Məhkəmə qərarları › İş №2(105)-481/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-481/2023

14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-481/2023 14.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Tofı̇ q oğluna qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh Tofı̇ q oğluna qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli 2(060)-5854/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 1511,97 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə isə 1541,97 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixində 212 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-in Sumqayıt QİS tərəfindən **********10010 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1702AZ**********66 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1512 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 1511,97 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. xx.xx.2019-cu il tarixli 212 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin təsdiq olunmuş surətindən görünür ki, “Azəriqaz” İB abonent Cavabdeh istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etməyi, Cavabdeh isə həmin qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

5. Abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh adına xx.xx.2017-ci il tarixdə açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə ümumilikdə 1512 manat borc hesablanmışdır.

6. 0196660 saylı xx.xx.2019-cu il tarixli aktın təsdiq olunmuş surətlərindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh adına açılmış G-4 markalı 17-073666 nömrəli qaz sayğacına müdaxilə olunması, sayğacdan kənar, rezin boru vasitəsilə qazdan qeyri-qanuni istifadə olunması faktı aşkar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(060)-5854/2020 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 1511,97 (bir min beş yüz on bir manat doxsan yeddi qəpik) manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 1541,97 (bir min beş yüz qırx bir manat doxsan yeddi qəpik) manat məbləğində pulun tutularaq iddiaçı “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə etmiş, sayğacdan kənar, rezin boru vasitəsilə qazdan qeyri-qanuni istifadə etmişdir. Bu halı iddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2019-cu il tarixli akt və ona əlavə edilmiş foto-şəkillər də təsdiq edir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 21, 1096.1, 1096.2 və 443.1-ci maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216 və 220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(060)-5854/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Məhkəmə qətnamə qəbul edərkən işi araşdırmamışdır. Qətnamədə qeyd edilmişdir ki, guya o, qaz sayğacına müdaxilə etmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Akt onun iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə iclaslarına dəvət edilməmişdir. Bu səbəbdən də məhkəmədə iştirak edərək öz etirazlarını məhkəməyə bildirə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Maddə 1096.1, 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.

21. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir.

22. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi qiymətləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

24. Həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, “Azəriqaz” İB abonent Cavabdeh istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etməyi, Cavabdeh isə həmin qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Sayğacdan kənar qaz xəttinə qoşularaq təbii qazdan istifadəyə görə cavabdehə 1512 manat borc hesablanmışdır. Sayğac abonentin mənzilinin daxilində deyil, kənarda quraşdırılmışdır.

26. İddiaçı cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktlarının aşkar olunması, aşkar olunmuş faktların yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilməsi, cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktların Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmasını əsas gətirərək, 1511,97 manat məbləğində zərərin cavabdehdən tutularaq iddiaçı “Azəriqaz” İB-nın hesabına ödənilməsini xahiş etmişdir.

27. Birinci istansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilərək təmin edilmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır.

29. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

32. İşin müəyyən edimiş hallarından göründüyü kimi iddiaçı iddia tələbinin əsası olaraq təbbi qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktı, tərəflər arasında bağlanmış Qazın alqı-satqısı Müqaviləsi və iş materiallarına əlavə edilmiş fotoşəkili göstərmişdir.

33. Məhkəmə kollegiyası həmin sübutların qiymətləndirilməsini apararaq aşağıdakıları qeyd edir.

34. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı akt formal olmaqla, cavabdehin iştirakı olmadan tərtib edilmiş, yuxarıda istinad olunan Qaydaların tələblərini pozmuşlar.

35. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı iddiaçı tərəfə qeyd olunan aktın tərtibində iştirak edən şəxslərin iştirakının təmin edilməsi təklif olunasada, həmin şəxslərin iştirakı təmin edilməmişdir.

36. Qaydalara əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir.

38. Bundan başqa, iş materiallarına əlavə edilmiş fotoşəkillə göstərilən qaz xəttinə qanunsuz qoşulmanı, həmin kənar xəttin cavabdehə məxsus yaşayış sahəsinə aid olduğunu müəyyən etmək mümkün deyildir.

39. Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

40. Qanunvericinin şərh olunan göstərişindən göründüyü kimi istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

41. Məhkəmə kollegiyası hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması tələb olunur.

42. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir.

43. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, cavabdehin bəhs edilən delikt öhdəliyinin yaranması üçün əməl ilə zərər arasında səbəbli əlaqə və təqsiri müəyyən edilmədi.

44. Cavabdehlə qazın alqı-satqısına dair müqavilə bağlanması isə hazırkı halda iddianın təmin edilməsinə əsas vermir.

45. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Məhkəmə kollegiyası bu şərh olunanlara əsasən hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçının təqdim etdiyi sübutlar isə natamam olmaqla iddianın təmin edilməsi üçün əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi natamam sübutlar əsasında iddianı təmin etməkdə haqlı olmamışdır.

48. Məhkəmə kollegiyası şikayətin, cavabdehin birinci instansiya məhkəməsindəki icraat zamanı məhkəmə iclasları barədə məlumat verilməməsi ilə bağlı dəlilini isə əsassız hesab edir.

49. İş materiallarından görünür kimi cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışdır.

50. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli 2(060)-5854/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli 2(060)-5854/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh Tofı̇ q oğluna qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar