Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-482/2024 11.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maneələrin qadağan edilməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(029)-626/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “maneələrin qadağan edilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Samur qəsəbəsində yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh yaratdığı maneələrin (ölçmə işlərinə etdiyi müdaxilələrin) aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun gəlini olmuşdur. X6 cavabdeh Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-306/2023 saylı qətnaməsinə əsasən boşanmışlar. Onun oğlu cavabdehlə evlənməmişdən öncə o, Qusar rayonunu, Samur qəsəbəsindən fərdi yaşayış evi tikmək məqsədi ilə 0,06 ha həyətyanı torpaq sahəsi almış və həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair xx.xx.2021-ci il tarixdə çıxarış almışdır. Həmin çıxarış DƏDRX-nin Qusar rayon ərazi idarəsi tərəfindən ********** qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsində o, fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evə dair qaz və işıq çəklişi ilə bağlı bütün lahiyyə və smetası işlənərək onun adına verilmişdir. Hal-hazırda Cavabdeh ona məxsus fərdi yaşayış evinə yığışaraq həmin evdən çıxmaq istəmir. Eyni zamanda o, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd əldə etmək məqsədi ilə Qusar rayon İcra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin eləcə də DƏDRX-nin Qusar rayon ərazi idarəsinə müraciət etmişdir. Müraciəti əsasında DƏDRX-nin Qusar rayon Ərazi İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə Qusar rayon Samur qəsəbəsində yerləşən ona məxsus olan fərdi yaşayış evində ölçü işləri aparmaq istəyərkən Cavabdeh və onun anası Qusar Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işləri aparmaq üçün maneələr yaratdılar. Bu səbəbdən Qusar rayon Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işləri aparmaq mümkün olmadı. Cavabdehin bu qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Samur qəsəbəsində yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi İddiaçı məxsusdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
5. Qusar Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(029)-626/2023 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia tələbi təmin edilsin, Qusar rayon Samur qəsəbəsində yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 157.4 və 158.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti və onun dəlilləri
7. Qusar Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(029)-626/2023 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, Qusar rayon Samur qəsəbəsində yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına maneçilik törədilməsi ona qadağan edilməlidir. Qusar rayonu, Samur qəsəbəsində yerləşən torpaq sahəsi onun və X2 birgə nikah dövründə alınmış və fərdi yaşayış evi tikilmişdir. Həmin yaşayış evinin tikilməsi üçün olan vəsaiti isə o, özü ödəmişdir. Bunu əks etdirən bank hesabından çıxarış da apellyasiya şikayətinə əlavə edilmişdir. Buradan da aydın görünür ki, sözügedən yaşayış evi tərəflərin birgə nikah dövründə tikilib və tikilməsi onun ödədiyi vəsaitin hesabına başa gəlib. Sonradan həmin torpaq sahəsi DƏDRX-in Qusar rayon ərazi idarəsi tərəfindən ********** nömrə ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin müddəlarına əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Onun tərəfindən “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə” dair iddia qaldırılacaqdır. Bu barədə ilkin addımlar da artıq atılmışdır. Bu səbədən də onun sözügedən torpaq sahəsində və yaşayış evində yaşaması, iddiaçıya bəzi maneələr göstərməsi tamamilə qanuni və əsaslıdır. Digər bir tərəfdən iddiaçı alınmış torpaq sahəsinin və tikilmiş yaşayış evinin tərəflərin birgə nikahı dövründə əldə edildiyini bildiyi halda ona qarşı “maneələrin qadağan edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə işin hallarını lazımi qədər dərindən araşdırmamış və iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Bu səbəbdən də məhkəmənin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Hesab edir ki, qətnamə ləğv edilməlidir. Məhkəmə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququna dair sənədi əsas götürərək, formal həqiqət prinsipini rəhbər tutmaqla qərar qəbul etmiş, lakin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Belə ki, həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, onun üzərində tikilmiş fərdi yaşayış evinin iddiaçıya heç bir aidiyyəti yoxdur. O, iddiaçının gəlini olmuşdur. Onun X6 arasındakı Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-306/2023 saylı qətnaməsinə əsasən boşanmışlar. Həmin ev iddiaçının oğlu ilə onun birgə nikahı dövründə, onların ümumi birgə gəlirləri hesabına tikilmişdir. Hazırkı mülki işə baxan məhkəmə onu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar etmədiyindən o, məhkəmə iclasında iştirak etməmiş, öz hüquqlarının müdafiəsini həyata keçirə bilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
11. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(029)-626/2023 nömrəli qətnaməsi dəyişdiriləmədən saxlanılmalıdır.
17. Belə ki, məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar rayonu Samur qəsəbəsində yerləşən 0.06ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən evə dair özünün mülkiyyət hüquqlarını həyata keçirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin əmkdaşlarına müraciət olunmuş, lakin həmin idarələrin əməkdaşları tərəfindən müayinə aparılmasına Cavabdeh tərəfindən maneçiliklər törədilmişdir. Bununla da, iddiaçının mülkiyyət hüququ pozulmuşdur.
18. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir.
19. Cavabdeh məhkəmə qətnaməsi ilə razlaşmayaraq apellyasiya şikayəti vermişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
21. Kollegiya apellyasiya şikayətinə münasibət bildirərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır.
22. Belə ki, göründüyü kimi iddiaçı, mülkiyyət hüququ ilə ona məxsus olan ərazidə mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneənin aradan qaldırılmasını tələb edir. Cavabdeh şikayətin dəlili olaraq mübahisə predmeti olan torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin birgə nikah dövründə onun və keçmiş ərinin (iddiaçının oğlu) birgə vəsaitləri hesabına əldə edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlak olmasını göstərsə də istinad etdiyi hallara dair nə birinci instansiya məhkəməsindəki araşdırma zamanı, nə də kollegiya araşdırması zamanı heç bir mötəbər sübut təqdim etməmişdir.
23. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Şikayətin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Şikayətin dəlili formal olmaqla heç bir sübuta əsaslanmır, odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(029)-626/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.