Məhkəmə qərarları › İş №2(105)-479/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-479/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-479/2022 24.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Xızı Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 2(068)-71/2016 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xızı Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 2(068)-71/2016 saylı qətnaməsi ilə ilə (sədrlik edən, hakim İsgəndər Hacıyev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 302 manat 54 qəpik əsas, 130 manat 71 qəpik faiz, 30 manat dövlət rüsumu, cəmi 463 manat 25 qəpik məbləğində borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 302 manat 54 qəpik əsas, 130 manat 71 qəpik faiz, cəmi 433 manat 25 qəpik məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 23 yanvar 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh cəmiyyət tərəfindən “Dəmir Taksist” kredit kartı vasitəsilə illik 27 faizlə 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Lakin borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29.02.2016-cı il tarixədək Cavabdeh 23 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə 302 manat 54 qəpik əsas, 130 manat 71 qəpik faiz, cəmi 433 manat 25 qəpik məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə onun iştirakı olmadan baxıldığı üçün məhkəmədə vəsatət vermək və banka etdiyi ödənişlərlə bağlı qəbzləri məhkəməyə təqdim etmək imkanından məhrum olmuş, məhkəmə də yalnız qarşı tərəfin apardığı hesablamalara əsasən hazırki qətnaməni çıxarmışdır. Belə ki, onunla bank arasında kredit müqaviləsi bağlanmamış və banka getməmiş, hər hansı bir öhdəlik müqaviləsinə imza atmamışdır. Banka borcunun olub-olmaması məsələsinə aydınlıq gətirmədən məhkəmə bir sıra normalara istinad etməklə onun banka borcunun olması qənaətinə gəlmişdir. Halbuki dəqiq borcun müəyyən edilməsi ilə bağlı məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini zəruri hesab edir. Bundan başqa, məhkəmə onun 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs olunduğunu və yalnız 2021-ci ilin iyul ayının 27-də azadlığa buraxıldığını və həbsdə olmağı ilə bağlı ödənişləri etmək imkanından məhrum olunduğunu nəzərə alaraq əsas borca görə faizin hesablanmasını ləğv etməli olduğu halda, bunu etməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 23.01.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədəki imzalar ona məxsusdur. Həqiqətən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə belə bir müqavilə bağlamış və ona kredit kartı verilmişdir. Həmin kartdan istifadə etsə də, imkanı olmadığından krediti ödəyə bilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə bağlanmış K/X 043 AZN saylı, 23.01.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh 12 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmış, ona bank hesabı (cari, ssuda) açılmış və plastik kart təqdim verilmişdir. İş materiallarında olan 29.02.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29.02.2016-cı il tarixə əsas borcu 302,54 manat, faiz borcu 130,71 manat, cəmi borcu 433,25 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı tərəfindən Cavabdeh ünvanlanmış 20 aprel 2015-ci il tarixli məktubdan görünür ki, borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə bağlanmış 23.01.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh 12 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmış, ona bank hesabı (cari, ssuda) açılmış və plastik kart təqdim edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri ödəmə müddəti ərzində aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması mülki işin materialları və cavabdehin izahatı ilə də inkar edilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehdən 302,54 manat əsas, 130,71 manat faiz borcunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi nəticəsinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində onunla bank arasında kredit müqaviləsi bağlanmadığını və banka getmədiyini, hər hansı bir öhdəlik müqaviləsinə imza atmadığını qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh 23.01.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədəki imzaların ona məxsus olduğunu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə belə bir müqavilə bağladığını, ona kredit kartı verildiyini, həmin kartdan isitfadə etsə də, imkanı olmadığından krediti ödəyə bilmədiyini göstərmişdir. Həmçinin işdən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər Cavabdeh rəsmi qeydə alındığı ünvana göndərilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh məhkum olunması onu kredit müqaviləsi üzrə faizləri ödəməkdən azad olunması üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, iddiaçının tələb etdiyi məbləğ beş min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xızı Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 2(068)-71/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar