Məhkəmə qərarları › İş №2(105)-488/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-488/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-488/2025 10.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(012)-6402/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə illik 26.50 faiz ödəmək şərtilə 5000 manat kredit verməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclunun müqavilə üzrə 4588,21 manat əsas, 169,68 manat faiz, 23,28 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 4781,17 manat borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 4588,21 manat əsas, 169,68 manat faiz, 23,28 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 4781,17 manat borcun və 68,34 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 26.50 faiz ödəmək şərtilə 5000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə, cavabdehin xx.xx.2024-cü il tarixinə kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 4588,21 manat əsas, 169,68 manat faiz, 0 manat cərim, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 4781,17 manat borcu qalmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir.

5. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(012)-6402/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim H.Əhmədov).

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.1, 448.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119.1, 217.4, 284-1, 284-5.1- ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(012)-6402/2024 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində ona qarşı irəli sürülən faiz borcun məbləği şişirdilmişdir. Məhz bu məsələyə aydınlıq gətirilməsi üçün məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi zəruridir. Yalnız ekspertiza rəyi verildikdən sonra bu məsələyə aydınlıq gətirilə bilər. Lakin məhkəmə qanunvericiliyin bu tələbinə əməl etməmişdir. Onun ödəmə qabiliyyəti hazırkı borcdan ayda 100 manat ödəməyə imkan verir. O hazırkı iş məhkəmə müstəvisinə çıxarılmamışdan öncə banka müraciət edərək kreditin ödənilməsi müddətinin uzadılmasını xahiş etmişdir. Buna səbəb kimi maddi durumunun ağırlaşdığını bildirmişdir. Lakin bank onun xahişinə məhəl qoymamış və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə səthi yanaşmış, faiz borcun dəqiqləşdirilməsi ilə bağlı mühasibatlıq ekspertizası təyin etməmiş, iddiaçı bankın təqdim etdiyi sənədlərdə göstərilən borc məbləğini eynilə qətnaməyə köçürmüşdür. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

9. Cavabdeh apellyasiya şikayətinə həmçinin hazırkı iş üzrə onun iddiaçıya olunan borcunun dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə dair yazılı vəsatət əlavə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(012)-6402/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Ona görə də kollegiya iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. İddia tələbindən görünür ki, tələb müqavilə münasibətlərindən irəli gəlib, mövcud kredit müqavilələsi üzrə yaranmış borcun cavabdehdən alınması barədədir.

18. İşin faktiki hallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə tədqiq edən apellyasiya kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 26.50 faiz ödəmək şərtilə 5000 manat kredit vəsaitinin verilməsi və həmin kreditin cavabdeh tərəfindən əldə edilməsi işin mübahisəsiz halını təşkil edir.

19. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlər cavabdeh tərəfidən qrafik üzrə düzgün icra edilməmiş, bu səbəbədən sonuncunun banka borcu yaranmışdır.

20. Yenə işin hallarından bəlli olur ki, cavabdeh qeyd olunan borc münasibətini qəbul etmiş, iddia tələbində qeyd olunan əsas məbləğdə borcu etiraf etmiş, lakin faiz borcunu mübahisələndirmiş, eyni zamanda borc məbləğini hər ay 100 manat olmaqla ödəyə biləcəyini bildirmişdir.

21. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. İddia tələbindən, habelə cavabdeh tərəfindən təkzib edilməyən hallardan müəyyən olunur ki, cavabdeh sözügedən kredit vəsaitini əldə etmiş, lakin kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir.

22. Məhkəmə kollegiyası bu hissədə qeyd edir ki, hazırkı ərizədən görünür ki, iddiaçı bank cavabdehdən 4588,21 manat əsas, 169,68 manat faiz borcu tələb edir. Kollegiya göstərir ki, əsas və faiz borcu məbləği arasında fərqi müqayisə etmək üçün hər hansı ixtisaslı ekspert rəyinə ehtiyac yoxdur. Çünki faiz borcu əsas borcla müqayisədə dəfələrlə aşağı həddədir. Belə olan halda cavabdehin iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.

23. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, həmin dəlillər əsasında qanuni və əsaslı məhkəmə qətnaməsi ləğv edilə bilməz.

24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Sonda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(012)-6402/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar