Məhkəmə qərarları › İş №2(105)-474/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-474/2021

29.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-474/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Xəlilov Ömər Əli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3631/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3631/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, xx xxxxxx 2015-ci il tarixində anadan olmuş X4 yetkinlik yaşana çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verlməsi qət edilmişdir. (hakim E.Kazımov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3631/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Orucova X7 Xəyal Ömər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin 2(064)-567/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 136 manat alimentin artırılaraq cavabdehdən xx xxxxxx 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 2(064)- 567/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə arasındakı nikahın pozulması, birgə nikahlarından xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X1 onun yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin övladının tələbatı günü-gündən artır, cavabdeh isə doğma övladı üçün aliment pulundan başqa əlavə maddi yardım göstərmir. Bundan əlavə, cavabdeh övladı ilə maraqlanmır, o, övladının tələbatını tək başına ödəyə bilmir. Valideynlərinin köməkliyi ilə uşağını saxlamağa çalışır və maddi vəziyyəti olduqca pisdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən uşaqların saxlanması üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Bu Qanun 2020-ci ilin mart ayının 1-dən qüvvəyə minmişdir. Bu səbəbdən, alimentin miqdarı artırılaraq 170 manat müəyyən edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, işə baxan məhkəmə mübahisənin həllində qərəzli mövqe göstərmiş və onun əsaslı iddiasını təmin etməmişdir. Alimentin məbləğinin artırılması barədə o, məhkəməyə bir sıra sübutlar (ödənişli təhsil haqqı barədə qəbzlər və s.) təqdim edilsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qarşı tərəf rəsmi işləməsə də, maddi cəhətdən vəziyyəti kafidir. Bu isə minimum uşaq xərci miqdarında alimentin qaldırılması üçün əsasdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia tam təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Orucov Ömər Əli oğlu məhkəmə kollegiyasının iclasında bildirdi ki, çıxarılan qətnamə tam qanuni və əsaslıdır, buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Oğlu-cavabdeh Xəyal hazırda işsizdir. Məhkəmənin müəyyən etdiyi alimenti isə o, ödəyir. Onun özünün də rəsmi iş yeri yoxdur, taksi fəaliyyəti ilə məşğul olub ailəsini gündəlik tələbatını zorla ödəyir. Şikayətin heç bir əsası yoxdur və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxxxx 2015-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuşdur, atası - Cavabdeh, anası - X2r. Yenə işdə olan Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında bağlanmış nikah xx xxxx 2020-ci il tarixdə pozulmuşdur. Yenə də işdə olan Füzuli Rayon Məhkəməsinin 2(064)-567/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında Füzuli rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 342 nömrə ilə qeyd edilmiş nikahın pozulması, onların birgə nikahlarından xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X1 anasının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. İşə əlavə edilmiş AR ƏƏSMN tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin 4 saylı X8 filialından verilmiş 12 .10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixindən “işsiz” kimi qeydiyyatdadır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3631/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərindən xx.xx.2015-ci il tarixdə Raul adlı uşaq anadan olmuşdur. Füzuli Rayon Məhkəməsinin 2(064)-567/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsilə Cavabdeh ilə X6 arasında bağlanmış nikahın pozulması, onların birgə nikahlarından xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X1 anasının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Orucova X7 Xəyal Ömər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin 2(064)-567/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 136 manat alimentin artırılaraq cavabdehdən xx xxxxxx 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh heç bir yerdə işləməməsi, gəlir yerinin olmaması səbəbilə şikayətin təmin edilməməsini xahiş edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh isə heç bir yerdə işləməsini əsas gətirərək alimentin əvvəlki miqdarda saxlanılmasını xahiş edir. İş materiallarında cavabdehin 2017ci ildə alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edildikdən sonra maddi vəziyyətinin yaxşılaşması barədə hər hansı mötəbər sübut yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. Qeyd edildiyi kimi, işə baxan birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiasını qismən təmin etmiş, xx xxxxxx 2015-ci il tarixində anadan olmuş X4 yetkinlik yaşana çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verlməsini qət etmişdir. Cavabdeh həmin məbləğlə razılaşaraq ondan apelyasiya şikayəti verməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı, Cavabdeh tələb edilən cəmi 170 manat alimenti ödəmək imkanının olması barədə məhkəməyə mötəbər sübut növü təqdim etmədiyindən, alimentin artırılması barədə tələbin qismən təmin edilməsi qanuni və əsaslıdır. Buna görə də, mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətlərinin isə təmin edilməməsi üçün əsasdır. Yenə həmin Məcəllənin 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)- 3631/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar