Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-475/2022 25.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(012)-83/2021-014 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh1 20536.27 (iyirmi min beş yüz otuz altı dollar iyirmi yeddi sent) ABŞ dolları əsas, 13196.49 (on üç min yüz doxsan altı dollar qırx doqquz sent) ABŞ dolları faiz, 200 (iki yüz) ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.08.2018-ci il tarixdən 29.08.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1072.9 (min yetmiş iki dollar doxsan sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 35005.66 (otuz beş min beş dollar altmış altı sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.075 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 68000 (altmış səkkiz min) manat məbləğində müəyyən edilməsi və həmin mənzil açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti hesabına iddiaçının xeyrinə ümumilikdə 35005.66 (otuz beş min beş dollar altmış altı sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi və tutma ipoteka predmetinə yönəldildikdə və satıldıqda cavabdehlər- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ən geci bir ay ərzində fərdi yaşayış evini tərk etmədikdə fərdi yaşayış evi boşaldılaraq çıxarılmaları, ekspertiza tədqiqatına görə ümumilikdə 175 (yüz yetmiş beş) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 "xxxx" İKB ASC-nin xeyrinə 19 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 20536.27 ABŞ dolları əsas, 13196.49 ABŞ dolları faiz, 4551.62 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 19.08.2018-ci il tarixdən 29.08.2019-ci il tarixədək gecikdiriİmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1072.9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 39357.28 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 4 otaqlı, 140.1 kv.m ümumi, 74.2 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayiş evininin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 4 otaqlı, 140.1 kv.m ümumi, 74.2 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına '‘Nikoyl’' İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 4 otaqlı, 140.1 kv.m ümumi, 74.2 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 4 otaqlı, 140.1 kv.m ümumi, 74.2 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci il 19 avqust tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Xırdalan” filialından illik 23%-lə 36 ay müddətinə 26000 USD məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 4 otaqlı, 140.1 kv.m ümumi, 74.2 kv.m yaşayış, 65.9 kv.m yardımcı sahədən ibarət fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsi 2015-ci il 19 avqust tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh3 və Cavabdeh2 ilə 2015-ci il 19 avqust tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 19 avqust tarixli kredit müqaviləsinə görə şərtləşdiriİmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 180 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-ci il avqustun 29-dək Cavabdeh1 19 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 20536.27 ABŞ dolları əsas, 13196.49 ABŞ dolları faiz, 4551.62 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.08.2018-ci il tarixdən 29.08.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1072.9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 39357.28 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predıneti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qeyri-obyektiv olmaqla, maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçı qarşısında götürdükləri öhdəliklərini icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 4 otaqlı, 140.1 kv.m ümumi, 74.2 kv.m yaşayış, 65.9 kv.m yardımcı sahədən ibarət fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi tərəflər arasında kredit müqavilələrindən, irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehlərə vermiş, lakin cavabdehlər kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçı qarşısında icra etməmiş pul öhdəliyi yaranmışdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 445, 448.1, 739.1., 317.1 və “İpoteka haqqında” Qanunun 33, 59.3. maddələrinin tələbləri baxımından cavabdehdən kredit müqaviləsi üzrə borc tələb etmək hüququ yaranmış və məhkəmə haqlı olaraq kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, eləcə də boşaldılaraq çıxarılmaları qənaətinə gəlmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası həmçinin ipoteka predmeti olan əmlakın likvid dəyəri müəyyən edilməsi hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyənləşdirilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, "xxxx" MMC tərəfindən verilmiş 02-26/22 № 08 aprel 2022-ci il tarixli ekspertiza rəyi ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 4 otaqlı, 140.1 kv.m ümumi, 74.2 kv.m yaşayış, 65.9 kv.m yardımcı sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası ipotekanın hazırkı likvid dəyəri məhkəmə qətnaməsi ilə müəyyən olunmuş ipotekanın likvid qiymətindən az olduğundan, "xxxx" MMC-nin 08 aprel 2022-ci il tarixli rəyi ilə razılaşır və hesab edir ki, həmin məbləğ ipotekanın likvid dəyəri üçün daha real məbləğdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat alınaraq "xxxx" MMCnin hesabına keçirilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat alınaraq "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-475/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-475/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver