Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-485/2025 06.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəmir borunun bərpa edilməsi və su xətti ilə axan suyun qarşısının alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-1674/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim N.İsmayılov) İddiaçı Cavabdeh qarşı “içərisindən axan suyun diametri 120 mm olan dəmir borunun bərpa edilməsi və su xətti ilə axan suyun qarşısının alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi və İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi 14643, əməliyyat İD 6********) olan 100 manat dövlət rüsumunun İddiaçı geri qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(074)-1674/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus RX ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə içərisindən axan suyun diametri 120 mm olan dəmir borunun bərpa edilməsi və həmin su xətti ilə axan suyun qarşısının alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi və ödəmiş olduğu 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Şamaxı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını araşdıraraq əsassız olaraq hesab etmişdir ki, onun Cavabdeh qarşı “içərisindən axan suyun diametri 120 mm olan dəmir borunun bərpa edilməsi və su xətti ilə axan suyun qarşısının alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi” tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil və bu səbəbdən iş üzrə icraata xitam vermişdir. Şamaxı Rayon Məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, həmin məhkəmənin 2(074)-20/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun əvvəlki iddia tələbinin qismən təmin edilərək ona məxsus RX ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan Şamaxı Rayonu, Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə gələn su xəttinin Cavabdeh hesabına bərpa edilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəyə minərək icra edilmiş və icra məmuru tərəfindən həmin iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi məhkəmə əvvəlki Şamaxı Rayon Məhkəməsinin 2(074)- 20/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindəki iddia tələbiylə hazırki iddia tələbini qarışıq salmışdır. Aşkar görünür ki, əvvəlki iddia tələbi eyni cavabdehə yönəldilməklə “torpaq sahəsinin boşaldılması, su xəttinin bərpasına dair” olmuşdur. Hazırki iddia tələbi isə bundan tam fərqli iddiadır. Ona görə də hazırki mübahisəyə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi və həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsi tətbiq edilə bilməz. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli və onunla bağlı 28 yanvar 2025-ci il tarixli qərardadları ləğv edilməli, işə yenidən məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə icrata xitam verilməsini hazırki iddia tələbinə məhkəmədə baxılmalı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı əsaslara qanuni və əsaslı hesab etmir. Məlum olduğu kimi məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsinə görə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraat MPM-nin 261.0.1-ci maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslarla tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-20/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək İddiaçı məxsus RX ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə gələn su xəttinin Cavabdeh hesabına bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gələrkən Şamaxı Rayon Məhkəməsinin 2(074)-20/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi icra edildikdən sonra eyni borclu icra sənədinin icrasına yenidən maneçilik yaradırsa tələbkara icra sənədi üzrə icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilməsi ilə əsaslandırmış və gəldiyi nəticənin əsası kimi MPM-nin 261.0.1. maddəsinə istinad etmişdir. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir. Qanunun mənasına görə iş üzrə icraata o zaman xitam verilir ki, ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququ olmur və ya o həmin hüququ itirmiş olur. Göründüyü kimi məhkəmə qüvvədə olan məhkəmə aktına əsaslanaraq bu nəticəyə gələrkən bu əsasla iş üzrə icraata xitam verilmənin MPM-nin 261.0.1-ci maddəsi ilə deyil, 261.0.2-ci maddəsi ilə tənzimləndiyini nəzərə almamışdır. Belə ki, 261.0.1-ci maddəsində nəzətdə tutulan əsaslar işin məhkəmədə baxılmalı olmaması, ümumiyyətlə, məhkəməyə aid olmadığını və ya iş məhkəməyə aid olsa da, tərəflər arasında mübahisənin olmadığı, yaxud da mülki mühakimə icraatında baxılmalı olmamasını etiva edir. İş üzrə icraata xitam verilməsinin digər əsası eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır (MPM-nin 261.0.2-ci maddəsi). Bu əsasla iş üzrə icraata yalnız o halda xitam verilir ki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsas üzrə yaransın və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Lakin hazır ki iş üzrə icraata xitam verən birinci instansiya məhkəməsi işin bu hallarına əhəmiyyət verməmiş və nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli və onunla bağlı 28 yanvar 2025ci il tarixli qərardadları ləğv edilməli, yenidən məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli və onunla bağlı 28 yanvar 2025-ci il tarixli qərardadları ləğv edilsin. İddiaçı Cavabdeh qarşı dəmir borunun bərpa edilməsi və su xətti ilə axan suyun qarşısının alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi tələbinə dair mülki işə qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-485/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-485/2025
06.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver