Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-492/2021 26.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh2 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-406/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-406/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair Sumqayıt şəhər 4 saylı DNK-da Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 03.09.2018-ci il tarixli, 4Ə1673 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, 19.09.2018-ci il tarixli çıxarış ləğv olunmuş, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair mülkiyyət hüququ bərpa edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 ondan apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-406/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və onun mülkiyyət hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək torpağın boşaldılmış sayılması və Cavabdeh1 5000 (beş min) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair ünvan 3.09.2018-ci il tarixli, 4Ə1673 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 50000 (əlli min) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun ailəsində maddi problemlər yarandığına görə mülkiyyətində olan “Hyundai Santa-Fe” markalı avtomobili və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bununla bağlı dəllal kimi işləyən Cavabdeh1 ilə tanıış olmuşdur. O, söz vermişdir ki, qısa bir müddətdə torpağın və avtomobilin satılmasma iddiaçıya yardımçı olacaqdır. Bununla əlaqədar o, cavabdehə hər iki əmlakını satmaq üçün etibarnamə vermişdir. Aralarında yaranmış səmimi münasibət əsnasında Cavabdeh1 ona həmin əmlaklara görə onunla borc müqaviləsi bağlayaq bir müqavilə maşına aid hissədə, ikinci müqavilə isə torpağa aid hissədə bağlanmasını da təklif etmişdir. Lakin cavabdeh hər iki əmlakı öz borclarının əvəzinə verərək onu aldatmışdır. Bununla əlaqədar o, Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş pulun bir qismi orada qaytarılmışdır. Sonradan ona məlum olmuşdur ki, X13 belə işlərlə məşğul olub və hətta Azərbaycan Respublikasmın Cinayət Məcəiləsinin 178-ci maddəsi ilə dəfələrlə məhkum olunmuşdur. O, cavabdehə əmlaklarının geri qaytarılmasını bildirmiş, cavabdeh isə pulunun olmadığını və onun əmlaklarını öz borcları əvəzinə verdiyini bildirmişdir. Cavabdeh1 tanışı Cavabdeh2 ilə 4 saylı dövlət notariat kontorunda 03 sentyabr 2018-ci il tarixli, 4Ə-1673 reyestr nömrəli müqavilə bağlamış, mübahisəli bağ sahəsini Cavabdeh2 satmışdır. Lakin bu bağ sahəsi bu vaxta qədər onun istifadəsindədir, o, bağı heç kimə satmamışdır və Cavabdeh2 adında şəxsi tanımır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə iddianı təmin edərkən iddiaçının X8 əmlakın satılması üçün səlahiyyət verdiyini, bu səlahiyyətin notariat orqanı tərəfindən qeydə alınaraq, qanunla müəyyən edilmiş qaydada etibarnamə verilməsinə, alqısatqının tam qanuni əsaslarla aparılmasına, hazırkı iddianın təmin ediləcəyi təqdirdə onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulacağına, onun öz vəsaiti ilə bu əmlakı əldə etməsinə və vicdanlı alıcı olmasına düzgün qiymət verməmiş və əsassız nəticəyə gəlmişdir. Cavabdeh1 onun etubarından sui-istifadə edərək ona məxsus “Honda Pilot” markalı avtomobilini, 40 000 manat dəyərindəki çilçıraqlarını, ümumilikdə 2019-cu ilin avqust ayında yazılmış qəbzə uyğun olaraq 55000 ABŞ dolları pulunu mənimsəmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 2 dəfə AR CM-nin 178-ci maddəsilə təqsirli bilinmiş və məsuliyyətə cəlb edilmişdir, lakin hazırda da bu cür əməllərini davam etdirir. Hazırda onun Cavabdeh1 barəsində müvafiq orqanlara etdiyi şikayətlər üzrə araşdırmalar aparılmaqdadır. Mübahisəli torpaq sahəsini o, Cavabdeh1 almışdır və daha əvvəllər nə İddiaçı, nə də onun ərini tanımamışdır. İddiaçı torpaq sahəsinə dair etibarnamə verəndə ona məlum idi ki, bu etibarnamə əsasında Cavabdeh1 həmin sahəni sata bilər, bu barədə notarius da hüquq və vəzifələri izah edir və etibarnaməni təsdiq edir. Əgər etibarnamə qanuna zidd olsaydı, notarius onu təsdiq edə bilməzdi. Qəbul edilmiş qətnamə vicdanlı əldə edən kimi onun mülkiyyət hüquqlarını pozduğundan qətnaməs ləğv edilməli, torpaq sahəsinə dair onun adına olan reyestrdən çıxarış bərpa edilməli və bu torpaq sahəsinə dair onun mülkiyyət hüququ tanınmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh2, habelə onun nümayəndəsi və vəkili X9 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Vəkil əlavə etdi ki, iddiaçı hazırda qaldırdığı tələb üzrə 1 illik iddia müddətini ötürmüşdür. O, bu barədə ən geci 03 sentyabr 2019-cu ildə müraciət etməli idi. Lakin hazırkı iddia 2 il sonra qaldırılmışdır və bu müddət kəsici müddət kateqoriyasından olduğuna görə məhkəmənin özü tərəfindən tətbiq edilməklə iddia bütün hallarda rədd olunmalı idi. Bu hallara da məhkəmə düzgün qiymət verməmişdir və hazırda məhkəmə kollegiyası bunu nəzərə almalıdır. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X14 bildirdi ki, qətnamədən onun təmsil etdiyi şəxs apelyasiya şikayəti verməsə də, Cavabdeh2 tərəfindən verilmiş şikayəti müdafiə edir. Etibarnamə əsasında yerinə yetirilmiş əməliyyat barədə Cavabdeh1 iddiaçıya məlumat vermişdir. Hazırda Cavabdeh1 qohumunun adına olan yaçayış evini girov kimi iddiaçının qardaşı N.Kərimova saxlanc kimi etibarnamə ilə vermiş, borc üzrə öhdəliklər əvəzləşdirilmiş, başqa şəkildə ödənilmişdir. Hazırkı iş üzrə iddiaçı hüququndan sui-istifadə edir və qətnamə nəticəsində əsassız varlanan şəxs olur. Son nəticədə o, həm 100000 manatlıq ev əldə edir, həm də hazırda mübahisələndirdiyi torpaq sahəsini geri qaytarır ki, qanunla bu qadağandır. Mübahisəli torpaq sahəsilə bağlı bütün əməliyyatlarda iddiaçı maraqlı olmuş və onlardan şəxsən iddiaçının xəbəri olmuşdur. Torpaq sahəsini alan Cavabdeh2 vicdanlı əldə edən şəxsdir və bu, nəzərə alınmalıdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı bildirdi ki, banka borcu olduğu üçün özünə məxsus torpaq sahəsinin 3 ay müddətinə satılması üçün tanıdığı Cavabdeh1 məlum etibarnaməni vermişdir. Keçən müddət ərzində torpaq sahəsinin satılıb-satılmaması barədə dəfələrlə ona müraciət etmiş, o isə müxtəlif bəhanələr gətirmişdir. Son olaraq 29 noyabr 2018-ci il tarixdə aldadıldığını bilmiş, notarisua getmiş, məlum alqı-satqıdan xəbər tutmuş və elə həmin tarixdə də etibarnaməni ləğv etdirmişdir. Hüquq-mühafizə orqanlarına müraciət etmiş və son nəticədə 25 oktyabr 2019-cu ildə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Apelyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili X17 məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və qətnamənin qanuni olduğunu göstərərək, onun dəyişdirilmədən saxlanılmasını, şikayətin isə təmin edilməməsini xahiş etdi. Əlavə etdi ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, işdə olan bir çox sənədlərdə, apelyatorun özünün ifadə və izahatlarında, apelyasiya məhkəməsinə ünvanladığı müddət barəsində ərizəsində də o, mübahisəli torpaq sahəsini borc əvəzinə girov olaraq qəbul etdiyini bildirmişdir. Yəni əslində həmin müqavilə başqa əqdi pərdələmək üçün bağlanmış əqddir. Ona görə də etibarsız hesab olunmalıdır. Bundan əlavə, müddətin keçməsi barədə apelyasiya şikayətinin dəlili də əsassızdır. İddiaçı həmin müqaviləni mübahisələndirmək üçün müddəti ötürməmişdir. İddiaçı bu əqdin bağlanmasını 2018-ci ilin noyabr ayında bilmiş, notariusa gedib etibarnaməni ləğv etdirmişdir. Bir illik müddəti ötürmədən hazırki iddianı qaldırmışdır. Eyni zamanda, texniki səhv olaraq mübahisələndirilən alğı-satqı müqaviləsinin tarixi iddia ərizəsində 13 sentyabr 2018-ci il əvəzinə 03 sentyabr 2018-ci il yazılmış, bu yanlışlıq qətnamədə və apelyasiya şikayətində də təkrar edilmişdir. Birinci instansiyada işə baxılarkən iddianın pul tələbi hissəsində iddiadan imtina etsələr də və bu hal qətnamədə əks etdirilsə də, nədənsə iş materiallarında həmin ərizə yoxudr. Ona görə də həmin ərizəni yenidən verir və 50000 manat hissəsində iddiadan imtina edirlər. İş üzrə digər cavabdehlər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi və DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, lakin digərləri heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Bundan başqa, məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunsa da, məhkəmə kollegiyası tərəfindən Cavabdeh1 özünün də məhkəmə iclasında iştirak etməsi zəruri hesab edilmiş, lakin nəticəsi olmamış, o, şəxsən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan RX ******* saylı, 12 may 2017-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D-da yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yenə işdə olan 21.08.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 12.05.2017-ci il tarixdə verilmiş **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinə dair yüklülük barədə arayış almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, ərizə yazmağı, buna dair müqaviləni imzalamağı, pulunu almağı, ərizə yazmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olanbütün əməliyyatları etməyi 5 il müddətə, yəni 21.08.2023-cü il tarixədək Cavabdeh1 etibar etmişdir. Yenə də iş materiallarında olan 21.08.2018-ci il tarixli “kredit müqaviləsi”ndən görünür ki, İddiaçı Cavabdeh1 50000 (əlli min) manat məbləğində pulu borc olaraq vermiş, borcalan kreditdən 15000 (on beş min) manatı 07.09.2018-ci il tarixədək, qalan 35000 (otuz beş min) manatı 21.10.2018-ci il tarixədək kreditora qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 07.09.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 50000 (əlli min) manat məbləğində pulu borc olaraq vermiş, borcalan krediti 12 (on iki) ay müddətinə yəni 07.09.2019-cu il tarixədək kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Yenə də işə əlavə edilmiş Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq olunmuş və 4Ə-1673 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* saylı, 13 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 13 sentyabr 2018-ci il tarixdə ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə dair rəsmiləşdirilmiş alqısatqı müqaviləsinə əsasən “satıcı” İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi İdarəsi tərəfindən 12.05.2017-ci il tarixdə İddiaçı verilmiş dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 0,1 ha olan torpaq sahəsini “alıcı” Cavabdeh2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür (bənd 1). Müqavilənin 4-cü bəndində göstərilmişdir ki, “satıcı” torpaq sahəsini Cavabdeh2 10000 (on min) manata satdı, alıcı isə həmin qiymətə aldı. Müqavilənin 5-ci bəndinə görə alıcı torpaq sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə ödədi, satıcı isə həmin məbləği bütünlüklə qəbul etdi. İşdə olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D-da yerləşən 0,1 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına 19.09.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki 02/4838 saylı, 13 may 2017-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D-da yerləşən 0,10 ha torpaq sahəsinin bazar dəyəri 22000 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin işdə olan 13.12.2019-cu il tarixli məktubundan görünür ki, 4 saylı dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş 13.09.2018-ci il tarixli, 4Ə-1673 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə sözügedən torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmış və dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” notariusu tərəfindən təsdiq edilmiş 15 yanvar 2019-cu il tarixli, 3m-54 saylı ipoteka müqaviləsi əsasında əmlak üzərində “xxxx” QSC-nin xeyrinə 17 yanvar 2019-cu il tarixdə 120 ay müddətinə yüklülüyün qeydiyyatı aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26.12.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 4999D saylı bağ torpaq sahəsi “xxxx” QSCnin xeyrinə ipoteka ilə yüklüdür, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(060)-9199/2019 saylı icra vərəqəsinə əsasən bu əmlak üzərindəki həbs qeydiyyata alınmışdır. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri, Yasamal Polis İdarəsi tərəfindən göndərilmiş və iş materiallarına əlavə edilmiş Cavabdeh2 ərizəsi əsasında toplanmış materiallarda olan Cavabdeh2 və Cavabdeh1 izahatlarının məzmunundan aydın olur ki, hər iki tərəf verilmiş borc pulun təminatı kimi iddiaçıya məxsus torpaq sahəsinin girov qoyulmasını, verilmiş borc məbləği qaytarıldıqdan sonra həmin torpaq sahəsinin geri qaytarılacağı barədə aralarında razılaşma olmasını bildirmişdir. İş materiallarında olan(səh.106), tərəflərin imzaladığı 13.09.2018-ci il tarixli “qəbz iltizam”dan görünür ki, tərəflər borc münasibətlərindədir və Novxanı bağlarında 13,3 sot torpaq sahəsi Cavabdeh2 adına sənədləşdirilir, borc məbləği qaytarıldıqdan sonra həmin torpaq geri qaytarılır, bu razılaşma Cavabdeh1 tərəfindən pozulduğu təqdirdə torpaq Məhəmmədə qalır. Yenə iş materiallarında olan 12.03.2019-cu il tarixli əlyazmanın surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 12.03.2019-cu il tarixdə 40000 (qırx min) manat dəyərində çilçıraq götürmüşdür. 4 (dörd) ay müddətinə yəni 20000 (iyirmi min) manatı 2 (iki) ayda verəcəyini, 4 (dörd) aya 12 iyul 2019-cu il tarixə qədər borcunu tam bağlayacağını öz imzası ilə təsdiq etmişdir. Yenə də iş materiallarında olan 12.09.2018-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, 12.09.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 10000 (on min) manat Cavabdeh2 təhvil alınmışdır. İşə əlavə edilmiş RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, Yevlax rayonu, Gülövşə kəndində yerləşən 0,30 ha torpaq sahəsindəki fərdi yaşayış evi X2 adına 05.05.2015-ci il tarixdən qeydə alınmışdır. Yenə işə əlavə edilmiş 805569 saylı, 16 iyul 2019-cu il tarixli etibarnamədən görünür ki, X5 mülkiyyətində olan Yevlax rayonu, Gülövşə kəndində yerləşən 0,30 ha torpaq sahəsindəki fərdi yaşayış evi barədə sərəncam verməyi satmağı, bağışlamağı dəyişməyi, ipotekaya qoymağı və bu tapşırığın yerinə yetirilməsilə bağlı bütün hərəkətləri etmək səlahiyyətlərini X10 ötürməklə Cavabdeh1 etibar etmişdir. Yenə də işə əlavə edilmiş 17.07.2019-cu il tarixli notariat hərəkəti barədə arayışdan görünür ki, X2 mülkiyyətində olan Yevlax rayonu, Gülövşə kəndində yerləşən 0,30 ha torpaq sahəsindəki fərdi yaşayış evi barədə sərəncam verməyi satmağı, bağışlamağı dəyişməyi, ipotekaya qoymağı və bu tapşırığın yerinə yetirilməsilə bağlı bütün hərəkətləri etmək səlahiyyətlərini X1 Natiq Talıb oğluna etibar etmişdir. İşə əlavə edilmiş 29 noyabr 2018-ci il tarixli notariat hərəkəti barədə arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi İdarəsi tərəfindən 12.05.2017-ci il tarixdə verilmiş **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinə dair Cavabdeh1 verdiyi 5 illik etibarnaməni xitam etdirmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-406/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisə araşdırılarkən birinci instansiya məhkəməsi tərəfindən bir sıra prosessaul pozuntulara yol verilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək torpağın boşaldılmış sayılması və Cavabdeh1 5000 (beş min) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair ünvan 5.09.2018-ci il tarixli, 4Ə1673 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 50000 (əlli min) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir, başqa sözlə iddia iki tələbdən, yəni əqdin etibarsız hesab edilməsi və 50000 manat pulun qaytarılması barədə tələblərdən ibarətdir. İşə baxan Sumqayıt Şəhər Məhkəməsi isə həm tələblər üzrə tam nəticəyə gəlməmiş, həm də iddia tələblərindən kənara çıxaraq prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, qətnamədən görünür ki, guya iddiaçı MPM-nin 53-cü maddəsinə əsaslanaraq iddianın həcmini azaltmış və məhkəmədən yalnız məlum əqdin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmaısnı xahiş etmişdir. Lakin iş materiallarında İddiaçı belə bir ərizəsi mövcud deyildir. Bundan başqa, qətnamədən görünür ki, iddia təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair Sumqayıt şəhər 4 saylı DNK-da Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 03.09.2018-ci il tarixli, 4Ə1673 nömrəli alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, 19.09.2018-ci il tarixli çıxarış ləğv olunmuş, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair mülkiyyət hüququ bərpa edilmişdir. Halbuki, İddiaçı nə Cavabdeh2 adına olan reyestrdən çıxarışın ləğv edilməsi, nə də onun mübahisəli torpaq sahəsindəki mülkiyyət hüququnun bərpa olunması barədə tələbi mövcud deyildir. Digər tərəfdən, iş materiallarından görünür ki, etibarsızlığı tələb edilən müqavilə 03 sentyabrda deyil, 13 sentyabr 2018-ci ildə bağlanmışdır, məhkəmə isə öz qətnaməsində bu yanlışlığa da əhəmiyyət verməmiş, bununla da tərəflər arasında mövcud olmayan əqdi etibarsız hesab ermişdir ki, bu da yolverilməzdir. AR MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddiaçının bütün tələblərini ehtiva edən nəticəyə gəlməmiş, İddiaçı mövcud olmayan tələbləri üzrə qeyd edilən prosessual hüquq normasının pozulması nəticəsində düzgün olmayan qətnamə qəbul etmişdir ki, bu da MPM-nin 387-ci maddəsinin tələbinə əsasən onun ləğvi üçün əsas hesab edilir. Qeyd edilən prosessual pozuntulara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə çıxarılmış qətnamə ləğv edilməlidir. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh1 21 avqust 2018-ci il tarixli etibarnamə əsasında İddiaçı adından çıxış edərək sonuncu ilə Cavabdeh2 ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya məxsus torpaq sahəsini Cavabdeh2 mülkiyyətinə vermiş, lakin Cavabdeh1 müqavilə şərtlərinə əməl etməyərək, torpağın dəyərini iddiaçıya ödəməmişdir. İddiaçı izahatından görünür ki, banka borcu olduğu üçün özünə məxsus torpaq sahəsinin 3 ay müddətinə satılması üçün tanıdığı Cavabdeh1 məlum etibarnaməni vermişdir. Onların razılaşması belə olmuşdur ki, Cavabdeh1 mübahisəli torpaq sahəsini bu müddət ərzində 35000 manata satacaq (bu hal Cavabdeh1 polisdə verdiyi izahatla təsdiq olunur-i.v.192) və bu məbləği ona ödəyəcəkdir. Keçən müddət ərzində torpaq sahəsinin satılıb-satılmaması barədə dəfələrlə ona müraciət etmiş, o isə müxtəlif bəhanələr gətirmişdir. Aldadıldığını bildikdən sonta, son nəticədə İddiaçı 29 noyabr 2018-ci il tarixdə notariat orqanına gələrək Cavabdeh1 verdiyi etibarnaməni ləğv etdirmiş və bu tarixdə bilmişdir ki, Cavabdeh1 onun torpaq sahəsini 13 sentyabr 2018-ci il tarixli müqavilə ilə Cavabdeh2 satmışdır. Bundan sonra isə onun barəsində müxtəlif orqanlara şikayət etmiş və nəhayət 25 oktyabr 2019-cu il tarixdə hazırkı iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Mülki Məcəllənin 359-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 Cavabdeh2 borcu olmuş və bu borcun təminatı kimi o, İddiaçı ona verdiyi etibarnamədən istifadə etməklə mübahisəli torpaq sahəsinə dair Cavabdeh2la mübahisələndirilən müqaviləni bağlamışdır. Bu hallar Cavabdeh2 Cavabdeh1 barəsində yazdığı şikayət ərizələrində, onun və Cavabdeh1 polisdə və məhkəmədə verdiyi izahatlarında, habelə onun məhkəmə kollegiyasına ünvanladığı müddətin keçməsi barədə ərizəsində də təsdiq edilir. Başqa sözlə, iş materiallarından görünür ki, Cavabdeh1 İddiaçı tərəfindən ona verilmiş etibarnamə ilə iddiaçının xeyrinə deyil, özünə sərf edən əqd bağlayaraq bu əqd nəticəsində özü faydalanmışdır ki, bu da təmsilçilik institutuna ziddir və mövcud qanunvericiliklə qadağandır. Qeyd edildiyi kimi, Cavabdeh1 Cavabdeh2 borcu (habelə “Honda Pilot” markalı avtomobilə görə) olmuş, o, bu borcun təminatı kimi mübahisəli torpaq sahəsinin Cavabdeh2 satılması barədə 13 sentyabr 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. İşdən göründüyü kimi borcla bağlı Cavabdeh2 müqavilə bağalanandan sonra da onun barəsində bir sıra orqanlara şikayət ərizələri yazmışdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1. maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin məcəllənin 404.2. maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli alqı-satqı müqaviləsi üzrə tərəf olaraq faydalanmadığından, ən əsası isə onun bu müqaviləni imzalamağa vəkil etdiyi şəxs əqdlə özü faydalandığından hazırkı halda İddiaçı bu müqaviləni mübahisələndirməyə subyektiv hüququ mövcuddur. İş materiallarından görünür ki, yaranmış borc münasibətlərini pərdələməkdən ötrü Cavabdeh1 Cavabdeh2la razılığa gələrək İddiaçı mülkiyyətində olan və onun 35000 manata satılması üçün Cavabdeh1 verilmiş etibarnamədən istifadə etməklə cəmi 10000 manata özgəninkiləşdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflər arasında mübahisələndirilən müqavilə bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmuşdur. Daha öncə qeyd edildiyi kimi tərəflər (Cavabdeh1 və Cavabdeh2) arasında niyyət əslində, torpaq sahəsinin alqı-satqısı deyil, yaranmış borca görə girov qismində əmlakın saxlanılması, borc qaytarıldığı təqdirdə əmlakın da qaytarılması, borc qaytarılmadıqda isə torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində qalması olmuşdur. Bu halı Cavabdeh2 şikayət ərizələri, habelə həmin şəxslərin izahatları da təsdiq edir (Cavabdeh1 ilə Cavabdeh2 arasında imzalanmış 13 sentyabr 2018-ci il tarixli qəbz-iltizam (i.v.106), Cavabdeh2 və Cavabdeh1 polis orqanlarında verdiyi izahatlar (i.v.181, 192), həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2020-ci il tarixli iclasında verdiyi izahat). Bu sənədlərdən görünür ki, tərəflərin niyyəti mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qanuni alqı-satqı müqaviləsini imzalamaq deyil, borcun ödənilməsinin təminatı kimi əmlakın girov qoyulmasından ibarətdir. Başqa sözlə, qeyd edilən əqd başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqddir və etibarsız hesab edilməlidir. Beləliklə də məhkəmə kollegiyası tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı şərtlərini tam, hərtəfli və obyektiv araşdıraraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, həmin müqavilənin yalan əqd olmaqla, əslində Cavabdeh1 Cavabdeh2 aldığı pul vəsaitinin qaytarılmasının təminatı kimi bağlanmasını təsbit edərək, belə hesab edir ki, tərəflər arasında əmələ gəlmiş münasibətlərə Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməli, bu alqı-satqı müqaviləsinin qanunsuz şərtlərlə bağlanılması nəticəsinə gəlir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən, həmçinin tərəflərin müqavilə bağlanmasından sonrakı hərəkətlərini də nəzərə alır. Belə ki. işi tədqiq ounan faktiki hallarından göründüyü kimi müqavilədən sonra Cavabdeh2 Cavabdeh1 onu aldatması barədə müxtəlif orqanlara, o cümlədən polisə şikayətlər etmiş, polisdə araşdırma aparılarkən İldırımın onu aldatmasını, torpağı ona girov kimi verməsini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan alqı-satqı müqaviləsi yalan əqd kimi qiymətləndirilməlidir və etibarsızdır. Həmin alqı-satqı müqaviləsinin əsas məqsədi borc münasibətləri üzrə borcun qaytarılmasının təminatı olmuşdur. İddiaçı tərəfin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası nəzərə alır ki, AR MPM-nin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası bu hallara, yəni tərəflər arasındakı münasibətlərin alqı-satqı deyil, borc xarakterli olmasına, Cavabdeh1 Cavabdeh2 borc alması və bunun bir qisminin ödənilməsinə notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqla qanuni don geyindirmək cəhdlərinə, bu tipli müqavilələri qanuni saymaqla yolverilməz məhkəmə presedentinin yarana bilməsinə, alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız olmasına qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, mübahisəli əqd etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası müqavilənin etibarsızlığı nəticəsinə gəldikdə, alqı-satqı predmetinin real dəyərindən olduqca aşağı qiymətə satılmasını da nəzərə alır. Cavabdeh2 alqı-satqı müqaviləsinin qanuni hesab edilməsi üçün gətirdiyi dəlillərə də məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, bu dəlillər əsassızdır. Cavabdeh2 birinci dəlili alqı-satqı müqaviləsini mübahisələndirmək üçün İddiaçı müddəti ötürməsi barədədir. Bu dəlil barədə məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericiliyə görə əqdin etibarsızlığı barədə iddia müddəti 1 ildir. Həmin Məcəllənin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İşin tədqiq olunan faktiki hallarından görünür ki, İddiaçı 13 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin mövcudluğunu 29 noyabr 2018-ci il tarixdə bilmiş və 1 il müddətində, yəni 25 oktyabr 2019-cu il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iş materialları ilə onun əqdi mübahisələndirmək üçün müddəti ötürməsi öz təsdiqini tapmır. Bundan başqa, Cavabdeh2 digər dəlili isə vicdanlı alıcı hesab edilməsi və buna görə də alqı-satqı müqaviləsinin qanuni hesab edilməsi barədədir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusyta Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda, iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 vicdanlı əldə edən olmadığından, onunla bağlanmış mübahisələndirilən alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda da yuxarıda qeyd olunduğu kimi Cavabdeh2 bağladığı əqdə münasibətdə vicdanlı olmamış, verdiyi borcun qaytarılmasının təmin edilməsi məqsədilə başqasına məxsus əmlakı satıcının nümayəndəsi olan borclu Cavabdeh1 dəyərindən də ucuz qiymətə almışdır. İş materiallarından da görünür ki, Cavabdeh2 bu əqdin legitim əsaslarla bağlanmadığını bilmiş, lakin başqa əqdi pərdələmək niyyətilə verdiyi borcun qarşılığında buna razı olmuşdur. Belə olan halda, onun vicdanlı əldə edən olmasından söhbət gedə bilməz. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, Cavabdeh2 apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual normaları kobud şəkildə pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası İddiaçı pul tələbindən imtina etməsini və bu hissədə eyni tarixli qərardadla işin icraatına xitam verilməsini nəzərə alır. Bundan başqa, məhkəmə kollegiyası Cavabdeh2 izah edir ki, əmlakın alınmasına görə ödədiyi pul vəsaitinin alınması barədə Cavabdeh1 qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-406/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. Sumqayıt şəhəri 4 saylı notariat kontorunda Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış və 4Ə-1673 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* saylı, 13 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-492/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-492/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver