Məhkəmə qərarları › İş №2(105)-479/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-479/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-479/2024 04.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin nümayəndəsi X4, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(012)-202/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları "xxxx" KB QSC ilə Cavabdeh2 arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə illik 27 faizlə 36 ay müddətinə 10000 manat kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada bankın xeyrinə xx.xx.2015-ci il tarixli 1xx/xx/111814/15 saylı kredit müqaviləsi üzrə 6804,42 manat məbləğində əsas borc, 4991,9 manat məbləğində faiz borcu, 3319,07 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 948,1 manat faiz borcu olmaqla, ümumilikdə 16063,49 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bank ilə Cavabdeh2 arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən illik 27% ödənilməsi şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə iddiaçı bank arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli rəyinə əsasən iş kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixinə qədər əsas borc üzrə 6804,42 manat, faiz borcu üzrə 4991,90 manat, cərimə borcu üzrə 3319,07 manat və illik 5 faiz hesablanmaqla əldən çıxmış fayda üzrə 948,10 manat təşkil edir. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(012)-202/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6804,42 manat kredit borcu, 4991,90 manat faiz borcu, 50 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5% olmaqla 948,10 manat faiz borcu olmaqla, cəmi 12794,42 manat pul və 30 manat dövlət rüsumunun əvəzinin LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Məlahət Abbasova). İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi qətnaməni tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, yəni müqavilələrdə nəzərdə tutulan pul vəsaitini cavabdehə verməsi, lakin cavabdehin kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməməsi, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməməsi ilə əsaslandırmışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 462.1, 463.1, 465.2, 467, 472.1, 472.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat Cavabdeh Əhədov X2 Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(012)- 202/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə çox ciddi prossesual qanun pozuntuları ilə çıxarıldığı üçün ləğv edilməlidir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı qarşısında olan öhdəlik üzrə borc cavabdeh tərəfindən faktiki olaraq ödənilmişdir. Belə ki, bank tərəfindən verilmiş “hesabdan çıxarış” adlı sənəddən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək cəmi 22538,64 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə borcu təsdiq edən yalnız maliyyə arayışı təqdim edilmişdir və cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən sübutlar təqdim edilmədiyini (edildiyini) məhkəmə nəzərə almamışdır. Məhz bu səbəbdən məhkəmədə borcun vaxtında qaytarılmadığı haqqda yanlış fikir yaranmışdır. Məhkəmə cavabdeh tərəfindən aparılan ödənişləri nəzərə almamışdır, borcun yaranma səbəblərini araşdırmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-927/2023 nömrəli 31 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər –Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova). Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianı rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı qarşısında olan öhdəlik üzrə borc cavabdeh tərəfindən faktiki olaraq ödənilmişdir. Belə ki , bank tərəfindən verilmiş “hesabdan çıxarış” adlı sənəddən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2015 il tarixindən xx.xx.2016-cı il tarixinədək cəmi 22 538,64 manat ödəniş edilmişdir və borcu yoxdur. Prosessual pozuntulara gəldikdə isə, işə cavabdeh və onun vəkili məhkəmə iclasına vaxtında baxıldığı zaman gəlmişlər. Lakin məhkəmə cavabdeh tərəfi məhkəmə iclas zalına dəvət etməmişdir. Yalnız iclas vaxtı keçdikdən sonra sədrlik edən hakim bildirmişdir ki, artıq iclas bitmişdir, cavabdehin kimin şikayəti ilə və hansı məhkəmədə olduğu hakimə məlum olsa da (cavabdehi məhkəmə iclas zalının qarşısında görmüşdür), səhvən onu dəvət etmədən iclas keçirərək qətnaməni elan etmişdir. AR Ali Məhkəməsinin 2(102)-3682/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2023-cü il tarixli, 2(105)-927/2023 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Mehparə Əhmədova (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev). Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər və həmçinin iddia tələbinin cavabdeh zamin olan Cavabdeh1 aid hissədə təmin edilməli olmadığını bildirdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi və həmçinin iddia tələbinin cavabdeh zamin olan Cavabdeh1 aid hissədə təmin edilməməsinə etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilməklə iddia tələbi ona aid hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid 6804,42 manat kredit borcunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh2 6772,77 manat məbləğində kredit borcu iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulmalı və qətnamə Cavabdeh2 aid digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin 2(102)-3682/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarının 44cü bəndində cavabdehin apellyasiya şikayətində qeyd olunan kredit müqaviləsi üzrə borcunu tam ödəməsi barədə iddiaçının təqdim etdiyi hesabdan çıxarışı şübhə altına alacaq hesabdan çıxarışı təqdim etməsi və həmin hesabdan çıxarışdan xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adına yaradılmış hesab üzrə borcun xx.xx.2016-cı il tarixdə bağlanmasına istinad edərək, sübutlara hüquqi qiymət verilməsi məqsədilə iş yenidən apellyasiya baxışına qaytarılmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmənin 29 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 16 iyun 2015-ci il tarixli 1xx/xx/111814/15 saylı kredit müqaviləsinə əsasən cavabdehin təqdim etdiyi hesabdan çıxarışa əsasən xx.xx.2015-xx.xx.2019-cu il tarixləri arasında aparılan ödənişlərin əsas borca, faiz borcuna və cərimə borcuna hansı məbləğdə silinməsinin müəyyən edilməsi və iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim olunan çıxarış cədvəlləri üzrə Cavabdeh2 tərəfindən xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı tarix üzrə cavabdehin kartdan istifadə üzrə götürdüyü kredit məbləğinin 15.326,78 manat olması, götürülmüş həmin kredit üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ümumilikdə 11.214 manat borc məbləğinin ödənilməsi, ödənilən 11.214 manat borcun 2704,80 manat hissəsinin xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı tarixədək faiz borcuna aid olmasının tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə hazırki mübahisənin faktiki hallarına tam uyğunluğunun müəyyən edilməsi məqsədilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2024-cü il tarixli, 3-16-16/2-9/2374/2024 nömrəli ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış melumatları və tərəflər arasında bağlanmış 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 sayll kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 iddiaçı "xxxx" KB QSC-yə sualda qeyd edilən tarixə, yəni xx.xx.2019-cu il tarixə olan borcu ( əsas borc üzrə 6772,77 manat və faiz borcu üzrə 5328,48 manat olmaqla) 12.101,25 manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında Cavabdeh2 bildirmişdir ki, hissə-hissə kart vasitəsilə ümumilikdə 14200 manat məbləğində borc pul götürmüş, götürülmüş həmin pulun müqabilində isə ümumilikdə 15488 manat ödəniş etmişdir. Lakin cavabdehin həmin dəlili iş materiallarına əsasən təsdiq edilmir. Belə ki, iş materiallarına əsasən, 16 may 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən ümumilikdə 11268,74 manat borc ödənilmiş, ödənilən həmin borcun 8487,61 manat hissəsi əsas borca, 2781,13 manat hissəsi isə faiz borcuna hesablanmışdır.Bundan əlavə, cavabdeh apellyasiya şikayətində, eləcə də kassasiya şikayətində onun tərəfindən cəmi 22538,64 manat ödəniş edildiyini qeyd etsə də, iş materiallarına, eləcə də cavabdehin özünün yuxarıda qeyd olunan izahatına əsasən bu təkzib olunur. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, ekspert rəyinə əsasən onun 6772,77 manat məbləğində əsas borcu yaranmışdır. Faiz borcunun hesablanmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi ilə faiz borcu üzrə Cavabdeh2 borcu 5.328,48 manat müəyyən edilsə də, iddiaçı iddia tələbində 4991,90 manat faiz borcu tələb etmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının iddia tələbinin həcmini nəzərə alaraq qeyd edir ki, faiz borcu iddia tələbi həcmində tutulmaqla cavabdehin faiz borcu üzrə iddiaçıya olan borcu 4991,90 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki işin halları ilə bağlı isə müstəsna hallar müəyyən edilməmişdir. İddia tələbinin dəbbə puluna dair hissəsində birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2015-ci il tarixli müqavilə üzrə hesablanmış 3319,07 manat cərimə azaldılaraq 50 manat müəyyən edilməlidir. Məhkəmə kolllegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qətnamə qeyd edilən hissələrdə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh zaminə münasibətdə də qanuni və əsaslı hesab edərək Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə istinad etməklə qeyd etmişdir ki, borc müştərək qaydada tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı kredit müqaviləsi 36 ay müddətinə bağlandığından müqavilə üzrə öhdəliklərin icrası cavabdeh zamin Cavabdeh1 dair hissədə xx.xx.2018-ci il tarixdə bitmişdir. Buna görə yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri baxımından onunla xx.xx.2015-ci il tarixli müqavilədən başqa müqavilə bağlanmadığından zaminliyə xitam verilmişdir. Zamin Cavabdeh1 münasibətdə müddətin ötürülməsini iddiaçının nümayəndəsi də məhkəmə kollegiyasının iclasında etiraf etmiş və iddia tələbinin ona münasibətdə təmin olunmamasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilməklə iddia tələbi ona aid hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid 6804,42 manat kredit borcunun tutulması hissəsində dəyişdirilməli və Cavabdeh2 6772,77 manat məbləğində kredit borcu iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulmalı və qətnamə Cavabdeh2 münasibətdə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(012)-202/2022 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilsin, iddia tələbi ona aid hissədə təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(012)-202/2022 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə, 6804,42 manat kredit borcunun tutulması hissəsində dəyişdirilsin,Cavabdeh2 6772,77 manat məbləğində kredit borcu iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulsun. Qətnamə Cavabdeh2 aid digər hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar