Məhkəmə qərarları › İş №2(105)-489/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-489/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-489/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 04 dekabr 2015-ci il tarixli, İKM 450 saylı istehlak kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən LPO İddiaçı ASC (borc verən) Cavabdeh1 (borc alana) 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 3200 ABŞ dolları məbləğində kredit vermiş, Cavabdeh1 (borc alan) isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən LPO İddiaçı ASC-yə (borc verənə) qaytarmağı öhdəsinə götürmüşdür.

2. 04 dekabr 2015-ci il tarixli, İKM 450 saylı zaminlik müaqaviləsindən görünür ki, LPO İddiaçı ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) və Cavabdeh2 (zamin) arasında zaminlik müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh2 (zamin) Cavabdeh1 (borc alanın) LPO İddiaçı ASC (borc verən) qarşısında öhdəliklərinin tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş, Cavabdeh1 (borc alan) zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə LPO İddiaçı ASC (borc verən) qarşısında Cavabdeh2 (zamin) və Cavabdeh1 (borc alanın) birgə məsuliyyət daşıması nəzərdə tutulmuşdur.

3. 11 oktyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 dekabr 2015-ci il tarixli, İKM 450 saylı kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixinə 3200 ABŞ dolları əsas, müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixə 1992 ABŞ dolları faiz borcu, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 135 ABŞ dolları məbləğində 5 faizlik borcu, müştərinin xx.xx.2018-ci il tarixinə sistem üzrə 2747 ABŞ dolları faiz borcu vardır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3200 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə hesablanmış 2747 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5947 ABŞ dolları borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçı LPO İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 450 saylı kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 450 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 3200 ABŞ dolları, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə hesablanmış 2747 ABŞ dolları faiz borcu, cəmi isə 5947 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Bütün bu hərəkətləri ilə borclu kredit müqaviləsinin şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425-ci maddələrinin tələblərini pozmuşdur.

6. Abşeron Rayon Məhkəməsinin 2(012)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh1 3200 ABŞ dolları əsas borc, 1992 ABŞ dolları faiz borcu, cəmi 5192 ABŞ dolları borc və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin hesabına ödənilməsi və iddia tələbinin Cavabdeh2 aid hissədə rədd edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında 04 dekabr 2015-ci il tarixli, İKM 450 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425.1. 443.1, 445.1, 445.2.1, 448.1, 472.1, 477.0.4, 739.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin borcun təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı LPO İddiaçı ASC 3200 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə xx.xx.2018-ci tarixinə hesablanmış 2747 ABŞ dolları faiz borcunun tutulmasını tələb etsə də, həmin borc məbləğləri şişirdilmişdir. Həmçinin LPO İddiaçı ASC tərəfindən iddia ərizəsi ilə məhkəməyə 3 illik iddia müddəti ötürüldükdən sonra müraciət edilmişdir. Onu da qeyd etmişdir ki, LPO İddiaçı ASC iddia etdiyi borc məbləğlərinin olmasını sübut etmək üçün məhkəməyə yalnız arayış təqdim etmiş və məhkəmə də bu arayışla kifayətlənərək iddianı təmin etmişdir. Sözügedən borc məbləğlərinin düzgün hesablanmasını sübut edəcək bank hesabından çıxarışlar məhkəməyə təqdim edilməmişdir. Qətnaməyə nəzər salanda onu da görmək olur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən dövlət rüsumu, qanunda nəzərdə tutulduğu məbləğdən az ödənilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, mükli işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qismən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iddia edilən 3200 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə xx.xx.2018ci il tarixinə hesablanmış 2747 ABŞ dolları faiz borcunun necə müəyyən edildiyini, həmin borc məbləğinin düzgün olaraq hesablandığını və məhkəməyə müraciət etməzdən əvvəl borc məbləğinin onun tərəfindən ödənilməsi məqsədilə iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilib-edilməməsini aydınlaşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

17. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

18. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

19. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 101. Ekspert rəyi (...) 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

24. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (...)

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməlidir.

30. Belə ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, LPO İddiaçı ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 04 dekabr 2015-ci il tarixli, İKM 450 saylı istehlak kredit müqaviləsinə əsasən LPO İddiaçı ASC (borc verən) Cavabdeh1 (borc alana) 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 3200 ABŞ dolları məbləğində kredit vermiş, Cavabdeh1 (borc alan) isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən LPO İddiaçı ASC-yə (borc verənə) qaytarmağı öhdəsinə götürmüşdür.

31. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 6-1- 16/2-5197/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh1 ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış hər hansı kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il 551 nömrəli Fərmanın təsir dairəsinə düşməmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği Cavabdeh1 versə də, cavabdeh müqavilə üzrə öhdəliyi icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.

33. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

35. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

36. İş materiallarında olan LPO İddiaçı ASC-nin iddiaçı Cavabdeh1 ünvanladığı 03 aprel 2017-ci il tarixli xəbərdarlıqdan görünür ki, həmin tarixə Cavabdeh1 xx.xx.2017-ci il tarixinə kredit üzrə 3200 (iki min üç yüz) USD məbləğində əsas borc, 1376 (bir min üç yüz yetmiş altı) USD məbləğində faiz borcu mövcuddur.

37. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 3200 ABŞ dolları məbləğində olan kredit borcunu 24 ay müddətinə hər ay 175,64 ABŞ dolları, sonuncu ay isə 175,72 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh apellyasiya şikayətində tələb olunan borc məbləğini mübahisələndirsə də, məhkəmə iclasında müqavilə üzrə heç bir ödəniş etmədiyini bildirmişdir.

38. Məhkəmə kollegiyası iddianın faizin ödənilməsi ilə bağlı hissəsinə qiymət verərək qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək ödənişi tam tələb etməsi, əks təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq etməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz.

39. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tələb olunan faiz borcu cavabdehə bildirişin göndərildiyi xx.xx.2017-ci il tarixədək hesablanmalı və 1376 (bir min üç yüz yetmiş altı) ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla Cavabdeh1 oğlundan tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

40. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

41. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

42. İşdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün müddət xx.xx.2017-ci il tarixədək müəyyənləşdirilmişdir. Odur ki, xx.xx.2019-cu il tarixdə verilmiş mövcud iddia üzrə hazırda baxılan tələbə dair üç illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.

43. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

44. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

45. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2/2024 saylı qətnaməsi Cavabdeh1 faiz borcunun tutulmasına dair hissədə dəyişdirilməli, Cavabdeh1 1376 ABŞ dolları faiz borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2/2024 saylı qətnaməsi Cavabdeh1 faiz borcunun tutulmasına dair hissədə dəyişdirilsin. Cavabdeh1 1376 (bir min üç yüz yetmiş altı) ABŞ dolları faiz borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar