Məhkəmə qərarları › İş №2(105)-482/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-482/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-482/2023 28.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 Vəlı̇ əddı̇ n oğluna və Əbdürəhmanova Sevı̇ l İ̇lham qızına qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 Vəlı̇ əddı̇ n oğluna və Əbdürəhmanova Sevı̇ l İ̇lham qızına qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli e-2(060)-5566/2022 nömrəli qətnaməsindən Cavabdeh1 Vəliədin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FM № 1385/f-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FM № 1385/f-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 5664.93 AZN əsas, 14,50 AZN faiz, 11,57 AZN cərimə borcu olmaqla, cəmi borcu 5691 AZN məbləğində borcun və tərəflərindən ödənilmiş 76.91 AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh1, zamin - Cavabdeh2) birgə qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FM № 1385/F19 saylı güzəştli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 %, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 5854,47 AZN (beş min səkkiz yüz əlli dörd manat qırx yeddi qəpik) məbləğində kredit verilmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1, Turan Bank ASC və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 1385/f-19-10 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2022-ci il tarixinə "xxxx" ASC-yə 5664.93 AZN (beş min altı yüz altmış dörd manat doxsan üç qəpik) əsas, 14,50 AZN (on dörd manat əlli qəpik) faiz, 11,57 AZN (on bir manat əlli yeddi qəpik) cərimə borcu olmaqla, cəmi borcu 5691 AZN (beş min altı yüz doxsan bir manat) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FM N 1385/f-19 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0.1 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhtəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4cü bəndə əsasən borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. xx.xx.2019-cu il tarixli, FM № 1385/F19 saylı güzəştli kredit müqaviləsindən görünür ki, TuranBank ASC-nin “Binəqədi” filialı Cavabdeh1 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 5854.47 manat məbləğində kredit vermişdir.

5. xx.xx.2019-cu il tarixli, 1385/f-19-10 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli, FM № 1385/F19 saylı güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür.

6. Maliyyə arayışından görünür ki, iddiaçı TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, FM № 1385/F19 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 5664.93 manat əsas borc, 14,50 manat faiz borcu, 11,57 manat cərimə borcu olmaqla, ümumilikdə 5691 manat borcu yaranmışdır.

7. 06.04.2022-ci il tarixli, 166 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq ünvanlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, e-2(060)- 5566/2022 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə "xxxx" ASC-nin “Binəqədi” filialı arasında bağlanmış xx.xx.2019cu il tarixli, FM № 1385/F19 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, FM № 1385/F19 saylı güzəştli kredit müqaviləsi üzrə 5664,93 (beş min altı yüz altmış dörd manat doxsan üç qəpik) manat əsas borc, 14,50 (on dörd manat əlli qəpik) manat faiz borcu, 11,57 (on bir manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 5691 (beş min altı yüz doxsan bir) manat məbləğində borc və ödənilmiş 76,91 (yetmiş altı manat doxsan bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, FM № 1385/F19 saylı güzəştli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 423.2, 739.1, 739.2, 442, 443.1, 445.2.1, 472.1, 462.1, 467-ci maddələri, Mülki Prosessual Məcəllənin 119.1, 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

11. Cavabdeh1 Vəliədin oğlu apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5566/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, Cavabdeh1 ilə "xxxx" ASC-nin "Binəqədi" filialı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, FM No 1385/F19 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli FM No 1385/F-19 saylı güzəştli kredit müqaviləsi üzrə 5664,93(beş min altı yüz altmış dörd manat doxsan üç qəpik) manat əsas borc, 14,50 (on dörd manat əlli qəpik) manat faiz borcu, 11,57 (on bir manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 5691 (beş min altı yüz doxsan bir) manat məbləğində borc və ödənilmiş 76,91 (yetmiş altı manat doxsan bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsində ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli FM No 1385/F-19 saylı güzəştli kredit müqaviləsi üzrə 4.814,93 manat borcun tutulması barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdən sonrakı müddətdə hazırkı kredit müqaviləsi üzrə 850 manat ödənişi olmuşdur. Lakin Sumqayıt Şəhər Məhkəməsi qətnamə qət edərkən həmin halı nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Cavabdeh1 Vəliədin oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

15. Cavabdeh2 apellyasiya şikayətini qəbul edərək təmin olunmasını xahiş etdi.

16. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qismən qəbul edərək bildirdi ki, cavabdeh tərəfindən müntəzəm olaraq ödənişlər edilir, hal-hazırda cavabdehin banka olan borcu 4480.46 (dörd min dörd yüz səksən manat qırx altı qəpik) manat təşkil edir, qətnamənin dəyişdirilməsini və apellyasiya şikayətinin qismən təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5566/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını qanunauyğun hesab edir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.

22. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

25. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən tərəflər arasında qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır.

28. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemi ilə məhkəməyə daxil olmuş 15 mart 2023-cü il tarixli 114 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, 1385/f-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinədək borcalan Banka 900 manat, xx.xx.2022-ci il tarixdən sonra isə 825 manat ödəniş etmişdir. Hal-hazırda isə borcalanın Banka 4480, 46 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

29. İşin müəyyən edilmiş faktiki hallarından görünüdüyü kimi kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinədək, eləcə də həmin tarixdən sonra borcalan tərəfindən ödənişlər aparılsa da bu ödənişlərlə bağlı hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və yekun məhkəmə qətnaməsi çıxarılarkən nəzərə alınmamışdır.

30. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin ödənişlərin nəzərə alınmaması barədə şikayətinin dəlilini əsaslı hesab edir və birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aktı qəbul edilərkən mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlinmədiyini hesab edir.

31. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə müəyyən edilir ki, cavabdehin mübahisə predmeti olan kredit müqaviləsi üzrə faiz və cərimə borcu olmamaqla, qalıq borcu 4480,46 manat təşkil edir.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin banka olan əsas borcu 4480,46 manat məbləğində müəyyən edilməlidir.

33. Odur ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən cəmi 5691 manat borcun tutulması hissədə dəyişdirilərək, cavabdehlərdən müştərək qaydada 4480,46 manat əsas borcun tutulması müəyyən edilməlidir.

34. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən ödənilmiş dövlət rüsumunun 16,16 manatı iddiaçıya aid edilməli, 60,75 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, e-2(060)-5566/2022 nömrəli qətnaməsi «cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli FM No 1385/F-19 saylı güzəştli kredit müqaviləsi üzrə 5664,93(beş min altı yüz altmış dörd manat doxsan üç qəpik) manat əsas borc, 14,50 (on dörd manat əlli qəpik) manat faiz borcu, 11,57 (on bir manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 5691 (beş min altı yüz doxsan bir) manat məbləğində borc və ödənilmiş 76,91 (yetmiş altı manat doxsan bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun» hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli FM No 1385/F-19 saylı güzəştli kredit müqaviləsi üzrə 4480,46 (dörd min dörd yüz səksən manat qırx altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,75 (altmış manat yetmiş beş qəpik) manat tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar