Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-477/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(029)-104/2021 saylı qətnaməsindən iddiaçı, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(029)-104/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2756.65 ABŞ dolları məbləğində əsas borc, 495.10 ABŞ dolları məbləğində faiz borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 429.39 ABŞ dolları borc olmaqla, ümumilikdə 3681.14 (üç min altı yüz səksən bir dollar on dörd sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi, iş üzrə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərclərinin Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir.(hakim Adil Vəliyev) Qətnamədən narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(029)-104/2021 saylı qətnaməsinin qismən ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2807.56 ABŞ dolları əsas, 3275.57 ABŞ dolları faiz, 3872.79 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 429.39 ABŞ dolları borc olmaqla, cəmi 10385.31 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddianı onunla əsaslandırmışdır ki, 18.09.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 30 faizlə 24 ay müddətinə 4565 ABŞ dolları məbləğində kredit götürmüşdür. 08.05.2015-ci il tarixdə kredit müqaviləsi üzrə əlavə saziş bağlanmış, həmin saziə əsasən kreditin qalıq məbləği 3798.53 ABŞ dolları məbləğində müəyyən edilmiş, müddəti isə 27 ay uzadılmışdır. Kredit müqaviləsinin müddəti 08.07.2017-ci il tarixdə bitmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 18.09.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlər. 13 iyul 2020-ci il tarixədək Cavabdeh1 ləğv prosesində olan banka 2807.56 ABŞ dolları əsas, 3275.57 ABŞ dolları faiz, 3872.79 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 429.39 ABŞ dolları borc olmaqla, cəmi 10385.31 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbi üzrə əsas və faiz borcunu əsassız olaraq azaltması və cərimə borcunun təmin edilməməsi qanunvericilik müddəalarının pozulmasına gətirib çıxarmışdır. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi əsas və faiz borclarını azaldarkən 09 iyun 2021-ci il tarixli 9/1698 saylı ekspert rəyinə istinad edib, lakin birinci instansiya məhkəməsi özünün bu istinadını əsaslandırmayıb. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarış və maliyyə arayışı var. Ödəniş qrafikində bankın müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər qeyd edilir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdi və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks haldaəlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı) Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyinə bu cür əsaslandırmadan, sadəcə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özünü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1- ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarını da riayət etməmiş olurdu. Bu istinadı ilə birinci instansiya məhkəməsi qətnamə çıxararkən məhkəmə iclasına tədqiq olunmamış sübuta əsaslanıb ki, bununla da Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin 4-cübəndinin tələblərinə riayət etməmişdir. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.09.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 30 faizlə 24 ay müddətinə 4565 ABŞ dolları məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18.09.2014-cü il tarixli, 240006012/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 18.09.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı olaraq İddiaçı qarşısında zamin durmuşdur. İşə əlavə edilmiş 08.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği 3798.53 ABŞ dolları məbləğində müəyyən edilmiş, müddəti isə 27 ay uzadılmışdır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 17.07.2020ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 18.09.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 13 iyul 2020-ci il tarixə iddiaçıya 2807.56 ABŞ dolları əsas, 3275.57 ABŞ dolları faiz, 3872.79 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 429.39 ABŞ dolları borc olmaqla, cəmi 10385.31 ABŞ dolları məbləğində borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli, 9/1698 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 18 sentyabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi, eləcə də sazişin şərtlərinə əsasən Cavabdeh1 13.07.2020-ci il (iddia tələbinin tarixi) tarixə banka olan borcu 3251.75 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 2756.65 ABŞ dolları, faiz borcu üzrə 495.10 ABŞ dolları. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(029)-104/2021 saylı qətnaməsi cərimə tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, o hissədə iddia qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 18.09.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 30 faizlə, 24 ay müddətinə 4565 ABŞ dolları məbləğində kredit götürmüşdür. 08.05.2015ci il tarixdə kredit müqaviləsi üzrə əlavə saziş bağlanmış, həmin saziə əsasən kreditin qalıq məbləği 3798.53 ABŞ dolları məbləğində müəyyən edilmiş, müddəti isə 27 ay uzadılmışdır. Kredit müqaviləsinin müddəti 08.07.2017-ci il tarixdə bitmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 18.09.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişlər. İddianı qismən təmin edən məhkəmə əsas kimi ekspert rəyinə istinad etmiş, eləcə də cərimə tələbi hissəsində iddianı tamamilə rədd etmişdir. İddiaçı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayıb apellyasiya vermişdir. Cavabdehlər qətnaməni mübahisələndirməmişər. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə və ona edilmiş əlavə razılaşmalara əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını zaminlə birgə ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh iddiaçı bankdan aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və dəbbə pulu borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin zamin Cavabdeh2 Cavabdeh1 iddiaçı bank qarşısındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi üçün məsuliyyəti öz üzərinə götürsə də, öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdən göründüyü kimi, cavabdeh borclunun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu, faiz borcu və dəbbə pulu borcu yaranmışdır. İddiaçı bu borcun tutulması üçün verdiyi maliyyə arayışına istinad edilməsini tələb edir. Qeyd edildiyi kimi məhkəmə iş üzrə obyektiv rəyə gəlmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və rəyə əsasən Cavabdeh1 13.07.2020-ci il (iddia tələbinin tarixi) tarixə banka olan borcu 3251.75 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 2756.65 ABŞ dolları, faiz borcu üzrə 495.10 ABŞ dolları. Məhkəmə yekun nəticəyə gələrkən daha mötəbər sübut kimi məhz ekspert rəyini əsas götürmüşdür. Hazırda iddiaçının apellyasiya şikayətində irəli sürülən əsas dəlil odur ki, ekspert rəyi sübutun bir növüdür və məhkəmə üçün məcburi xarakter daşımır və digər sübutlarla yanaşı yoxlanılıb qiymət verilməlidir. Doğrudur, məhkəmə kollegiyası da hesab edir ki, ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımır. Lakin hər bir halda ekspert rəyi ilə razılaşmamaq üçün əsaslar olmalıdır. Bank tərəfindən isə belə, daha yetərli əsaslar gətirilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ixtisaslaşmış qurumun peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəyi mötəbər sübut kimi qəbul edib müvafiq nəticəyə gələrkən məhkəmə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası cərimə tələbi hissəsində iddianı tam rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 465.2-ci maddəsinin tələblərinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. İş materiallarında olan 18.09.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən (4.4.3-cü bənd) görünür ki, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini icra etməməsi halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Ona görə də məhkəmə kollegiyası, hesabdan çıxarışda cərimə hesablanmaması əsası ilə iddianı rədd etmiş məhkəmə ilə razılaşmır. Tələbdən görünür ki, iddiaçı 3872.79 ABŞ dolları cərimə borcu tələb edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, tətbiq edilən cərimə məbləği əsas borca mütənasib olmadığı kimi, cavabdehin maddi vəziyyətinə uyğun deyil. Məhkəmə kollegiyası işin bu hallarını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun kreditorun vəziyyətini daha da ağırlaşdırdığını, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcu 500 ABŞ dolları həcmində müəyyən edilməlidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayəti üzrə öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(029)-104/2021 saylı qətnaməsi cərimə tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, o hissədə iddia qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayəti qismən təmin edildiyindən, onun verilməsi üçün idiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun 10 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməli, 5 manatı onun özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(029)-104/2021 saylı qətnaməsi cərimə tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500(beş yüz) ABŞ dolları məbləğində cərimə qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Apellyasiya şikayəti qalan hissədə təmin olunmasın. Qusar Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(029)-104/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2756.65 ABŞ dolları məbləğində əsas borc, 495.10 ABŞ dolları məbləğində faiz borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 429.39 ABŞ dolları borc olmaqla, ümumilikdə 3681.14 (üç min altı yüz səksən bir dollar on dörd sent) ABŞ dolları məbləğində kredit borcunun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi, iş üzrə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi, qalan hissədə iddianın rədd edilməsi(hazırda tutulan 500 ABŞ dolları cərimə çıxılmaqla), iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərclərinin Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun 10 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin, 5 manatı iddiaçının özünə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-477/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-477/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver