Məhkəmə qərarları › İş №2(105)-485/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-485/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-485/2023 30.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: ötürülmüş müddətin bərpası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat borc və ödənilmiş 174 (yüz yetmiş dörd) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) İddiaçı iddiası təmin edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 3241/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmədiyindən geri qaytarılmışdır.

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 3241/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə verdiyi vəsatət təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə geri qaytarılması qərara alınmışdır.

7. Cavabdeh həmin qərardaddan şikayət vermişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli qətnaməsinin surəti xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmiş, cavabdeh sözügedən qətnamədən verdiyi apellyasiya şikayəti xx.xx.2022-ci tarixdə (xx.xx.2022-ci il iş gününə düşməsi nəzərə alınmaqla) Sumqayıt Şəhər Məhkəməsinə daxil olmaqla apellyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 135.3, 135.4, 135.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

11. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şikayətin dəlilləri

13. Şikayət onunla əsaslandırılmışdır ki, prosessual müddətlər dedikdə, mülki prosessual hüquq və vəzifələrin yaranmasını, dəyişməsini və xitam olunmasını şərtləndirən vaxt anı və zaman kəsiyi başa düşülür. Çıxarılmış qərardadla onun hüquqları pozumuşdur. Bu da o deməkdir ki, qətnamədən şikayət vermək hüququnu itirmiş olur. Belə ki, müddətin ötürülmə səbəbi ondan olmayan səbəbdən baş vermişdir. Məhkəmə həmin səbəbi obyektiv və əsaslı araşdırıraq müddəti bərpa etməlidir. Qanunvericiliyə uyğun olaraq bu barədə yuxarıda həmçinin vəsatətində ətraflı məlumatları yazmışdır. Müddətin buraxılması ilə bağlı göstərilən səbəbi məhkəmə üzrlü saymamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, ölkə ərazisində elan edilmiş vaxtdan sonra elektron sistemi işləmişdir. Elektron sistemi tam bərpa edilən gün şikayəti imzalamaq mümkün olmuşdur. Qeyd olunanlara əsaslanaraq buraxılan müddət onun səhvi ucbatından ötürülməmişdir.

14. Belə ki, Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya resurslarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıqda yeni qurulmuş, “TİER İİİ” Beynəlxalq dayanıqlıq və etibarlılıq keyfiyyət standartı üzrə sertifikatlaşdırılmış data mərkəzinə köçürülməsi ilə əlaqədar texniki işlərin davam etdirilməsi və həmin işlərin növbəti mərhələsi çərçivəsində “elektron məhkəmə”, “elektron icra” və “e-qanun” informasiya sistemlərinin fəaliyyətində müvəqqəti dayanmalar olduğundan şikayəti imzalamaq müddətin tamam olduğu gün mümkün olmamışdır. Ona görə də, hesab edir ki, məhkəmə tərəfindən bu hal üzrlü səbəb kimi hesab olunmalıdır.

b) Şikayəti qarşı etirazın dəlilləri

15. Şikayətiə qarşı yazılı etiraz və vəsatət verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir

17. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin;

128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir.

23. Belə ki, öyrənilən işdən müəyyən edilir ki, sözügedən qətnamənin surəti 29 iyul 2022-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə, o cümlədən Cavabdeh rəsmi qaydada göndərilmiş, sonuncu da poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə xx.xx.2022-ci il tarixdə imza edilməklə qətnamənin surətini rəsmi qaydada qəbul etmişdir.

24. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə vasitəsilə apellyasiya şikayəti vermişdir.

25. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli qərardadı ilə müddətin keçməsi səbəbilə apellyasiya şikayəti geri qaytarılmışdır.

26. Cavabdeh qətnamədən yenidən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, lakin şikayət və ona əlavə olunmuş sənədlər məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Səbəb kimi müddətin bərpa edilməsi barədə vəsatətin olmaması və cavabdehin tələbinin nədən ibarət olmaması göstərilmişdir. (Halbuki buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət və cavabdehin tələbi apellyasiya şikayətində göstərilmişdir (i/m. səh. 78-89).

27. Cavabdeh təkrərən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2022ci il tarixli, 2(060)-3241/2022 nömrəli qərardadı ilə vəsatət təmin edilməmiş, xx.xx.2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır.

29. Belə ki, mülki işin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayəti və müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə bir neçə dəfə müraciət etmiş, lakin sonda müraciətləri müsbət həll olunmamışdır.

30. İş materiallarına əlavə olunmuş 1222/2022 nömrəli vəkil orderindən görünür ki, cavabdehlə vəkil arasında hüquqi yardımla bağlı müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmış, xx.xx.20222-ci il tarixdə isə sonuncu tərəfindən vəkilə məhkəmədə səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı etibarnamə verilmişdir (i/m səh 69-70).

31. Göründüyü kimi cavabdeh tərəf sözügedən məhkəmə qətnaməsindən ilk vaxtdan apellyasiya şikayəti vermək hüququndan istifadə etmək istəsə də, sonda elektron kabinetdən istifadə ilə yaranmış çətinliklərlə əlaqədar olaraq qanunvericiliyin tələblərinə tam riayət edə bilməmiş, texniki səbəblərdən 1 gün vaxt itkisinə yol vermiş, bu səbəbdən də prosessual müddəti özündən asılı olmayaraq üzürlü olaraq ötürmüşdür.

32. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

33. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatətində göstərilən əsaslara görə onun tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəblərdən buraxılmışdır.

34. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsi səbəbi ilə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamış, apellyasiya şikayətini geri qaytarakən prosessual normanın tələblərini düzgün təfsir etməmişdir.

35. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli nömrəli qərardadı tam, bununla bağlı xx.xx.2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli qərardadı qismən-şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli qətnaməsindən “apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi” barədə verilmiş vəsatət təmin olunaraq, apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Cavabdeh nümayəndəsi və vəkili tərəfindən tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli nömrəli qərardadı tam, bununla bağlı xx.xx.2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli qərardadı isə qismən-şikayətin təmin olunmaması hissəsində ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3241/2022 nömrəli qətnaməsindən “apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə” iş üzrə Cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilsin. Apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün qeydə alınaraq icraata verilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar