Məhkəmə qərarları › İş №2(105)-486/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-486/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-486/2025 05.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx"(Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun restrukturizasiyasına dair müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bank VTB”(Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Borcun restrukturizasiyasına dair müqavilə”-yə əsasən 6182.78 manat məbləğində əsas borc, 170.23 manat məbləğində faiz borcu, 83.95 manat məbləğində cərimə borcu olmaqla, ümumillikdə 6436.96 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 84.37 manat dövlət rüsumunun Cavabdeh tutularaq “Bank VTB(Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh mülki işin aidiyyəti üzrə göndərilməsi barədə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, bank tərəfindən aidiyyat qaydaları pozulmuş, o, Zəngilan rayonunda qeydiyyatda olmasına baxmayaraq, hazırda Səbail rayonu Biləcəri qəsəbəsi İdman məktəbində məskunlaşmışdır. Belə olduğu halda bank iddia tələbi ilə Zəngilan Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməlidir. Ona görə də məhkəmədən mülki işə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Gülsarə İmanova) Cavabdeh məhkəmə aidiyyətinin dəyişidirilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh Zəngilan rayonu, Zəngilan ərazi dairəsi Qıraq Muşlan kəndində qeydiyyatdadır, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq Zəngilan Rayon Məhkəməsinə iddianı təqdim etmiş və məhkəmə prosessual hüquq normalarına əsasən məhkəmə aidiyyəti qaydalarına riayət etməklə işi icraatına qəbul etmişdir. Cavabdeh Zəngilan Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(034)- 60/2025 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, şikayətin təmin olunmasını, Zəngilan Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(034)-60/2025 nömrəli qərardadının ləğv edilməsi, işin baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsi, şikayəti təmin olunmadığı halda baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bank adiyyət qaydalarını pozmuşdur. Belə ki, iddia tələbi ilə Zəngilan Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməlidir. Çünki o, Səbail rayonu, Biləcəri qəsəbəsi İdman məktəbində məskunlaşmışdır. Lakin məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(034)-60/2025 nömrəli qərardadı ilə mülki işin adiyyəti üzrə göndərilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardad qanunsuz və əsassızdır. İddia Zəngilan Rayon Məhkəməsinə deyil, Səbail Rayon Məhkəməsinə verilməlidir. İşə baxan məhkəmə bu halı tam araşdırmamışdır. Zəngilan Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(034)-60/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ərizəsi cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilir. Hazırki iş üzrə cavabdehin yaşayış yeri üzrə rəsmi qeydə alındığı yer Zəngilan rayonu, Zəngilan ərazi dairəsi Qıraq Muşlan kəndidir. Məhkəmə kolegiyası cavabdehin məcburi köçkün statutusunda olmaqla, Bakı şəhərinin Səbail rayonu ərazisində məskunlaşmasına münasibətdə isə qeyd edir ki, Zəngilan Rayon Məhkəməsi də hal-hazırda inzibati ərazi vahidi üzrə Bakı şəhərində yerləşməkdədir. Buna görə də cavabdehin mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhərinin digər rayon məhkəməsinə göndərilməsi ilə bağlı vəsatəti əsassız hesab olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi barədə cavabdehin vəsatətinin təmin edilməməsi barədə gəldiyi nəticədə prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 35.1 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar