Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-482/2021 28.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-846/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-846/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Adil Vəliyev) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(029)-91/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə xx xxxxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh xx xxxxxxxx 2015-ci il təvəllüdlü Mehribanın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edib Cavabdeh ilə evlənmişdir. Birgə yaşadıqları müddətdə xx xxxxxxxx 2015-ci tarixdə Mehriban adlı uşaqları anadan olmuş, nikahlarını xx xxxxxxxx 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Ailə münasibətləri pisləşdiyi üçün Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və azyaşlı Mehribanın saxlanması üçün Cavabdeh onun xeyrinə 100 manat aliment tutulmuşdur. Həmin məbləğ uşağın cuzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. O, heç bir yerdə işləmir, uşağın saxlanmasında çətinlik çəkir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız və ədalətsiz hesab edir. Belə ki, onun hər ay 150 manat məbləğində aliment ödəməyə imkanı yoxdur. Hazırda uşağın saxlanması üçün hər ay iddiaçıya 100 manat məbləğində aliment ödəyir və heç bir aliment borcu yoxdur. Bundan başqa, iddiaçıdan ayrıldıqdan sonra Sevinc adlı başqa bir qadınla yenidən ailə həyatı qurmuş və həyat yoldaşı 24 həftəlik hamilədir. Bununla bağlı həkim üçün də xərclər çəkir. Bundan başqa, atası, anası və bacısı da onun himayəsindədirlər, ailənin ümumi dolanışığını o, təmin edir. Ailədə yeganə qazanc gətirən şəxs odur, digər ailə üzvlərinin heç biri işləmir, qazanc əldə etmir. 2020-ci il üzrə ölkədə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən olunmuşdur. Lakin, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın borcudur, yəni valideynlər hər ikisi həmin 170 manat minimum həyat səviyyəsini təmin etməlidirlər. 170 manatın yarısı 85 manat təşkil edir. O isə hazırda hər ay 100 manat məbləğində aliment ödəyir. Alimentdən əlavə uşağı Mehribanla görüşərkən ona lazım olan geyim əşyalarını da alıb verir. Lakin məhkəmə həmin halların heç birini nəzərə almamış, onun hansı miqdarda aliment ödəmək iqtidarında olmağını, ümumi maddi və ailə vəziyyətini və s. halları ətraflı araşdırmamış və düzgün olmayaraq ondan tutulan alimentin miqdarının artırılması qənaətinə gəlmiş, nəticədə onun mənafeyi əsassız şəkildə pozulmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2020-ci ilin noyabrından fəhlə işləyir, aylıq maaşı 250 manatdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahından xx xxxxxxxx 2015-ci il tarixdə X5 anadan olmuşdur. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2(029)-91/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X6 qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh ilə X10 arasında bağlanmış, xx xxxxxx 2014-cü il tarixdə Qusar RİHB-nın Qalacıq kənd İƏD üzrə nümayəndəliyində 07 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra uşaqları-xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş X3 anası X4 yanında qalması, xx xxxxxx 2017-ci il tarixdən başlayaraq azyaşlı xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün iddiaçı Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub cavabdeh X6 verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında olan nikahın pozulması xx xxxx 2017-ci il tarixdə Qusar rayon qeydiyyat şöbəsində 27 sayla qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, xx xxxxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 120 manat sabit pul məbləğində alimentin tutulmasına razıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X14 arasında olan nikah xx xxxx 2019-cu il tarixdə bağlanılaraq 04 sayla qeydə alınmışdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Yeni Həyat tibb məntəqəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X11 hazırda hamilədir. İş materiallarına əlavə olunmuş Qusar rayon İHB-nın Qalaçuq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 388 arayışdan görünür ki, Cavabdeh ailə tərkibi atası X7, anası X1, bacısı Əskərova Kövsər Qərib qızından və həyat yoldaşı X8 ibarət vardır. İş materiallarına əlavə olunmuş fərdi sahibkar X9 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ona məxsus bağ təsərrüfatında xx xxxxxx 2020-ci il tarixdən fəhlə işləyir, aylıq maaşı 250 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Qusar Rayon Məhkəməsinin 2(029)-91/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh X6 qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh ilə X10 arasında bağlanmış, xx xxxxxx 2014-cü il tarixdə Qusar RİHB-nın Qalacıq kənd İƏD üzrə nümayəndəliyində 07 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra uşaqları-xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş X3 anası X4 yanında qalması, xx xxxxxx 2017-ci il tarixdən başlayaraq azyaşlı xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün iddiaçı Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub cavabdeh X6 verilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2017-ci ildə yaşayış minimumu uşaqlar üçün 136,60 manat məbləğində müəyyən edilmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-91/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qəbul olunan vaxtdan keçən 3 il 6 aydan artıq müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ artmış, bu isə iddiaçının uşağın saxlanmasına, tələbatının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. Həmçinin “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, xx xxxxxxxx 2015-ci il təvəllüdlü X5 iddiaçının himayəsindədir, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşür. Digər tərəfdən, Qusar Rayon Məhkəməsinin 2(029)-91/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdarının müəyyən edildiyi 2017-ci ildən sonra istehlak mallarının qiymətində bahalaşma olduğundan, uşağın saxlanılması üçün hər ay 100 manat məbləğində aliment istehlak bazarında mövcud olan hazırki real qiymətlərlə uzlaşmır və uşağın minimal tələbatlarının ödənilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Cavabdeh Qusar Rayon Məhkəməsinə yazdığı ərizə ilə müəyyən edilir ki, xx xxxxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 120 manat sabit pul məbləğində alimentin tutulmasına razıdır. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay uşağa görə 150 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Digər tərəfdən, qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı X4 artırılmasını tələb etdiyi alimentin bir illik miqdarı iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-846/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-482/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-482/2021
28.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver