Məhkəmə qərarları › İş №2(105)-477/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-477/2025

03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-477/2025 03.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (ötürülmüş prosessual müddətin bərpası) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10605 manat pul, hüquqi yardım üçün vəkilə ödənilən 50 manat pul və 121,50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 13 fevral 2023-cü il tarixli, 9/8950 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin mütənasib olaraq 13,80 manat məbləğinin iddiaçıdan, 36,20 manatın cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi (SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesabAZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesabAZ34CTRE********************) qət edilmişdir.

2. Bu qətnamədən Cavabdeh2 xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, ona aid hissədə ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-257/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

4. Bundan sonra Cavabdeh2 tərəfindən mübahisələndirilən qətnamədən verilən apellyasiya şikayətləri uyğun olaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərardadları ilə geri qaytarılmışdır.

5. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)- 257/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə etmişdir.

6. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə qətnaməni rəsmi olaraq əldə edib. O, qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. Lakin məhkəmə qətnaməsi ona təqdim edilməmişdir. Məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli apellyasiya şikayətinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixində qərardad qəbul edilmişdir. Həmin qərardadda göstərilir ki, qətnamə poçt vasitəsilə ona çatdırılmışdır. Lakin qətnamə ümumiyyətlə ona göndərilməmiş, onun nə məhkəmə iclaslarından nə də qətnamədən xəbəri olmamışdır. O, bu hallardan yalnız mülkiyyətinə həbs qoyulduqdan sonra xəbər tutmuşdur. Göstərilənlərə əsasən ərizə təmin edilməli, ötürülmüş müddət üzrlü hesab edilərək mülki iş apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

7. Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 saylı, 07 yanvar 2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 257/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. (hakim E.Məmmədov)

8. Bu qərardaddan Cavabdeh2 xx.xx.2024-cü il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-257/2023 saylı qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 saylı, xx.xx.2025-ci tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, həmin qətnamə poçt vasitəsilə tərəflərə, o cümlədən, Cavabdeh2 göndərilmişdir. Cavabdeh2 ərizəsində sözügedən qətnaməni xx.xx.2024-cü il tarixdə aldığını qeyd etsə də iş materiallarında olan xəbərnamədən göründüyü kimi “Əhədov” soyadlı şəxs Cavabdeh2 adından sözügedən qətnaməni xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almış və apellyasiya şikayəti vermək üçün müddətin əvvəli xx.xx.2023-cü il tarixdən başlamış, həmin müddət xx.xx.2023-cü il tarixdə qurtarmışdır. Daha sonra Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 257/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsinin ona rəsmi qaydada verilməsini xahiş etmiş, ərizəyə 04 dekabr 2024-cü il tarixli, 2(012)-257/2023 saylı məktub ilə cavab verilmiş və həmin məktubda Cavabdeh2 məhkəmə aktının surətinin ona təkrar verilməsi üçün 10 manat dövlət rüsumunun ödənilməli olduğu bildirilmişdir. Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə apellyasiya şikayəti təqdim etməklə müddəti ötürmüş, daha sonra sözügedən qətnamədən xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də hansı səbəbdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin səbəbinin üzrlü olması ilə bağlı onun tərəfindən hər hansı bir sübut təqdim edilməmiş və hər hansı bir sübuta istinad edilməmişdir. Ona görə də məhkəmə buraxılmış prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir.

11. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2-128.3, 129, 130, 133.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

12. Şikayətin dəlilləri bundan ibarətdir ki, işə baxan məhkəmənin prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi barədə mövqeyi əsassız və qanunsuzdur. Belə ki, mübahisələndirilən qətnaməni o yalnız məhkəməyə müraciət etdikdən və xx.xx.2024-cü il tarixdə qətnaməni aldıqdan dərhal sonra şikayət vermək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qeyd olunan halları nəzərə almamış və müddətin ötürülməsini üzürlü hesab etməmişdir. Apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan müddət itirildiyi əsası ilə şikayəti geri qaytarmışdır. Halbuki həmin qətnamədən onun heç bir xəbəri olmamışdır və iştirakı olmadan məhkəmə iclası keçirilmiş, cavabdeh kimi onun barəsində qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh məhkəmə baxışına dəvət olunmamış, iclaslarda iştirak etməmişdir. Qətnamə ona şəxsən təqdim edilməmişdir. Onun ümumiyyətlə bu qətnamdədən məlumatı olmadığı üçün qətnamənin surəti rəsmi qaydada verildiyi gündən hesablanmaqla, apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan müddət buraxılmamışdır. Əgər buraxılsa belə üzürlü səbəbdən buraxılmışdır. Ən əsası məhkəmə qətnaməsi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Əgər o məhkəmə iclasında iştirak etsəydi, çəkişmə prinsipi təmin olunardı. İşin halı ondan ibarətdir ki, Cavabdeh1 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ödənişi icra edir. Onun isə əsas tələbi odur ki, heç bir aidiyyatı olmadığı halda o bu iş üzrə cavabdeh kimi hər hansı mülkiyyət məsuliyyət daşımamalıdır. İşə baxan məhkəmə bu halları nəzərə almamış, əsassız və qanunsuz qərardad qəbul etmişdir. Ona görə də şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

13. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin;

128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir.

Apellyasiya baxışının hədləri

16. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 2(012)- 257/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

17. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir.

19. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 yol-nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş 21481 manatın, avtomobilinin qəza nəticəsində əmtəə dəyərinin itkisi 5100 manatın, hüquqi yardım üçün vəkilə ödədiyi xərc 100 manatın, ödədiyi dövlət rüsumu 168 manatın, ümumilikdə 26849 manatın alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. DİN-i Baş Dövlət Yol Polisi İdarəsinin vəkil sorğusu əsasında vermiş olduğu xx.xx.2022-ci il tarixli məktubdan (arayış) məlum olmuşdur ki, işdə olan 90-ZD885 dövlət qeydiyyat nişanlı “Steyer Daimler PUCH” markalı nəqliyyat vasitəsi (mikroavtobusu) xx.xx.2016-cı il tarixdən ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh2 mülkiyyətindədir. Bu səbəbdən yüksək təhlükə mənbəyi olan avtomobilin mülkiyyətçisi kimi Cavabdeh2 da hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 11 oktyabr 2022-ci il tarixli qərardad ilə Cavabdeh2 iş üzrə cavbadeh qismində cəlb edilmişdir.

21. Həmin tarixdən etibarən, qətnamənin qəbul edildiyi xx.xx.2023-cü il tarixədək keçirilən məhkəmə iclasları barədə Cavabdeh2 qeydiyyat ünvanına məhkəmə bildirişləri göndərilsə də, sonuncunun şəxsən məlumatlandırılması barədə hər hansı sübut (poçt xəbərnaməsi, SMS bildiriş) iş materiallarında aşkar edilməmişdir.

22. İş materiallarından ünvan 2 ünvanına göndərilmiş məhkəmə qətnaməsinin “Əhədov” adlı şəxs tərəfindən qəbul edilməsi görünsə də, həmin şəxsin kimliyi, cavabdehlə qohumluğu və bir ünvanda yaşayıb-yaşamamsı müəyyən edilmir.

23. Bundan əlavə, apellyasiya icraatı zamanı məhkəməyə ünvanlanmış "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 03 nömrəli arayışından müəyyən edilir ki, Cavabdeh2 2013-cü il tarixdən ünvan 4 ünvanda yerləşən yaşayış binasının 25 saylı mənzilində yaşayır.

24. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinin tələbinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

25. Digər tərəfdən Cavabdeh2 hazırkı apellyasiya şikayətində və müddətin bərpası barədə ərizəsində davamlı şəkildə məhkəmə qətnaməsinin ona aid hissədə əsassız olmasını, habelə onun cavabdeh qismində işə cəlb edilməsinin qanunsuzluğunu bildirir.

26. Məhkəmə kollegiyası sadalanan halları əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin üzürlü səbəbdən ötürülmüş hesab edilməsi barədə vəsatəti təmin etməməklə haqlı nəticəyə gəlməmişdir.

27. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti prosesual tələblər baxımından digər hissələrdə qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, əlavə vaxt itkisinin qarşısının alınması və prosessual qənaət prinsipinə uyğun olaraq şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına zərurət yoxdur.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə verilmiş vəsatət təmin olunaraq, apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təhvil verilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.3, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-257/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən “apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə” Cavabdeh2 tərəfindən verilmiş vəsatət təmin edilsin. Mülki iş qeydə alınıb icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təhvil verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar