Məhkəmə qərarları › İş №2(105)-483/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-483/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-483/2023 06.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X4 ibarət tərkibdə məhkəmə iclas katibi X3, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(060)-4709/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.

1. Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərarlardan görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı dindirilən Cavabdeh2 izahatında göstərmişdir ki, təxminən 10 ildir Güleydə ilə qonşuluqda yaşayır, 2018-ci il sonlarında avtomaşın almaq üçün pulu çatmadığı üçün Güleydədən 4000 manat 6 faizlə borca pul götürmüş, 2019-cu ilin sonlarında isə öz adına olan avtomaşını sataraq, Güleydədən aldığı 4000 manat pulu qaytarmışdır. Həmçinin 2020-ci ilin dekabr ayında qardaşı Müzəffər də Güleydədən faizlə borca 1700 manat pul götürmüş, həmin pulun bir neçə ay faizin versə də, sonradan pulu ödəyə bilməmişdir.

2. Araşdırma zamanı dindirilən Cavabdeh1 izahatında göstərmişdir ki, əvvəllər Güleydə ilə qonşuluqda yaşamış, həmçinin bacısı Cavabdeh2 da onlarla qonşuluqda yaşamışdır. Güleydəni tanıyandan onun faizlə borca pul verdiyini bilmiş və 2020-ci ilin dekabr ayında müalicə olunacağı üçün pula ehtiyacı olduğundan Güleydənin yaşadığı ünvana gedib, ondan 6 faizlə ilkin olaraq 1200 manat, 3 gün sonra isə 500 manat borca pul götürmüşdür. O, 3 ay müddətində hər ay Güleydəyə 102 manat faiz pulu ödəmiş, lakin sonradan işsiz olduğu üçün ona pulu ödəyə bilməmişdir. O, Güleydəyə 1700 manat borclu olduğunu bildirsə də, sonuncu ondan 1840 manat tələb etmişdir.

3. Birinci instansiya məhkəməsinin icraatı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iddiaçı ilə qonşudur. O, hər gün bazarda ticarətlə məşğul olur. Bir dəfə səhər tezdən bazara gedərkən Aynurənin Güleydəgilin evindən çıxdığını görmüşdür. Bundan sonra, o, Güleydə xanımgilin evində olduğu zaman Aynurənin yenə də ora gəldiyini görmüş, Güleydə və Aynurə birlikdə digər otağa keçmişlər. Çölə çıxdıqda isə o, Güleydənin Aynurəyə nəsə verdiyini görmüşdür. Bu barədə soruşduqda Güleydə Aynurəyə pul verdiyini və həmin pulun müqabilində torpaq alacağını bildirmişdir. O, Güleydənin Aynurəyə təxminən 5500 manat pul verdiyini eşitmişdir. Bu hadisə təxminən 2020-ci ilin oktyabr ayında baş vermişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktları

4. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 1840 manat və Cavabdeh2 5550 manat pulun, həmçinin ödədiyi 94 manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun uzun illərdir ki, qonşusudur. O, sonuncudan bir neçə dəfə məişət malları almış, pulunu ödəmiş və aralarında münasibət yaranmışdır. 15 oktyabr 2020-ci il tarixdə Cavabdeh2 ona olan inamından sui-istifadə edərək ondan 7000 manat məbləğində pul almış və onu əmin etmişdir ki, həmin pulu qaytara bilməsə, öz həyətindəki torpağın 2 sotunu adına keçirəcəkdir. Hətta o, həyat yoldaşı Kamalın kartını da girov qoyacaqdır. O, həyat yoldaşı Xaləddin ilə məsləhətləşərək üstündə olan 5550 manat məbləğində pulu yaşadığı həyətdə Aynurəyə vermişdir, əvəzində ondan hər hansı bir sənəd və ya kart almamışdır. xx.xx.2020-ci il tarixdə isə o, Aynurənin yaşadığı evə getdikdə həyat yoldaşı Kamal demişdir ki, “Aynurənin bir çox şəxslərə borcu olduğu üçün evdən çıxıb getmişdir.” 2020-ci ilin noyabr ayında bir daha həmin evə getdikdə Kamal ona hədə-qorxu gəlmiş və heç kəsdən qorxmadığını, hətta onu öldürəcəyini bildirmişdir. O, bir təsadüf nəticəsində Aynurənin Sumqayıt şəhər, 12-ci mikrorayon ərazisində kirayədə yaşadığını öyrənmiş, Aynurə evini satışa qoyduğunu və satdıqdan sonra əldə edəcəyi pul ilə torpağa görə ondan aldığı pulu qaytaracağını bildirmişdir və söz vermişdir ki, xx.xx.2020-ci il tarixdə pul onda olacaqdır. O, Aynurəyə torpağa görə 5550 manat verdikdən bir müddət sonra qardaşı Müzəffər yaşadığı ünvana gələrək həmin pulun az olduğunu bildirmiş və ondan 1840 manat da pul almış və yaxın müddət ərzində iki sot torpağı adına rəsmiləşdirəcəklərinə söz vermişdir. Nəticədə bu şəxslərin əməlləri üzündən ona ümumilikdə 7390 manat məbləğində maddi ziyan dəymişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) 07 sentyabr 2022-ci il tarixli, 2(060)-4709/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 1700 (bir min yeddi yüz) manat və Cavabdeh2 4000 (dörd min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72,50 (yetmiş iki manat, əlli qəpik) manat pulun İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdikləri izahatlarında İddiaçı müvafiq olaraq 1700 manat və 4000 manat borc aldıqlarını etiraf etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan 1700 və 4000 manat borc pul aldıqları öz təsdiqini tapdığından iddianın həmin hissədə təmin edilməsi əsaslı və qanunidir. İddia qalan hissədə, yəni 4000 və 1700 manatdan artıq olan hissədə iddiaçı tərəfindən sübuta yetirə bilmədiyindən təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 882-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

10. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin araşdırması onun iştirakı və xəbəri olmadan baxılmışdır. Məhkəmdə iştirak etsəydi, qaranlıq qalmış məqamlara aydınlıq gətirərdi. Təxminən 10 ildir Güleydə ilə qonşuluqda yaşayır, 2018-ci il sonlarında avtomaşın almaq üçün pulu çatmadığı üçün Güleydədən 4000 manat 6 faizlə borca pul götürmüşdür, 2019-cu ilin sonlarında isə öz adına olan avtomaşını sataraq, Güleydədən aldığı 4000 manat pulu qaytarmışdır. Həmçinin 2020-ci ilin dekabr ayında qardaşı Müzəffər də Güleydədən faizlə borca 1700 manat pul götürmüş, həmin pulun bir neçə ay faizin versə də, sonradan pulu ödəyə bilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, avtomobil almaq məqsədilə iddiaçıdan 2018-ci ildə faizlə 3000 manat borca pul götürmüşdür. 2019-cu ildə borcunu avtomobili sataraq faizi ilə birlikdə 4000 manat olmaqla, heç iddiaçının yoldaşı da bilmədən ev şəraitində qaytarmışdır. Borcun qaytarılması barədə heç bir sənədi yoxdur, bu barədə aralarında söhbət də olmamışdır. Pulun hansı müddətə qaytarılması barədə razılaşmaları olmamışdır, iddiaçıya məxsus pul 1 ilə yaxın onda qalmış və pul 6 faiz dərəcəsi ilə götürülmüşdür. Ona məxsus 5 qram çəkidə qızıl iddiaçıda qalmış, bu günə qədər qaytarmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

14. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçıdan 1700 manat borca pul almış, pulun bir hissəsini qaytarmış, sonradan pandemiya şəraitində xəstə olduğu üçün borcunu tam ödəyə bilməmişdir. İddiaçı borcun qaytarılması barədə müxtəlif orqanlara şikayət etməklə yanaşı kirayə qaldığı evinə yazılı xəbərdarlıqlar qoymuşdur. 1700 manat pulu 6 faiz dərəcəsi ilə almış, həmin məbləğin 1000 manat hissəsini qaytarmış, iddiaçıya hazırda 700 manat borcu var. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

15. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Cavabdeh2 İran İslam Respublikasından gətirilən məişət mallarının satışı ilə məşğul olurdu. Ondan müxtəlif vaxtlarda mal almış, cavabdehi də həmin müddətdən tanımışdır. 20 oktyabr 2020-ci ildə cavabdehə hər hansı qəbz olmadan Cavabdeh2 5550 manat, Müzəffərə isə 1840 manat borca pul vermişdir. Həmin borcdan heç bir məbləğdə pul qaytarılmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları- fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882-ci maddəyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətin görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(060)-4709/2022 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, şikayətin dəlillərində iddianın təmin olunmuş hissəsini mübahisələndirmişdir.

19. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş və işə onun iştirakı olmadan baxılıb nəticə verilmişdir.

21. Belə ki, iş materialları təhlil edilərkən müəyyən edildi ki, cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri, həmçinin yekun məhkəmə qətnaməsi göndərilsə də, həmin bildirişlərin və qətnamənin cavabdehə çatdırılmasını təsdiq edən müvafiq poçt sənədi iş materiallarında mövcud deyildir.

22. İş materiallarına əlavə edilmiş poçt zərflərindən görünür ki, həmin zərflərin üzərinə “bu ünvanda yaşamır” qeydi edilməklə geri qaytarılmışdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

24. 138.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.

25. 138.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar.

26. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməməklə yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini pozmuşdur.

27. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

29. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur.

30. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır.

31. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur.

32. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasının vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada məlumat verilmədən işə baxılmışdır ki, bu da nəticə etibarı ilə tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipinin pozulmasına səbəb olmuşdur və bu hal qətnamənin ləğvi üçün əsasdır.

33. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

34. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tələb cavabdehlərə borc olaraq verilmiş pulun geri qaytarılması barədədir.

35. Cavabdeh apellyasiya şikayətində, birinci instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın bütövlükdə rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

36. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» Qərarlardan görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı dindirilən Cavabdeh2 izahatında göstərmişdir ki, təxminən 10 ildir Güleydə ilə qonşuluqda yaşayır, 2018-ci il sonlarında avtomaşın almaq üçün pulu çatmadığı üçün Güleydədən 4000 manat 6 faizlə borca pul götürmüş, 2019-cu ilin sonlarında isə öz adına olan avtomaşını sataraq, Güleydədən aldığı 4000 manat pulu qaytarmışdır. Həmçinin 2020-ci ilin dekabr ayında qardaşı Müzəffər də Güleydədən faizlə borca 1700 manat pul götürmüş, həmin pulun bir neçə ay faizin versə də, sonradan pulu ödəyə bilməmişdir.

37. Araşdırma zamanı dindirilən Cavabdeh1 izahatında göstərmişdir ki, əvvəllər Güleydə ilə qonşuluqda yaşamış, həmçinin bacısı Cavabdeh2 da onlarla qonşuluqda yaşamışdır. Güleydəni tanıyandan onun faizlə borca pul verdiyini bilmiş və 2020-ci ilin dekabr ayında müalicə olunacağı üçün pula ehtiyacı olduğundan Güleydənin yaşadığı ünvana gedib, ondan 6 faizlə ilkin olaraq 1200 manat, 3 gün sonra isə 500 manat borca pul götürmüşdür. O, 3 ay müddətində hər ay Güleydəyə 102 manat faiz pulu ödəmiş, lakin sonradan işsiz olduğu üçün ona pulu ödəyə bilməmişdir. O, Güleydəyə 1700 manat borclu olduğunu bildirsə də, sonuncu ondan 1840 manat tələb etmişdir.

38. Apellyasiya şikayətinin dəlilləri üzrə, çəkişmə prinsipinə riayət edilərək kollegiyanın iclasında dindirilmiş cavabdehlər ayrı-ayrılıqda izahat verərək iddiaçını tanıdıqlarını, iddiaçıdan müvafiq olaraq 4000 manat və 1700 manat məbləğində borc pul aldıqlarını etiraf etmiş, Cavabdeh2 həmin borcu qaytardığını, digər Cavabdeh1 isə 700 manat borcunun qaldığını bildirmişdir.

39. Beləliklə öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdikləri izahatlarında İddiaçı müvafiq olaraq 1700 manat və 4000 manat borc aldıqlarını etiraf etmişlər.

40. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi məhkəməsi hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdehlər arasında öhdəlik münasibətləri yarandığından iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir.

41. Kollegiya işin hallarını nəzərə alıb qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə pulun verilməsini sübutetmə yükü iddiaçının üzərinə, qaytarılmasını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

42. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını iş materialları və tərəflərin izahatı ilə müəyyən etmək mümkün deyil, çünki hər bir tərəf öz mənafeyindən çıxış edərək özünün haqlı olmasını israr edir, lakin tələblərinin və etirazlarının əsası kimi digər hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmirlər.

43. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, kollegiya hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfin cavabdehlə aralarında yaranmış münasibət, eləcə də cavabdehin iddiaçıya borclu olması həm məhkəmə iclasında vermiş olduğu izahatı, eləcə də Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərardadı üzrə alınmış izahatları ilə 4000 və 1700 manat həddində sübut olunur.

44. Yuxarıda göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(060)-4709/2022 nömrəli qətnaməsi qismən iddianın təmin olunmuş hissəsində ləğv edilərək, həmin hissə üzrə yeni qətnamə qəbul edilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(060)-4709/2022 nömrəli qətnaməsi qismən iddianın təmin olunmuş hissəsində ləğv edilsin. Ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 1700 (bir min yeddi yüz) manat və Cavabdeh2 4000 (dörd min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72,50 (yetmiş iki manat, əlli qəpik) manat pul alınaraq İddiaçı verilsin. Qətnamə iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar