Məhkəmə qərarları › İş №2(105)-484/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-484/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-484/2022 31.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh, onun vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(060)-3314/2020 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(060)-3314/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsini üçüncü şəxs qismində işə cəlb etməklə icbari dövlət ödənişləri üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-953/2021 saylı, 22.06.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3314/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin olunmamışdır. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qətnamədən kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.11.2021-ci il tarixli, 2(102)-6275/2021 saylı qərarı ilə İddiaçı ASC və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-953/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh muzdlu işlə əlaqədar gəlirindən gəlir vergisi kimi ödənilmiş 6997.5 manat, məcburi dövlət sosial sığorta haqqı kimi ödənilmiş 5794,21 manat, işsizlikdən sığorta haqqı kimi ödənilmiş 290.41 manat, əldən çıxmış faydaya görə 3538,91 manat, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 16651,03 manat pulun cəmiyyətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.01.2017-ci il tarixli, 2(009)-245/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli, 2(103)-265/2018 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq Səbail Rayon Məhkəməsinin qətnaməsi qismən-iddiaçının ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi ilə bağlı tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilərək Cavabdeh iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş 4.386,26 manat pulun bankdan tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və ekspertiza xərcinin dəyəri 145 manat banka aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.02.2019-cu il tarixli, 2(102)-793/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən və bankın kassasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Qətnamə qüvvəyə mindikdən və icraya yönəldikdən sonra icra icraatı mərhələsində tərəflər arasında bağlanmış 07.05.2019-cu il tarixli barışıq sazişinə əsasən bank Cavabdeh ödəməli olduğu 54324,68 manat pulun 45000 manatını onun cari hesabına köçürmüş, Cavabdeh tələbin qalan 9324.68 manat hissəsindən imtina etmişdir. Cavabdeh sonradan vergi orqanına şikayət ərizəsi ilə müraciət edərək, bank tərəfindən ona ödənilən 45000 manata görə məcburi dövlət sosial sığorta haqqının ödənilmədiyini və nəticədə gözlədiyindən az pensiya aldığını bildirmişdir. Cavabdeh müraciətinə əsasən araşdırma aparan Vergilər Nazirliyi 45.000 manata görə gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini, həmçinin dəqiqləşdirilmiş bəyannamənin təqdim olunmasını bankdan tələb etmişdir. Bankın məhkəmə qətnaməsinə əsasən ödədiyi 45.000 manat Cavabdeh müzdlu işlə əlaqədar əldə etdiyi gəlirdir və o, həmin gəlir üzrə gəlir vergisinin ödəyicisidir. Bank isə onun gəlirindən gəlir vergisini ödəmə mənbəyində tutmağa və büdcəyə köçürməyə borclu olan vergi agentidir. Vergi orqanın yazılı tələbinə əsasən Cavabdeh ödənilən gəlirdən tutulmalı olan 6997.5 manat gəlir vergisi, 5794,21 manat məcburi dövlət sosial sığorta haqqı, 290.41 manat işsizlikdən sığorta haqqı 31.03.2020-ci ildə dövlət büdcəsinə ödənilmişdir. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsinin 01.03.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh kredit müqaviləsi üzrə 7077,83 manat pulun tutulması qət edilmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.05.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin qanuni qüvvəyə minməsindən 2 il vaxt keçməsinə baxmayaraq cavabdeh borcunu vaxtında ödəməməklə, banka zərər vurmuşdur. Belə ki, cavabdeh borcu vaxtında ödəyəcəyi halda, bank həmin məbləği illik 25 faizlə kredit verməklə 2 il üçün 3538,91 manat gəlir əldə edə bilərdi. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.01.2017-ci il tarixli, 2(009)-245/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli, 2(103)-265/2018 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq Səbail Rayon Məhkəməsinin qətnaməsi qismən- iddiaçının ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi ilə bağlı tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilərək Cavabdeh iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş 4.386,26 manat pulun bankdan tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və ekspertiza xərcinin dəyəri 145 manat banka aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.02.2019-cu il tarixli, 2(102)-793/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən və bankın kassasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan və icraya yönəldildikdən sonra icra icraatı mərhələsində tərəflər arasında bağlanmış 07.05.2019-cu il tarixli barışıq sazişinə əsasən bank Cavabdeh ödəməli olduğu 54324,68 manat pulun 45000 manatını onun cari hesabına köçürmüş, Cavabdeh tələbin qalan 9324.68 manat hissəsindən imtina etmişdir. Cavabdeh sonradan vergi orqanına şikayət ərizəsi ilə müraciət edərək bank tərəfindən ona ödənilən 45000 manata görə məcburi dövlət sosial sığorta haqqının ödənilmədiyini və nəticədə gözlədiyindən az pensiya aldığını bildirmişdir. Cavabdeh müraciətinə əsasən araşdırma aparan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 98-ci, 101-ci, 102-ci və "Sosial sığorta haqqında” qanunun 14-cü maddələrinə istinad edərək 45000 manata görə gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini, həmçinin dəqiqləşdirilmiş bəyannamənin təqdim olunmasını bankdan tələb etmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 95-ci maddəsinə görə rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 96.1-ci maddəsinə görə rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 97.3-cü maddəsinə görə gəlirlərə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir, vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir-əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə görə muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər vergi agenti kimi ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Həmin Məcəllənin 150.2-ci maddəsinə görə bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. Həmin Məcəllənin 92-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bankın məhkəmə qətnaməsinə əsasən ödədiyi 45000 manat Cavabdeh muzdlu işlə əlaqədar əldə etdiyi gəlirdir və o, həmin gəlir üzrə gəlir vergisinin ödəyicisidir. Bank isə onun gəlirindən gəlir vergisini ödəmə mənbəyində tutmağa və büdcəyə köçürməyə borclu olan vergi agentidir. “Sosial sığorta haqqında” qanunun 12-ci maddəsinə görə əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikası vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərdir. Həmin Qanunun 14.2-ci maddəsinə görə məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin qanunun 14.4-cü maddəsinə görə Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən 200 manatdan çox olan aylıq gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. “İşsizlikdən sığorta haqqında” qanunun 10.3-cü maddəsinə görə hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əmək haqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsinin 01.03.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh kredit müqaviləsi üzrə 7077.83 manat pulun tutulması qət edilmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.05.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin qanuni qüvvəyə minməsindən 2 il vaxt keçməsinə baxmayaraq cavabdeh borcunu vaxtında ödəməməklə banka zərər vurmuşdur. Belə ki, cavabdeh borcu vaxtında ödəyəcəyi halda bank həmin məbləği illik 25 faizlə kredit verməklə 2 il üçün 3538.91 manat faiz gəliri əldə edə bilərdi. Birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin Əmək və Vergi Məcəllələrinin təsiri altına düşdüyü qənaətinə gələrək, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 102.1.10 və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135.2, 195, 196.1-ci maddələrini tətbiq edərək belə hesab etmişdir ki, bankın gəlir vergisi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına cəlb etdiyi gəlir məhkəmə qərarına əsasən Cavabdeh ödənilən dəymiş zərərlə bağlı kompensasiya ödənişi olduğu üçün qeyd olunan icbari ödənişlərdən azaddır. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 92, 95, 96.1, 97.3, 98.1, 150.1.1, 150.2-ci maddələrini, “Sosial sığorta haqqında” qanunun 12, 14.2, 14.4-cü və “İşsizlikdən sığorta haqqında” qanunun 9, 10.3-cü maddələrini tətbiq etməmişdir. Halbuki həmin maddələrdə nəzərdə tutulmuş maddi hüquq normalarına görə Cavabdeh ödənilən gəlirdən tutulmalı olan 6997.50 manat gəlir vergisi, 5794.21 manat məcburi dövlət sosial sığorta haqqı və 290,41 manat işsizlikdən sığorta haqqı, cəmi 13082.12 manat bank tərəfindən 31.03.2020-ci ildə dövlət büdcəsinə ödənilmişdir. Məhkəmənin iddianın əldən çıxmış faydanın ödənilməsi tələbinə dair hissəsi üzrə gəldiyi nəticə də səhvdir. Belə ki, məhkəmə bu nəticəni əsaslandırmaq üçün istinad etdiyi Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsi özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərin ödənilməsini nəzərdə tutur. Bankın cavabdehə qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiasının hüquqi əsası isə Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsidir, yəni qətnamə ilə müəyyən olunmuş kredit borcunu həmin qətnamənin qüvvəyə minməsindən 2 il vaxt keçməsinə baxmayaraq vaxtında ödəməyən cavabdeh bununla banka zərər vurmuşdur. Belə ki, cavabdeh borcu vaxtında ödəyəcəyi halda bank həmin məbləği illik 25 faizlə kredit verməklə 2 il üçün 3538.91 manat faiz gəliri əldə edə bilərdi. Lakin məhkəmə bunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessaul hüquq normalarını düzgün tətbiq etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan halları araşdırmamışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən fiziki şəxsə ödənilmiş əmək haqqı məbləğinin dəymiş zərərin ödənilməsi ilə bağlı kompensasiya olması və bu səbəbdən Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən gəlir vergisindən azad olması bildirilmişdir. Məhkəmə qərar qəbul edərkən Əmək Məcəlləsində əmək haqlarının gec ödənilməsinin zərər kimi nəzərdə tutulmadığını, iddiaçı və cavabdeh tərəfindən bu ödənişdə vergi və sosial ödənişlərinin olmasını mübahisələndirməməsi, vergi orqanının bu məsələ ilə əlaqədar məktubunun (inzibati aktının) olması, vergitutma baxımından Vergi Məcəlləsinin müddəalarının Əmək Məcəlləsinin müddəalarından üstün olduğunu və inzibati məhkəmələrin yurisdiksiyasına qarışmaqla vergi orqanının inzibati aktının ləğv edildiyini və göstərilən mübahisə üzrə vergi orqanının cavabdeh olmadığını nəzərə almalı olduğu halda nəzərə almamışdır. Həmçinin şifahi məhkəmə baxışı zamanı vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlər, o cümlədən aparılan ödənişlər üzrə vergi öhdəliklərinin olub-olmaması məsələləri üzrə məhkəmə iclaslarında araşdırılma aparılmamışdır. Vergi Məcəlləsinin 1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Həmin Məcəllənin 98.1-ci maddəsinə uyğun olaraq fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir-əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Göründüyü kimi, Vergi Məcəlləsinə əsasən cavabdehin aldığı ödəniş onun əmək haqqısı hesab edilir və onun işlədiyi müddət ərzində və ya işdən çıxdıqdan sonra həmin məbləğin alınması onun muzdlu işlə əlaqədar gəliri kimi hesab edilməməsini istisna etmir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır. Göründüyü kimi, Vergi Məcəlləsində muzdlu işlə əlaqədar gəlirlərin vergilərdən azad olunması yalnız 102.1.6-cı maddəsi ilə tənzimlənir və bununla bağlı Vergi Məcəlləsində hər hansı istisna hal nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən istinad olunan Vergi Məcəlləsinin 102.1.10-cu maddəsində göstərilən zərərə görə ödənilən kompensasiya xarakterli ödənişlər mülki xarakterli müqavilələrdən əmələ gələn öhdəliklər üzrə əldə edilən gəlirlərə aid normadır. Belə ki, Mülki Məcəllənin 14.1-ci maddəsinin mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Bu əsaslardan biri də həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulmasıdır. Bundan başqa, Mülki Məcəllənin 21-ci maddəsinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Başqa sözlə, məhkəmənin istinad etdiyi Vergi Məcəlləsinin 102.1.10-cu maddəsi Mülki Məcəllədə qeyd edilən zərər anlayışı ilə əhatə edilir. Həmçinin Vergi Məcəlləsinin qeyd edilən müddəasına əsasən qanunvericilik dəymiş zərərlərin ödənilməsi ilə bağlı kompensasiya ödənişlərini gəlir vergisindən azad etmişdir. Göründüyü kimi, maddənin tələbinin yerinə yetirilməsi üçün 2 şərt-zərər və kompensasiya xarakterli olmalıdır. Mübahisələndirilən halda isə ödənilən vəsait əmək haqqıdır ki, bu nə zərər, nə də ki kompensasiya hesab edilə bilməz. Başqa sözlə, elə hallar ola bilər ki, orada zərər olsun, lakin zərərlə bağlı kompensasiya ödənişi olmasın. Bəzi hallarda isə kompensasiya xarakterli ödəniş ola bilər, lakin zərər olmaya bilər. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlirlər - əgər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Göründüyü kimi, ümumilikdə vergi ödəyiciləri tərəfindən zərərlə əlaqədar əldə etdikləri gəlirlər satışdankənar gəlir hesab edilməklə vergiyə cəlb edilməlidir. Lakin Vergi Məcəlləsinin 32.1.10-cu maddəsinə əsasən zərərlə əlaqədar kompensasiya xarakterli ödənişlərin fiziki şəxslərin gəlir vergisindən azad olunması bildirilmişdir. Vergi Məcəlləsinin 2.3-cü maddəsinə əsasən vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. Bundan başqa, Vergi Məcəlləsinin 3.2-ci maddəsinə uyğun olaraq vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Əmək Məcəlləsində əmək haqlarının sonradan ödənilməsinin zərər anlayışı ilə əhatə edilməsini müəyyən edən maddə nəzərdə tutulmamışdir. Həmçinin məhkəmə qərar qəbul edərkən vergi orqanının inzibati aktının ləğv edilməsini də nəzərə almamışdır. Belə ki, qeyd etdiyi kimi vergi orqanının mübahisələndirilən məsələ ilə əlaqədar rəsmi məktubu olmuşdur. “İnzibati icraat haqqında” qanuna əsasən inzibati orqanın rəsmi mövqeyi inzibati akt hesab edilir. Belə ki, həmin qanuna əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.06.2013-cü il tarixli qərarına əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Göründüyü kimi, vergi orqanının inzibati aktı faktiki olaraq hazırki qərarla ləğv edilmişdir. Halbuki, İnzibati Prosessual Məcəlləyə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hazırki işdə mübahisələndirilməyən hal üzrə qərar qəbul etmişdir. Belə ki, nə iddiaçı tərəf, nə də cavabdeh tərəf göstərilən ödənişdən vergi və sosial öhdəliklərin olub olmamasını mübahisələndirməmişdir. Belə ki, cavabdeh fiziki şəxs kimi özü ilk öncə vergi orqanına ona ödənilmiş məbləğdən sosial öhdəliklərin yerinə yetirilmədiyini və ona ödənilmiş əmək haqqlarına görə sosial ödənişlərinin aparılması barədə İddiaçıya göstəriş verilməsini vergi orqanından xahiş etmişdir. Vergi orqanı tərəfindən fiziki şəxsə göndərilmiş 17.04.2020-ci il tarixli, **********9000 saylı cavab məktubunda həmin ödənişlərdən vergi və sosial öhdəliklərin olması bildirilmişdir. Bundan sonra Bank Respublika tərəfindən eyni məsələ ilə bağlı müraciət edilmiş və vergi orqanının 03.03.2020-ci il tarixli, **********803500 saylı məktubuna əsasən vergi sosial öhdəliklərinin olması bildirilmişdir. Göründüyü kimi, məhkəmə mübahisələndirilməyən və araşdırılmayan məsələ üzrə qərar qəbul etməklə maddi hüquq normalarının tələblərini kobud sürətdə pozmuşdur. Bundan başqa, məhkəmə iddia tələbini göstərilən əsasla rədd edərkən vergi orqanının cavabdeh qismində cəlb olunmamasını nəzərə almamışdır. Vergi orqanı indiki halda cavabdeh qismində olmalı idi. Çünki iddia tələbi məhz vergi orqanının inzibati aktının ləğv olunması nəticəsinə gəlməklə rədd edilmişdir. Halbuki iddiaçı bu tələbi iddia ərizəsində qeyd etməmişdir. Məhkəmə Vergi Məcəlləsinin 102.1.10-cu maddəsinə istinad edərək iddiaçının cavabdehə ödədiyi məbləğlərin vergidən azad edilən ödənişlər olduğunu və bu səbəbdən sosial ödənişlərə də cəlb edilməli olmadığını bildirmişdir. Bununla əlaqədar məhkəmə Vergi Məcəlləsinin 1.4cü maddəsinə istinadla kifayətlənmiş, müvafiq ödənişlərin məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməli olub-olmamasına qiymət verməmişdir. Halbuki, məcburi dövlət sosial sığorta haqqı hesablanan və hesablanmayan gəlir növləri “Sosial sığorta haqqında” qanunla müəyyən edilir. Həmin qanunun 15-ci maddəsinə əsasən sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla, əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır. Sosial sığorta haqqı hesablanmayan gəlir növləri arasında əvvəlki illər üzrə ödənilmiş əmək haqları azadolmaya daxil edilməmiş, azadolmalar əmək xəsarəti, səhhətə dəymiş zərərlə əlaqələndirilmişdir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadan iddia tələbini birtərəfli və qərəzli formada araşdırmış, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddiaçının apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməli, iş üzrə qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(009)-245/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı işdənçıxarma müavinətinin düzgün hesablanması, iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının və məzuniyyət pulunun ödənilməsi və xüsusi qərardad çıxarılması tələbinə dair iddası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli, 2(103)-265/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.01.2017-ci il tarixli qətnaməsi qismən-iddiaçının ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi ilə bağlı tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh çalışdığı dövrdə iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş 4.386,26 manatın İddiaçı Açıq Səhmdar Cəmiyyətindən iddiaçının xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.02.2019-cu il tarixli, 2(102)-793/2019 saylı qərarının surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh (tələbkar) ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borclu) arasında bağlanmış 07 may 2019-cu il tarixli barışıq sazişindən görünür ki, tərəflər borclunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-793/2019 saylı icra sənədinə əsasən tələbkara ödəməli olduğu cəmi 54324,68 manat pulun 45000 manatını bu sazişin imzalandığı tarixdə tələbkarın İddiaçı Açıq Səhmdar Cəmiyyətindəki hesabına köçürməsi, tələbkarın isə borcluya qarşı tələbin 9324,68 manat hissəsindən imtina etməsi və bu barədə notarial qaydada təsdiq edilmiş ərizənin bir əsl nüsxəsini tələbkara, digər əsl nüsxəsini isə Səbail rayon İcra və probasiya şöbəsinə təqdim etməsi, eləcə də, 45000 manat tələbkara ödənildikdən sonra o, borcluya qarşı tələbin qalan 9324,68 manat hissəsinə dair tələb irəli sürməyəcəyi barədə razılığa gəlmişlər. İş materiallarında olan 31.03.2020-ci il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına gəlir vergisi kimi 6997,5 manat, DSMF-nin hesabına məcburi dövlət sosial sığorta haqqı kimi 5794,21 manat, işsizlikdən sığorta haqqı kimi 290,41 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(060)-786/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 5489,44 manat əsas kredit borcu, 1538,39 manat kreditdən istifadəyə görə faiz borcu, 50 manat cərimə (penya) borcu, cəmi 7077,83 manat məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2018-ci il tarixli, 2(105)-2100/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(060)786/2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası tərəfindən Bakı Apellyasiya Məhkəməsindən tələb edilərək nəzərdən keçirilmiş 2(103)-265/2018 saylı mülki işin materiallarından görünür ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı işdənçıxarma müavinətinin düzgün hesablanması, iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının və məzuniyyət pulunun ödənilməsi və xüsusi qərardad çıxarılmasına dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(009)-245/2017 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli, 2(103)-265/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 30.01.2017-ci il tarixli qətnaməsi qismən-iddiaçının ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi ilə bağlı tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh çalışdığı dövrdə iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş 4.386,26 manatın İddiaçı ASCdən iddiaçının xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.02.2019-cu il tarixli, 2(102)-793/2019 saylı qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21748 saylı, 24 avqust 2018-ci il tarixli rəyindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh çalışdığı dövrdə iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş pul vəsaitinin məbləği 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş pul vəsaitinin məbləği isə 4386,26 manat müəyyən edilmişdir. İşdən görünür ki, birinci instansiyası məhkəməsi iddia tələblərini rədd edərkən Cavabdeh ödənilmiş pul məbləğinin kompensasiya olduğundan vergidən azad olunmasına və əldən çıxmış faydaya dair məhkəməyə sübut təqdim edilməməsinə istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci, Azərbaycan Respublikası MM-nin 449-cu maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı, eləcə də işin faktiki hallarına uyğun deyildir. İşdən görünür ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh çalışdığı dövrdə iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş 4.386,26 manatın İddiaçı Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə tutulmuşdur. İşin mübahisə edilməyən hallarından görünür ki, həmin qətnamənin icrası ilə bağlı tərəflər arasında 07 may 2019-cu il tarixdə barışıq sazişi bağlanmış və 45.000 manat Cavabdeh hesabına köçürülmüşdür. Həmçinin o da mübahisə olunmur ki, Cavabdeh ödənilmiş 45.000 manatdan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına gəlir vergisi kimi 6997,5 manat, DSMF-nin hesabına məcburi dövlət sosial sığorta haqqı kimi 5794,21 manat, işsizlikdən sığorta haqqı kimi 290,41 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 97.1-ci maddəsinə görə rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Həmin Məcəllənin 97.3.1-ci maddəsinə əsasən gəlirlərə muzdlu işlə əlaqədar əldə edilən gəlir aiddir. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İşdən görünür ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.10-cu maddəsini tətbiq etmişdir. Həmin maddəyə görə dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri gəlir vergisindən azaddır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iş saatlarından artıq işləmiş və həmin iş saatlarına görə ona əmək haqqı və buna müvafiq olaraq məzuniyyət pulu ödənilməmişdir. Belə olduqda, Cavabdeh əmək haqqı və məzuniyyət pulu kimi ödənilən pul məbləğinin birinci instansiya məhkəməsi tərəfindən dəymiş zərərə görə kompensasiya kimi qəbul edilməsi qanuni və əsaslı sayıla bilməz. “Sosial sığorta haqqında” qanunun 12-ci maddəsinə görə əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; əcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Həmin qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. “İşsizlikdən sığorta haqqında” qanunun 4.0.1-ci maddəsinə görə işsizlikdən sığortanın əsas prinsiplərdən biri də işsizlikdən sığortanın məcburiliyidir. Həmin qanunun 9.0.2-ci maddəsinə əsasən İşsizlikdən sığorta üzrə sığorta tarifi sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əmək haqqının 0,5 faizi miqdarında müəyyən edilmişdir. Həmin qanunun 10.3-cü maddəsinə görə hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı işdənçıxarma müavinətinin düzgün hesablanması, iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının və məzuniyyət pulunun ödənilməsi və xüsusi qərardad çıxarılmasına dair iş üzrə keçirilmiş 24 avqust 2018-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyində ekspert tərəfindən Cavabdeh cəmi 54.324,68 manatın ödənilməli olması müəyyən olunarkən həmin məbləğ ödənilməli olan vergi çıxılmasından sonra hesablanmamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq edib hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə muzdlu işlə əlaqədar gəlirindən gəlir vergisi kimi ödənilmiş 6997,5 manat, məcburi dövlət sosial sığorta haqqı kimi ödənilmiş 5794,21 manat, işsizlikdən sığorta haqqı kimi ödənilmiş 290,41 manat tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Həmin qərarda göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Həmin Qərarda göstərilmişdir ki, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əldən çıxmış faydaya görə 3538,91 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətlərində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, iş üzrə qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətləri təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(060)- 3314/2020 saylı qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilərək iddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə muzdlu işlə əlaqədar gəlirindən gəlir vergisi kimi ödənilmiş 6997,5 (altı min doqquz yüz doxsan yeddi manat 50 qəpik) manat, məcburi dövlət sosial sığorta haqqı kimi ödənilmiş 5794,21 (beş min yeddi yüz doxsan dörd manat 21 qəpik) manat, işsizlikdən sığorta haqqı kimi ödənilmiş 290,41 (iki yüz doxsan manat 41 qəpik) manat, əldən çıxmış faydaya görə 3538,91 (üç min beş yüz otuz səkkiz manat 91 qəpik) manat, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 16651,03 (on altı min altı yüz əlli bir manat 3 qəpik) manat tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar