Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-474/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6712/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi qismində 29416,80 manat avtomobilə dəymiş ziyanın, ödənilmiş 180 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 sentyabr 2022-ci il tarixdə iddiaçıya məxsus olan “MERCEDES BENZ G 63” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12 sentyabr 2022-ci il tarixli, HF-2022/0999 saylı yol vərəqəsi əsasında X1- Saray-Xırdalan yolu ilə 14:55-də hərəkətdə olarkən, Saray istiqamətindən gələn “OPEL ASTRA H” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil “STOP” nişanına riayət etmədən, yol hərəkəti qaydasının tələbini pozmuş və Əziz Qasımovun hərəkətdə olduğu yola çıxaraq iddiaçıya məxsus olan avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçıya məxsus olan avtomobili təmir etdirmək üçün X2 “Mercedes-Benz” rəsmi dillerinə müraciət edilmişdir. Mərkəzdən məlumat məktubu təqdim edilmiş, məktuba əsasən dəymiş ziyanın həmin günə olan dəyəri 34416,80 manat təşkil etdiyi qeyd edilmişdi. Sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat sığorta ödənişi edilmişdir. Dəfələrlə cavabdeh iddiaçıya vurduğu zərəri könüllü olaraq ödəməsini xahiş esə də, o qalan 29416,80 manat ziyanı ödəməmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6712/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 29416 (iyirmi doqquz min dörd yüz on altı) manat 80 (səksən) qəpik pulun Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin təqsirli olduğu yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya ziyan dəymişdir. Həmin ziyan məbləği “X2” MMCnin arayışına əsasən ümumilikdə cəmi 34416,80 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. İddia ərizəsində göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1108-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 6712/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idiaçı dəymiş ziyanın məbləğini “X2” MMC-nin tərtib etdiyi arayışla əsaslandırmış və məhkəmə də həmin arayışa əsasən ziyanın məbləğini müəyyən edərək ondan tutulmasını qət etmişdir. Bu zaman məhkəmə həmin arayışla kifayətlənməməli idi. Əsl ziyanın məbləğini müəyyən etmək üçün ekspertiza keçirməli idi. Çünki həmin MMC-nin səlahiyyətləri, sertifikatı, rəy və ya arayış vermək səlahiyyəti olub-olmaması müəyyən edilməyib və MPM-nin tələblərinə görə belə bir arayış sübut kimi qəbul edilə bilməzdi. Onun da ekspertiza təyin edilməsi barədə vəsatətlərini məhkəmə təmine tmədi və elə həmin arayışla da qətnamə qəbul etdi.Hansl ki, ekspertiza təyin edilsəydi, ziyanın göstərildiyindən dəfələrlə az olamsı tam təsdiq edilərdi. Çünki o, məhkəməyə zərər vurulmuş maşının həm fotoşəklini, həm də videoçəkilişini təqdim etdi və ordan da görünür ki, avtomaşına yalnız adi cızıq və yüngül əzik zərəri dəyib və bu zərərin miqdarı hətta icbari sığortanın ödədiyi 5000 manatdan da dəfələrlə azdır. İddiaçının maşınına dəymiş ziyanı yalnız ekspertiza rəyi təsdiq edə bilərdi ki, bu işdə də belə bir rəy yoxdur. İddiaçının təqdim etdiyi arayış isə heç vaxt ziyanın məbləğini təsdiq edən sübut sənədi kimi qəbul edilə bilməz. Çünki bu arayışı verən şəxsin buna səlahiyyəti olub olmaması, bu MMC-nin səlahiyyətləri məlum deyildir. Bundan əlavə hər hansı bir qiymətləndirmə hər iki tərəfin iştirakı ilə olmalı, qiymətləndirmə zamanı yaranmış suallar və qiymətlərin obyektivliyi müzakirə edilməlidir. Lakin bu arayış naməlum şəraitdə, ona məlumat verilmədən tərtib edilmişdir ki, məhkəmə bu arayışı heç bir halda sübut kimi qəbul edə və ziyanın həcmini müəyyən edən sübut kimi qiymətləndirə bilməzdi. Məhkəmə isə bunu etmiş, bununla da hazırkı prosesual normanın tələbini pozmuş,bu isə sonda səhv qətnamə qəbul edilməsi ilə nəticələnmişdir ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır. Məhkəmə gedişində iddianın qiyməti ilə razılaşmayaraq bildirmişdir ki, maşına o qədər ziyan dəyməyib, qiymət şişirdilib, bunu təsdiq etmək üçün avtomaşının şəklini və videosunu da göstərib. Belə olan halda məhkəmə vəsatətini qəbul edib iş üzrə ekspertiza təyin etməli idi. Vəsatəti olmasa da belə, ziyanın miqdarını müəyyən etmək üçün xüsusi biliklərə zərurətin olmasını nəzərə alaraq öz təşəbbüsü ilə ekspertiza təyin edib,ziyanın miqdarını yalnız bu yolla müəyyən etməli idi. Belə ki, işdə təqdim edilmiş sübutlara obyektiv qiymət verməmiş,heç bir sübutun digər sübutdan üstünlüyünün olmaması və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmaması barədə olan prinsipləri pozmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi mənbəyi bilinməyən arayışa elə bir qiymət vermişdir ki,sanki bu arayış rəsmi dövlət orqanında ekspertiza rəyidir. Hətta ekspertiza rəyi olsa da belə, AR MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə bu sübutu digər sübutlarla birlikdə tədqiq etməli, müqayisə etməli və qiymət verməli idi.hansı ki, onun məhkəməyə təqdim etdiyi foto şəkil və videodan da görünür ki, iddiaçının maşınına cüzi xəsarət dəymiş və bu zərərin qiyməti heç icbari sığortanın təqdim etdiyi 5000 manatdan da çox ola bilməz, amma iddiaçı küllü miqdarda ziyan tələbi qoyub. Bütün bu hallar məhkəmənin işə qanunsuz və əsassız baxdığını təsdiq edir və qətnamənin ləğv edilib rədd edilməsini zəruri edir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6712/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnmə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə iddianı qəbul edərkən bunun əsası kimi hər hansı MMC-nin tərtib etdiyi arayışı əsas götürməklə məbləği müəyyən edib. Məhkəmə icraatının gedişində cavabdeh bununla razılaşmamış və həmin avtomaşının foto və videoçəkilişlərini məhkəməyə təqdim edərək bildirmişdir ki, məbləğ həddindən artıq şişirdilib. Maşında ancaq cızıqlar var. Başqa xəsarətdən söhbət gedə bilməz. Bunun müqabilində icbari sığorta iddiaçıya 5000 manat pul ödəyib. Ziddiyyət olduğu halda məhkəmə cavabdehin xahişini nəzərə almayıb və iş üzrə ekspertiza təyin etməyib. Zərərin həcminin müəyyən olunması üçün xüsusi bilik, dolayısıyla ekspert rəyi lazımdır. Arayışı tərtib edən MMC-nin səlahiyyəti də məhkəmə tərəfindən yoxlanmayıb. Keçirilmiş ekspertizanın rəyi ilə razı deyil. Ekspert məhkəmə tərəfindən qarşısında qoyulmuş 7 sualdan cəmi ikisini cavablandırıb. 5 sual cavabsız qalır və ekspert bu faktı həmin sualların onun sahəsinə aid olmaması ilə əsaslandırır. İddiaçı tərəfindən işə maşının foto və video görüntüləri əlavə olunub. Həmin təsvirlərdə də görünür ki, maşının yalnız buferi əzilib və cızıqlar var. Siyahıda isə 20-dən çox hal sadalanıb və buna uyğun məbləğ də cavabdehdən tutulub. İş materiallarında qəza zamanı DİN əməkdaşları tərəfindən tərtib olunmuş arayış var. Orada təkcə qabaq bufer, sağ qanad, qapılar, ayaqaltı, səs boğucu, disk, təkər göstərilib. Ekspertizanın məqsədi bu ziddiyyətləri aradan qaldırmaq idi. Ekspert isə heç bir qüvvəsi olmayan qüsur aktına əsaslanıb və əmtəəşünaslıq sahəsində rəy verib. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 6712/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə bxamayaraq iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə sasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi : 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) 10963.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1108.1. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “MERCEDES BENZ G 63” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. Avto nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2022-ci il tarixdə, saat 14:55 dəqiqədə Novxanı-Saray-Xırdalan yolunda yolnəqliyyat hadisəsi baş vermişdir. Nəticədə mülkiyyətçisi və hadisə baş verən anda sürücüsü Cavabdeh olan “OPEL ASTRA H” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə, mülkiyyətçisi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti, hdisə baş verən anda sürücüsü X5 olan “MERCEDES BENZ G 63” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. “X2” MMC-nin arayışına əsasən iddiaçıya cəmi 34416,80 manat məbləğində zərər vurulmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin təqsirli olduğu yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya ziyan dəymişdir. Həmin ziyan məbləği “X2” MMC-nin arayışına əsasən ümumilikdə cəmi 34416,80 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. iddia ərizəsində göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsiin gəldiyi nəticəni qismən əsaslı hesab edərək qeyd edir ki, materialları ilə müəyyən edilmişdir ki, cavabdehin təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəymiş və həmin zərərin məbləği iş materiallarında olan aktla müəyyən edilmişdir. Qeyd edilən akt cavabdeh tərəfindən mübahisələndirilərək nəqliyyat vasitəsinə 34416,80 manat məbləğində zərər dəyməməsini bildirmiş, bu əsasla məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. İşə əlavə edilmişMəhkəmə Ekspertizası Mrəkəzinin 05 may 2023-cü il tarixli, 9/1579 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mercedes Benz G63” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin ƏDV18% daxil təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 34327,0 manat müəyyən edilir. Göründüy kimi iddiaçıya məxsus avtomobilə dəymiş ziyan cüzi fərqlə ekspert rəyi ilə təsdiq edilmiş, nəqliyyat vasitəsinə 34327 manat ziyan dəyməsi ekspert rəyiilə təsdiqini tapmışdır. Qeyd edilən məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyindən cavabdehdən tutulmalı məbləğ 29327 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsassız hesab edilə bilməz. Nəqliyyat vasitəsinə dəymiş zərər gəldikdə isə, zərər ekspert rəyi ilə təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən ekspert rəyi ilə razı olmaması barədə dəlilinə qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6712/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilməli, cavabdehdən tutulan məbləğ 29327 (iyirmi doqquz min üç yüz iyirmi yeddi) manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6712/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. 29327 (iyirmi doqquz min üç yüz iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.