Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-487/2025 16.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlak tələbi, iddia müddətinin tətbiqi) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(012)-4179/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8700 ABŞ dolları alınaraq İddiaçı2 Bahadır qızına və 15600 ABŞ dolları alınaraq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh həyat yoldaşı X8 ilə 36 il Bakı şəhəri Statistika komitəsində bir yerdə işləmişdir. Bacı qardaş kimi olmuşlar, ailəvi gediş gəlişləri olub, bu səbəbdən də onun yoldaşı Cavabdeh ilə də yaxın olmuşlar. Buna görə onları öz ailəsi (bacısı, yoldaşı) ilə tanış etmişdir. Bır neçə dəfə onlar (Məmmədov ailəsi) ondan qızıl götürüb satıb pulunu qaytarmışlar. xx.xx.2019-cu ildə Cavabdeh bacısı İddiaçı2 Bahadır qızından 8700 ABŞ dolları məbləğində qızıl zinət əşyası götürmüş və 2019-cu ilin iyun ayının axırına kimi qaytaracağını öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə də Cavabdeh Bakı şəhəri Biləcəri qəsəbəsi, “ARMY’ marketin yanında, İddiaçı1 15600 (on beş min altı yüz) ABŞ dolları məbləğində qızıl zinət əşyaları götürmüşdür, lakin bu günə qədər nə İddiaçı2 Bahadır qızının nə də ki, İddiaçı1 qızıl zinət əşyalarını, nə də pulunu qaytarmamışdır. Belə ki, onlara məlum olmuşdur ki, Məmmədovlar ailəsinin niyyəti onlara məxsus əmlakı ələ keçirmək imiş. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. Məhkəmə gedişatında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, Cavabdeh 8700 ABŞ dollar dəyərində qızıl alınaraq İddiaçı2 Bahadır qızına və 15600 ABŞ dolları dəyərində qızıl alınaraq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2019-cu il tarixli əlyazma ilə yazılmış öhdəliyin qəbul edilməsinə dair qəbzdən görünür ki, Cavabdeh həyat yoldaşı X4 iştirakı ilə İddiaçı1 15600 ABŞ dolları dəyərində qızılları almış, pulunu avqust ayının axırında tam ödəyəcəyinə söz vermişdir.
5. xx.xx.2019-cu il tarixli əlyazma ilə yazılmış öhdəliyin qəbul edilməsinə dair qəbzdən görünür ki, Cavabdeh İddiaçı2 4800 ABŞ dolları və 3900 ABŞ dolları miqdarında şəxsi əşyaları götürdüyünü, borcunu iyunun axırıda qədər ödəyəcəyinə söz vermişdir. X3, İddiaçı1 və Cavabdeh imzalamışdır.
6. Binəqədi RPİ-nin İŞ-nin 08 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X4 əməlində Azərbaycan Respublikası CM-nin 178 maddəsinin tərkibi olmadığından, barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış X1 Aygün Bahadur qızını tanıdığını, uzun illər onunla Dövlət Statistika Komitəsində işlədiyini, 2018-ci ildə işdən çıxdıqlarını sonradan arabir görüşdüklərini bildirmişdir. 2019-cu ildə pula ehtiyacı olduğu üçün İddiaçı1 qızıl-zinət əşyaları götürmüş və həmin qızıl zinət əşyalarını sataraq ehtiyaclarını qarşılamışdır. Həmin vaxtdan etibarən Aygünə borclu qaldığını etiraf edərək pulu olacağı təqdirdə qaytaracağını bildirmişdir.
7. İş materialların əlavə edilmiş Cavabdeh Binəqədi rayon Polis İdarəsinə vermiş olduğu izahatından görünür ki, Aygündən bir neçə dəfəyə 15600 ABŞ dolları dəyərində qızıl-zinyət əşyalarını nisyə götürdüyünü, həmin qızılların dəyərindən 7600 ABŞ dolları ödədiyini, 7900 ABŞ dolları borcu qaldığını etiraf etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(012)-4179/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddianın təmin edilməsi, Cavabdeh 15600 ABŞ dolları dəyərində qızılın alınaraq İddiaçı1 və 8700 ABŞ dolları məbləğində qızılın isə İddiaçı2 verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600, 590.2, 372.1 və 384.0.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1, 106.3, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(012)-4179/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin hakimi barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar X5 8.700 ABŞ dolları alınaraq ona verilməsini, digər İddiaçı2 Bahadır qızı 15.600 ABŞ dolları alınaraq ona verilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırmışdırlar ki, xx.xx.2019-cu il tarixdə İddiaçı2 Bahadır qızı ona 8.700 ABŞ dolları məbləğində nisyə olaraq qızıl-zinyət əşyaları vermiş və 2019-cu ilin iyun ayının axırına kimi həmin məbləği qaytarmağı üzərinə götürmüşdür. Digər iddiaçı xx.xx.2019-cu il tarixdə ona Bakı şəhəri Biləcəri qəsəbəsi, “ARMY” marketinin yanında 15.600 ABŞ dolları məbləğində qızıl-zinyət əşyaları vermiş, amma o, guya onun pulunu qaytarmamışdır. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli əl-yazma ilə yazılmış öhdəliyin qəbul edilməsinə dair qəbzdən görünür ki, o, həyat yoldaşı X4 iştirakı ilə İddiaçı1 15.600 ABŞ dolları dəyərində qızılları almış, pulunu avqust ayının axırında tam ödəyəcəyinə söz vermişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli əlyazma ilə yazılmış öhdəliyin qəbul edilməsinə dair qəbzdən görünür ki, o, İddiaçı2 Bahadır qızından 4.800 ABŞ dolları və 3.900 ABŞ dolları miqdarında şəxsi əşyalarını götürdüyünü, borcunu iyun ayının axırınadək ödəyəcəyini söz vermişdir. O, bu iddiaya qarşı AR MPM-nin 149.2.4-cü maddəsində nəzərdə tutulmuş pretenziya qaydasında mübahisənin nizama salınmasına riayət edilməsinə dair məlumatın iddia ərizəsinə əlavə edilməməsinə görə məhkəməyə rəsmi qaydada etiraz vermiş, amma məhkəmə bu etirazına hüquqi qiymət verməmişdir. Həmçinin o, iddia müddətinin tətbiq edilməsinə dair AR MM-nin 375-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməyinə baxmayaraq, məhkəmə onun bu ərizəsinə münasibətdə qətnamədə qeyd etmişdir ki, iddia tələbi guya nisyə alqı-satqı müqaviləsinin predmetinin qaytarılması ilə bağlı olduğundan, guya iddia müddəti tətbiq edilə bilməz. Həmin qətnamədə məhkəmə bir tərəfdən qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququ müdafiəsi üçün müddət iddia müddəti sayılır. Digər tərəfdən məhkəmə həmin Məcəllənin 384.0.4-cü maddəsinə istinad edərək, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri özüdə bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. Bu halda məhkəmə müqavilələr üzrə AR MM-nin 373.1-ci maddəsində müqavilələr üzrə iddia müddəti barədə nədənsə qətnamədə heç bir qeyd etməmişdir. Hesab edir ki, məhkəmə qəbul etdiyi qətnamədə mübahisəyə aid olmayan AR Mülki Məcəlləsinin 600.4-cü və 590.2-ci maddələrini tətbiq edərək, AR MPM-nin 149.2.2-ci maddəsinə riayət edilməməsinə görə bu Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qaydada iddia ərizəsini geri qaytarmadığına görə, habelə AR Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiadan imtina edilməsi barədə qərar qəbul etmədiyindən qətnamə ləğv edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması ilə 387.3-cü maddəsində göstərilmiş tələblərin pozulması ilə nəticələnmiş həmin qətnamə ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, iş materiallarına əlavə edişlmiş qəbzlər onun tərəfindən imzalanmışdır. Eləcə də mübahisə üzrə iddia müddəti öütürülmüşdür. Məhkəmədən bu halların nəzərə alınmasını xahiş edir.
14. İddiaçıarın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, hazırki vaxtadək cavabdeh tərəfindən iddiaçılara nisyə alınmış əşyaların dəyərindən heç bir məbləğdə ödəniş edilməmişdir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.
19. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iddianı düzgün olmayaraq təmin etmişdir.
20. Birinci instansiya məhkəməsi göstərmişdir ki, İddiaçı2 Cavabdeh 4800 ABŞ dolları və 3900 ABŞ dolları dəyərində qızıl satmış cavabdeh isə həmin qızılın dəyərini qaytaracağına dair öhdəlik götürmüşdür. Bundan sonra İddiaçı1 ailəvi dostu olan Cavabdeh 15600 ABŞ dolları dəyərində qızılı şifahi razılaşmaya əsasən satmış, cavabdeh isə həmin qızılın dəyərini bir ay müddətində qaytaracağına dair öhdəlik götürmüşdür. Bu hal iddia ərizəsi, cinayət işinin başlanılması haqqında rədd qərarında olan izahatlar və cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsindəki etirafı ilə təsdiq edilir.
21. Məhkəmə hesab etmişdir ki, qızılın alqı-satqısı barədə iddiaçılar ilə Cavabdeh arasında nisyə alqı-satqı münasibətləri yaranmışdır. İşdən görünür ki, Cavabdeh iddiaçılara nisyə aldığı qızılların dəyəri olan 15600 ABŞ dolları və 8700 ABŞ dolları pulu qaytarmamışdır. Belə olan halda iddiaçılar cavabdehdən qeyd edilən məbləğlərdə qızıl əşyasını tələb etməkdə haqlıdırlar. (Mülki Məcəllə 600.4-cü maddə). Həmçinin məhkəmə araşdırması zamanı tələb edilən qızıl əşyalarının hansı əyarda və çəkidə olması müəyyənləşmədiyindən, həmin qızıl əşyalarının tərəflər arasında razılaşdırılmış dəyərdə cavabdehdən tutulması məqsədəmüvafiqdir.
22. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi nisyə-alqı satqı müqaviləsinin predmetinin qaytarılması ilə bağlı olduğundan iddia müddəti tətbiq edilə bilməz.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır.
24. Belə ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında nisyə-alqı satqı müqaviləsi üzrə hüquq münasibətlərinin yaranmasına dair düzgün qiymətləndirmə aparsa da, nisyə-alqı satqı münasibətləri üzrə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən iddia müddətinin tətbiq edilməməsinə dair mövqeyi əsaslı və qanuni deyildir.
25. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır.
26. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı2 4800 ABŞ dolları və 3900 ABŞ dolları dəyərində, İddiaçı1 15600 ABŞ dolları dəyərində qızılzinyət əşyalarını nisyə alqı-satqı əsasında almış, bu barədə tərəflər arasında yazılı qəbz tərtib edilmiş, Cavabdeh qızıl əşyalarının dəyərini İddiaçı2 2019-cu ilin avqust ayında, İddiaçı1 isə 2019-cu ilin iyun ayının axırınadək ödəyəcəyinə dair öhdəlik götürmüşdür.
27. Alqı-satqı predmeti olan əşyaların dəyərinin 2019-cu ildə iyun ayında qaytarılması barədə tərəflərin razılaşmasının olması iddia ərizəsinin məzmununda da iddiaçı tərəfindən göstərilmişdir.
28. Həmçinin məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi nisyə alınmış əşyaların dəyərindən cavabdeh tərəfindən indiyədək heç bir məbləğdə ödəniş omadığını bildirdi.
29. Kollegiya qeyd edir ki, Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir.
30. Mülki Məcəllənin 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir.
31. Kollegiyanın qənatincə tərəflər arasında yaranmış nisyə alqı-satqı münasibətlərinin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər.
32. Kollegiyanın hesab edir ki, araşdırılan mübahisə müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz.
33. Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi alqı-satqı müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
36. Kollegiya yuxarıda şərh olunanları ümumişləşdirərək qeyd edir ki, tərəflər arasında olan münasibətlər müqavilədən irəli öhdəlik münasibətləridir. Müqavilə tələbləri üzrə öhdəliklərdən irəli gələn tələblərə Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
37. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
38. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər.
39. Kollegiya işin faktiki hallarını qiymətləndirərək hesab edir ki, araşdırılan mübahisə üzrə 3 illik iddia müddəti ötürülmüşdür. Belə ki, göründüyü kimi iddiaçıların müvafiq olaraq 2019-cu ilin iyun və avqust aylarından etibarən tələb hüquqları yaranmasına baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə 18 iyul 2024-cü il tarixdə müraciət etmişlər.
40. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(012)-4179/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.