Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-483/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rövşən oğluna qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rövşən oğlunun, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rövşən oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 20.000 manat məbləğində pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb ona ödənilməsi və obyektin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər mərhum Hüseynov Rövşən Lətif oğlunun övladlarıdır. Rövşən Hüseynov Abşeron rayonu Digah qəsəbəsində tikinti işləri ilə məşğul olurdu. İddiaçı 2014-cü ilin aprel ayında Digah qəsəbəsində 3 mərtəbəli ev inşa etdiyini bildirmiş və həmin evin 1-ci mərtəbəsində 35 kv.m. obyekt kimi satmaq istədiyini deyərək onunla razılığa gəlmiş və həmin obyekti 30.000 manata ona satmışdır. xx.xx.2014-cü il tarixdə onunla Rövşən Hüseynov müqavilə bağlamış və həmin müqaviləyə əsasən ilkin olaraq 20.000 manat pul ödəmişdir. Qalan 10.000 manat məbləği isə bina tam hazır olduqdan sonra verəcəyini bildirmiş və R.Hüseynov onunla razılaşmışdır. Aralarında olan danışıqlardan bir neçə il keçməsinə baxmayaraq obyektin tikintisi Azərbaycan Respublikasında devalvasiya olduğundan yarımçıq qalmışdır. R.Hüseynov onu aldatmış və təxminən bir il bundan əvvəl onun öldüyünü bilmişdir. Bundan sonra həmin obyektə getmiş, R.Hüseynovun birgə işlədiyi payçılar Samir və Mehmana onunla bağladığı müqaviləni göstərmişdir. Həmin payçılar obyektin mərhum R.Hüseynov tərəfindən ona satılmasından xəbərdar olduqlarını və həmin pulun onlar və mərhum R.Hüseynov vərəsələri (cavabdehlər) tərəfindən qaytaracaqlarını bildirsələr də sonradan 20.000 manat pulu ona ödəməkdən imtina etmişlər. Bu barədə DİN-ə müraciət etmiş və sənədlər araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə göndərilmişdir. Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən toplanmış material üzrə cinayət işin başlanması rədd edilmiş və mülki mübahisə predmeti olduğundan mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum Hüseynov Rövşən Lətif oğlunun notarial qaydada təsdiq olunmuş vərəsələridir. Cavabdeh1 ona bildirmişdir ki, mərhum atası R.Hüseynov fərdi sahibkarlıqla məşğul olsa da o, atasının işlərinə heç vaxt müdaxilə etməmiş və onun kiminləsə hər hansı bir müqavilə bağlamasından, alqı-satqı etməsindən və digər əməliyyatlar aparmasından xəbəri olmamışdır. Digər cavabeh Cavabdeh2 da eyni məzmunda izahat vermişdir.
3. Cavabdeh2 Rövşən oğlunun nümayəndəsi və vəkili iddiaya qarşı etirazla, həmçinin iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tamamilə əsassız olduğundan rədd ediməlidir. Qeyd olunan iddia tələbi üzrə İddiaçı mərhum Hüseynov Rövşən Lətif oğlu ilə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlaka dair müqavilə bağladığını və həmin müqavilə üzrə mərhum R.Hüseynova 20.000 manat pul vəsaitinin ödədiyi qeyd etmişdir. Bildirir ki, iddiaçının iddia etdiyi müqavilə üzrə tələb hüququ mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. İddiaçı qeyd olunan müqavilənin bağlanılma tarixi kimi xx.xx.2014-cü il qeyd etmişdir. Bu isə qanunla nəzərdə tutulan iddia müddətinin ötürülməsi anlamına gəlir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinə iddia müddəti tətbiq edilərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin (hakim Elman Məmmədov) xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik imperativ formada ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərmələrini, əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlamalarını müəyyən etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ilkin müqavilədən görünür ki, həmin müqavilədə tərəflər arasında əsas müqavilənin hansı müddətdə bağlanması öhdəliyi göstərilmədiyindən, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində, yəni xx.xx.2015-ci il tarixədək bağlanmalı olduğu halda bağlanmamışdır. Belə olan halda Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən ilkin müqaviləyə xx.xx.2015-ci il tarixdə xitam verilmiş, bu hal satıcının həmin tarixdən sonra heç bir hüquqi əsas olmadan əsassız varlanmasına və məhrum olanın tələb hüququnun yaranmasına səbəb olmuş, lakin hal-hazırda cavabdeh vərəsələr iddia müddətinin keçməsi ilə bağlı ərizə verərək iddianın rədd edilməsini xahiş etmişlər ki, iddia müddətinin keçməsi isə iddianın rədd edilməsinə əsas vermişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2, 402, 1091.2, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-830/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, 10.000 manat və dövlət rüsumunun əvəzi olan 75 manat məbləğində pul vəsaitinin Cavabdeh1, 10.000 manat və dövlət rüsumunun əvəzi olan 75 manat məbləğində pul vəsaitinin Cavabdeh2 Rövşən oğlundan tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
9. Cavabdeh1 və Cavabdeh2 Rövşən oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsinin qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişlər.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3710/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-830/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Birinci tərəf” olan Hüseynov X2 müqavilənin şərtlərinə əməl etməyərək müqavilə predmeti olan sahənin tikilib təhvil verilməsinə əməl etməmiş və gah maddi imkansızlığı, gah devalvasiyanı və gah da başqa bəhanələri əsas gətirərək sözügedən evi təhvil verməmişdir. İlkin müqavilənin 3-cü bəndindən məlum olduğu kimi tərəflər İlkin müqavilənin son günü barədə müddət göstərməsələr də əslində həmin bənddə qeyd edilmişdir ki, “Qalan 10000 (on min) manatı “İkinci tərəf” əmlaka dair sənədlərin rəsmiləşdirilmə zamanı ödəməyi öhdəsinə götürür”. Deməli, həmin bənddən belə məlum olur ki, əsas Müqavilə, yəni alqı-satqı Müqaviləsi əmlaka dair Çıxarış əldə edilərək sənədlərin rəsmiləşdirilməsi zamanı həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin çox təəssüflər olsun ki, sözügedən ilkin müqavilənin predmeti olan ev bu günə qədər də hazır vəziyyətə gətirilməmiş və qanunvericiliyin tələblərinə əsasən müvafiq orqanlar tərəfindən rəylər alınmamışdır. Sonradan ona məlum olmuşdur ki, İlkin Müqavilə üzrə “Birinci tərəf” olan Hüseynov Rövşən Lətif oğlu 21 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də o əvvəlcə Hüseynov Rövşən Lətif oğlunun sözügedən binanın tikintisində şərikləri olan Samir və Mehman adlı şəxslərlə görüşmüş və İlkin müqaviləni onlara göstərmişdir. Onlar İlkin müqaviləni oxuduqdan və tanış olduqdan sonra bildirmişlər ki, sözügedən İlkin müqavilədən məlumatları var və Hüseynov Rövşən Lətif oğlunun vərəsələri ilə birlikdə həmin 20 000 (iyirmi min) manat pulu geri qaytaracaqlar. Lakin bir neçə gün sonra onlarla yenidən görüşərkən Hüseynov Rövşən Lətif oğlunun sözügedən binanın tikintisində şərikləri olan Samir və Mehman adlı şəxslər tərəfindən ödənilmiş 20000 (iyirmi min) manat pulu geri qaytarmaqdan imtina etmişlər. Bu səbəbdən də o Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət etməli olmuşdur. Lakin Abşeron rayon Polis İdarəsinin baş təhqiqatçısı polis mayoru Ruslan Əsgərovun “Cinyət işi başlanmasının rədd edilməsi haqqında” 28 fevral 2023-cü il tarixli qərarına əsasən şikayət mülki mübahisəyə dair olduğu üçün vərəsələrə qarşı cinayət işinin başlanılması rədd edilmişdir. Bu səbəbdən də mən 30 may 2023-cü il tarixdə mərhum Hüseynov Rövşən Lətif oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2 Rövşən oğluna qarşı iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Tərəflər arasında bağlanmış ilkin müqavilədən isə görünür ki, həmin müqavilədə konkret olaraq tarix göstərilməsə də vaxt müəyyənləşdirmişlər. Belə ki, müqavilənin 3-cü bəndindən göründüyü kimi tərəflər ilkin müqavilənin son günü barədə müddət göstərməsələr də əslində həmin bənddə qeyd edilmişdir ki, “Qalan 10000 (on min) manatı “İkinci tərəf” əmlaka dair sənədlərin rəsmiləşdirilmə zamanı ödəməyi öhdəsinə götürür”. Deməli həmin bənddən belə məlum olur ki, əsas Müqavilə, yəni alqı-satqı Müqaviləsi əmlaka dair Çıxarış əldə edilərək sənədlərin rəsmiləşdirilməsi zamanı həyata keçirilməsi nəzərdə tutulmuşdur. İlkin müqavilənin 5-ci bəndindən göründüyü kimi ev hazır olduqdan sonra 3 (üç) gün müddətində Rövşən Hüseynov evi təhvil verməyi öz üzərinə götürmüşdür. Lakin ev bu günə qədər də hələ hazır olmamışdır. Deməli, əslində tərəflər arasında əsas müqavilənin bağlanması üçün müddət olaraq müqavilə predmeti olan evin hazır olması və müvafiq çıxarışla evin alqı-satqısının həyata keçirilməsi anı müəyyən edilmişdir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmə iddia predmetini yarımçıq olaraq göstərmişdir. Belə ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsində qeyd edilmişdir ki, “Cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 Rövşən oğlundan borcun məbləği olan 20 000 (iyirmi min) manat miqdarında pulun və 150 (yüz əlli) manat dövlət rüsumunun tutularaq ödənilməsi, yaxud da həmin obyektin boşaldılaraq mənə təhvil verilməsi barədə qətnamə qəbul edəsiniz”. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qətnaməsində hakim iddianın predmetini natamam göstərmiş, daha doğrusu iddia tələbinin “Yaxud da həmin obyektin boşaldılaraq mənə təhvil verilməsi” hissəsini qeyd etməmişdir. Borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, mərhum Rövşən Hüseynov heç vaxt tərəflər arasında bağlanmış ilkin müqavilənin şərtlərinə etiraz etməmiş və 21 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Rövşən Hüseynovun vəfat etməsindən məlumatı olduqda isə əvvəlcə o, onun şərikləri Samir və Mehman adlı şəxslərlə görüşmüş və ilkin müqaviləni onlara göstərmişdir. Onlar ilkin müqaviləni oxuduqdan və tanış olduqdan sonra bildirmişlər ki, sözügedən ilkin müqavilədən məlumatları var və Hüseynov Rövşən Lətif oğlunun vərəsələri ilə birlikdə həmin 20000 (iyirmi min) manat pulu geri qaytaracaqlar. Lakin sonradan, yəni təxminən 2023-cü ilin əvvəllərindən onlar borclarını ödəməkdən imtina etdikləri üçün o DİN-ə şikayət etməyə başlamışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qətnaməsinin 3-cü vərəqinin 3-cü abzasında da qeyd edilmişdir ki, “Məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən faktiki hallarından müəyyən edilir ki, mərhum Hüseynov Rövşən Lətif oğlu xx.xx.2014-cü il tarixdə, Abşeron rayonu Digah qəsəbəsində yerləşən fərdi yaşayış evindən 34.80 kv.m torpaq olan sahəsi 30 000 manata İddiaçı notarial qaydada satması barədə razılığa gəlmiş, tərəflər arasında Abşeron rayon 1 saylı notariat kontorunda ilkin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı razılaşdırılmış qiymətdən 20000 manatı müqavilə bağlanan gün Rövşən Hüseynova ödəmiş, qalan 10000 manatı isə əmlaka dair sənədlərin rəsmiləşdirilməsi zamanı İddiaçı ödəməyi öhdəsinə götürmüş, Rövşən Hüseynov isə 3 gün müddətində satdığı əmlakı boşaldıb İddiaçı verməyi öhdəsinə götürmüşdür”. Məhkəmənin müəyyən etdiklərindən də məlum olur ki, tərəflər arasında əsas alqı-satqı müqaviləsinin bağlanması vaxtı olaraq “sənədlərin rəsmiləşdirilməsi” vaxtı qeyd edilmişdir. Sənədlər isə bu günə qədər də rasmiləşdirilməmişdir. Məhkəmə prosesinin gedişindən göründüyü kimi işə baxan hakim məhkəmə iclasının əvvəlindən iddia tələbi üzrə iddia müddətinin ötürülməsinə fokuslanaraq işin mahiyyətini tam araşdırmadan və iddia müddətinin həqiqətən ötürülübötürülməməsini müəyyən etmədən, habelə notariat orqanı tərəfindən İlkin müqavilənin formasına əməl edilsə də həmçinin ilkin müqavilənin müddəti konkret tarixlə deyil, sətiraltı məna ilə müəyyən edilsə də ilkin müqavilənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.4-cü maddəsinə istinad edilməklə iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir. Məhkəmənin qətnaməsində İlkin müqavilə üzrə müddətin göstərilməməsi nəticəsinə gəlinərkən “İlkin müqavilə”nin 3-cü və 4-cü bəndlərinin tələblərinə əsasən çıxarışın əldə edilməsi və sənədlərin rəsmiləşdirilməsi, yəni alqı-satqı müqaviləsinin bağlanmsının son müddət kimi nəzərdə tutulmasına diqqət yetirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehlərin atası ilə 2014-cü ildə bağladıqları müqaviləyə əsasən yaşayış binasının birinci mərtəbəsində obyekt almışdır. Müqavilədən sonra dəfələrlə həmin şəxsə zəng edib çıxarışın hazır olub-olmadığını sorumuş, o isə gözləməyini, sənədləşdirməni həll edib obyekti ona təhvil verəcəyini bildirmişdir. Müddət uzandığı üçün heç olmasa verdiyi ödənişin geri qaytarılmasını istəsə də, o, obyekti tikib təhvil verəcəyini bildirmişdir. Ölümündən sonra şəriklərinə müraciət etmiş, onlar pulu vərəsələrdən almağı barədə tövsiyə veriblər. Mübahisəli əmlaka gəldikdə isə cavabdehlərin atası tikinti yekunlaşanda əmlakı sənədləri ilə birgə ona təhvil verəcəyini bildirmişdir. Müqavilədən sonra dəfələrlə həmin şəxsə zəng edib çıxarışın hazır olub-olmadığını sorumuş, o isə gözləməyini, sənədləşdirməni həll edib obyekti təhvil verəcəyini bildirmişdir. Bundan sonra həmin yerin başqasına satıldığını öyrənmişdir. Əmlakın yerləşdiyi binaya yaxınlaşanda oradakı alqısatqı vasiəçiləri həmin yerin banka məxsus olduğunu bildiriblər. “Azercell Telecom”-a zənglərin tarixçəsini əldə etmək üçün müraciət etsə də yalnız son 3 ayın məlumatlarını təqdim edə biləcəklərini, daha artıq müddətə dair məlumatları isə məhkəmə sorğusu əsasında təqdim olunmasının mümkün olduğunu bildirmişlər. Obyektin təhvil verilibverilməyəcəyini öyrənmək məqsədilə mərhuma mütəmadi olaraq zəng etmişdir. Obyektlə bağlı mərhumla telefon əlaqəsi yaradanda ya obyektin təhvil verilməsini, sonradan isə obyektin təhvil verilməsini və yaxud ödənişin geri qaytarılmasını istəyirdi. Obyektin qapıpəncərəsi yox idi, mərhum hər dəfə atası ilə söz danışdıqlarını, obyektin sənədlərini düzəldib təhvil verəcəyini bildirirdi. Obyekti birinci mərtəbədən almışdır. Obyekt ona göstəriləndə binanın ikinci mərtəbəsi də tikilmiş, tikilinin inşası tam başa çatmamışdı. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehlər ödənişin həyata keçirilməsini inkar etməmiş, yalnız iddia müddətinin ötürüldüyünü bildirmişlər. Təmsil etdiyi şəxs və hazırki iş üzrə cavabdehlərin atası mərhum Hüseynov Rövşən arasında ilkin müqavilə bağlanmış, həmin müqavilədə əsas müqavilənin bağlanması tarixi razılaşdırılmışdır. Beləki, ilkin müqavilənin müvafiq bəndlərinə əsasən obyektin inşası yekunlaşmalı və sənədləşdirmə işləri rəsmiləşdirilərək iddiaçıya təhvil verilməli, eyni vaxtda iddiaçı ödənişin geridə qalan 10000 manat hissəsini Hüseynov Rövşənə ödəməlidir. Müqavilə tikilməkdə olan obyekt barəsində bağlanmış, obyektin inşası indiyə qədər yekunlaşmamışdır. Obyektin tikilib təhvil verilməsi barəsində üzərinə öhdəlik götürmüş şəxs öldükdən sonra iddiaçı onun şəriklərinə müraciət etmiş, onlar iddiaçını ölmüş şəxsin vərəsələrinə yönəltmişlər. Təmsil etdiyi şəxs hüquqlarının pozulduğunu Hüseynov Rövşənin ölümündən sonra bilmiş, ona görə də iddia müddəti ötürülməmişdir. Təmsil etdiyi şəxs cavabdehlərin atasına 20000 manat məbləğində ödəniş etmişdir. Obyektin inşası başa çatdıqdan sonra iddiaçıya təhvil verilməli, eyni zamanda çıxarış verilməli idi. Müqavilə tikilməkdə olan obyekt barəsində bağlanmış, obyektin inşası indiyə qədər yekunlaşmamışdır. Təmsil etdiyi şəxs hüquqlarının pozulduğunu Hüseynov Rövşənin ölümündən sonra bilmiş, ona görə də iddia müddəti ötürülməmişdir. Cavabdehlər ödənişin həyata keçirilməsini mübahisələndirməmiş, yalnız iddia müddətinin ötürüldüyünü bildirmişlər. Lakin keçən məhkəmə iclasında cavabdeh, hətta mərhum və iddiaçı arasında telefon danışıqları olsa belə, onların mahiyyətinin obyetklə bağlı olub-olmaması məsələsini vurğulamışdır. Cavadehlər heç olmasa atalarından qalmış miras əmlak hesabına pulu geri qaytarmalı idilər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qarşı tərəfləri qiyabi tanımış, müqavilə bağlanmasından, hər hansı ödəniş alınmasından xəbəri olmayıb, müqaviləni polis idarəsində görmüşdür. Əgər ödəniş alınmışdırsa, atasının buna rəğmən obyekti təhvil verməməyinə inanmır. Üçmərtəbəli ümumilikdə 12 mənzildə ibarət yaşayış binası tikilib, alıcılara təhvil verilib, həm binanın, həm də mənzillərin çıxarışları mövcuddur, əgər iddiaçı həmin binadan bəhs edirsə, binanın tikintisi başa çatıb, hazırda sakinlər yaşayırlar, necə ola bilər ki, atası 50-yə yaxın mənzili sahibinə təhvil verdiyi halda, illərlə tanıdığı insanları aldatsın. Həmçinin, müqavilənin 2014cü ildə bağlanmasına baxmayaraq iddianın uzun müddət sonra qaldırılması şübhə doğurur. Atasının tikdirdiyi binaların hər biri satılıb, 2014-ci ildə həm binaya, həm mənzillərə çıxarış alınıb, iddiaçı iddia müddətini ötürüb, neçə illərdir obyektin təhvil alınması ilə əlaqədar heç bir addım atmayıb. Həmçinin tərəflər arasında bağlanmış ilkin müqavilədə əmlakın konkret ünvanı göstərilməmişdir. İddiaçı fotoşəkillərinin təqdim edildiyi əmlakın müqavilədə nəzərdə tutulan əmlak olmasını sübut etməlidir. Digər müqavilələri ilkin müqavilə şəklində bağlamamışlar. Bina 2014-cü ilin sonlarına qədər təhvil verilib. İddiaçı iddia müddətini ötürmüşdür, ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 Rövşən oğlu tərəflər arasında bağlanmış ilkin müqavilədə əmlakın konkret ünvanı göstərilməmişdir, iddiaçı fotoşəkillərinin təqdim edildiyi əmlakın müqavilədə nəzərdə tutulan əmlak olmasını sübut etməlidir, ona görə də apellyasiya şikayətini qəbul etmir.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 Rövşən oğlunun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, sorğuya cavabın sübut olaraq qəbul edilməsini doğru hesab etmir, nömrənin mərhuma məxsus olub-olmaması bilinmiş, həmçinin danışıqların hansı konteksdə getdiyi məlum deyil. Tərəflər arasında podrat müqaviləsindən söhbət getmir, müqavilədə əmlakın 3 gün müddətində təhvil verilməsi nəzərdə tutulub, söhbət hazır əmlakdan gedir. Odur ki, müqavilə alqı-satqı müqaviləsi olmuşdur. 2014-cü ildə obyektə çıxarış əldə olunub. Rəsmiləşdirmə, əsassız varlanma tərəfdən də iddia müddətləri ötürülüb. Müqavilədə konkret olaraq təmirli əmlak təhvil veriləcəyi nəzərdə tutulmayıb. Təqdim etdiyi çıxarışda çoxmənzilli yaşayış evi nəzərdə tutulub, lakin müqavilədə fərdi yaşayış evi qeyd olunub. Hazırda iddiaçı həmin əmlakı istifadə edə bilməz, bildiyinə görə obyekt başqasına satılıb. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
İşdə olan sübutlar
18. xx.xx.2014-cü il tarixli Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş müqavilədən görünür ki, Hüseynov Rövşən Lətif oğlu ilə İddiaçı arasında Abşeron rayonu Digah qəsəbəsində yerləşən fərdi yaşayış evindən 34,80 kv.m. otaq olan sahəni cəmi 30.000 manata satmaq barədə razılığa gəlmişlər. İddiaçı razılaşdırılmış qiymətdən 20.000 manatı R.Hüseynova ödəmiş, qalan 10.000 manatı isə əmlaka dair sənədlərin rəsmiləşdirilməsi zamanı ödəməyi öhdəsinə götürmüşdür.
19. AZ-İİ № 214587 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Hüseynov Rövşən Lətif oğlu xx.xx.2021-ci ildə ölmüşdür.
20. Abşeron Rayon RPİ-nin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işin başlanması rədd edilmiş və mülki mübahisə predmeti olduğundan mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir;
21. Abşeron rayon 1 saylı Notariat ofisindən surəti əldə edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən aydın olur ki, mərhum Hüseynov Rövşən Lətif oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2 Rövşən oğludur və onların hər biri miras əmlakdan ½ hissədə pay almalıdırlar. Miras əmlaklar Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.0092 ha olan torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv.m. olan mənzil, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35.1 kv.m. olan mənzil ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 68.7 kv.m. olan mənzil, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 73.3 kv.m. olan mənzil, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv.m. olan mənzil, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv.m. olan mənzil, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 73.3 kv.m. olan mənzil, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv.m. olan mənzildir.
22. Məhkəmənin sorğusu əsasında "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və əlavə edilmiş CD diskdən görünür ki, iddiaçıya məxsus ***-***-**-** npmrəli mpbil telefon nömrəsindən cavabdehlərin atası X1 məxsus ***-***-**-** mobil nömrəsinə xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2020-ci ilədək telefon zəngləri edilmişdir. 2015-ci ildə 1 dəfə, 2016-cı ildə 4 dəfə, 2017-ci ildə 6 dəfə, 2018-ci ildə 6 dəfə, 2019-cu ildə 2 dəfə, 2020-ci ildə 4 dəfə danışı olmaqla, sonuncu danışıq xx.xx.2020-ci il tarixdə olmuşdur.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 147.1. Torpaq sahəsinə olan hüququn və ya torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər. Gələcək və ya şərti tələblərin təmin edilməsi üçün də qabaqcadan qeydiyyatın aparılmasına yol verilir. (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya). 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişiklikdən sonra olan redaksiya). 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
24. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
25. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsi ləğv edilməli, idda tələbi qismən təmin edilməlidir.
27. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı ilə cavabdehlərin miras qoyanı Rövşən Hüseynov arasında 14 aprel 2014-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində fərdi yaşayış evindən 34.80 kv.m. sahənin R.Hüseynov tərəfindən İddiaçı 30000 manata satılması barədə müqavilə bağlanmış, İddiaçı tərəfindən Rövşən Hüseynova həmin məbləğin 20000 manatının əqd bağlanan gün ödənilmiş, qalan 10000 manatın isə sənədlərin rəsmiləşdirilmə zamanı ödənilməsi razılaşdırılmışdır. Hüseynov Rövşən Lətif oğlu xx.xx.2021-ci ildə ölmüş, İddiaçı qeyd olunan müqavilədən irəli gələn öhdəliyin yerinə yetirilmədiyinə görə 30 may 2023-cü il tarixdə sonuncunun vərəsələri olan cavabdehlər Elçin və Cavabdeh2lara qarşı hazırkı iş üzrə iddia tələblərini irəli sürmüşdür. Cavabdehlər isə iddia müddətinin keçməsini əsas gətirərək, iddia müddətinin tətbiqinə dair ərizə vermiş, birinci instansiya məhkəməsi ilkin müqavilədə müddət göstərilmədiyini, bu səbəbdən onun bağlandığı vaxtdan bir il keçdikdən sonra öhdəliklərə xitam verildiyini, həmin vaxtdan R.Hüseynovun əsassız varlanmış sayıldığını və iddia müddətinin keçdiyini nəzərə alaraq iddianı rədd etmişdir.
28. Məhkəmə kollegyiası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, 14 aprel 2014-cü il tarixli müqavilənin tərəfləri onu ilkin müqavilə adlandırmaqla, birinci instansiya məhkəməsi də həmin əqdi Mülki Məcəllənin 402-ci maddəsinin tələbinə müvafiq olaraq ilkin müqavilə kimi qəbul etmişdir. Hərçənd ki, işin faktiki halları, tərəflərin iradə ifadəsi və bütövlükdə müqavilənin hərfi mənası həmin müqavilənin ilkin müqavilə deyil, əsas müqavilə olmasını təsdiq etməkdədir. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilədə əsas müqavilənin predmeti, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilir. Əsas müqavilə isə tərəflər bağladıqları əqd üzrə sərəncam hərəkətlərinin yerinə yetiriləcəyi barədə razılaşmadır.
29. Hazırkı işin halları ilə isə müəyyən edilir ki, müqavilənin predmeti tikintisi başa çatmayan üç mərtəbəli, çoxmənzilli binadan ibarət binanın tərkib hissəsi olmuşdur. Belə ki, müqavilə bağlandığı zaman iddiaçının əldə etmək istədiyi, birinci mərtbədə yerləşən əmlak mövcud olmuş, ümumi binanın inşası isə tamamlanmamışdır. Yəni, bina ikinci mərtəbəyə kimi inşa edilmiş, üçüncü mərtəbəsinin inşası isə davam etmişdir. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən iddiaçı tərəfindən həmin hissəyə müvafiq olaraq 20000 manat pulun ödənilməsi ilə bağlı sərəncam hərəkətlərinin yerinə yetirilməsi, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi, o cümlədən çoxmənzilli binanı inşa edən cavabdehlərin mirasqoyanının bina hazır olduqdan sonra müqavilədə nəzərdə tutulan binanın tərkib hissəsini alqı-satqı və sair digər qanuni əsaslarla iddiaçının mülkiyyətinə keçirməsinə dair öhdəlik götürməsi həmin müqavilənin ilkin müqavilə deyil, əsas müqavilə olmasını deməyə əsas vermişdir. Müqavilə bağlandığı zaman çoxmənzilli binanın inşasının davam etməsi, müqavilə tərəflərinin bağladıqları əqd üzrə sərəncam hərəkətlərinin yerinə yetirməsi və sərəncam hərəkətlərinə dair öhdəlik götürməsi onlar arasında podrat münasibətlərinin yaranmasını təsdiq etmişdir. Hərçənd ki, hüquq münasibətlərinin yarandığı zaman deyil, sonradan yəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında 15 dekabr 2017-ci il Azərbaycan Respublikasının qanunu ilə təsbit edilmiş Mülki Məcəllənin 178.8-ci maddəsinin yeni redaksiyası ilə də qeyd edilən formada olan münasibətlərin podrat münasibətlərindən irəli gəlməsi müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin əqdi Mülki Məcəllənin 402-ci maddəsinin tələbinə müvafiq olaraq ilkin müqavilə kimi qiymətləndirməsi əsassız olmuşdur.
30. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, müqavilə notariat kontorunda 14 aprel 2014-cü il tarixdə bağlanmışdır ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 147-ci maddəsinin tələbinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyatı aparılmamış, bina üzərində mərhum Rövşən Hüseynovun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Yuxarıda qeyd olunan tərəflər arsında podrat münasibətlərinin yaranmasında dair məhkəmə kollegiyasının qənaəti isə tərəflər arasındakı ilkin müqavilə adı ilə bağlanmış 14 aprel 2014-cü il tarixli müqaviləni daşınmaz əmlakın alqı-satqısı müqaviləsi kimi qiymətləndirilməsini və Mülki Məcəllənin 146.2 və 146.3-cü maddəsinin tələbinə əsasən isə həmin müqavilənin etibarsız müqavilə olmasını istisna etmişdir.
31. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, müqavilə tərəfləri arasında podrat münasibətlərinin yaranmışdır. İddiaçı podratçı olan cavabdehlərin miras qoyanından keçən müddət ərzində əldə etmək istədiyi çoxmənzilli binanın tərkib hissəsini tam hazır vəziyyətdə ona dəfələrlə təhvil verilməsini tələb etdiyini, mərhum podratçının devalvasiyanı, maddi imkansızlığını və başqa səbəbləri əsas gətirərək sözügedən əmlakı ona tam hazır vəziyyətdə onun mülkiyyətinə keçirəcəyini bildirdiyini, daha sonra isə vəfat etdiyini bildirmişdir. İddiaçı müqavilə əsasında əldə etmək istədiyi çoxmənzilli binanın tərkib hissəsi olan daşınmaz əmlakın fotoşəkillərini məhkəməyə təqdim etmişdir. Həmin fotoşəkillərə əsasən hazırkı vaxtadək iddiaçının əldə etmək istədiyi əmlakda suvaq işlərinin görülməməsi, qapı və pəncərə işlərinin natamam görülməsi və döşəmə betonlama işlərinin görülməməsi müəyyən edilməkdədir ki, bu da hazırkı vaxtadək iddiaçının əldə etmək istədiyi əmlakın tam olaraq hazır olmamasını təsdiq etmişdir. Məhkəmə kollegiyasının suallarına cavabında iddiaçı keçən müddət ərzində müqavilənin predmeti olan obyektin təhvil verilməsi ilə əlaqədar mərhum Rövşən Hüseynovla müntəzəm olaraq telefonla əlaqə saxladığını bildirdiyindən məhkəmənin sorğusu əsasında müqavilə tərəfləri arasında telefon danışıqlarına dair məlmatların götürülməsi barədə qərar qəbul olunmuş və "xxxx" MMC-dən əldə edilmiş telefon danışıqlarına dair məlumatda iddiaçı ilə mərhum Hüseynov Rövşən Lətif oğlu arasında 2014-cü ildə dəfələrlə, 2015-ci ildə 1 dəfə, 2016-cı ildə 4 dəfə, 2017-ci ildə 6 dəfə, 2018-ci ildə 6 dəfə, 2019-cu ildə 2 dəfə, 2020-ci ildə 4 dəfə telefon danışığı olmaqla, sonuncu telefon danışığının xx.xx.2020-ci il tarixdə olması müəyyən edilmişdir ki, bununla da məhkəmə kollegiyası iddiaçının bu izahatının inandırıcı və ağılabatan olmasını təsdiq etmişdir.
32. İddiaçının etmək istədiyi çoxmənzilli binanın tərkib hissəsi olan, fotoşəkillərdəki daşınmaz əmlakın digər şəxslərə satılması və ya hazırda mərhumun və ya onun vərəsələrinin mülkiyyətində olması ilə bağlı cavabdeh tərəfə müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də cavabbdeh tərəf iddiaçının iddia etdiyi binanın tərkib hissəsinə dair məhkəməyə yalnız çoxmənzilli binanın mülkiyyət hüququna dair çıxarışını təqdim etmişdir ki, həmin çıxarışa əsasən ümumi sahəsi 492,6 kv.m sahədən ibarət Abşeron rayonu, Digah qəsəbəsi, Cabir Novruz küçəsi, 1 nömrəli bina üzərində mərhum Rövşən Hüseynovun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydə alınması müəyyən edilməkdədir. Cavabdehlər tərəfindən iddiaçının iddia etdiyi çoxmənzilli binanın tərkib hissəsinə dair hissənin başqa şəxsin mülkiyyətinə keçirilməsinə dair müvafiq sənədin məhkəməyə təqdim edilməməsi isə həmin hissənin mərhum podratçının və ya onun vərəsələrinin mülkiyyətində qalması anlamına gəlmişdir. Hərçənd ki, cavabdehin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında həmin daşınmaz əmlakın başqa şəxsə satılmasına dair izahat versə də buna dair yazılı sübutları məhkəməyə təqdim etməmişdir.
33. İddiaçının hazırkı tələbi cavabdehlərdən 20.000 manat məbləğində pulun və ya müqavilənin premeti olan obyektin boşaldılaraq ona təhvil verilməsi barədə olmuşdur ki, iddiaçının müqavilənin premeti olan obyektin boşaldılaraq ona təhvil verilməsinə dair tələbi müqavilə bağlamağa məcburetməyə dair olmadığından və mübahisəli əmlak iddiaçının mülkiyyətinə verilmədiyindən, həmin tələb əsassız olmaqla yanaşı, ümumilikdə iddiaçının tələblərinin mahiyyəti müqavilədən imtina və müqavilə üzrə ödənilmiş pul məbləğinin geri qaytarılmasından ibarət olmuşdur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə podratçı tərəfindən öhdəliyin hansı zamanadək icra edilməsi müəyyən edilməmiş, yalnız müqavilənin 5-ci bəndində əmlakın 3 gün ərzində təhvil verilməsi razılaşdırılmışdır. İşin hallarına əsasən müəyyən edilir ki, müqavilə bağlandığı zaman binanın inşası tamamlanmamışdır. Qeyd edilən hal və müqavilənin 4-cü bəndinin mahiyyəti nəzərə alındıqda isə, həmin bənd daşınmaz əmlakın iddiaçının mülkiyyətinə keçdikdən sonra 3 gün müddətində təhvil verilməsi mənasını daşımışdır.
35. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılşamayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış 14 aprel 2014-cü il tarixli podrat müqaviləsi ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. İşin müəyyən edilmiş hallarına əsasən mərhum podratçı inşa etdiyi çoxmənzilli binanın tərkib hissəsi olan, müqavilədə nəzərdə tutulan daşınmaz əmlakı tam hazır vəziyyətə gətirməmiş və iddiaçı olan sifarişçinin mülkiyyətinə verməmişdir ki, bununla da o müqavilə üzrə öhdəliyini icra etməyərək Mülki Məcəllənin 762.3-cü maddəsinin tələbini pozmuşdur. İddiaçı olan sifarişçinin isə Mülki Məcəllənin 765-ci maddəsinin tələbinə müvafiq olaraq, müqavilədən imtina etmək və müqavilə üzrə ödədiyi pulun geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi müqavilədən imtina hesab olunmaqla, həmin müqavilə üzrə iddiaçının öz hüququnun pozulduğunu bildiyi müddətin müəyyən edilməsi iddia müddətinin ötürülüb-ötürülməsinə aydınlıq gətirilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, yuxarda istinad olunan Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Yuxarıda qeyd olunduğu kimi iddiaçı məhkəmə kollegiyasının iclasında iddiaçı olan sifarişçi keçən müddət ərzində müqavilənin predmeti olan obyektin təhvil verilməsi ilə əlaqədar mərhum podratçı Rövşən Hüseynovla müntəzəm olaraq telefonla əlaqə saxladığını, Rövşən Hüseynovun isə müxtəlif səbəblərlə əlaqədar müqavilə üzrə öhdəliyinin icra edə bilmədiyini, lakin icrasını həyata keçirəcəyinə dair vədlər verdiyini iddia etmişdir ki, məhkəmə kollegiyası əksi sübut olunmadığından, yuxarıda istinad olunan, müqavilə tərəfləri arasında 2014-cü il tarixdən 2020-ci ilin sentyabr ayınadək olan telefon danışıqlarını qeyd edilən məzmunda olmasını qəbul etmişdir. Belə olduğu təqdirdə, həmçinin müqavilənin ləğv edilməməsi, iddiaçının isə notarial qaydada bağladığı müqaviləyə güvənərək gələcəkdə daşınmaz əmlaka sahib olmaq ümidi nəzərə alındıqda, müqavilə üzrə iddiaçının öz hüququnun pozulduğunu bildiyi an kimi ən pis halda 2020-ci ilin sentyabr ayının müəyyən edilməsi əsaslı hesab olunur. İddiaçı tərəfindən isə hazırkı iddia tələbi ilə 2023-cü ilin may ayında məhkəməyə müraciət edildiyindən Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətinin ötürülməsi halı istisna olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticə də əsassız olmuşdur.
36. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsi ləğv edilməli, idda tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rövşən oğlundan 20000 manat və ödənilmiş 150 manat dövlət rüsumu olmaqla, cəmi 20150 (iyirmi min yüz əlli manat) alınaraq, İddiaçı verilməli, qalan hissədə isə iddia təmin edilməməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rövşən oğlundan 20000 manat və ödənilmiş 150 manat dövlət rüsumu olmaqla, cəmi 20150 (iyirmi min yüz əlli manat) alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.