Məhkəmə qərarları › İş №2(105)-473/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-473/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-473/2023 14.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)- 181/2010 nömrəli, 23 iyul 2010-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 89576 ABŞ dolları əsas, 13715 ABŞ dolları faiz borcu olmaqla cəmi 103291 ABŞ dolları borcun, ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetin ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadəsində olan 0,021978 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı 29,2 kv.m. yaşayış, 83,42 kv.m köməkçi sahədən ibarət 750a nömrəli bağ evinə yönəldilməsi, evin açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 23 iyul 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 26 sentyabr 2008-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 89576 ABŞ dolları məbləğində kredit borcunun, 13715 ABŞ dollar məbləğində faiz borcunun, cəmi 103291 ABŞ dolları məbləğində borcun tutulduğu anda Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına müəyyən edilmiş məzənnə nəzərə alınmaqla manat hesabı ilə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadəsində olan 0,021978 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı 29,2 kv.m. yaşayış, 83,42 kv.m köməkçi sahədən ibarət 750a nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir (hakim Səyyad Qafari). Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə və apellyasiya şikayəti ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 23 iyul 2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə apellyasiya qaydasında baxılan zaman məhkəməyə daxil olmuş Zəngilan Rayon Məhkəməsinin 1301.2023-cü il tarixli məktubunda Zəngilan Rayon Məhkəməsinin 2(034)- 181/2010 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən şikayət verildiyi, şikayətin qanunvericliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Zəngilan Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə mülki işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-473/2023 nömrəli qərardadı ləğv edilməli və iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır( 269.1). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. (269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (269.3) Qanunvericilik normasından da göründüyü kimi məhkəmə qərardadından verilmiş şikayətə qərardadı qəbul etmiş məhkəmə tərəfindən baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 23 iyul 2010-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-473/2023 nömrəli qərardadı ləğv edilməli və iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263,264, 402.2.5-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 23 iyul 2010-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-473/2023 nömrəli qərardadı ləğv edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Zəngilan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar