla razılaşdıqları pulu ondan almışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uygun olmadıqda, verdiyini geri tələb edə bilər. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, cavabdehlər İddiaçı məxsus 200 ABŞ dolları əldə etməklə, qaytarmaması və qaytarmaqdan imtina etməsi, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanaraq, İddiaçı 200 ABŞ dolları məbləğində maddi zərər vurması sübuta yetirilmişdir. Məhkəmə kollegiyası İddiaçı iş üzrə ona dəymiş 3200 manat maddi ziyanın məhkəmə tərəfindən tutulmaması hissəsində qətnamənin düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, İddiaçı cavabdehlərdən ona əldən çıxmış faydada görə 3200 manat məbləğində zərər vurması, bu zərərlərlə cavabdehlərin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və həmin zərərin vurulmasında təqsirli olmasını sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 13 sentyabr 2021-ci il tarixli 2(027)-1646/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar