Məhkəmə qərarları › İş №2(105)-475/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-475/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-475/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçılar İddiaçı və Bağırova Hicran İmanxan qızının cavabdehlər X6 və X5 qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)-123/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı və Bağırova Hicran İmanxan qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov) iddianın qismən təmin edilməsi, X7 və X3 250 və 4350 manat, cəmisi 4600 manat pulun tutularaq İddiaçı və Bağırova Hicran İmanxan qızına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçılar Qurultay və Hicran Bağırovlar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı və Bağırova Hicran İmanxan qızı məhkəməyə müraciət edərək, cavabdeh X2 38500 (otuz səkkiz min beş yüz) manat və cavabdeh X4 43500 (qırx üç min beş yüz) manat olmaqla cavabdehlər X8 və X4 cəmi 82000 (səksən iki min) manat pulun tutularaq onlara verilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onlardan 2017-ci ildən 2019cu ilin yanvar ayınadək 82000 (səksən iki min) manat borc pul almışlar. Cavabdehlər bildirmişlər ki, Almaniyadan maşın gətirib satarlar, sonra isə bildirmişlər ki, Bakıda bankın müdirinə 25000 manat verib 100000 manat götürüb fermer təsərrüfat yaradaraq, bunun üçün pul borc istəmişlər. Cavabdeh X1 şəhərində 12-ci mikrorayondakı orta məktəbdə idman müəllimi işləyirdi. Cavabdehlər göstərilən tarixdən müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan imtina etmişlər. O, polisə müraciət edən kimi Rusiya Federasiyasına qaçıb getmişlər. Rusiya Federasiyasında olarkən cavabdeh X8 3 dəfəyə cəmi 600 manat pul göndərmişlər. Onlar cavabdehlərə bildirmişlər ki, bu pul onların ölüm pullarıdır və 5 qızı var, onlara yazıqları gəlsin. O, dəfələrlə cavabdehlər ilə əlaqə saxlamış, lakin cavabdehlər üzə çıxmır və onların 82000 (səksən iki min) manat pulunu mənimsəmişlər. O, verdiyi pulları şahidlərlə hər ehtimala qarşı təminatlandırmışdır. Lakin artıq gec idi, cavabdehlər onların pulu ələ keçirmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər onların pullarını qaytarmaq fikrində deyildir, pulları müxtəlif bəhanələrlə ələ keçirtmiş və bu yolla özlərinə çoxlu pul qazanmışlar. Sonra onlara məlum olmuşdur ki, cavabdehlər yalandan yazıq cildinə girmişlər, onların Sumqayıt şəhəri, Trikotaj fabrikanın arxasındakı şəxsi həyət evini 30000 manata satmışlar. Onlar cavabdehlərdən dəfələrlə öz pullarını istəsələr də, buna nail ola bilməmişlər. Cavabdehlər onları sadəcə olaraq aldadaraq pullarını mənimsəməklə onlara ziyan vurmuş və çox ağır maddi duruma qoymuşlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı və Bağırova Hicran İmanxan qızı Qubadlı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, cavabdeh X2 38500 (otuz səkkiz min beş yüz) manat və cavabdeh X4 43500 (qırx üç min beş yüz) manat olmaqla cavabdehlər X8 və X4 cəmi 82000 (səksən iki min) manat pulun tutularaq onlara verilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız qəbul edildiyinə görə ləğv edilməlidir. Məhkəmə işə baxaraq birtərəfli və qərəzli qətnamə çıxararaq məhkəmə araşdırması hüquqlarını kobud şəkildə pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçılar tərəfindən cavabdehlərə verilmiş pulun ekspert rəyi ilə öz təsdiqini tapması, nəticədə cavabdehlərin üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə iddiaçılar tərəfindən mübahisələndirilmiş, iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Bayramovun şikayəti üzrə xx xxxx 2017-ci il tarixli qərarı). İşdən görünür ki, iddiaçılar 2017-ci ildən 2019-cu ilin yanvar ayınadək cavabdehlərə 82000 (səksən iki min) manat borc pul verdiklərini, lakin razılaşmanın şərtlərinə əsasən ödənişin həyata keçirilmədiyini və bununla da cavabdehlərin onların qarşısında olan öhdəliyini lazımınca icra etmədiyini əsas gətirərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1., 386.1. maddələri). Mülki Məcəllənin 425.1. maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (Mülki Məcəllənin 442, 448.1. və 448.2. maddələri). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli S.Əliyevanın şikayəti üzrə qərarı). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). «Mahmudov Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında X15 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). İşdən göründüyü kimi iddiaçılar cavabdeh X8 38500 (otuz səkkiz min beş yüz) manat və cavabdeh X9 tərəfindən 43500 (qırx üç min beş yüz) manat olmaqla, cəmi 82000 (səksən iki min) manat pulun alındığını iddia etsələr də, həm birinci, həm də apellyasiya icraatı zamanı cavabdehlər X8 və X4 250 manat və 4350 manat, cəmisi 4600 (dörd min altı yüz) manat pulun alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi cavabdehlər iddiaçılardan götürdüyü pulu qaytarmamaqla öhdəliklərini kobud şəkildə pozduğundan, ekspert rəyində göstərilən məbləğdə pulu cavabdehlərdən tutulması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiq hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayətləri təmin edilməsin. Qubadlı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar