Məhkəmə qərarları › İş №2(105)-483/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-483/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-483/2022 08.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(012)-790/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(012)-790/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 108.526 manat məbləğində pulun və 87.976 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə Cavabdeh alınıb, İddiaçı verilməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. (hakim H.Y.Əhmədov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbiqnin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.04.2021-ci il tarixli, 2(105)-305/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(012)-790/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən Cavabdeh tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(102)- 5277/2021 nömrəli qərarı ilə təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.04.2021-ci il tarixli, 2(105)-305/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2009-cu ildən tanışlıq olmaqla aralarında dostluq və işgüzar münasibət yaranmışdır. Cavabdeh 2013-cü ilin iyun ayında ona bir dost kimi müraciət edib, borc pul istəmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olacağını bildirmişdir. O, cavabdehə inanıb, bir dost kimi, 18 iyul 2013-cü il tarixdə notarial qaydada 52.848 manat, 25 oktyabr 2013-cü il tarixdə notarial qaydada 20.000 manat, 01 noyabr 2013-cü il tarixdə 87.976 ABŞ dolları, 08 yanvar 2014-cü il tarixdə 51.678 manat, 05 may 2015-ci il tarixdə 8000 manat borc pul vermişdir. Beləliklə, müqavilə əsasında cavabdehə 132,526 manat və 87.976 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh həmin borcdan 24.000 manat qaytarmış, cəmi 108.526 manat və 87.976 ABŞ dolları borcu qalmışdır. Son vaxtlar dəfələrlə tələb etsə də, cavabdeh rəsmi surətdə aldığı pulu qaytarmaq istəmir. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh məsuliyyətdən yayınır, borcunu könüllü ödəmək istəmir. Təqdim etdiyi sübutlar onun iddia tələbinin əsaslı olmasını sübuta yetirir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin vaxtı barədə məlumatı olmamışdır. 18 iyul 2013-cü il tarixdə Bakı şəhərində 28 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-0M77 nömrə ilə qeyd edilmiş Kredit Müqaviləsindən görünür ki, borc verən borc alana 52.848 manat pulu 18 ay müddətinə qaytarmaq şərti ilə vermiş, borc alan 52.848 manat pulu on səkkiz ay müddətinə 18.01.2015-ci il tarixədək qaytarmaq şərti ilə borc almışdır. 25 oktyabr 2013-cü il tarixdə Bakı şəhərində 28 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-01-276 nömrə ilə qeyd edilmiş Kredit Müqaviləsindən görünür ki, borc verən borc alana 20.000 manat pulu 1 həftə müddətinə qaytarmaq şərti ilə vermiş, borc alan 20.000 manat pulu bir həftə müddətinə 01.11.2013-ci il tarixədək qaytarmaq şərti ilə borc almışdır. Əgər bir həftə ərzində iyirmi min manatı və əvvəlki borclarını qaytarmamışdırsa, niyə 01 noyabr 2013-cü il tarixdə bağlanaraq öz imzaları ilə təsdiqlənmiş 39-13 nömrə ilə təsdiq edilmiş Kredit Müqaviləsindən görünür ki, borc verən borc alana 87.976 ABŞ dolları məbləğində pulu 34 ay müddətinə qaytarmaq şərti ilə vermiş, borc alan 87.976 ABŞ dolları məbləğində pulu 04 dekabr 2013-cü il tarixdən 04.09.2016-cı il tarixədək hər ay 2587 ABŞ dolları ödəmə ilə qaytarmağı öhdəsinə götürmüşdür. Əgər 87.976 ABŞ dolları borc verilirsə 01noyabr 2013-cü ildə necə borc verilə bilərdi? Bu qədər borcluydusa 87.976 ABŞ dolları məbləğində pulu 01 noyabr 2013-cü il tarixdən necə borc verirdi? 08 yanvar 2014-ci il tarixdə 01-14 nömrə ilə təsdiq edilmiş Kredit Müqaviləsindən görünür ki, borc verən borc alana, yəni ona 51.678 manat məbləğində borc verirdisə həmin vaxt iddiaçının iddia ərizəsinə əsaslanılsa 78 min manat borcu var idi. Öhdəliyini yerinə yetirmirdisə 78 min manat, 87.976 ABŞ dolları borcu var idisə və həmin öhdəliyi yerinə yetirmirdisə, guya səksən doqquz min ABŞ dolları verdikdən sonra ona əlli bir min borc verirdi. 05 may 2015-cü il tarixdə bağlanaraq 19-15 nömrə ilə təsdiq edilmiş Kredit Müqaviləsindən görünür ki, borc verən borc alan 8000 manat məbləğində pul barədə 05 iyun 2015-cü il tarixdən 15 fevral 2016-cı il tarixədək hər ay 957 manat ödəmə ilə qaytarmaq şərti ilə borc almışdır, borc verən borc alana-ona 51.678 manat məbləğində borc verirdisə həmin vaxt ona iddiaçının iddia ərizəsinə əsaslanılarsa 78 min manat borcu var idi -24 mini həmin vaxtdan çıxılsa əlli dörd min manat edir, əlavə 87.976 ABŞ dolları. Öhdəliyini yerinə yetirmirdisə və həmin müqavilələr var idisə 78 min manat, 87.976 ABŞ dolları borcu var idi və həmin öhdəliyi yerinə yetirmirdisə yenə ona borc verilirdi. Məhkəmə AR MPM-nin 9.3-cü maddəsinin tələblərini də pozmuşdur. Məhkəmə öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, tərəflərin izahatlarıyla, sənədlərlə əsaslandırmalıdır. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə bir tərəf kimi onun prosesdə iştirakını təmin etməmiş, prosesual hüquqlarından məhrum edilmişdir. AR MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə bir tərəf kimi onun prosesdə iştirakını təmin etməmiş, prosesual hüquqlarından məhrum edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Abşeron Rayon Məhkəməsinin iş № 2(012)-790/2020 saylı, 17.06.2020-ci il tarixli qətnaməsini ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə İddiaçı (iştirak etdiyi məhkəmə iclasında) apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Əlavə etdi ki, normal işgüzar münasibətləri olub, Dönməz ondan mütəmadi olaraq borc pul götürüb və qaytardığı üçün ona inanıb. Verilən pullar onun şəxsi pulları olub və əlbəəl verib. Əslində 87000 ABŞ doları borc Dönməzə verilən “Leksus” maşınına görə yaranıb. Devalvasiya zamanı Dönməz yalvardı ki, borc pulları dollarla ödəyə bilmir manata çevrilməsini istədi və onlar bu barədə razılığa gəliblər, cəmi borcu 137679,20 manat hesablayıblar. Dönməz həmin borcdan 9500 manat qaytarıb, qalıq borc 128179,20 manat olub. Bundan sonra Dönməz 30000 manat alıb, 5000 manat qaytarıb, sonra isə 8000 manat alıb və heç bir məbləğdə pul qaytarmayıb. Son borc rəqəmi 161179 manat olub. Hesab edir ki, qətnamə qanunidir və dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, apellyasiya şikayətinin dəlilləri tam əsassızdır. Şikayət tam formal xarakter daşıyır. Bu səbəbdən şikayətin təmin edilməməlidir. Bununla belə, yenidən özlərində hesablama aparıblar və cavabdehin ödədiyi bütün pullar nəzərə alınarsa yekun borc məbləği 131 179,20 manat edir. Ona görə də, həmin məbləğin tutulmasını xahiş edirlər. Apellyasiya baxışı zamanı Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumatlandırılmasına baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə, oxşar məzmunlu teleqramlarla məhkəməyə müraciət edərək, məhkəmə icraatının əsassız uzadılmasına çalışmış, məhkəmə iclaslarında iştirak etməkdən qərəzli şəkildə yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 18 iyul 2013-cü il tarixdə bağlanaraq Bakı şəhəri 28 saylı notariat kontorunun notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-01- 177 nömrə ilə qeyd edilmiş Kredit müqaviləsindən görünür ki, borc verən borc alana 52.848 manat məbləğində pulu 18 ay müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 52.848 manat məbləğində pulu 18 ay müddətinə, 18 yanvar 2015-ci il tarixədək qaytarmaq şərti ilə borc almışdır. Yenə iş materiallarında olan İddiaçı (borc verən) ilə Məmmədov Dönməz Əbdülxalıq oğlu (borc alan) arasında 25 oktyabr 2013-cü il tarixdə bağlanaraq Bakı şəhəri 28 saylı notariat kontorunun notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M/01-276 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, borc verən borc alana 20.000 manat məbləğində pulu 1 həftə müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 20.000 manat məbləğində pulu 1 həftə müddətinə, 01 noyabr 2013-cü il tarixədək qaytarmaq şərti ilə borc almışdır. Yenə də iş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 01 noyabr 2013-cü il tarixdə bağlanaraq öz imzaları ilə təsdiqlənmiş 39-13 nömrəli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 87.976 ABŞ dolları məbləğində pulu 34 ay müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 87.976 ABŞ dolları məbləğində pulu 04 dekabr 2013-cü il tarixdən 04 sentyabr 2016-cı il tarixədək hər ay 2587 ABŞ dolları ödəməklə qaytarmaq şərti ilə borc almışdır. İş materiallarına əlavə edilmiş İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 08 yanvar 2014-cü il tarixdə bağlanaraq öz imzaları ilə təsdiqlənmiş 01-14 nömrəli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 51.678 manat məbləğində pulu 18 ay müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 51678 manat məbləğində pulu 08 fevral 2014-cü il tarixdən 08 iyul 2015-ci il tarixədək hər ay 2871 manat ödəməklə qaytarmaq şərti ilə borc almışdır. Yenə iş materiallarına əlavə edilmiş İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 05 may 2015-ci il tarixdə bağlanaraq öz imzaları ilə təsdiqlənmiş 1915 nömrəli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 8000 manat məbləğində pulu 11 ay müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 8000 manat məbləğində pulu 05 iyun 2015-ci il tarixdən 15 fevral 2016-cı il tarixədək hər ay 957 manat ödəməklə qaytarmaq şərti ilə borc almışdır. Yenə işə əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən aldığı borc məbləğlərindən 93613 manat qaytarılmışdır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə Ali Məhkəmənin mülki kollegiyasının göstərişlərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı işin tədqiq olunan faktiki hallarından müəyyən edildi ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 18 iyul 2013-cü il, 25.10.2013-cü il, 01.11.2013-cü il, 08.01.2014-cü il və 05.05.2015-ci il tarixlərində borc müqavilələri bağlanılmış və borc verən borc alana həmin müqavilələr üzrə 52847 manat, 20000 manat, 87976 ABŞ dolları, 51678 manat və 8000 manat borc pul vermişdir. Borc alan həmin müqavilələr əsasında müəyyən edilmiş müvafiq müddətlərdə borcunu borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən, Cavabdeh həmin kredit müqavilələri üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zərur hesab edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqavilələri üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə yekun olaraq 131179,20 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, o cümlədən kredit müqavilələri, mədaxil qəbzləri ilə təsdiq olunur. Ali Məhkəmənin iş üzrə qərarında ifadə olunmuş göstərişlərinə uyğun olaraq apellyasiya baxışı zamanı iddiaçı tərəf məhkəmənin təklifi ilə cavabdehin ödənişləri nəzərər alınmaqla, yenidən hesablaşma apararaq yekun borc məbləğinin 131179.20 manat olmasını qəbul etmişdir. Daha öncə iddiaçının qeyd olunan izahatından göründüyü kimi, devalvasiya zamanı borclu Cavabdeh xahişi ilə, dollarla olan borc məbləği də daxil, bütün ödənişlər nəzərə alınaraq yekun borc məbləğinin 137 679,20 manat olması barədə razılığa gəliblər. Cavabdeh həmin borcdan 9500 manat qaytarmış, qalıq borc 128 179,20 manat olmuşdur. Bundan sonra ona 30000 manat borc verilib, o, həmin borcdan 5000 manat qaytarıb, sonra isə 8000 manat alıb və heç bir məbləğdə pul qaytarmayıb. Son borc rəqəmi 161 179 manat olub. İşdə olan 05.05.2015-ci il tarixli kredit müqaviləsindən 8000 manat borc məbləğinin ödənişi öz təsdiqini tapsa da, iddiaçı tərəf 30000 manat pul vəsaitinin cavabdehə borc verilməsi barədə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası iddiaçı tərəfin cavabdehə kredit müqavilələrində göstərilənlərdən əlavə olaraq 30000 manat borc verilməsi hissəsində dəlilini əsassız hesab edir. Qeyd edildiyi kimi iddiaçı tərəf heç bir legitim sübut təqdim edə bilmədikləri üçün özləri də bununla razılaşmış və yekun olaraq borc məbləğinin 131179.20 manat olmasını qəbul etmişdir. Məhkəmə kollegiyası yekun nəticəyə gələrkən onu əsas götürmüşdür ki, hər bir hallda tərəflərin işgüzar münasibətlərdə olması və iddiaçı tərəfindən cavabdehə borc verilməsi işin mübahisəsiz halıdır. Əsas mübahisə verilən və qaytarılan borcun məbləği ilə bağlıdır. İşdə olan kredit müqavilələri üzrə ödənilmiş məbləğ yazılı sübutlarla öz təsdiqini tapır. Həmin borc məbləğlərindən qaytarılması barədə cavabdehin təqdim etdiyi mədaxil qəbzləri də, ciddi hesabat sənədi olmasa da qəbul ediləndir, çünki iddiaçı tərəf həmin qəbzləri mübahisələndirmir, əksinə qəbul edir. Tələb edilən və ödənilən məbləğlərlə bağlı məhkəmənin təklifi ilə aparılmış son hesablama daha öncə qeyd olunan qaydada olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası məhkəmə baxışı zamanı müəyyən edilmiş yekun borc məbləğini daha inandırıcı, ağlabatan və ədalətli hesab edir. İş üzrə cavabdehin apellyasiya şikayətinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətdə əksini tapmış dəlillər daha çox cavabdehin şəxsi mülahizələrindən ibarətdir. Tələb edilən borc məbləğini qəbul etməyən cavabdeh bununla bağlı məhkəməyə heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Apellyasiya şikayətində məhkəmə proseslərində iştirakının təmin edilməməsindən, birtərəfli araşdırma aparılmasından, çəkişmə prinsipinin pozulmasından şikayətlənən cavabdeh, iddiaçıdan fərqli olaraq lazımi qaydada xəbərdar edilməsinə, xahiş və təkidi ilə məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasına baxmayaraq, müxtəlif bəhanələrlə açıq məhkəmə iclasında iştirak etməmiş, öz dəlillərinin əsası kimi istinad etdiyi hallara dair izahat verməkdən yayınmışdır. AR MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən tərəflərin ödədikləri dövlət rüsumları onların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(012)- 790/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdeh Əbdülxaliq oğlundan iddiaçı X1 xeyrinə 131179.20 manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə tərəflərin ödədikləri dövlət rüsumları onların özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar