Məhkəmə qərarları › İş №2(105)-483/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-483/2021

12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-483/2021 12.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qüsurlu görülmüş iş nəticəsində vurulmuş zərərin əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-140/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-140/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X1 1500 (min beş yüz) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim İ.Xəlilov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-140/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən gördüyü işin qüsurları nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 1500 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 1530 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, “Ariz” şadlıq sarayının yaxınlığındakı ərazidə mülkiyyət hüququ ilə ona məxsus 0,012 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə tanınır. Həmin torpaq sahəsində yaşayış evinin inşa edilməsi üçün usta axtarmışdır. Cavabdehi 2 ilə yaxındır ki tanıyır. Belə ki, o yaşadığı Qədəş-oba kəndində bir neçə yaşayış evi inşa etmişdir. Ona görə də qərara gəlmişdir ki, özünə məxsus torpaq sahəsində yaşayış evi tikdirsin. Cavabdehlə görüşmüş o, evin tikiləcək torpaq sahəsinə baxış keçirib, orada ev tikməyə razılıq vermişdir. 2019-cu ilin yanvar ayının 4-də evlərinin bünövrəsini atmışdır. Cavabdeh isə onları 7 ay müddətinə süründürməçiliyə salmışdır. İşə görə 4750 manat pul almış, işi qüsurlu yerinə yetirmiş, evin təmir layihəsini düzgün müəyyən etməmişdir. Etdiyi işi hesabladığından da çox, əlavə olaraq 150 manat pul tələb etmişdir. İşlədiyi vaxtdan 7 ay ərzində təmir aparmaq üçün evə çox az-az gəlmişdir. Başqa usta isə gəlib evə baxdıqda görmüşdür ki, işlər düzgün yerinə yetirilməyib. Bu səbəbdən təzədən bütün işlərin aparılması nəzərdə tutulmuşdur. Usta yanında işləyən fəhlə də özü kimi işə hərdən bir gəlmişdir. Artıq yağış yağanda evinin damı olmadığı üçün təhlükəli ola bilər. Cavabdeh isə gəlib işini yerinə yetirmir. Bu barədə polisə də məlumat vermiş və polisdən heç bir cavab almamışdır. Hazırda o, tikinti işlərinin davam etdirməsi üçün başqa usta dəvət etmişdir. Həmin usta bildirmişdir ki, evin dioaqanalı və səviyyəsi güzgün qoyulmamışdır. Həmin pozuntuları aradan qaldırmaq üçün əlavə işlər görülməlidir. Bu işlərin təxmini dəyəri isə 1500 manat civarındadır. Beləliklə cavabdeh işdə buraxdığı qüsurlara görə ona 1500 manat zərər vurmuşdur və buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarıldığından ləğv olunmalıdır. Belə ki, qətnamə ilə pulun ondan nəyə görə tutulması əsaslandırılmamışdır. İddiaşı gördüyü işə görə ona 4200 manat zəhmət haqqı vermişdir, halbuki bu məbləğ 4412 manat olmalı idi. İş üzrə ekspertiza rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,012 ha həyətyanı torpaq sahəsində mişar daşından inşa edilmiş iki mərtəbəli yaşayış evinin mərtəbə arası 5*20 sm olçüdə quraşdırılmış taxta atmalar divarın künc hissəsində quraşdırılmamışdır. Həmin taxta tirlərin quraşdırılan zaman yaranmış qüsurlarının aradan qaldırılması üçün aparılmalı olan tikinti-təmir işlərinin dəyəri 180 manat (usta pulu 100 manat, və taxta atmaların dəyəri 80 manat) təşkil edir. Bu taxta atmaları da iddiaçının tələbi ilə bu cür qaydada quraşdırılmışdır. Bu tikintidə onun qüsurlu olmasından söhbət gedə bilməz. Tikinti işləri 6 ay ərzində qüsursuz görülmüşdür. Əgər işdə hər hansı çatışmazlıq olsa idi, sifarişçi dərhal işi dayandırardı. Hazırkı halda isə, iddiaçı işə görə ona 550 manat borclu olduğuna görə bu iddianı qaldırmışdır. Bu hallara məhkəmə qətnaməsində düzgün qiymət verilmədiyindən qətnamə ləğv olunmalı, ondan 1500 manat pulun tutulması barədə iddia təmin edilməməlidir. Apelyasiya baxışı zamanı Cavabdeh məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edib eyni məzmunlu izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib göstərdi ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmış və ədalətli qərar qəbul etmişdir. Buna görə də şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışdan və xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Xaçmaz şəhərində yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 30878 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,012 ha həyətyanı torpaq sahəsində mişar daşından inşa edilmiş iki mərtəbəli yaşayış evinin mərtəbə arası 5*20 sm olçüdə quraşdırılmış taxta atmalar divarın künc hissəsində quraşdırılmamışdır. Həmin taxta tirlərin quraşdırılan zaman yaranmış qüsurlarının aradan qaldırılması üçün aparılmalı olan tikinti-təmir işlərinin dəyəri 180 manat (usta pulu 100 manat, və taxta atmaların dəyəri 80 manat) təşkil edir. Tikilinin divarları adi qaydada hörülmüşdür. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə hesab etmişdir ki, cavabdeh delikt nəticəsində iddiaçıya 1500 manat məbləğində zərər vurmuşdur və bu zərərin əvəzi ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı münasibətlər şifahi podrat müqaviləsindən əmələ gəlmişdir və belə olan halda, burada deliktdən söhbət gedə bilməz. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edildiyi kimi, hazırkı halda, tərəflər müəyyən vəsait hesabına inşaat işlərinin görülməsi barədə şifahi podrat müqaviləsi bağladıqlarından bu cür münasibətlərdən törəyən mübahisələrə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbləri tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi bu hallara düzgün qiymət verməmiş, podrat münasibətlərinə deliktlə bağlı müddəaları tətbiq etmişdir ki, bu da mülki qanunvericiliyə birbaşa ziddir. İddianın bu əsasla təmin edilməsi isə məhkəmə kollegiyasının qənaətinə görə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Yenə həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Yenə həmin Məcəllənin 766-cı maddəsinə əsasən, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. AR MM-in 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Yuxarıdakı normaların tələblərindən də görünür ki, podratçı nəzərdə tutulan işi tam və qüsursuz icra etməli, sifarişçi isə müəyyən edilmiş muzdu ödəməlidir. Əgər iş tam və qüsursuz yerinə yetirilməzsə sifarişçi muzdun miqdarını görülən işin həcminə müvafiq olaraq azalda və işdən imtina edə bilər. İşin tədqiq olunan faktiki hallarından görünür ki, Cavabdeh tərəflər arasındakı şifahi müqavilə ilə müəyyən edilmiş işi tam və qüsursuz həcmdə yerinə yetirməmişdir. Bu, işdə olan obyektiv sübutlar, tərəflərin izahatları, o cümlədən xx xxxx 2020-ci il tarixli ekspert rəyi ilə təsdiq olunur. Bununla belə, qüsurlu iş nəticəsində dəymiş maddi zərərin məbləği də ekspert tədqiqatı ilə müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 30878 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,012 ha həyətyanı torpaq sahəsində mişar daşından inşa edilmiş iki mərtəbəli yaşayış evinin mərtəbə arası 5*20 sm olçüdə quraşdırılmış taxta atmalar divarın künc hissəsində quraşdırılmamışdır. Həmin taxta tirlərin quraşdırılan zaman yaranmış qüsurlarının aradan qaldırılması üçün aparılmalı olan tikinti-təmir işlərinin dəyəri 180 manat (usta pulu 100 manat, və taxta atmaların dəyəri 80 manat) təşkil edir. Tikilinin divarları adi qaydada hörülmüşdür. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür İşin faktiki hallarından görünür ki, Cavabdeh podrat müqavilə ilə öhdəsinə götürdüyü işi qüsurla yürinə yütirmiş, bu qüsurlu iş nəticəsində isə İddiaçı 180 manat məbləğində maddi ziyan dəymişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, bu zərər üçün maddi məsuliyyəti Cavabdeh daşıdığından həmin məbləğ ondan tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, iddianı təmin etsə də, mübahisəyə tətbiq edilməli normanı düzgün tətbiq etməmişdir. Bundan əlavə işə baxan məhkəmə ekspertiza təyin etmiş, iş üzrə ekspert rəyi almış, lakin rəylə müəyyən edilmiş məbləğlə razılaşmasa da bunu əsaslandırmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X3 Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X4rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını səhv tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddia ərizəsi və cavabdehin apelyasiya şikayətinin verilməsi üçün ödədikləri dövlət rüsumları onların özlərinə aid olunmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri isə tərəflərdən müçtərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)- 140/2020 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh qarşı qüsurlu görülmüş iş nəticəsində vurulmuş zərərin əvəzinin tutulması tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 180 manat tutularaq İddiaçı verilsin. İddiaçının iddia ərizəsi və cavabdehin apelyasiya şikayətinin verilməsi üçün ödədikləri dövlət rüsumları onların özlərinə aid olunsun. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ**********0000003944 SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar