Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-474/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) ödənilmiş pul vəsaitinin alınması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) ödənilmiş pul vəsaitinin alınması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4018/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh və zamin İddiaçı arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK/77419/65/15 saylı kredit sazişindən görünür ki, bank Cavabdeh illik 26% hesablanmaqla 24 ay müddətinə 5.500 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüş, zamin İddiaçı isə həmin kredit sazişinə əsasən borclu Cavabdeh kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür.
2. İş materiallarına əlavə edilmiş 02 dekabr 2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı MK/77419/65/15 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2.754 manat 19 qəpik tutulması qeyd olunmuşdur. Bundan əlavə borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 2.774 manat 19 qəpik pul tutulması göstərilmişdir.
3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən Ağsu rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 05 mart 2024-cü il tarixli, 5-18-16/2-268/2024 nömrəli məktubun surətindən görünür ki, Ağsu rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 292137/2021-49-7 nömrəli məktubuna və Ağsu rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli, 3763 saylı icra vərəqəsinə əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı İddiaçı "xxxx" ASC-yə olan 2.774,19 (iki min yeddi yüz yetmiş dörd manat, on doqquz qəpik) manat məbləğində borcu 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayınadək (yanvar ayı daxil olmaqla) əmək haqqından 50% miqdarında tutularaq "xxxx" ASC-nin məktubda təqdim edilən bank hesabına, həmçinin icra qeydi üzrə borcun ümumi məbləğinin 7% həcmində, yəni 194,20 (bir yüz doxsan dörd manat, iyirmi qəpik) manat əlavə olaraq icra ödənişi tutularaq Ağsu rayon İcra və Probasiya şöbəsinin məktubda qeyd edilmiş depozit hesabına köçürülməsi təmin edilmişdir. İddiaçı borcu tam olaraq ödənilmişdir.
4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 889İB nömrəli məktubdan görünür ki, İddiaçı zaminliyi əsasında Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli, MK/77419/65/15 saylı müqaviləyə əsasən 5.500 manat məbləğində nağd pul krediti rəsmiləşdirilmişdir. İddiaçı "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün Bank tərəfindən Abşeron rayon 1 saylı notariat ofisinə müraciət edilmiş və Bankın müraciəti müvafiq orqan tərəfindən xx.xx.2021-ci il tarixli, 8İ-12683 saylı icra qeydi ilə təmin edilmişdir. "xxxx" ASC qarşısında olan İddiaçı öhdəliyi ilə bağlı Bank tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) ödənilmiş pul vəsaitinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK/77419/65/15 saylı kredit sazişi əsasında zamin olaraq ondan tutulmuş 2.774 manat kredit məbləği, 25 manat dövlət rüsumu, 194,19 manat icra xərci və onun tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK\77419\65\15 saylı kredit sazişi əsasında cavabdehə 24 aylıq, illik 26% olmaqla 5.500 manat kredit verilmişdir. Həmin vaxt tanışlıqları olduğundan müqavilə üzrə zamin durmasını ondan xahiş etmişdir. O da etibar edərək zamin durmağa razılıq vermişdir. Cavabdeh aldığı kreditin bir hissəsini ödədikdən sonra qalan 2.774,19 manat hissəsini ona məlum olmayan səbəbdən ödəməmişdir. Həmin vaxtlar bir zamin kimi bank tərəfindən ona olan təziqlərə görə kreditin ödənilməsini tələb etsə də, bir nəticə olmamışdır. Nəhayət icra qeydi əsasında ödənilməmiş həmin qalan 2.774,19 manat onun rəsmi əmək haqqına yönəldilməklə tutulması təmin olunmuşdur. Bütün yuxarıda qeyd olunanlar rəsmi sənədlərlə təsdiq olunduğundan ondan tutulmuş həmin vəsaitin cavabdeh tərəfindən ona qaytarılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu hərəkəti ilə cavabdeh ona xeyli ziyan vurmuşdur. Göstərilənlərə əsasən Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK/77419/65/15 saylı kredit sazişi əsasında zamin olaraq ondan tutulmuş 2.774 manat kredit məbləği, 25 manat dövlət rüsumu, 194,19 manat icra xərci və onun tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
7. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən götürdüyü 5.500 manat kredit məbləğinə görə zamin durmuşdur. Cavabdeh tərəf banka olan borcu ödəmədiyindən işlədiyi Fövqəladə Hallar Nazirliyinə məktub göndərilmiş və banka olan borcun ödənilməsi üçün əmək haqqından tutulmalar aparılmışdır. Nəticə etibarı ilə banka olan borcun ödənilməsi üçün ondan 2.774,19 manat kredit məbləği, 25 manat dövlət rüsumu və 194,20 manat icra xərci tutulmuşdur. Cavabdeh ona götürdüyü kredit məbləğini qonşusuna verdiyi, qonşu olduqlarına görə həmin məbləğin qaytarılması ilə bağlı ondan şikayət edə bilməyəcəyini bildirmişdir. Qonşu isə öz növbəsində pulunu borcun banka ödənilməsi üçün cavabdehə verdiyini ona bildirmişdir.
8. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı şəxsən tanımır. Qarşı tərəfi yalnız bankda ona götürdüyü kredit məbləğinə zamin durmaq üçün gətirildikdə tanımışdır. Lakin götürdüyü kredit məbləğini qonşusuna vermişdir. Belə ki, pulu verdiyi şəxs həm onun, həm də iddiaçının qonşusudur. Ona bankdan 5.500 manat məbləğində pul verilmişdir. Lakin həmin məbləğdən hər hansı bir məbləğ ona verilməmişdir. Həmin pulu da götürüb getmişlər və 1- 2 ay ödəniş etmişlər. Daha sonra banka olan kredit borcu ödənilməmişdir. Bu səbəbdən də onun tərəfindən banka götürülümüş kredit məbləğinə görə 6.000 manat məbləğində pul ödənilmişdir. “Covid” dövründə kredit ödənişlərinin ödənilməsini dayandırmışlar. Ona 1.000 manat gətirməsini və krediti bağlamalarını xahiş etmişlər. Kredit borcunun hazırki iş üzrə iddiaçıdan tutulmasından xəbəri yoxdur. Qonşusundan borcu ödəməsini xahiş etdikdə, pulu olmadığını ona bildirir. Həmin pul bankdan götürülüb kiməsə verilib. Qonşusunun əmlakı isə həbsdədir. Lakin qonşu həmin borcu qaytaracağına söz vermişdir.
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4018/2024 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2.968,39 (iki min doqquz yüz altmış səkkiz manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat alınaraq İddiaçı ödənilməsi və iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh və zamin İddiaçı arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK/77419/65/15 saylı kredit sazişinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh illik 26 faiz hesablanmaqla 24 ay müddətinə 5.500 manat məbləğində kredit vermiş, zamin kredit müqaviləsi üzrə borclu Cavabdeh kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. Borclu Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, zamin - hazırki iş üzrə İddiaçı həmin müqaviləyə əsasən cəmi 2.968,39 manat məbləğində pul vəsaiti ödəmiş, həmin kredit sazişinə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında heç bir borc öhdəliyi mövcud deyildir. Məhkəmə hesab edir ki, borclu Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcuna görə 2.968,39 manat məbləğində pul zamin - hazırki iş üzrə İddiaçı tərəfindən ödənildiyindən və kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən İddiaçı tərəfindən qeyd olunan öhdəlik üzrə ödənilmiş 2.968,39 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK/77419/65/15 saylı kredit sazişi əsasında zamin olaraq ondan tutulmuş 25 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, qeyd olunan tələb iş materialları ilə öz təsdiqini tapmadığından təmin edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 390.1, 390.5, 425.1, 427.3, 442, 470.1, 472.1, 472.2, 475.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.7-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçını şəxsən tanımamışdır. Qarşı tərəfi yalnız bankda götürdüyü kredit məbləğinə zamin durmaq üçün gətirildikdə tanımışdır. Lakin götürdüyü kredit məbləğini qonşusuna vermişdir. Belə ki, pulu verdiyi şəxs həm onun, həm də iddiaçının qonşusudur. Ona bankdan 5.500 manat məbləğində pul verilmişdir. Lakin həmin puldan hər hansı bir məbləğ ona verilməmişdir. Həmin pulu da götürüb getmiş və 1-2 ay ödəniş etmişlər. Daha sonra banka olan kredit borcu ödənilməmişdir. Bu səbəbdən də tərəfindən banka götürülmüş kredit məbləğinə görə 6.000 manat məbləğində pul ödənilmişdir. “Covid” dövründə kredit ödənişlərinin ödənilməsini dayandırmışlar. Ona 1.000 manat gətirməsini və krediti bağlamasını xahiş etmişirlər. Kredit borcunun hazırkı iş üzrə iddiaçıdan tutulmasından xəbəri yoxdur. Qonşudan borcu ödəməsini xahiş etdikdə isə ona pulu olmadığını bildirmişdir. Həmin pul bankdan götürüb kiməsə verilmişdir. Qonşunun əmlakı həbsdədir, lakin qonşu həmin borcu qaytaracağına söz vermişdir. Məhkəmə baxışında isə işin bu halına qiymət verilməmişdir. Bu da onu deməyə əsas verir ki, bu işdə şəffaflıq amili təmin edilməmişdir. Bu baxımdan işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. İstər maddi, istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Məhkəmə mübahisənin mahiyyətinə dərindən yiyələnmədiyi üçün, qanunsuz və əsassiz qətnamə qəbul etməklə yalnış nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun ağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
19. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
21. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.4. Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılır.
22. Maddə 475. Öhdəliyi icra etmiş zaminin hüquqları 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İşin mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh və zamin İddiaçı arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK/77419/65/15 saylı kredit sazişi ilə bank Cavabdeh illik 26% hesablanmaqla 24 ay müddətinə 5.500 manat məbləğində kredit vermişdir.
33. İş materiallarından görünür ki, borclu Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, zamin - hazırki iş üzrə İddiaçı həmin müqaviləyə əsasən cəmi 2.968,39 manat məbləğində pul vəsaiti ödəmişdir.
34. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
35. İşin müəyyən olunmuş hallarına görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK/77419/65/15 saylı kredit sazişi üzrə borclu Cavabdeh 2.968,39 manat məbləğində kredit borcunu ödədiyindən və kreditorun həmin öhdəlik üzrə hüquqları zaminə onun tələbini ödədiyi həcmdə keçdiyindən, İddiaçı (zamin) tərəfindən qeyd olunan öhdəlik üzrə ödənilmiş 2.968,39 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir.
36. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh götürdüyü kredit məbləğini qonşusuna verdiyini qeyd etsə də, bu hal onu müvafiq kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasından azad etmir.
37. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 4018/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4018/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.